Şriftin ölçüsü:
10.09.2011 00:28 | Oxunma sayı: 526
Astara respublikamızın sürətlə inkişaf edən rayonlarındandır. "Cənub gözəli"nin daha da abadlaşdırılması üçün rayonun sosial-iqtisadi inkişaf planı ardıcıl surətdə həyata keçirilir.
Bu ilin yazında Astara Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin olunmuş Taleh Qaraşov fəaliyyətə başladığı ilk gündən əhali ilə sıx ünsiyyət yaratmış, problemlərin birgə səylərlə həlli istiqamətində mühüm addımlar atmışdır. Bu səylər uğurlu nəticələr verməkdədir. İndi təkcə Astara şəhəri deyil, rayonun qəsəbə və kəndləri də simasını günbəgün dəyişir, abadlaşır və müasirləşir.
Rayon rəhbərliyi vaxtaşırı kəndlərdə əhali ilə işgüzar görüşlər, səyyar qəbullar keçirir. Verilən təkliflərə, söylənilən tənqidi qeydlərə həssaslıqla yanaşılır. Fəaliyyət konturları məhz bu qeydlər əsasında müəyyənləşdirilir. Bu iş metodunu vətəndaşlar ürəkdən bəyənir və təqdir edirlər. Onların dövlət orqanlarına inamı daha da artır.
Əhali ilə növbəti görüş iki böyük kəndi birləşdirən Təngərüd ərazi vahidliyində təşkil olunmuşdu. Kənd mədəniyyət evində keçirilən görüşdə bu ərazinin icra nümayəndəsi Süleyman Ağacanov görülən işlər barədə geniş məlumat verdi. Təngərüd və Maşxan kəndlərinin sakinləri çıxış edərək ürək sözlərini söylədilər, onları narahat edən bəzi problemlərdən söhbət açdılar.
Əməkdar müəllim Seyran Babayev bu görüşə gəldiyi üçün icra hakimiyyətinin başçısı Taleh Qaraşova sakinlərin minnətdarlığını çatdırdı, Təngərüd kəndinin inkişaf yolunda olduğunu söylədi. O dedi ki, ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə kənddə yeni, iki korpuslu məktəb binası tikilmişdir. Bütün bunlar razılıq doğurur. Amma kəndin məhəllələrində elektrik dirəklərinin yararsız vəziyyətdə olması müəyyən narahatlıq yaradır. Buna görə də qış qapını kəsməmiş həmin dirəklərin yeniləri ilə əvəz olunması məqsədəuyğundur.
Digər natiqlər də bəzi sosial məsələləri dilə gətirdilər.
İltifat Xanmuradov, Təngərüd kənd tam orta məktəbin müəllimi: - Astara - Bakı magistral avtomobil yolu kəndimizin ortasından keçir. Piyadalar üçün nəzərdə tutulmuş yolun hər iki tərəfi payız-qış aylarında palçıqlı olduğundan piyadaların hərəkətinə çətinlik yaranır. Yaxşı olar ki, yolun hər iki tərəfinə çınqıl döşənsin.
İltifat müəllim görüşdə ulu öndər Heydər Əliyevə və Prezident İlham Əliyevə həsr etdiyi şeirlərini də oxudu.
Hacı Allahverən Həmidov, Maşxan kəndinin ağsaqqalı:
- Taleh müəllim, bu, bizimlə artıq ikinci görüşünüzdür. İlk görüş zamanı verdiyimiz bütün təkliflər icra olunmuş, problemlər həllini tapmışdır. Buna görə çox sağ olun! İndi mənim daha bir təklifim var: Maşxan kəndində suvarma suyu problemi camaatı narahat edir. Lovayın su anbarından kəndimizə su çəkilsə, yaxşı olar.
Sədaqət Əhmədov, Təngərüd kənd sakini, şəhid ailəsinin üzvü:
- Möhtərəm Prezidentimiz İlham Əliyevin tez-tez bölgələrə səfərlər etməsi əhalini hədsiz dərəcədə sevindirir. Çünki hər görüş hansısa bir sosial obyektin tikilməsi, açılış mərasimlərinin keçirilməsi, abadlıq tədbirlərinə dövlət vəsaitlərinin ayrılması ilə əlamətdar olur. Mən və ailə üzvlərim dövlət başçısının qayğısından yerdən-göyə razıyıq. Şəhid ailələri və Qarabağ əlilləri üçün tikilən 16 mənzilli yaşayış binasına köçmüşük. Bunun üçün hörmətli Prezidentimizə bir daha ailəmiz adından dərin minnətdarlığımı bildirirəm. Bir xahişim də var: gördüyünüz bu mədəniyyət evi əsaslı təmir edilsin.
Maşxan kənd tam orta məktəbinin direktoru Bəylər Həsənov isə 40 il əvvəl tikilmiş məktəb binasının da əsaslı təmirə ehtiyacı olduğunu bildirdi. Müəllim Aypara İbrahimova bir neçə ay öncə rayonun fəal qadınları ilə görüş keçirmiş icra hakimiyyəti başçısına dedi ki, həmin görüşdən sonra rayon qadınlar şurasının fəaliyyəti daha da güclənib. Əmin ola bilərsiniz ki, qadınlarımız rayonun ictimai-siyasi həyatında bundan sonra daha fəal iştirak edəcəklər.
Görüşdə iştirak edən Prezident Administrasiyasının məsul əməkdaşı Vəfadar Bağırov Astaraya ilk səfəri zamanı belə bir işgüzar görüşdə iştirakından məmnunluğunu çatdırdı. Dedi ki, Astaranın gözəlliyi, son illərdəki inkişafı, həmçinin görüş iştirakçılarının xoş əhval-ruhiyyəsi, çıxış edənlərin fəallığı, açıq fikir mübadiləsi onda xoş təəssürat yaradıb.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov görüşü yekunlaşdıraraq qaldırılan bütün məsələlərin diqqətdə saxlanacağını bildirdi. Sonra qonaqlar Təngərüd ərazi nümayəndəliyinin binasında oldular, ərazidəki yeniliklərlə tanış oldular, səliqə-sahmandan razı qaldılar. Təklif olundu ki bu icra nümayəndəliyinin qabaqcıl iş təcrübəsi rayonda geniş yayılsın.
{nl}
Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.