MTN narkotiklərin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə, eləcə də qanunsuz olaraq odlu silah və sursatın saxlanılması və daşınmasına qarşı tədbirləri davam etdirir

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən son günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri narkotiklərin qaçaqmalçılığı və qanunsuz dövriyyəsində, eləcə də qanunsuz olaraq odlu silahın, döyüş sursatının saxlanılması və daşınmasında təqsirli bilinən 16 nəfər ifşa olunmuş, ümumilikdə 15 kiloqramdan çox narkotik vasitə və silah-sursatın aşkar edilərək götürülməsi ilə nəticələnmişdir. 
MTN-in ictimai əlaqələr mərkəzindən bildirmişlər ki, Azərbaycan Respublikası vətəndaşları - Bunyatov Eldar Hacıbaba oğlu və Qənbərov Münasib Mikayıl oğlu saxlanılmışlar. Məlum olmuşdur ki, Eldar Bunyatov, Münasib Qənbərov, həmçinin hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı və qeyriləri qabaqcadan əlbir olaraq, satış məqsədi ilə külli miqdarda həşiş qatranını Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək İrandan Azərbaycana gətirmişlər.
Müəyyən edilmişdir ki, əvvəlcədən əldə olunmuş razılığa əsasən, həmin iranlı Astara rayonunun Pəlikəş kəndi yaxınlığında narkotik vasitəni Eldar Bunyatova təhvil vermişdir. Bundan sonra Eldar Bunyatov və Münasib Qənbərov içərisində narkotik vasitə olan 2 ədəd bağlamanı yaşadıqları ərazinin yaxılığındakı meşə zolağında gizlətmişlər. Əməliyyat-axtarış tədbirləri nəticəsində Eldar Bunyatov və Münasib Qənbərov yaxalanmış, baxış zamanı sonuncunun Astara rayonunun Şümrüd kəndi yaxınlığında narkotik vasitəni gizlətdiyi yerdən qrupa məxsus içərisində 11 kiloqram 794.9 qram həşiş qatranı olan 2 ədəd bağlama aşkar edilərək götürülmüşdür.
Digər əməliyyat-axtarış tədbiri nəticəsində Azərbaycan Respublikası vətəndaşları - Nağıyev Hafis Böyükxan oğlu və Nəsirov Cavid Məmməd oğlu saxlanılmış, onlardan 1 kiloqrama yaxın heroin aşkarlanaraq götürülmüşdür. Məlum olmuşdur ki, Cavid Nəsirovun sifarişi ilə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı əvvəlcədən əldə olunmuş razılığa əsasən, həmin narkotik vasitəni qaçaq yolla Azərbaycan Respublikasının ərazisinə keçirərək Cəlilabad rayonunun Cəfərli kəndi yaxınlığında torpağa basdırmış və bu barədə Cavid Nəsirovu məlumatlandırmışdır. Bundan sonra Cavid Nəsirovun tapşırığına əsasən, Hafis Nağıyev Cəlilabad rayonuna gəlmiş və Cəfərli kəndinə gedərək gizlədilmiş narkotik vasitəni götürüb taksi ilə Bakı şəhərinə qayıtmışdır. Gecə təxminən saat 00:20 radələrində Hafis Nağıyev Lökbatan dairəsində Cavid Nəsirovla görüşərək gətirdiyi narkotik vasitəni ona təhvil verərkən MTN əməkdaşları tərəfindən yaxalanmışlar.
Daha bir əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Mirzəyev Vəkil Zeynal oğlu və Bayramov Zaur Nux oğlu saxlanılmış, onlardan 1 kiloqrama yaxın heroin aşkar edilərək götürülmüşdür. Müəyyən edilmişdir ki, Mirzəyev Vəkil və Zaur Bayramov, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə həmin narkotik vasitəni gizli yolla İrandan Azərbaycana gətirmişlər.
Növbəti əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları Ələkbərov Maarif Famil oğlu, Əhmədov Pərviz İbrahim oğlu və Suleymanov Eldar Mədət oğlu yaxalanmış, keçirilmiş baxış nəticəsində onlardan 881,1 qram heroin aşkarlanaraq götürülmüşdür.
Məlum olmuşdur ki, Maarif Ələkbərov, Pərviz Əhmədov və Eldar Suleymanov, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə həmin narkotik vasitəni qaçaq yolla İrandan Azərbaycana gətirmişlər.
Digər əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşgul olan Azərbaycan Respublikasının vətəndaşları - Qasımov Oruc Vəliağa oğlu, Abduləliyev Arif Məhər oğlu, Həsənov Zaman İman oğlu, Hüseynov Hüseynağa Abbasqulu oğlu və Əliyeva Firəngiz Məmmədağa qızı saxlanılmış, onların üzərindən 572 qram heroin aşkar edilərək götürülmüşdür.
Müəyyən edilmişdir ki, Oruc Qasımov, Arif Abduləliyev, Zaman Həsənov, Hüseynağa Hüseynov və Firəngiz Əliyeva, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə həmin narkotik vasitəni gizli yolla İrandan Azərbaycana gətirmişlər.
Sentyabrın 3-də həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Hüseynov Xəyyam Xanlar oğlu və Qorçuzadə Məhəmməd İsrayıl oğlu Gəncə şəhərində saxlanılmışlar. Keçirilmiş baxış zamanı Xəyyam Hüseynovun evindən 1 ədəd "Makarov" tipli tapança və həmin tapança üçün 7 güllə aşkarlanaraq götürülmüşdür. Müəyyən edilmişdir ki, Məhəmməd Qorçuzadə Gəncə şəhərinə gələrək burada Xəyyam Hüseynovla görüşmüş və Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayan qardaşı Qorçuzadə İbrahim İsrail oğluna qaçaq yolla çatdırmaq üçün, sonuncunun tapşırığına əsasən həmin silah-sursatı "Azərbaycan-Rusiya" marşrutu üzrə avtobus sürücüsü işləyən Xəyyam Hüseynova təhvil vermişdir.
Bütün faktlar üzrə cinayət işləri başlanılmış, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında