Zaqatala: Qış o qədər də uzaqda deyil...

Avqustun son günləri Zaqatalada daha xoş keçirdi. Havalar xeyli sərinləmiş, bağlar barını nübar edənlərə səxavətini artırmış, yazda və yayın əvvəlindəkinə nisbətən xeyli azalmış qızıl güllər qeyri-adi bir şəkildə gözəlləşmişdi. İnsan qəribəliyidir. Gül çox olanda o qədər də vurulmuruq, az olanda isə ... bizi heyran edirlər. Beləcə, köhnə dostum Nəzir Muradovla ilıq Zaqatala axşamında, ətrafı gündüz kimi aydınlaşdıran küçə işıqlarının yaratdığı füsunkar mənzərəni seyr edə-edə Heydər parkında gəzişirik. Burada küçə işıqlarının ətrafa gündüz ab-havası verdiyini qeyd etməyim təsadüfi deyil. Çünki on illərlə gözümüzün öyrəşdiyi "İlıç lampa"larından fərqli olaraq indiki işıqlar həqiqətən gündüz effekti yaradır. Təkcə dağlar gündüz olduğu kimi görünmür. Onların da əzəməti artmış kimi görünür. Şair dostlarımızdan biri yazmışdı ki, 
Gündüzlər dağların hüsnü gözəldir,
Gecələr hər qaya yurd keşikçisi...
Doğrudan da bir qədər uzaqda sıralanmış dağlar sanki əsgər nizamıyla, farağat dayanmışdılar. Bu ecazkar anlarda dostum öz tanışıyla görüşdü. Bakıda, ali məktəblərdən birində çalışan, Zaqatalaya turist kimi gələn həmsöhbətimizlə ikicə dəqiqəlik söhbətdən sonra məlum oldu ki, "turist" həqiqətən Zaqatalanın vurğunudur. Özü də bu vurğunluq kifayət qədər özünəməxsusdur. Ətafdakı gözəlliyə işarə edərək soruşdu: - Siz bu yerin, bax, bu, parkın qışdakı gözəlliyini görmüsünüzmü?
Mən Zaqatalanın qışını dəfələrlə görmüşdüm, amma avqustda qış haqqında verilən sual məni bir az çaşdırdı. Ona görə də "nəyə görə soruşursunuz?" dan başqa heç nə demədim. Qonaq qeyd etdi ki, buraların qışının yayından da gözəl olmasının yüz səbəbi varsa, onun əllisi təbiətlə, bir o qədəri də insanlarla bağlıdır. Sonra öz məntiqini əsaslandırmaq üçün çoxsaylı arqumentlərlə söhbəti davam etdirdi. Qulağım onda olsa da, fikrimdə Zaqatala haqqında qələmə alacağım yazının konturlarını cızırdım: "Payız-qış mövsümünə hazırlığın vəziyyəti".
Rayon icra hakimiyyətində bu barədə verdiyim suala aldığım cavab belə oldu: "Zaqatalada payız-qış mövsümünə hazırlıq hər gün, hər yerdə aparılır. Bu məsələ rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin gündəlik nəzarətindədir". Həmsöhbətim öz məntiqini əsaslandırmaq üçün rayon icra hakimiyyəti başçısı yanında keçirilən Şura yığıncağında geniş təsdiq edilən tədbirlər planını yada saldı. Yaxşısı budur, sayım siz də bilin. "Rayonda təbii qaz çəkilişini sürətləndirmək, Əliabad qəsəbəsində qaz paylayıcı stansiyanın tikintisini və qəsəbənin qazlaşdırılmasını sürətləndirmək". Bu işlər bütün sahələrdə daim davam etdirilir. Məsələn, payız yağışlarının fəsadsız ötməsi üçün çay yataqlarının təmizlənməsi də daim diqqət mərkəzində saxlanılır. Yaxud, tutaq ki, taxıl istehsalının artırılması və kifayət qədər buğda tədarük edilməsi qışa ən böyük hazırlıqlardan biridir. Eləcə də ictmai binaların dam örtüklərinin daha etibarlı şəkildə bərpa edilməsi və sairə kimi tədbirlər il boyu davam etdirilir. O ki, qaldı ayrı-ayrı idarə və müəssisələrin qışa hazırlığına, həmin qurumların hər birində görülmüş işlər barədə deməyə kifayət qədər sözləri vardır.
Yaxşısı budur, gəlin həmin qurumlardan birinin - Kommunal Müəssisələri Kombinatının bu sahədə gördüyü işlərlə maraqlanaq. 2011-2012-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar müəssisədə bir çox işlər görülüb. Belə ki, maşın və mexanizmlər tam təmir olunub, onların şinləri yeniləri ilə əvəzlənibdir. Qış mövsümündə küçələrin qar və buzdan təmizlənməsi üçün 2 ədəd buldozer - traktor və bir ədəd qar təmizləyən avtomaşın da saz vəziyyətə gətirilib.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar şəhərin H.Əliyev və Azərbaycan prospektlərində, Tağıyev, 28 May, Ü.Sadıqov, F.Əmirov, Vidadi, A.Qardaşov, Vaqif, M.Ə.Rəsulzadə küçələrində ağaclarda budama işləri aparılıb. Eyni zamanda, şəhərin H.Əliyev prospektində, Çar və Nizami küçələrindəki yaşıllıq zolaqlarında təmir işləri görülüb.
Şəhərin H.Əliyev və Azərbaycan prospektlərində, Nizami, Ü.Sadıqov, H.Z.Tağıyev, N.Nərimanov, 28 May, İmam Şamil, S.Qocayev, Vidadi, Dədə Qorqud küçələrində su arxları, körpü və keçidlər zibildən, qum və daşdan təmizlənib. Bu iş hazırda davam etdirilir. Payız-qış mövsümündə küçə və səkilərin buzdan və qardan təmizlənməsi üçün kifayət qədər alət və avadanlıqlar, bel, külüng və lom alınıb, 8 ton texniki duz, xeyli miqdarda qum tədarük edilib.
Qış mövsümündə ağacların qarın ağırlığından sınmasının qarşısının alınması üçün yaşıllıq şöbəsinin fəhlələri xüsusi məlumatlarla təlimatlandırılıblar. Onlar xüsusi geyim forması (jilet), əlcək və rezin çəkmə ilə təmin olunmuşlar.
Görürsünüzmü, payız-qış mövsümündə havalar sərt keçsə belə Kommunal Müəssisələri Kombinatı yaranan problemləri vaxtında aradan qaldıracaq və küçələrdə avtomaşınların, səkilərdə isə əhalinin təhlükəsiz hərəkətini təmin etmək üçün bütün işləri yüksək səviyyədə təşkil edəcəkdir.
Zaqatala Meşə Mühafizəsi və Bərpası müəssisəsində bildirdilər ki, rayonda payız-qış mövsümünə hazırlıq elə yaz-yay işləri ilə eyni zamanda başlanır. 2011-2012-ci illərin payız-qış mövsümü ilə əlaqədar müəssisəyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən odun satışı üçün 3284 kubmetr limit ayrılıb. Bu da təsadüfi deyil. Belə ki, dağlıq rayonlardan olan Zaqatalada qış şaxtalı və sərt keçir. Əksər kəndlərdə maye qazın olmaması səbəbindən əhalinin evlərinin qızdırılmasında, eləcə də məktəblərdə, uşaq bağçalarında, digər qurumlarda yanacaq kimi odundan istifadə edilir. Bu tələbat ödənilsə də ekoloji tarazlığın qorunması daim diqqət mərkəzində olmalıdır. Ona görə də bölgünü rayon rəhbərliyi aprarır. Builki payız-qış mövsümü üçün aparılmış bölgü əsasında təhsil müəssisələrinə 1592, mədəniyyət evi, klub və kitabxanalara 304, səhiyyə müəssisələrinə 140, digər müəssisə və təşkitlatlara isə 434 kubmetr odun verilməsi nəzərdə tutulur. Həmişə olduğu kimi bu il də ilk növbədə məktəb və uşaq bağçalarının, səhiyyə müəssisələrinin və hərbi hissələrin oduna olan tələbatı ödənilir. Bu məqsədlə müəssisənin balansında olan texnika daim saz vəziyyətdə saxlanılır.
Ancaq bütün bunlara baxmayaraq, digər rayonlarımız kimi Zaqatalanın də əsas yanacaq ehtiyatı təbii qaz olaraq qalır. Rayon Qaz İstismar İdarəsindən öyrəndik ki, 2011-2012-ci ilin payız-qış mövsümünə hazırlıq işlərinə artıq start verilib. Belə ki, şəhərin Azərbaycan prospekti, Vaqif, Vidadi, Q.Atalov, Nizami və S.Qocayev küçələrində qaz təminatını yaxşılaşdırmaq üçün 5 ədəd yeni tənzimləyici şkaflar quraşdırılıb, 493 metr 50 millimetrlik və 95 metr 32 millimetrlik polad boru çəkilib. Nasaz siyirtmələr dəyişdirilib, 12 ədəd siyirtmə, 18 ədəd qaz tənzimləyici şkaf təmir edilib və yağlanılıb. 572 qaz sayğacı yenisi ilə əvəz olunub, 640 qaz sayğacı həyətlərdən küçələrə çıxarılıb, 318 abonentin mənzilinə təbii qaz xətti çəkilib və bu işlər davam etdirilir. Sentyabr ayında Muxax kəndinə gedən daşıyıcı qaz kəmərinin 3 kilometrlik hissəsində 127 millimetrlik boru 159 millimetrlik boru ilə əvəzlənəcək. Eləcə də Yuxarı Tala kəndinin qalan hissəsinin qazlaşdırılması işləri də başlanmalıdır. Əliabad qəsəbəsində isə bu işlər davam etdirilir.
Rayonda enerji təminatı sahəsində də müəyyən işlər görülüb. Keçən dövr ərzində 24,9 kilometr uzunluğunda 10 kilovoltluq, 11,9 kilometr uzunluğunda 0,4 kilovoltluq hava xətlərində əsaslı və cari təmir işləri aparılıb, 22 ədəd transformator məntəqəsi cari təmir olunub. 134 yeni elektrik dayağı basdırılıb, 37 ədəd yararsız dayaq yeni dayaqlarla əvəz edilib, 672 yeni sayğac quraşdırılıb. Bu sahədə işlər davam etdirilir.
Payız-qış mövsümünə hazırlıqla bağlı ən genişmiqyaslı tədbirləri isə rayon Mənzil İstismar İdarəsi reallaşdırır. Müəssisənin balansında 248 bina var. Burada 28 mütəxəssis çalışır. İdarənin əsas gəlirləri mənzil haqlarından formalaşır. Yaradılmış 3 nəfərlik komissiya mənzil fonduna aid olan binalara və şəhərin küçələrinə baxış keçirir, təmir olunacaq binalar və abadlaşdırılacaq küçələr müəyyənlişdirilir. Bu il üçün görüləcək işlərin qrafiki rayon icra hakimiyyətində hələ may ayında təsdiq olunmuşdu. İndiyədək şəhərin müxtəlif küçələrində 12 blok təmir olunaraq yeni metal qapılar quraşdırılıb, pəncərələr şüşələnib, 16 binanın daxili su və kanalizasiya xətlərində cari təmir işləri aparılıb. Ümumilikdə indiyədək mənzil fonduna aid binalarda 65 min 962 manatlıq təmir-tikinti işləri görülüb. Hazırda 1000 kvadratmetrlik təmir-tikinti işləri, 90 metrlik daxili su xəttinin dəyişdirilməsi və 328 kvadratmetrlik dam örtünün təzələnməsi işləri davam etdirilir.
Şəhərin küçələrində aparılan abadlıq işlərinin siyahısı isə daha böyükdür. İndiyədək 50 ədəd küçə işıq dirəkləri quraşdırılıb, müxtəlif ünvanlarda 115 kvadratmetrə yaxın metal məhəccərlər çəkilib, piyada yollarına beton üzlüklər döşənilib, mühafizə divarlarında yararsız hala düşmüş aqlay üzlüklər təmir olunub, səki bardürləri rənglənibdir. Ümumiyyətlə, bu işlərin reallaşdırılması üçün 211 min 954 manat vəsait xərclənib. Bu qəbildən olan işlər davam etdirilir. İdarədə bildirdilər ki, payız-qış mövsümündə baş verə biləcək hər hansı təbii fəlakətin qarşısını almaq üçün bütün imkanlar mövcuddur. Ehtiyat olaraq şifer, dəmir, taxta və bu kimi digər tikinti materiaalları artıq tədarük edilib.
Bir sözlə, Zaqatalada 2011-2012-ci illərin payız-qış mövsümünə hazırlıq işləri hər gün və rayonun hər yerində davam edir. İndi qalır turist qardaşımızın dediyi kimi, bu diyarın qış mənzərələrinin gözəlliyini seyr etmək. Doğrudur, yuxarıda qeyd etdiyim kimi, mən o gözəlliyi çox görmüşəm. Ancaq dostumuz elə danışdı ki, məndə də həmin lövhələri yenidən görmək həvəsi yarandı. Sağlıq olsun. Nə qalıb ki? Bir də görəcəyik, qış qapını alıb və biz... Zaqataladayıq...

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında