Şriftin ölçüsü:
16.05.2010 05:36 | Oxunma sayı: 372
İndi bütün sabirabadlılar bu cür düşünürlər
May ayı ərzində respublikada hava şəraitinin qeyri-sabit keçməsi və aramsız yağan yağışlar nəticəsində Kür çayında suyun səviyyəsi artmış və təbii fəlakət nəticəsində bir neçə rayonun ərazisinə ciddi zərər dəymişdir. Təbii fəlakətin miqyasının daha da genişlənməməsi və yaratdığı fəsadların aradan qaldırılması üçün dövlət səviyyəsində görülmüş işlər əhali tərəfindən rəğbətlə qarşılanır.
Məlum olduğu kimi, bu hadisələrdən daha çox Sabirabad rayonu zərər çəkmişdir. Bölgədən alınan son məlumatlar həyata keçirilmiş tədbirlər nəticəsində ərazidə vəziyyətin get-gedə normallaşmasından xəbər verir. Sabirabad Rayon İcra Hakimiyyətinin məsul işçisi İlham Əsgərovdan aldığımız məlumata əsasən, havaların dəyişkən keçməsi Kürdə suyun səviyyəsinin yenidən təxminən 20 santimetr qalxmasına səbəb olsa da, Bayramlı qəsəbəsində uçmuş bəndin bir neçə gün əvvəl bərpa olunması nəticəsində ərazidə su çəkilməyə başlamış və Hacıqabul - Mincivan yolu açılmışdır. Ərazidəki dörd kəndin sakinlərinin əksəriyyəti geri qayıtmışdır.
Mayın 14-də Mürsəlli bəndi də bağlanmış və bu ərazidən də su çəkilməyə başlamışdır. Yaxın bir neçə gün ərzində Ulacalı, Mürsəlli və Şıxlar kəndlərinin sakinləri öz yerlərinə qayıdacaqlar.
Eyni zamanda, mayın 14-də daxili işlər naziri Ramil Usubovun, Baş nazirin müavini Abid Şərifovun, səhiyyə naziri Oqtay Şirəliyevin, daxili işlər və fövqəladə hallar nazirləri müavinlərinin iştirakı ilə səyyar müşavirə keçirilmişdir. Suyun çəkilməsindən sonra görüləcək işlər, xüsusilə də sanitariya tədbirlərinin, oğurluq hallarına qarşı mübarizənin gücləndirilməsi, əhalinin köçürülməsi və ilk vaxtlarda onlara yaşayış şəraitini bərpa etmələri üçün yardımların göstərilməsi müəyyənləşdirilmişdir.
Səhiyyə naziri Oqtay Şirəliyev Nəriman Nərimanov adına 2 saylı şəhər orta məktəbində yerləşən Ulacalı, Mürsəlli və Şıxlar kəndlərinin sakinlərinin vəziyyəti ilə tanış olmuş, onlara göstərilən səhiyyə xidmətinin səviyyəsi və yeməklərin keyfiyyəti ilə maraqlanmışdır.
Ölkənin diqqətini özünə çəkən bu təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün görülən işlərdən sabirabadlılar da kənarda qalmayıblar. Rayon rəhbərliyinin səfərbərliyi altında hamı bir nəfər kimi bəndlərin bərkidilməsində, insanlara humanitar yardımların göstərilməsində iştirak edir.
Qeyd edək ki, bu məqsədlə xüsusi qərargah yaradılıb. Bu qərargah vasitəsilə son üç gün ərzində 984 ailəyə (6480 nəfərə) ərzaq məhsulları, məişət və geyim əşyaları, həmçinin digər humanitar yardımlar göstərilib. Vəziyyəti nəzarət altında saxlamaq üçün rayonda qaynar xətt yaradılıb. Təhlükəli yerlərdə qrafik əsasında xüsusi növbətçilər müşahidələr aparırlar. Xəlifəli kəndində uçmuş bəndin bərpası üçün 500 maşın iri daş tökülmüş və hazırda bənd bərkidilir.
Rayon icra hakimiyyətinin başçısı Heydər Abbasov mütəmadi olaraq təhlükəli ərazilərdə olur, zəruri avadanlıqlarla, texnika ilə təminat məsələlərində kömək göstərir.
Əslən Ulacalı kəndindən olan Feyzulla Nəsirov bildirdi ki, kənddə yaxın qohum-əqrəbaları da daxil olmaqla xeyli adamın evləri, mal-heyvanları qalsa da, təbii fəlakətin aradan qaldırılması üçün dövlət başçısının qəti tədbirlər görməsi hamımızı ruhlandırdı, bizə yenidən yaşamaq ümidi verdi və bir daha inandıq ki, çox yaxın günlərdə hamımız öz ev-eşiyimizə qayıdacağıq. Biz bunu necə unuda bilərik: ölkə başçısı bir neçə gün ərzində iki dəfə müşavirə keçirdi, çadırlarda yerləşdirilmiş insanların şəraiti ilə yerindəcə maraqlandı və lazımi tapşırıqlarını verdi. Əlbəttə, möhtərəm Prezidentimiz xüsusi vurğuladı ki, təbii fəlakətdən ziyan çəkmiş insanlara köməklik təkcə evlərin bərpası, yaxud da yendən tikilməsi ilə bitməyəcək, həm də onların normal yaşayış şəraitlərini bərpa etmələri üçün də hər cür yardım göstəriləcək. Bu da, sözsüz ki, dövlətimizin qüdrətindən, dövlət başçımızın insanlara olan sonsuz diqqət və qayğısından xəbər verir. Bütün bunları isə sabirabadlılar heç vaxt unutmayacaqlar.
{nl}
Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.