Dövlət Proqramının uğurları. Korgöz qəsəbəsinin içməli su problemi həll olundu

Son zamanlar Bakı şəhəri və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Paytaxtın, eləcə də şəhərətrafı yaşayış sahələrinin sosial problemlərinin aradan qaldırılması üçün konkret işlər görülür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011- ci il 4 may tarixli fərmanı ilə təsdiq olunmuş "Bakı şəhərinin və ətraf qəsəbələrin 2011-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icraya yönəldilməsi bu işləri bir qədər də intensivləşdirmişdir. Xatırladaq ki, sənəddə paytaxt Bakı ilə yanaşı, ətraf qəsəbələrdə də mövcud sosial problemlərin aradan qaldırılması ilə əlaqədar olaraq aidiyyatı qurumların qarşısında konkret vəzifələr qoyulmuşdur.
Dövlət Proqramında Bakı şəhərinin, eləcə də ətraf qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı mühüm tədbirlər nəzərdə tutulmuşdur. Bütün bu işlərin sürətləndirilməsi məqsədilə "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən qısa müddət ərzində vacib və təxirəsalınmaz tədbirlər planı hazırlanaraq icraya yönəldilmişdir. İlk növbədə, sakinlərin içməli su probleminin aradan qaldırılmasına başlanılmış və bu istiqamətdə qısa müddətdə xeyli iş görülmüşdür. Elə Bakı şəhəri Qaradağ rayonunun Korgöz qəsəbəsinə içməli suyun verilməsinin təmin edilməsi də bunun bariz nümunəsidir.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov dövlət başçısı İlham Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində son illər qəbul etdiyi mühüm sənədlərin bütün sahələrdə olduğu kimi, əhalinin maddi rifah halının yaxşılaşdırılması, eləcə də sosial məsələlərin həlli üçün geniş imkanlar yaratdığını diqqətə çatdırdı. Ölkə Prezidentinin bu ilin may ayının 4-də təsdiq etdiyi "Bakı şəhərinin və ətraf qəsəbələrin 2011-2013- cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proramı"nda nəzərdə tutulmuş genişmiqyaslı tədbirlərin paytaxtımızın, eləcə də ətraf qəsəbələrin ümumi inkişafına mühüm töhfələr verəcəyini bildirdi. Qeyd olundu ki, dövlət başçısı İlham Əliyev Qaradağ rayonundan millət vəkili seçildiyi əvvəlki illərdə bu rayona xüsusi diqqət və qayğı göstərmiş, əhalini narahat edən sosial problemlərin həlli üçün mühüm işlər görmüşdür. Hazırda isə Prezident İlham Əliyevin qəbul etdiyi mühüm proqramlar ölkənin bütün regionları kimi, Qaradağ rayonunun da sürətli sosial-iqtisadi inkişafına mühüm töhfələr verir.
S. Mikayılov qeyd etdi ki, hazırda Qaradağ rayonunda geniş abadlıq-quruculuq işləri həyata keçirilir, rayonun bütün yolları əsaslı təmir olunur, yeniləri çəkilir. Bütün bunlar rayonun yaşayış məntəqələrinin simasını əsaslı şəkildə dəyişdirir, gözəlləşdirir. Sakinlərin elektrik enerjisi, qaz, içməli su ilə təminatının yaxşılaşdırılması, eləcə də kanalizasiya şəbəkələrinin yeniləşdirilməsi yerlərdə razılığa səbəb olmuşdur. Bütün bunlara görə rayon sakinləri adından ölkə rəhbərinə dərin minnətdarlığını bildirən natiq əhalini narahat edən sosial məsələlərin aradan qaldırılması üçün işlərin bundan sonra da sürətlə davam etdiriləcəyini diqqətə çatdırdı.
Tədbirdə "Azərsu" ASC-nin sədr müavini Köçərli Həsənov çıxış edərək dövlət başçısının məlum fərmanı ilə təsdiq olunmuş Dövlət Proqramında içməli su sektoru və kanalizasiya şəbəkələrinin yeniləşdirilməsi ilə bağlı nəzərdə tutulan işlərin icrasını sürətləndirmək məqsədilə hazırlanmış təxirəsalınmaz tədbirlər planının artıq uğurla icra olunduğunu diqqətə çatdırdı. O, qeyd etdi ki, Bakı şəhəri Qaradağ rayonunun kənd və qəsəbələrinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün 14 bənddən ibarət tədbirlər planı nəzərdə tutulmuşdur ki, artıq onların icrası sürətlə davam etdirilir. İlk növbədə, uzun illər içməli su sarıdan əziyyət çəkən Korgöz qəsəbəsi sakinlərinin bu problemi qısa müddətdə aradan qaldırılmış, Kür-Bakı magistral su kəmərindən buraya 4400 metr məsafədən yeni su xətti çəkilmişdir. Qeyd olundu ki, 250 millimetrlik plastik borularla çəkilmiş yeni xətt qəsəbə sakinlərini içməli su ilə fasiləsiz olaraq təmin edəcəkdir. K. Həsənov bu əlamətdar hadisə münasibətilə qəsəbə sakinlərini təbrik edərək Qaradağ rayonunun digər qəsəbələrinin də su və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində həyata keçirlən digər işlər barədə məlumat verdi.
Daha sonra qəsəbənin mərkəzində inşa olunmuş rəmzi bulaq işə salındı. Bununla da, uzun illər susuzluqdan əziyyət çəkən Korgöz sakinlərinin intizarına son qoyuldu. Qəsəbə sakinləri adından çıxış edən Ulduz Əhmədova müqəddəs Ramazan ayında evlərə, ailələrə sevinc bəxş etdiyinə görə ölkə Prezidenti İlham Əliyevə, eləcə də "Azərsu" ASC və Qaradağ rayon rəhbərliklərinə dərin minnətdarlığını bildirdi.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında