"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi İdarə Heyətinin üzvləri Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşlər

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi İdarə Heyətinin üzvləri Beyləqan ərazisində salınmış Xocavənd qəsəbəsində bu rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşlər.
Görüş iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.
Xocavənd Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında keçirilən görüşü icmanın rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov açaraq səfərin məqsədi barədə məlumat vermişdir. Bildirmişdir ki, icma üzvlərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların sakinləri ilə belə görüşləri idarə heyətinin müvafiq tədbirlər planına uyğun olaraq keçirilir. İdarə heyətinin üzvləri Dağlıq Qarabağın ətrafındakı rayonların təmsilçiləri ilə də görüşürlər.
İdarə heyətinin üzvü, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov ictimai birliyin fəaliyyətindən söz açmışdır.
Xocavənd orta məktəbinin direktoru Vaqif Əsgərov idarə heyətinin üzvlərinə məcburi köçkünlərin problemlərinə göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirmiş, işğal altında olan yaşayış məntəqələrimizin Azərbaycan Prezidenti İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasət sayəsində tezliklə azad olunacağına əminliyini ifadə etmişdir.
Digər çıxış edənlər də dünya ictimaiyyətini və beynəlxalq qurumları Azərbaycan həqiqətlərini müdafiə etməyə çağırmış, bir milyondan artıq soydaşımızın, o cümlədən uşaqların pozulmuş hüquqlarının bərpası üçün işğalçı Ermənistana təzyiq göstərməyi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasını tələb etmişlər.
Bayram Səfərov məlumat vermişdir ki, İctimai Birlik bu məsələlərlə bağlı dəfələrlə bəyanat yaymışdır.
Təklif olunmuşdur ki, işğal edilmiş rayonların gəncləri arasında müntəzəm görüşlər və idman yarışları keçirilsin. Münaqişənin həlli ilə bağlı Azərbaycan rəhbərliyinin fəaliyyəti barədə icma üzvləri vaxtaşırı məlumatlandırılsınlar.
Xüsusi vurğulanmışdır ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında hər kəs yaxından iştirak etməlidir.
Bayram Səfərov Azərbaycanın hərbi qüdrətinin artmasından və müdafiə sənayemizin inkişafından danışmışdır. Qeyd etmişdir ki, ordumuz Qarabağı qısa müddətdə işğaldan azad etməyə qadirdir. "İcmamızın mövqeyi məlumdur: Biz Dağlıq Qarabağda Azərbaycan qanunlarını qəbul edən ermənilərlə dinc yanaşı yaşamağa hazırıq", - deyə B.Səfərov vurğulamışdır.
İcma rəhbəri ölkə rəhbərliyinin məcburi köçkünlərə qayğısını diqqətə çatdırmış və əmin olduğunu bildirmişdir ki, yurd-yuvasından didərgin düşmüş soydaşlarımız tezliklə doğma ocaqlarına qayıdacaqlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında