Şriftin ölçüsü:
16.05.2010 04:56 | Oxunma sayı: 525
Ulu öndərimiz Heydər Əliyev ailə dəyərlərimizin qorunmasının vacibliyini vurğulayaraq deyirdi: "Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur". 2006-cı ildə respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması da məhz bu ideyanın reallaşmasına xidmət edir. Fəaliyyət göstərdiyi dövr ərzində komitə ailədaxili münasibətlərin milli dəyərlərimizə söykənən adət-ənənələr əsasında zənginləşməsi üçün az iş görməyibdir.
Dövlət Komitəsinin dünən Qax Rayon İcra Hakimiyyəti ilə birgə təşki etdikləri "Ailə bayramı" 15 may Beynəlxalq Ailə Gününə həsr olunmuşdu. Bu ümumrespublika tədbirinin Qaxda keçirilməsi təsadüfi deyil. Bu rayonun ictimaiyyəti, idarəetmə qurumları xalqımıza məxsus milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, zənginləşdirilməsi, gələcək nəsillərə ötürülməsi istiqamətində müəyyən ənənələrə malikdir. Belə ki, sağlam, hərtərəfli inkişaf etmiş, yüksək milli-mənəvi keyfiyyətlərə, intellektual səviyyəyə malik övlad yetişdirmək üçün Qaxda ailə-məktəb münasibətləri yüksək səviyyədə qurulmuşdur.
"Ailə bayramı"nın yüksək səviyyədə keçirilməsi üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə bərabər Qax Rayon İcra Hakimiyyəti də müvafiq tədbirlər görmüş, rayon icra hakimiyyəti başçısının sərəncamı ilə komissiya təşkil olunmuş, tədbirlər planı təsdiq edilmişdir.
Bayram mərasimi "Yaşıl Park" istirahət mərkəzində təşkil olunmuşdu. Respublikamızın hər rayonu bir nümunəvi ailə ilə təmsil edilirdi. Ailə günü ilə bağlı keçirilən müsabiqələrin qalibləri olmuş bu ailələr əl işlərindən, rəsm əsərlərindən, milli mətbəximizin məhsullarından, milli musiqi alətlərindən, qədim ailə-məişət əşyalarından ibarət sərgi təşkil etmişdi.
Tədbir iştirakçıları, o cümlədən Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynova və Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev əvvəlcə Qax şəhərinin mərkəzi meydanında ucaldılmış ulu öndərimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzərək böyük hörmət və ehtiramlarını bildirdilər. Bayram tədbiri bu mərasimdə ailə həyatlarının təməli qoyulan bəy və gəlin əyləşmiş faytonun milli musiqi sədaları altında meydana daxil olması ilə başladı.
Qax RİH başçısı Musa Şəkiliyev cəmiyyətimizin əsasını təşkil edən ailənin dövlətimiz tərəfindən daim diqqət və qayğı ilə əhatə edilməsindən, bu istiqamətdə ulu öndərimizin həyata keçirdiyi sosialyönümlü siyasətin respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söz açdı. Tədbir iştiarakçılarını Beynəlxalq Ailə Günü münasibətilə təbrik etdi, onlara xoş arzularını çatdırdı.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynova qeyd etdi ki, dövlət başçımız müasir Azərbaycan həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirir, bu sahəyə xüsusi diqqət və qayğı göstərir. Hər il respublikamızda, o cümlədən Qaxda keçirilən "Ailə bayramı" bunun əyani təcəssümüdür. Bu gün bu gözəl məkanda "Ailə bayramı"na toplaşmış nümunəvi ailələr Azərbaycan cəmiyyətinin yüksək inkişaf səviyyəsini sübut edir.
- Mən üzümü Azərbaycan ailələrinə tutub onları bir daha ürəkdən təbrik edir, uzun ömür, mehribanlıq, qarşılıqlı sevgi və səadət arzulayıram.
Sonra tədbir iştirakçıları bu bayram günündə rəsmi nikah mərasimləri keçirilən bəy və gəlini, 60 il birgə ailə həyatı yaşayan, "Brilliant toy"larını keçirən, 9 övlad sahibi olan Məcid baba və Məryəm ananı təbrik etdilər, onlara hədiyyələr verərək xatirə şəkilləri çəkdirdilər. Bayram iştirakçıları milli musiqi sədaları altında ailələrin təşkil etdikləri sərgi ilə tanış oldular, milli mətbəximizin nemətlərindən daddılar.
Respublikamızın görkəmli incəsənət ustalarının və rayon mədəniyyət evi kollektivinin çıxışları ilə müşayiət olunan bayram mərasimi bir neçə saat davam etdi.
{nl}
İlqar HƏSƏNOV, "Xalq qəzeti" nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.