Özbəkistanın milli bayramı şərəfinə

Sentyabrın 5-də Özbəkistanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil etmişdir. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra qonaqları salamlayan səfir İsmatilla Erqaşev ölkəsinin 20 il ərzində keçdiyi inkişaf yolundan danışmış, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulamışdır. O bildirmişdir ki, Özbəkistan 180 ölkə ilə ticari-iqtisadi əlaqələr qurmuşdur.
Diplomat dost ölkələr olan Azərbaycan ilə Özbəkistan arasında getdikcə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək demişdir ki, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və danışıqlar ikitərəfli münasibətlərin inkişafına əlverişli zəmin yaradır. Özbəkistanın Azərbaycanı özünün strateji tərəfdaşı hesab etdiyini deyən səfir ikitərəfli strateji əlaqələrin daha da inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırmışdır.
Azərbaycanın dinamik inkişafını xüsusi qeyd edən diplomat ölkələrimiz arasında siyasi, iqtisadi münasibətlərin, habelə mədəniyyət, elm, təhsil sahəsində əməkdaşlığın bundan sonra da dönmədən inkişaf edəcəyinə ümidvar olduğunu demişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İ.Erqaşev demişdir ki, Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu siyasət dəyişməz olaraq qalacaqdır.
İqtisadi inkişaf naziri Şahin Mustafayev əlamətdar gün münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini, özbək xalqına əmin-amanlıq və firavanlıq arzularını çatdırmışdır. O demişdir ki, Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin dərin tarixi kökləri vardır.
Azərbaycan və Özbəkistan arasında bütün sahələrdə əlaqələrin inkişafından danışan Şahin Mustafayev dövlətlərimiz arasında uğurlu əməkdaşlığın təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırlatmış, bu əlaqələrin respublikalarımızın ölkə prezidentləri tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
Nazir Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin sentyabrında Özbəkistana rəsmi səfərini xatırladaraq bildirmişdir ki, yüksək səviyyəli qarşılıqlı səfərlər və imzalanmış çoxsaylı sənədlər ölkələrimiz arasında münasibətlərin inkişafına təkan verir. Vurğulamışdır ki, ölkələrimiz arasında indiyədək 100-dək sənəd imzalanmışdır. Özbəkistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin ədalətli mövqeyini hər zaman dəstəkləmişdir.
Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında