Azərbaycan dövlətinin xarici siyasətdəki uğurları diasporun səmərəli fəaliyyətinə böyük təsir göstərir

(əvvəli qəzetin 25 avqust 2011-ci il tarixli sayında)
Dünyadakı erməni lobbisini narahat edən ən mühüm məsələlərdən biri də Azərbaycanın sürətli inkişafı ilə yanaşı, xaricdəki Azərbaycan cəmiyyətlərinin güclənməsidir. Onları qıcıqlandıran, aqressivləşdirən və səviyyəsiz hərəkətlərə yol verməyə vadar edən səbəblərdən biri də diasporumuzun erməni lobbisi qarşısında ciddi maneəyə çevrilməsidir. Bu sözləri səbəbsiz demirik. Ötən ilin dekabr ayında - Dünya Azərbaycanlılarının Həmrəliyi Günü ərəfəsində Niderlanddakı Benilüks Azərbaycanlıları Konqresinin ofisinə basqın olmuşdu. Gecə saatlarında baş verən hadisə zamanı Azərbaycan və Türkiyə bayraqları yerə atılmış, qapı, pəncərə sındırılmışdı. Sonradan məlum olmuşdu ki, bunu Avropadakı erməni diasporunun nümayəndələri planlı şəkildə ediblər. Səbəb isə burada azərbaycanlıların fəallaşması, "Artsax" qida məhsullarının Avropaya idxalının dayandırılması üçün imza kampaniyasının başlanılması və ermənilərin bu cür fəaliyyətlərinin qarşısının alınması istiqamətində görülən işlər idi. Belə hallar digər ölkələrdə də qeydə alınmışdır.
Bütün bunlar bir daha göstərir ki, son illər ərzində Azərbaycan diasporu böyük inkişaf yolu keçmişdir. Qısa zaman kəsiyində xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmaları istiqamətində xeyli iş görülmüşdür. İndi dünyanın hansı ölkəsinə getsən, orada yaşayan azərbaycanlıların diaspor təşkilatına rast gəlmək mümkündür. Bu təşkilatlar soydaşlarımızın bir araya gəlməsinə, üzləşdikləri problemlərin ortaq çalışmalar hesabına həll etməyə, Vətənlə əlaqələrin qurulmasına, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına böyük töhfələr verirlər. Amma təbii ki, diaspor işini yalnız təşkilatların yaradılması ilə məhdudlaşdırmaq olmaz. Diaspor fəaliyyəti ilə az-çox əlaqəsi olan insanlar bilir ki, yalnız təşkilatlanma fəaliyyəti ilə nəzərdə tutulan hədəflərə çatmaq mümkün olmur. Bunun üçün digər addımların atılmasına ehtiyac var. Belə addımlardan biri də soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi həyatında təmsilçiliyinin təmin edilməsidir. Bu iş diaspor fəaliyyətində keyfiyyətcə yeni bir mərhələ olmalıdır.
Dövlət başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının III Qurultayındakı çıxışında xaricdəki cəmiyyətlərimizin fəaliyyətini yüksək qiymətləndirməklə yanaşı, onlara məsləhət gördü ki, fəaliyyət göstərdikləri ölkələrdə bütün Azərbaycan icmasını birləşdirsinlər. İdeal variant ondan ibarət ola bilər ki, hər bir azərbaycanlı diaspor təşkilatlarına üzv olsun, onların tədbirlərində iştirak etsin, öz dəstəyini versin, öz köməyini göstərsin və eyni zamanda, diaspor təşkilatları tərəfindən də lazım olanda kömək görsün. Bunu etmək üçün bu təşkilatlar daha da güclü olmalıdır. Yəni ən vacib amillərdən biri diaspor təşkilatlarının birliyidir. Bəzi hallarda bir ölkədə bir neçə diaspor təşkilatı fəaliyyət göstərir, böyük ölkələrdə əlbəttə ki, onların sayı onlarladır. Əksər hallarda cəmiyyətlər arasında əlaqələr sağlamdır. Ancaq elə hallar var ki, orada müəyyən ziddiyyətlər, müəyyən problemlər, anlaşılmazlıq ortaya çıxır. Azərbaycan Prezidenti belə bir hal varsa, buna son qoyulmasını tövsiyyə etdi. Çünki yalnız birlik bizi gücləndirir. Birlik olmasa, biz güclü ola bilmərik. Bu aksiomadır. Ona görə diaspor təşkilatlarının fəaliyyətinin inkişafı üçün biz birliyi tam şəkildə təmin etməliyik.
Səfirliklərlə diaspor təşkilatları arasındakı əməkdaşlıq daha da güclü, daha da məqsədyönlü olmalıdır. Səfirlik Azərbaycan dövlətinin bir parçasıdır, Azərbaycan dövlətinin rəsmi nümayəndəliyidir, Azərbaycan dövlətinin xarici ölkələrdə simvoludur. Biz elə etməliyik ki, səfirliklərlə diaspor təşkilatları arasında daim mehriban münasibətlər olsun. Əgər hər hansı bir problem, anlaşılmazlıq, yaxud da ki, narazılıq varsa, o, dərhal öz həllini tapmalıdır. Onlar özləri bir-birinə hörmətlə yanaşmalıdırlar, bir-birinin fəaliyyətini dəstəkləməlidirlər, çünki bizim bir Vətənimiz var - Azərbaycan.
Bununla bərabər, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız o ölkələrin daxili siyasətinin amilinə çevrilməlidir. Artıq bunun vaxtı gəlib çatıb. Həm ölkəmizin inkişafı, həm diaspor təşkilatlarımızın güclənməsi qarşımızda indi belə imkanlar açır. Azərbaycan Prezidenti İlham Əliyev qurultaydakı çıxışında vurğulamışdır ki, soydaşlarımız - azərbaycanlılar yaşadıqları ölkələrdə dövlət, hökumət qurumlarında, qanunvericilik orqanlarında təmsil olunmalıdırlar. Onların sayı da bəzi hallarda buna imkan verir. Bunu etmək üçün azərbaycanlılar arasında qarşılıqlı dəstək və birlik daha da güclü olmalıdır. Çünki xaricdə azərbaycanlılar nə qədər güclü olsa, dövlətimizin maraqları da bir o qədər inamla müdafiə olunacaqdır. Azərbaycan nə qədər güclü olsa, soydaşlarımız özlərini bir o qədər də əmin, rahat hiss edəcəklər.
Ekspertlər belə hesab edirlər ki, siyasətə qoşulmaq istəyən azərbaycanlılar ilk növbədə yaşadıqları ölkənin problemlərini öyrənməli, onların həllində ölkə vətəndaşlarına kömək etmək iqtidarında olduqlarını nümayiş etdirməlidirlər. Amma təbii ki, bütün bunlara nail olmaq o qədər də asan deyil. Yüz illərdir formalaşmış siyasi proseslərə müdaxilə etmək, təsiredici faktora çevrilmək, "tutulmuş bazarda" yer tapmaq çox çətindir. Bütün çətinliklərə baxmayaraq, buna nail olmaq mümkündür. Bu istiqamətdə ən böyük ümid təbii ki, gənclərdir. Xaricdə təhsil alan, yaşadıqları ölkələrin ictimai-siyasi həyatına yaxından bələd olan gənclərin siyasi proseslərdə də uğur əldə etmək şansları daha böyükdür. Amma bu prosesdə onları mütləq diasporumuzun təşkilatlanması işində təcrübə toplayan yaşlı nəsil dəstəkləməlidir.
Beynəlxalq aləmdə uğur qazanmağın əsas yollarından biri də media ilə yaxşı əlaqələrin qurulmasıdır. Soydaşlarımız yaşadıqları ölkələrin siyasi həyatında fəallıq nümayiş etdirmək istəyirlərsə, ilk növbədə nüfuzlu media orqanları ilə yaxşı əlaqələr qurmalıdırlar. Onlar çalışmalıdır ki, hər bir ölkənin tanınmış mətbuat vasitələrinə azərbaycanlılar yerləşdirilsin.
Bir faktı da qeyd etmək yerinə düşər ki, Azərbaycan diasporu tarixinin bəlkə də heç bir dövründə bugünkü qədər mütəşəkkil olmamışdır. Buna səbəb odur ki, dünya azərbaycanlıları ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasını fəaliyyətlərinin əsas prinsipi kimi qəbul edirlər. Çünki təcrübə də göstərir ki, xalqımızın bütün tarixi boyu milli birlik və həmrəylik arzuları, ideyaları yalnız azərbaycançılıq ideologiyası sayəsində reallaşa bilər. Azərbaycan dövləti də məhz ulu öndərin göstərdiyi yolla gedərək bugünkü sürətli yüksəlişinə qovuşmuşdur. Ancaq hələ də bizim çox ciddi problemimiz - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmamışdır. Ona görə də bütün dünyaya səpələnmiş azərbaycanlıların birliyi, həmrəyliyi indi həm bizim üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin dediyi kimi, hamımızın bir Vətəni var, o da Azərbaycan Respublikasıdır.

{nl}

Rauf ƏLİYEV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında