Hər bir zəngilanlı gənc bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkədə geniş miqyas alan işgüzarlıq mühitini, qaçqın-köçkün problemlərinin həllinə yönələn ardıcıl, məqsədyönlü səyləri öz həyatlarının, məişətlərinin timsalında həmişəkindən daha aydın şəkildə görür və hiss edir.
Rayon rəhbərliyinin əhali ilə işi canlı, qarşılıqlı ünsiyyət əsasında qurması, mövcud çətinliklərin, çatışmazlıqların aradan qaldırılması üçün tədbir və işlərin sürətləndirilməsi əhəmiyyətli bir oyanış, xoş ab-hava yaratmışdır. Bu, biz gəncləri xüsusilə sevindirir. Axı, gənclər həmişə yeniliyə can atır, belə mühitdə özlərini göstərməyə, bacarıqlarını nümayiş etdirməyə çalışırlar.
Əhalinin həssas tərkib hissəsi olan zəngilanlı oğlan və qızlar indi xeyli ümidlənmiş, fəallaşmışlar. Çünki rayon rəhbərliyi tərəfindən gənclərə xüsusi diqqət göstərilir. Bizi düşündürən, narahat edən məsələlər müzakirəyə çıxarılır, elə öz iştirakımızla təhlil edilir və onların həlli yolları müəyyənldəşdirilir.
Zəngilan RİH-in başçısı Ramiz Həsənov rayonumuzda işə başladığı ilk gündən bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin "Tutduğu vəzifədən asılı olmayaraq hər bir rəhbərin başlıca vəzifəsi xalqa, millətə xidmət etməkdir", - tapşırığı onun üçün başlıca fəaliyyət istiqamətidir və ardıcıl olaraq bu yolla irəliləyəcəyini hər bir zəngilanlı görüb-müşahidə edəcəkdir.
Rayonda təşkil edilən ilk tədbirlərdən biri ictimai-siyasi və mədəni sahədə fəallığı ilə seçilən, təhsildə, idmanda və digər sahələrdə uğurlar qazanan rayon gəncləri ilə zəngilanlı ziyalıların görüşü oldu. Bu, həm tanışlıq, həm də təcrübə mübadiləsi baxımından əhəmiyyətli bir tədbir idi və biz gəncləri çox razı saldı. Burada eşitdiklərimiz doğma torpağa bağlılıq duyğularını xeyli möhkəmləndirdi.
Müvəqqəti məskunlaşma yerlərində əhali ilə keçirilən görüş və qəbullarda, kütləvi tədbirlərdə gənclərimizin qayğıları daim ön plana çəkilir, onların həlli yolları müəyyənləşdirilərək təxirə salınmadan konkret əməli işlər görülür.
İşğaldan sonra işini dayandırmış mədəniyyət evinin fəaliyyətinin bir ay öncə bərpa edilməsi, heç şübhəsiz, rayon gənclərinin həyatında çox diqqətəlayiq hadisədir. Bu, bütün rayon əhalisi ilə yanaşı, gənclərin asudə vaxtlarının səmərəli təşkilinə, gənc istedadların üzə çıxarılmasına, onların incəsənət sahəsində iş və yaradıcılıq təcrübəsi qazanmasına əlverişli imkanlar yaradacaqdır.
Son dövrlər rayonun idarə, müəssisə və təşkilatlarında gənclərin rəhbər vəzifələrə, eləcə də digər məsuliyyətli iş sahələrinə irəli çəkilməsi də bizi sevindirməyə bilməz. Bu qayğıya hər bir zəngilanlı gəncin əməli işlərlə cavab verəcəyi şübhəsizdir.
Gənc çağırışçıların Milli Ordu sıralarına yola salınması sahəsində mövcud olan ənənələr daha da təkmilləşdirilərək ona yeni çalarlar verilir. İyul ayında bir qrup zəngilanlı çağırışçı rayon icra hakimiyyətinin təşkil etdiyi təntənəli tədbirdə RİH başçısı Ramiz Həsənovun və Zəngilanın axundu Müşfiq Fərzəliyevin xeyir-duası ilə müstəqil respublikamızın üçrəngli bayrağının altından keçərək müqəddəs Qurana əl basmaqla Vətənə sədaqətlə xidmət edəcəklərinə and içmişlər. Rayon rəhbəri çağırışçılara maliyyə yardımı və hədiyyələr təqdim etmiş və qətiyyətlə demişdir: "Nə qədər ki, hərbi qulluqdasınız sizin ailələrinizin qayğısı mənim qayğım olacaqdır".
Təqdirəlayiq haldır ki, rayon icra hakimiyyətində elm, təhsil, əmək, mətbuat, incəsənət, idman sahəsində seçilən oğlan və qızlar haqqında məlumatların toplanmasına başlanmışdır.
Eləcə də valideyn himayəsindən məhrum olmuş uşaq və gənclərin sayı və durumu bir daha dəqiqləşdirilir. Bu məlumatlar əsasında onlarca kimsəsiz uşaq və yeniyetmənin doğum günü qeyd edilmiş, onlara maddi yardımlar göstərilmişdir.
Rayon icra hakimiyyəti test imtahanlarının yekunlarına görə bu il ali məktəblərə daxil olmuş 125 zəngilanlı tələbənin adına xüsusi təbrik açıqça hazırlatmış və ünvanlarına göndərmişdir. Bunun davamı olaraq imtahanlarda 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanmış 5 gənc rayon icra hakimiyyətində qəbul edilmişdir. Ramiz müəllim onları ürəkdən təbrik etmiş və maliyyə yardımı göstərmişdir. Bu diqqət və qayğı, heç şübhəsiz, gənc zəngilanlı tələbələrin məsuliyyətini də artırır.
Rayonda yaranmış sağlam işgüzarlıq mühitindən bəhrələnən bir qrup zəngilanlı gənc bu günlərdə RİH-in iclas zalında toplaşaraq belə bir suala cavab tapmağa çalışmışlar: "Bir-birimizə, rayonumuza, respublikamıza daha faydalı olmaq üçün nə edə bilərik?"
İlk növbədə, tanışlıq xarakteri daşıyan bu toplantı ciddi diskusiya şəraitində keçmiş və gənclər səslənmiş təklifləri daha ətraflı araşdırmaq üçün iki həftədən sonra yenidən bir araya gəlmək barədə qərar qəbul etmişlər.
Gəncləri ruhlandıran xoş mücdələrdən biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar yığıncaqdan irəli gələn vəzifələrin rayonda müzakirəsi zamanı RİH başçısının qaldırdığı məsələ olmuşdur. Rayon rəhbəri gənclər və idman idarəsinin rəisinə Zəngilan rayonunu respublikanın həvəskar liqasında təmsil etmək üçün futbol komandası yaradılması imkanlarını aramaq və müvafiq təkliflər hazırlamaq barədə tapşırıq vermişdir.
Doğrudan da, nəinki Azərbaycanın həvəskar komandalarında, eləcə də peşəkar klublarında xeyli zəngilanlı gənc çıxış edir. Onları bir araya gətirmək və doğma Zəngilanın şərəfini qoruyan komanda yaratmaq yurda bağlılıq, torpaq sevgisi baxımından da çox əhəmiyyətli olardı.
Tam əminliklə demək olar ki, bütün bu yeniliklər, işgüzarlıq şəraiti, qarşılıqlı diqqət və etimad mühiti sabahkı uğurlara möhkəm bünövrədir.
{nl}
Ceyhun QƏNİYEV, Zəngilan rayonu, Hacallı ərazi üzrə icra nümayəndəsi
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.