Afrika ölkələrindən olan diplomatlar Azərbaycan Diplomatik Akademiyasının sertifikatlarını almışlar

Sentyabrın 9-da Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Xəzər hövzəsi ölkələrinin öyrənilməsi" proqramı üzrə təlim keçmiş Afrika dövlətlərindən olan diplomatlara sertifikatlar təqdim edilmişdir.
Xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev dərslərin başa çatması münasibətilə kursun dinləyicilərinə təbriklərini çatdırmış, onlara sertifikatları təqdim etmişdir. Bildirmişdir ki, afrikalı diplomatlara regionun inkişafı, Azərbaycanın siyasi və iqtisadi prioritetləri barədə dolğun məlumat verilmişdir. Eyni zamanda, diplomatlar ölkəmizin mədəniyyəti, tarixi irsi haqqında geniş informasiya əldə etmişlər.
Nazir müavini qeyd etmişdir ki, beynəlxalq təşkilatlarda müxtəlif məsələlərin müzakirəsində Azərbaycan ilə bağlı hər bir ölkənin fikri bizim üçün çox mühümdür. Bu baxımdan ADA-nın təşkil etdiyi proqram ölkəmizin gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Gələcəkdə belə bir kursu nəinki diplomatlar, eləcə də xarici ölkə nazirliklərinin və agentliklərinin nümayəndələri üçün də təşkil etməyi planlaşdırırıq.
Xarici diplomatlar Azərbaycan ilə bağlı təəssüratlarını bölüşərək qeyd etmişlər ki, ölkəmiz onların yaddaşında xüsusi iz buraxmışdır. ADA-da yiyələndiyimiz biliklərin səviyyəsi və azərbaycanlıların səmimiyyəti yüksək qiymətə layiqdir.
Bildirilmişdir ki, təlimə Nigeriya, Uqanda, Zimbabve, Namibiya, Qambiya, Madaqaskar, Cənubi Afrika Respublikasından 14 diplomat qatılmışdır. Diplomatlara ADA-nın, Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun nümayəndələri dərs demişlər. Eyni zamanda, diplomatlar üçün Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı xüsusi təqdimat da keçirilmişdir.
Azərbaycanın mədəniyyəti və tarixi haqqında ətraflı məlumat almaq üçün xarici diplomatlar Qubaya səfər etmiş, Bibiheybət məscidində, Səngəçal terminalında olmuşlar.
ADA cari ildə "Xəzər hövzəsi ölkələrinin öyrənilməsi" proqramı üzrə 43 xarici diplomata təlim keçmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında