Diaspordan lobbiçiliyə doğru yüksəliş bizə yeni-yeni nailiyyətlər vəd edir
{nl}
{nl}
Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı, azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir - ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şeirlərimiz, mahnılarımız, xalqımıza mənsub olan adət-ənənələrdir.
Heydər ƏLİYEV Ümummilli lider
{nl}
Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir, hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var - Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
{nl}
Bu gün dünyanın bir sıra ölkələrində iqtisadi problemlərin yaşandığı, qlobal maliyyə böhranın fəsadlarının tam aradan qalxmadığı bir zamanda Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, çiçəklənir. Böyük quruculuq yolu keçən və hazırda müasir silah-sursatlarla tam təchiz olunan ordumuzun qüdrəti durmadan artır. Mürəkkəb münasibətlər sisteminin mövcud olduğu beynəlxalq aləmdə ölkəmizin mövqeləri daha da möhkəmlənir. Bütün bu amillər dünyada Azərbaycanın Cənubi Qafqazın lider dövləti kimi tanınmasına rəvac verir. Ölkəmizin liderliyə yüksəlməsinin təməlində isə, heç şübhəsiz, sıx birliyimiz, həmrəyliyimiz dayanır. Bu gün bunu dərk edən hər bir azərbaycanlı milli birliyimizin, həmrəyliyimizin möhkəmlənməsinə öz töhfəsini verir, həmrəylik ideyaları həm ölkəmizdə, həm də ondan çox-çox uzaqlarda yaşayan soydaşlarımızı birləşdirən əsas dəyərlər kimi hər birimizin düşüncəsinə hakim kəsilir. Bizi böyük uğurlara aparan yol da məhz həmrəyliyimizdən, sıx birliyimizdən keçir.
Ölkəmiz bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzinə çevrilmişdir. Dünyanın hər yerindən səsi gələn həmvətənlərimiz azərbaycançılıq amalı ətrafında milli birlik və həmrəylik nümayiş etdirir, bütün qüvvə və bacarıqlarını ümummilli məqsədlər naminə səfərbər edirlər. Sayı artıq 50 milyonu ötən azərbaycanlılar ana Vətənimiz Azərbaycanın xarici siyasətdə qazandığı uğurlara öz töhfələrini verməkdədirlər. Onlar torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı faktını yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırmaq üçün əllərindən gələni əsirgəmirlər. Hazırda dünyanın müxtəlif ölkələrində olan 65-dək səfirlik və konsulluğumuzla sıx işbirliyi qurmaları soydaşlarımızın daha da sistemli fəaliyyətini stimullaşdırır. Onu da deyək ki, yaxın vaxtlarda daha 8 ölkədə yeni səfirlik və konsulluğun açılışı nəzərdə tutulur. Belələliklə, dünyanın elə bir əhəmiyyətli ölkəsi qalmayacaq ki, orada bizim yüksək səviyyədə diplomatik nümayəndəliyimiz olmasın. Səfirliklərlə diaspor təşkilatları arasındakı əməkdaşlığın daha da güclənməsi isə ölkəmizin xarici dövlətlərdəki milli maraqlarının qorunması baxımından əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının hər bir uğuru, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün həmvətənlərimizin də qəlblərində böyük qürur və iftixar hissi doğurur. Bunu iyulun 5-də Bakıda öz işinə başlayan Dünya Azərbaycanlılarının III Qurultayında iştirak etmək üçün paytaxta gələn qonaqların hamısı etiraf edirdilər. Belə qurultayların keçirilməsi xaricdəki cəmiyyətlərimizin güclənməsi və istər ana vətənlə, istərsə də bir-biriləri ilə qarşılıqlı əməkdaşlığın artmasına kömək edir. Bunu yaxşı bilən ümummilli liderimiz Heydər Əliyevin imzaladığı sərəncamla ilk dəfə 2001-ci il noyabrın 9-10-da Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Məhz bu qurultay xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşərək təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb etmiş, milli diaspor hərəkatlarının inkişafında yeni mərhələnin başlanğıcını qoymuş, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyi və fəallığının artmasına ciddi təsir göstərmişdir. Həmin qurultayda ulu öndərin böyük iftixarla söylədiyi "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" - kəlamı bu gün də dillər əzbəridir.
Azərbaycan Prezidentinin 2002-ci il 5 iyul tarixli fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması və həmin il dekabrın 27-də "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Qanunun qəbul edilməsi, dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da gücləndirmişdir. Ümummilli liderimizin ideya və prinsiplərinə sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyev də ulu öndərin bu siyasətini uğurla davam etdirir. Dövlətimizin başçısının Azərbaycan həqiqətlərinin daha geniş coğrafiyada dünya ictimaiyyətinə çatdırılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələri müzakirə etmək məqsədi ilə 2006-cı il 8 fevral tarixli sərəncamına uyğun olaraq həmin il martın 16-da Bakıda Dünya Azərbaycanlılarının II Qurultayı keçirilmişdir. Həmin qurultayda dövlət başçımız İlham Əliyevin geniş və əhatəli nitqindən və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin hesabatından sonra məlum oldu ki, ötən dövrdə xaricdəki soydaşlarımızın təşkilatlanması və öz tarixi vətənləri olan Azərbaycanla əlaqələrinin genişləndirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Aparılan hüquqi və siyasi islahatlar Azərbaycanın demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inamla addımladığını təsdiqləmiş, dünya birliyinə inteqrasiyasını sürətləndirmişdir. Azərbaycan dövlətinin diaspor quruculuğu sahəsində həyata keçirdiyi ardıcıl və məqsədyönlü işi öz bəhrəsini vermişdir. Ötən müddət ərzində Amerika, Avropa, Asiya və Şimali Afrikanın ayrı-ayrı ölkələrində yüzə yaxın yeni azərbaycanlı icması yaradılmış, bununla da xaricdəki soydaşlarımızı birləşdirən qurumların sayı 300-ü ötmüşdür. Təşkilatlanmış azərbaycanlı cəmiyyətlərinin fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi və mədəni həyatında fəal iştirak etmələri diaspor quruculuğu işinin ən mühüm istiqamətlərindən biri hesab edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev qurultaydakı çıxışında xaricdə yaşayan soydaşlarımızı Azərbaycan həqiqətlərini beynəlxalq aləmə olduğu kimi çatdırmaqda fəallıqlarını artırmağa çağırmışdı. Dövlətimizin başçısı demişdi: "Biz öz tədbirlərimizi görməliyik, biz möhkəmlənməliyik. Azərbaycan öz iqtisadi potensialını, hərbi potensialını, siyasi imkanlarını tam şəkildə işə salır. Biz hər istiqamətdə çox sürətlə, düşünülmüş proqram və konsepsiya əsasında irəliləyirik. Yenə də qeyd etmək istəyirəm ki, bu istiqamətdə Azərbaycan diasporunun çox böyük rolu var. Mən istəyirəm ki, həm Azərbaycanın dünyada təbliğ edilməsində, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasında, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakında bu rol daha güclü olsun. Məsələn, mən istəyirəm ki, azərbaycanlılar yaşadıqları bütün ölkələrin siyasi həyatında daha fəal rol oynasınlar. Siyasi partiyalara üzv olsunlar. Çalışsınlar ki, o ölkələrin qanunvericilik orqanlarına seçilsinlər. Bu, bizim mövqelərimizi möhkəmləndirir".
2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumu isə bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrilmiş, Azərbaycan Prezidentinin türk dünyasının birliyinə verdiyi önəmin parlaq təzahürü kimi tarixə düşmüşdür. Prezident İlham Əliyev 2008-ci il noyabrın 19-da Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərman imzalamışdır. Həmin il dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının toplantısında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edilmişdir. Beləliklə, dövlətimizin diaspor siyasəti xaricdəki həmvətənlərimizin daha mütəşəkkil formada təşkilatlanması prosesi ilə özünün yeni mərhələsinə qədəm qoymuşdur.
İndi soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında da qətiyyət nümayiş etdirirlər. Hazırda dünyanın əksər ölkələrində Azərbaycan icmaları üçrəngli bayrağımız altında fəaliyyət göstərir. Azərbaycanlı gənclərin xarici ölkələrdə təşkilatlanması, onların diaspor hərəkatındakı iştirakı da uğurla gedir.
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı isə özünün çoxşaxəli fəaliyyəti ilə əsl nümunə nümayiş etdirir. Qurumun sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr, həyata keçirilən tədbirlər Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır. Bu meyil Avropa ölkələrində də özünü yüksək səviyyədə göstərir. 2010-cu ilin noyabrında Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərinin I Konqresi keçirilmişdir. Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan gəncliyi Dövlət Proqramına uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi ilə Gənclər və İdman Nazirliyinin birgə keçirdiyi bu tədbirdə 25 ölkədən azərbaycanlı gənclər, 41 diaspor təşkilatının rəhbərləri iştirak etmişlər. Konqres xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuq işinə cəlb olunması, onların ictimai-siyasi fəallığının artırılması yönündə daha bir mühüm addım olmuşdur.
Prezident İlham Əliyevin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü haqqında bu il yanvarın 21-də imzaladığı sərəncama uyğun olaraq bu il iyulun 5-də Heydər Əliyev Sarayında keçirilən Dünya Azərbaycanlılarının III Qurultayı xarici ölkələrdəki soydaşlarımızın həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsinə, onların ümummilli ideyalar ətrafında sıx birləşməsinə böyük töhfələr vermişdir. Bununla soydaşlarımızın birlik və həmrəyliyinin möhkəmləndirilməsində yeni mərhələ başlanmışdır. Bu, bir tərəfdən Azərbaycanın iqtisadi və siyasi cəhətdən getdikcə güclənməsi, regionda lider dövlətə çevrilməsi, beynəlxalq aləmdə mövqelərinin güclənməsi, müstəqil dövlət kimi nüfuzunun artması, digər tərəfdən isə xaricdə yaşayan azərbaycanlılarla işin keyfiyyətcə yeni məzmun kəsb etməsi, bu sahədə qarşıya yeni vəzifələr qoyulması ilə əlaqədardır. Möhtərəm Prezidentimizin həyata keçirdiyi daxili və xarici siyasətin prioritet sahələrindən biri də soydaşlarımızın beynəlxalq konvensiyalarda təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, yaşadıqları ölkələrdə mütəşəkkil təsirli qüvvəyə çevrilməsi, dünya azərbaycanlılarının taleyi üçün məsuliyyət daşıması kimi vəzifələr qoyur.
Soydaşlarımızın ali məclisində dünyanın 42 ölkəsindən 579 nəfər qurultay nümayəndəsi, habelə 30 ölkədən 211 nəfər qonaq iştirak edirdi. Respublikamızı təmsil edən qurultay nümayəndələri 677 nəfər, yerli qonaqlar isə 405 nəfər idi. Qurultay işə başlayarkən bütövlükdə 1872 nəfər qeydə alınmışdı ki, onlar Rusiya, Türkiyə, Ukrayna, Almaniya, Gürcüstan, ABŞ, İsveç, Niderland, İsrail, Özbəkistan, Fransa, Britaniya, Kanada və başqa ölkələri təmsil edirdilər. Üçüncü qurultayda, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin 182 rəhbəri də qatılmış, həmçinin ümumilikdə 13 ölkə parlamentinin 29 deputatı qonaq qismində iştirak etmişdilər. Tədbiri 21 xarici ölkədən 37 media işçisinin işıqlandırması isə dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edirdi.
Bu mötəbər toplantı həm də xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım oldu. Bunun üçün ciddi zəmin də var. Təkcə bunu demək kifayətdir ki, beş il əvvəl 336 diaspor təşkilatımız var idisə, hazırda onların sayı 416-ya çatmışdır. Onu da deyək ki, təşkilatlarımızın sayı artmaqla yanaşı, onlara üzv olanların, aktiv fəaliyyətə qoşulanların sayı da sürətlə artır. Bu isə hər bir azərbaycanlının birliyə, həmrəyliyə əhəmiyyət verməsində, indi birgə fəaliyyətin əhəmiyyətini daha yaxşı anlamasından irəli gəlir.
Azərbaycan Prezidenti İlham Əliyevin nitqinin sonunda söylədiyi arzular qurultay iştirakçılarının hər birinin arzusu kimi qəbul edildi və gurultulu alqışlarla qarşılandı: "Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər".
Qurultayın qəbul etdiyi qərarlar, çıxışlarda səsləndirilən təkliflərin nəzərə alınması, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının (2001-ci ildə yaradılmışdır) icra katibliyinin yaradılması, Prezident İlham Əliyevin yekdilliklə Əlaqələndirmə Şurasına sədr seçilməsi, Şuranın tərkibinin artırılması, eləcə də bütün digər məsələlər diaspora fəaliyyətinin yeni inkişaf mərhələsinə qədəm qoyacağından xəbər verirdi. Tədbir iştirakçılarının 50 milyondan çox azərbaycanlı adından Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlara, xarici ölkə parlamentlərinə, dövlət və hökumət başçılarına müraciət qəbul etməsi isə haqq səsimizin dünya ictimaiyyətinə duyurulması baxımından əhəmiyyətli olmuşdur. Artıq beynəlxalq aləmdə də görürlər ki, inkişaf edən, qüdrətlənən Azərbaycan dövlətinin mili maraqlarını müdafiə etməyə həmişə hazır olan 50 milyonluq böyük Azərbaycan xalqı həmrəydir, birdir və onlar müqəddəs amallar naminə yaşadıqları hər bir ölkədə daha da fəal olmağa, yeni-yeni təşəbbüslərlə çıxış etməyə hazırdırlar.
Sevindirici haldır ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə son vaxtlar bəzi ölkələrdə Azərbaycan mədəniyyət evlərinin yaradılmasına başlanılmışdır. Aparıcı ölkələrin mərkəzi şəhərlərində Azərbaycan dövləti mülkiyyət almaq niyyətindədir. Orada həm Azərbaycan mədəniyyət evlərinin fəaliyyəti təşkil ediləcək, eyni zamanda, Azərbaycan ticarət evləri yaradılacaqdır. Dövlət başçısı tapşırıq vermişdir ki, paytaxt şəhərlərinin mərkəzi yerlərində, mərkəzi küçələrində Azərbaycan mərkəzləri yaradılsın. Orada Azərbaycan məhsulları təqdim edilməlidir, satılmalıdır, digər təbliğat xarakterli materiallar yayılmalıdır. Artıq bu ildən həmin işlər həyatda öz əksin tapmağa başlamışdır.
{nl}
(ardı var)
{nl}
Rauf ƏLİYEV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.