İkinci Dünya müharibəsinin bitməsindən 66 il keçir
{nl}
Tarixin ən böyük və ən dəhşətli hərbi münaqişəsi - İkinci Dünya müharibəsinin başlanmasından 72 il, başa çatmasından 66 il keçir. Dünyanın aparıcı kapitalist dövlətləri arasında qarşıdurmadan qaynaqlanan, faşist Almaniyası, faşist İtaliyası və militarist Yaponiyasının təcavüzkar hərbi əməliyyatları ilə başlanan bu müharibə çox keçmədi ki, dünya əhalisinin 80 faizindən çoxunun yaşadığı 61 dövləti əhatə etdi.
Yaponiyanın XX əsrin 30-cu illərində Çinin Mancuriya əyalətini, İtaliyanın 1935-ci ildə Efiopiyanı, Almaniyanın 1938-ci ilin martında Avstriyanı, 1938-ci ilin payızında və 1939-cu ilin yazında Çexoslovakiyanı, İtaliyanın 1939-cu ilin aprelində Albaniyanı tutması ilə körüklənən beynəlxalq hərbi toqquşma 1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya hücumu, sentyabrın 3-də isə Fransa və İngiltərənin təcavüzkara müharibə elan etməsi ilə dünya müharibəsi xarakteri aldı. Sonrakı aylarda və illərdə Danimarkanı, Norveçi, Hollandiyanı, Belçikanı, Fransanı, Yuqoslaviyanı işğal edən, İngiltərəni fasiləsiz bombalayan Almaniya 1941-ci il iyunun 22-də dünyanın altıda birində qərarlaşmış Sovet İttifaqına hücum etdi. 1418 gün davam edib 1945-ci il mayın 8-də Almaniyanın danışıqsız təslim olması ilə bitən və keçmiş SSRİ-də Böyük Vətən müharibəsi adlandırılan savaş İkinci Dünya müharibəsinin ən böyük cəbhəsi oldu.
2194 gün davam edib 1945-ci il sentyabrın 2-də Yaponiyanın qalib müttəfiqlərə - SSRİ, ABŞ, Fransa və İngiltərəyə təslim olması ilə bitən İkinci Dünya müharibəsində 1,7 milyarda yaxın insan iştirak etmişdi. Dünya üzrə həlak olan 50 milyon insanın 20 milyonu SSRİ, 6 milyonu Polşa, 1,7 milyonu Yuqoslaviya, 400 mini ABŞ, 370 mini İngiltərə əhalisi idi. Almaniyanın insan itkisi 13,6 milyon, müttəfiqlərininki isə 1,5 milyon nəfərdən çox olmuşdu.
Almaniyanın nəhəng hərbi potensialını və zərbə qüvvəsinin üçdə ikisi sovet-alman cəbhəsində, qalan hissəsi isə 1944-cü il iyunun 6-da ABŞ, Fransa və İngiltərənin Avropada açdığı ikinci cəbhədə, Avropa müqavimət hərəkatının apardığı döyüş əməliyyatlarında dağıdılmışdı. İkinci Dünya müharibəsi dövründə SSRİ-nin tərkibində olan Azərbaycan Böyük Vətən müharibəsində qələbə və faşizmin məhvi üçün nə mümkündürsə etmişdir. Bu müharibəyə yollanmış 600 mindən çox soydaşımızın təxminən yarısı döyüş meydanlarında həlak olmuşdur. Respublika iqtisadiyyatı, maddi və mənəvi ehtiyatlar bütövlükdə cəbhənin tələbatına xidmət etmişdir. O illərdə SSRİ-də çıxarılan neftin 70 faizi Bakının payına düşür. On minlərlə azərbaycanlı yüksək şücaət və hünər göstərmiş, 100-dən artıq soydaşımız Sovet İttifaqı Qəhrəmanı olmuşdur. Tank briqadası komandiri general Həzi Aslanov bu ada iki dəfə layiq görülmüşdür.
Əsir düşüb alman həbs düşərgələrindən və legionlarından qaçmış azərbaycanlılar da işğal olunmuş Avropa ölkələrini bürümüş müqavimət hərəkatlarına qoşulmuş, alman və italyan faşistlərinə zərbələr vurmuşlar. Leytenant Mehdi Hüseynzadənin əfsanəvi partizan fəaliyyəti, neçə-neçə igid oğullarımızın hünəri əsl qəhrəmanlıq olmuşdur. Bütün bunlar Azərbaycan xalqının İkinci Dünya müharibəsində fəal iştirakının parlaq, öyünclü səhifələridir. Zaman bu solmaz rəşadəti təkrar-təkrar təqdir edəcək, tarixin ən böyük savaşında xalqımızın hünər və mərhumiyyəti heç vaxt yaddan çıxmayacaq.
Müsahibimiz publisist-politoloq, Avropa müqavimət hərəkatında Azərbaycan oğullarının döyüş bioqrafiyalarının tədqiqatçısı Ruqiyyə Əliyevadır. Bu mövzu həmkarımızı hələ Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin tələbəsi olduğu illərdə cəlb etmiş, əvvəl diplom işi, sonra silsilə məqalələr yazmışdır. Onun "Azərbaycanlılar Avropa müqavimət hərəkatında" kitabında xalqımıza bu vaxtadək yaxşı məlum olmayan bir sıra adlar və faktlar əksini tapmışdır. Ruqiyyə xanım bunlardan ən önəmliləri barədə danışdı:
- 1977-ci ildə Fransa müqavimət hərəkatında iştirak etmiş, bu ölkənin milli qəhrəmanı və fəxri legion ordeni kavaleri Əhmədiyyə Cəbrayılovla görüşdüm. Döyüş bioqrafiyasını xatırlayan qəhrəmanın şəxsi arxivindən götürüb göstərdiyi bir şəkil daha çox marağıma səbəb oldu. Azad olmuş Fransada rəsmi ziyafət təsvir olunan bu fotoda ölkənin müqavimət hərəkatının lideri general Şarl de Qollun sağ tərəfində əyləşmiş adamın nə rus, nə amerikan, nə ingilis, nə də erməni deyil, məhz azərbaycanlı olması məni hədsiz dərəcədə fərəhləndirdi. Bu, soydaşımız Əhmədiyyə müəllimin özü idi. Yeri gəlmişkən deyim ki, belə bir fakt ermənilərin əlində olsaydı, onsuz da təsirlərinə saldıqları Fransaya daha böyük minnət qoyardılar.
Belə faktlar, sənədlər, şəkillər olan ailələr heç də az deyil. Avropa müqavimət hərəkatının iştirakçılarının bir çoxu dünyasını dəyişsə də, onların öyünclü bioqrafiyasının yadigarları varislərində qalır. Müstəqil Azərbaycan dövlətinin Avropa müqavimət hərəkatında iştirak etmiş dövlətlərlə yeni əlaqələrinin qurulmasında biz bu dəyərli tarixçələrdən yararlana bilərik. Bu tarixçələri daha dərindən öyrənib sistemləşdirmək üçün müstəqillik illərində yeni imkanlar yaranmışdır. Ölkələrimizin bir-birindəki səfirliklərinin xidmətindən istifadə etmək lazımdır. Fransanın Bakıdakı səfirliyinin əməkdaşı Zemfira Quliyeva və İtaliya səfirliyinin işçisi Fəridə Naibova bu iki ölkədə müqavimət hərəkatında iştirak etmiş soydaşlarımız barədə yeni məlumat toplamaqda mənim yaxın köməkçilərim olmuşlar.
Ötən illərdə sağ qalmış müqavimət hərəkatı iştirakçıları ilə görüşlərim də mənə çox material verdi. 1977-ci ildə mən İtaliyanın milli qəhrəmanı mükafatını bu ölkənin prezidenti Sandro Pertinidən almış 75 yaşlı Məmməd Bağırovla tanış oldum. 1989-cu ildə o, Romaya İtaliyanın fərdi təqaüdçüsü vəsiqəsini almağa gedərkən görüşdüyü sadə italyanlar, guya, Qarabağda azərbaycanlıların günahsız erməni uşaqlarını, qocalarını, qadınlarını öldürdükləri barədə söz salmışdılar. Şübhəsiz, Məmməd müəllim onlara həqiqəti söyləmişdi. Mən bu barədə eşidəndən sonra qərara aldım ki, avropalılara xalqımız haqqında obyektiv məlumat çatdırarkən əvvəl kimliyimizi, onlar üçün nə etdiyimizi layiqincə ortaya qoymalıyıq.
Bundan sonra mən işə daha məsuliyyətli və dərindən girişdim. Səfirliklərdən əlavə, xüsusi xidmət orqanlarının arxivlərindən də faydalandım. Sən demə, Avropa müqavimət hərəkatında azərbaycanlıların iştirakı barədə özümüzdə də kifayət qədər material var imiş. Fransanın cənubunda Rodezdə azərbaycanlı kapitan Mirzəxan Məmmədovun və partiya işçisi Hüseynrza Məmmədovun yaratdıqları gizli antifaşist təşkilat barədə məlumatı bu yolla əldə etdim. Bu barədə əvvəllər Əhmədiyyə Cəbrayılov da mənə söyləmişdi. Təşkilatın sağ qalmış üzvləri Abbas Hüseynov, Ənvər Əliyev də xeyli məlumat verdilər.
Arxivlərdən İtaliyada 31-ci Haribaldi briqadasına daxil olan dəstənin 35 azərbaycanlı döyüşçüsünün siyahısını tapdım. İbrahim İbrahimovun rəhbərlik etdiyi bu dəstədən hələlik 18-i barədə məlumat toplaya bilmişəm. Rus tarixçisi İ.Berxin Fransada "Çapayev" batalyonunun adını çəkir. Udino rayonunda yaradılmış bu dəstənin komandiri naxçıvanlı Əli Babayev barədə arxivdən italyan dilində sənəd əldə etdim.
Ruqiyyə xanım axtarışları və tapıntıları barədə məlumat verərək daha sonra bildirdi:
- Topladığım materiallar göstərir ki, İkinci Dünya müharibəsi illərində Fransanın cənubundakı hərbi əsir düşərgələrində 2000, İtaliyanın şimalında isə 4000 azərbaycanlı olmuşdur. Onların əksəriyyəti ölüm düşərgələrindən qaçmış və yerli partizanlara qoşulmuşdur. Fransa müqavimət hərəkatının iştirakçısı Məmmədtağı Mürsəlov xatırlayırdı ki, müvəqqəti hökumətin başçısı general Şarl de Qoll onlar Vətənə dönərkən demişdir: "Faşizmə qarşı döyüşlərdə Qafqazdan olan partizanlar əsl qəhrəmanlıq göstərmişlər, azərbaycanlı döyüşçülər isə cəsurluğu və igidliyi ilə xüsusi seçilmişlər. Təəssüf ki, sonralar bu ölkələrdə, elə SSRİ-nin özündə də müharibəyə, partizan hərəkatına həsr olunmuş kitablarda bu barədə, nədənsə, heç nə yazılmayıb.
Avropa müqavimət hərəkatında azərbaycanlıların göstərdiyi hünər barədə topladığım və heç də hamısı olmayan məlumatları həmin ölkələrdə yaymaqla biz xalqımızın sülhsevər, haqsevər əməllərini, başqaları üçün həyatını belə təhlükədə qoyduğunu açıq göstərə bilərik. Düşmənimiz ermənilər tarixi sınaq günlərində, müharibələrdə xəyanət və təxribatla məşğul olsalar da sonralar əfsanələr uydurub yayırlar. Biz isə halal haqqımıza da lazımınca sahib çıxmırıq. Faşizmə qarşı müqavimət hərəkatında soydaşlarımızın fəal iştirakı Avropa ailəsində layiqli yerini tutan Azərbaycan üçün iftixar mövzusudur. Bu həm də faydalı dostluq əlaqələri üçün sağlam özül olacaq məsələdir.
Sonda bildirək ki, Ruqiyyə Əliyeva artıq bir çox dəyərli fakt və sənədləri, öyünclü bioqrafiyaları özündə əks etdirən "Azərbaycanlılar Avropa müqavimət hərəkatında" tədqiqatını növbəti tapıntıları ilə zənginləşdirir və kitabın yeni nəşrinin Avropa dillərində də işıq üzü görəcəyinə ümid bəsləyir. Buna həmkarımızın ciddi əsası var: azərbaycanlılar İkinci Dünya müharibəsində igidliklə döyüşmüş, azğın işğalçılara ağır zərbələr vurmuşlar. Müharibədə qalib gəlmiş xalqlar və dövlətlər sırasında bizim də adımız var.
{nl}
Tahir AYDINOĞLU, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.