"Audit: qanunvericilik və normativ sənədlər" çoxcildliyinin növbəti cildi

On beş yaşını qeyd edən Azərbaycan Respublikası Auditorlar Palatasının çoxşaxəli fəaliyyətində mühüm yer tutan təbliğat və nəşr işləri həm dövlətin maliyyə-iqtisadi fəaliyyətinin həyata keçirilməsi, iqtisadi demokratiyanın genişləndirilməsi və ölkədə maliyyə şəffaflığının bərqərar edilməsi vəzifələrinin həllində sahibkarlıq fəaliyyətinin bir növü olan auditor xidmətinin yeri və rolu barədə dolğun təsəvvürlərin formalaşmasına, cəmiyyət tərəfindən auditin idarəetmə prosesində nəzarət-analitik infrastruktur kimi qəbul edilməsinə yardımçı olmaq, həm də auditor kadrlarının hazırlanması və onların peşə-ixtisas səviyyəsinin, auditor peşəsinin nüfuzunun yüksəldilməsinə kömək etmək məqsədi güdür. 
Bu mənada, 1996-2010-cü illərdə Auditorlar Palatası üzvlərinin və əməkdaşlarının qüvvəsi ilə hazırlanaraq nəşr etdirilmiş 35-dək müxtəlif adda ədəbiyyat - "Audit. İzahlı lüğət" və "Auditin əsasları" adlı kitablar, ali məktəblər üçün ilk "Audit" dərs vəsaiti, "Azərbaycanda audit: təşəkküldən inkişafa doğru (1996-2001-ci illər)" və "Azərbaycan auditi" icmal-məlumat kitabları, "Daxili audit" tədris-praktika vəsaiti və "Daxili audit" dərs vəsaiti, "Azərbaycanın milli audit standartları", "Daxili audit standartları" və "Sahəvi auditlərin aparılmasına dair proqramlar" topluları, "Auditorların Peşə Etikası Məcəlləsi", habelə ingilis dilindən tərcümə olunaraq nəşr etdirilmiş 796 səhifəlik "Peşəkar Mühasiblərin Etika Məcəlləsi. Beynəlxalq audit standartları" kitabı, çoxlu sayda tematik yaddaş-bukletlər, təqvimlər təkcə auditorlar və audit mütəxəssisləri tərəfindən deyil, həm də iqtisadiyyat profilli təhsil müəssisələrinin professor-müəllim heyətləri, tələbə, magistrant və aspirantları tərəfindən gərəkli mənbə kimi yüksək qiymətləndirilmişdir. İndiyədək 6 cildi çap olunmuş "Audit: qanunvericilik və normativ sənədlər" çoxcildliyi isə iqtisadi qanunvericiliyin, konkret olaraq audit qanunvericiliyinin təbliği baxımından böyük əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasında auditor xidmətinin təşkili və tənzimlənməsi üzrə qanunvericilik və normativ hüquqi aktlar toplusu olan bu nəşrin I cildi 1998-ci ildə, II cildi 2002-ci ildə, III cildi 2005-ci ildə, IV cildi 2007-ci ildə, V cildi 2009-cu ildə nəşr edilmiş və həmin cildlərə, müvafiq olaraq, dövlət müstəqilliyimizin bərpasının ilk ilindən 2009-cu il yanvarın 1-dək olan dövrdə auditlə bağlı qəbul olunmuş, yaxud dəyişiklik və əlavələr edilmiş qanunvericilik aktları və normativ sənədlər toplanmışdır. Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun ümumi rəhbərliyi altında hazırlanmış və bu günlərdə işıq üzü görmüş toplunun VI cildinə isə 2009-cu il yanvarın 1-dən 2011-ci il iyulun 1-dək olan dövrdə və ya daha əvvəllər qəbul edilmiş qanunvericilik və normativ hüquqi aktlar daxil edilmişdir.
Ənənəyə uyğun olaraq, yeni cildin "Azərbaycan Respublikasının qanunvericilik və normativ hüquqi aktlar" adlı birinci bölməsi də əlavə və dəyişikliklər edilmiş "Auditor xidməti haqqında" Azərbaycan Respublikası Qanunu ilə açılır. Azərbaycan Respublikasının Prezidentı İlham Əliyevin "ümummilli liderimiz Heydər Əliyevin bazar iqtisadiyyatına keçid istiqamətində həyata keçirdiyi siyasətin, cəmiyyətdə maliyyə şəffaflığının təmin olunmasında və bazar infrastrukturları sistemində auditə verdiyi qiymətin parlaq təzahürü" kimi dəyərləndirdiyi, ölkədə milli auditin təşəkkülü və inkişafı üçün son dərəcə mühüm hüquqi baza olan "Auditor xidməti haqqında" Qanunun qəbul edilməsindən ötən 17 il ərzində Azərbaycan Respublikasında iqtisadi münasibətlər sahəsində misilsiz inkişaf və dəyişikliklər baş vermiş, o cümlədən iqtisadi qanunvericilikdə də ciddi təkmilləşdirmələr aparılmışdır.
Bu təkmilləşdirmələr, dövlətimizin başçısının qeyd etdiyi kimi, ölkədə iqtisadi siyasətin aparılmasında mühüm rol oynayan auditor xidmətindən də yan keçməmiş, müvafiq olaraq "Auditor xidməti haqqında" Qanunda və Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 19 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında" Əsasnamədə müvafiq dəyişiklik və əlavələr edilmişdir. "Auditor xidməti haqqında" Qanunda edilmiş ən son dəyişikliklər qanunun 2-ci və 13-cü maddəsi ilə əlaqədardır: birinci halda "məcburi audit" anlayışında, ikinci halda isə sərbəst auditorların və auditor təşkilatlarının sifarişçinin tələbi ilə aparılan audit zamanı əldə edilən məlumatı məxfi saxlamaqla əlaqədar vəzifələrində dəqiqləşdirmələr aparılmışdır. Əsasnaməyə edilmiş sonuncu əlavədə isə Auditorlar Palatasının funksiyalarının sırası genişləndirilərək, ona auditor xidməti göstərən şəxslərə münasibətdə öz səlahiyyətləri daxilində qanunla nəzərdə tutulmuş qaydada və hallarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı nəzarət orqanının funksiyalarını həyata keçirmək tapşırılmışdır.
Toplunun bu bölməsində verilmiş digər cox mühüm qanunvericilik aktı "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 11 fevral tarixli 65-IYQD nömrəli qanunudur.
Son illər ardıcıl olaraq Auditorlar Palatası tərəfindən aparılan araşdırmalar göstərirdi ki, mövcud qanunvericiliyə görə, məcburi auditdən keçməli olan təsərrüfat subyektlərinin müəyyən hissəsi auditdən yayınır, maliyyə hesabatlarını dərc etdirmir, yaxud bu hesabatları dərc etdirərkən onun dürüstlüyünü auditor rəyi ilə təsdiqləmirlər. Halbuki, xüsusi qanunvericilik aktları ilə yanaşı, Azərbaycan Respublikasının Vergi Məcəlləsində də məcburi auditdən keçməli olan təsərrüfat subyektlərinin öz hesabatlarını dövlət vergi orqanlarına təqdim edərkən və ya mətbuatda dərc etdirərkən auditor rəyinin əlavə olunması hesabatın mütləq ünsürü, vergi ödəyicilərinin vəzifəsi kimi təsbit edilmişdir. Palata əməkdaşlıq əlaqələri qurduğu xarici ölkələrin qanunvericilik təcrübəsinə əsaslanaraq, bu neqativ halın kökünü kəsmək yolunu mövcud qanunvericiliyə müvafiq dəyişiklik və əlavələrin edilməsində görürdü. Prezident İlham Əliyevin xeyir-duası ilə Milli Məclis 2011-ci il 11 fevral tarixində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə "Məcburi auditdən yayınma" adlı yeni maddə əlavə etmişdir. Həmin maddəyə görə, qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslərin 300 manatdan 600 manatadək, hüquqi şəxslərin isə 1500 manatdan 2500 manatadək cərimə edilməsi nəzərdə tutulur.
Birinci bölmədə həmçinin, son iki il ərzində ölkədə qəbul edilmiş "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "Xüsusi iqtisadi zonalar haqqında", "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "Fərdi məlumatlar haqqında", "İnvestisiya fondları haqqında" və digər qanunlardan, Azərbaycan Respublikası Prezidentinin fərmanlarından, habelə dövlət başçısının fərman və sərəncamları ilə, Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş müxtəlif icra hakimiyyəti orqanlarının əsasnamə və nizamnamələrindən, dövlət proqramlarından auditə dair çıxarışlar toplanmışdır.
Toplunun "Normativ sənədlər, metodik göstərişlər və tövsiyələr" adlı ikinci bölməsində Azərbaycan Respublikasının Maliyyə, İqtisadi inkişaf, Milli təhlükəsizlik və Ədliyyə nazirlikləri, Mərkəzi Bankı və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti tərəfindən işlənib hazırlanmış və müvafiq qaydada təsdiq edilmiş, audit və auditor xidməti ilə birbaşa bağlı olan müxtəlif sənədlər və ya onlardan çıxarışlar, habelə Auditorlar Palatasının müvafiq sənədləri əksini tapmışdır.
2007-ci ildə MDB məkanında ilk dəfə olaraq Azərbaycanda "Daxili audit haqqında" Qanun qəbul edildikdən sonra daxili nəzarət sisteminin bu mühüm vəsiləsinin tətbiqi ölkədə kütləvi xarakter halını almış, daxili auditin ayrı-ayrı məsələlərinə dair normativ sənədlərin işlənib hazırlanmasını zəruri etmişdir. "Audit: Qanunvericilik və normativ sənədlər" toplusunun 6-cı cildinin "Daxili audit" adlı sonuncu bölməsində də məhz daxili audit fəaliyyəti və daxili nəzarətin təşkili ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti tərəfindən təsdiq edilmiş və Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış normativ sənədlər əks etdirilmişdir.
Auditorlar, təsərrüfat subyektlərinin rəhbərləri və mühasibləri, iqtisadiyyat yönümlü ixtisaslar üzrə təhsil alan tələbə və magistrantlar, habelə müvafiq sahənin tədqiqatçıları üçün nəzərdə tutulmuş "Audit: qanunvericilik və normativ sənədlər" toplusunun növbəti cildini həm də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planında (2011-2015-ci illər)" icraçı təşkilatlarından biri olan Auditorlar Palatası üçün nəzərdə tutulmuş 3.1.2.5-ci bəndin - "Beynəlxalq və Milli Mühasibat Uçotu Standartlarına keçidlə əlaqədar mühasibat uçotu və audit fənləri üzrə tədrisin yenidən təşkili ilə bağlı tədris materiallarının hazırlanması" bəndinin yerinə yetirilməsinə operativ töhfə hesab etmək olar.

{nl}

Sifariz SƏBZƏLİYEV, Azərbaycan Dövlət İqtisad Universiteti mühasibat uçotu kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında