Heydər Əliyevin həyata keçirdiyi hüquq islahatları ölkəmizin hərtərəfli inkişafı üçün əlverişli zəmin yaratdı

2002-ci ilin 24 avqust referendumu bu prosesə güclü təkan verdi

{nl}

... Demokratik dövlətimizin ilk Konstitusiyasını qəbul etdiyimiz vaxtdan 7 il keçmişdir. Bu müddət ərzində dünyada və ölkəmizdə çox şey dəyişibdir... Ona görə də mən təklif olunan dəyişiklikləri referenduma, ümumxalq səsverməsinə çıxardım.
Heydər Əliyev Ümummilli lider
24 avqust 2002-ci il

{nl}


Bədxahlarımızın qara niyyətlərinə, səriştəsiz soydaşlarımızın çoxsaylı səhvlərinə və zamanın bəxş etdiyi ağrı-acılara baxmayaraq gənc müstəqil Azərbaycan dövləti bütün problemləri geridə qoydu. Doğrudur, müstəqilliyin ilk illərində üzləşdiyimiz problemlərin dəf edilməsi inandırıcı görünmürdü. Əksinə, ölkə əhalisi daha ağır günlərin gələcəyindən ehtiyatlanırdı. Ancaq xalqın yol göstərə biləcək ziyalılarının atdığı addım - ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsi yaranmış vəziyyətdən çıxmaq üçün tarixi bir şansa çevrildi.
Həyatın ən ağır sınaqlarını görmüş müdrik siyasətçi öz tarixi qayıdışı ilə Azərbaycan xalqına çox böyük uğurlar, səadətli günlər, aydın sabahlar bəxş etmiş oldu. Bu ilin iyun ayında Bakıda keçirilən Dünya Azərbaycanlılarının III Qurultayında iştirak edən türkiyəli Cəfəralı Taşbağ demişdi ki, əgər 1993-cü ilin iyununda Heydər Əliyev Naxçıvandan Bakıya gəlməsəydi, siz nəinki müstəqilliyin 20 illiyini, hətta 10, bəlkə də 5 illiyini qeyd edə bilməyəcəkdiniz. Heydər Əliyevin qayıdışı Azərbaycana xoşbəxtlik və firavanlıq, türk dünyasına isə inkişaf edən bir ölkə bəxş etmişdir.
Ulu öndərin möhtəşəm qayıdışından sonrakı proseslər barədə dəfələrlə yazmışıq və qədirbilən xalqımızın ən sadə nümayəndəsinə qədər hər bir fərdi həmin prosesləri çox yaxşı xatırlayır. Ancaq qeyd olunmalı xüsusi məqamlar həmişə olub və həmişə də olacaq. 1996-cı ilin mart ayında - yəni yeni formalaşmış ilk milli parlamentimizin yaz sessiyasında məşhur alim, Milli Məclisin komissiya sədri Səfiyar Musayev qeyd olunan iclasdan bir gün əvvəl görüşdüyü italiyalı parlamentarinin fikirlərini deputatların nəzərinə çatdırdı. İtaliyalı deputatın fikirləri belə olub ki, Avropa qurumları 1995-ci ilin noyabrında Azərbaycanda keçirilmiş parlament seçkilərinin nəticələrini və qəbul edilmiş Konstitusiyanın mahiyyətini öyrənənədək bu ölkədə hansısa demokratik addımın atılacağına inanmırdılar. Halbuki, həmin seçkiyə qədər biz 1993-cü ilin oktyabrında açıq və ədalətli prezident seçkisi keçirmişdik, Prezident Heydər Əliyev ölüm hökmünün icrasının müvəqqəti dayandırılması barədə sərəncam vermişdi, ölkəmiz NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmuşdu, Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının müştərək işlənməsi üçün dünyanın aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi" adlı böyük müqavilə imzalanmışdı və sairə. Ancaq bütün bunlara baxmayaraq avropalılar hələ də müsəlman ölkəsi olan Azərbaycanda qəbul ediləcək ilk milli Konstitusiyanın mahiyyətini gözləyirdilər. Qəbul olunmuş Konstitusiyanın müddəaları ilə tanış olduqdan sonra isə istənilən avropalı səmimi şəkildə etiraf etməli oldu ki, gənc müstəqil Azərbaycan Respublikasının yeni əsas qanunu əksər Avropa ölkələrinin əsas qanunlarına nisbətən daha demokratik, daha humanist prinsiplər əsasında işlənmişdir.
Bu tarixçəni yada salmaqda məqsədimiz odur ki, dünya təcrübəsinə əsasən ölkənin demokratik və ya qeyri-demokratik yol tutduğunu ancaq və ancaq Konstitusiyanın müddəaları əsasında müəyyən edirlər. Bu tarixi təcrübəni avropalılardan qat-qat yaxşı bilən Prezident Heydər Əliyev mükəmməl bir demokratik, humanist və ədalətli Konstitusiya layihəsi işləyib hazırlamışdı. Ekspertlərin fikrincə, milli tariximizdə iki dəfə "Heydər Əliyev Konstitusiyası" adı il yaşayan Əsas Qanunlar ərsəyə gəlib. Birinci belə qanun 1978-ci ildə qəbul edilmiş Konstitusiyamız idi ki, orada SSRİ dövründə ilk dəfə idi ki, Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olduğu rəsmi şəkildə göstərilirdi. Ulu öndərin adıyla bağlı ikinci Əsas Qanunumuz isə yuxarıda qeyd etdiyimiz 1995-ci il Konstitusiyası idi.
Hələ 1995-ci ilin payızında ulu öndər Heydər Əliyev qeyd etmişdi ki, biz zamanın tələblərinə cavab vermək üçün, müstəqil dövlətimizin inkişafını təmin etmək üçün, ölkədə aparılan hüquq islahatlarının dönməzliyinə nail olmaq üçün, son nəticədə gənc respublikamızın beynəlxalq aləmdəki mövqelərini möhkəmləndirmək üçün dünya standartları səviyyəsində bir əsas qanun yaratdıq. Ancaq ola bilər ki, beş ildən, on ildən sonra dünyada və ölkəmizdə baş verən proseslər yeni yanaşmalar, yeni standartlar tələb etsin. Məsələyə müdrikcəsinə münasibət bildirməyin etalonu idi. Çünki, yeni əsrin ikinci ilində həqiqətən də dünyada və ölkəmizdə baş verən proseslər Azərbaycan Konstitusiyasına bəzi dəyişiklik və əlavələr olunmasını zəruri etmişdi.
Dünya təcrübəsinə əsasən istənilən məsələ ilə bağlı referendum keçirilməsi ölkənin demokratik dəyələrlə idarə olunmasının təzahürü kimi qiymətləndirilir. Yəni, kral, baş nazir, prezident və ya istənilən başqa dövlət rəhbərləri ölkəni təkbaşına idarə etmir, gündəliyə çıxarılan məsələ ilə bağlı xalqın fikirlərini öyrənirsə, bu, ədalət və demokratiya göstəricisidir. Gündəliyə gətirilən məsələ bilavasitə dövlətin əsas qanunu isə bağlıdırsa, bu, həmin ölkənin demokratik prinsiplərlə idarə olunmasının ən ali göstəricisidir. Bundan başqa, Azərbaycan Konstitusiyasında göstərilir ki, dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır və ona görə də Konstitusiyaya hansısa dəyişiklik və ya əlavələri parlament və ya hansısa qurum deyil, bilavasitə ümumxalq səsverməsi - referendum reallaşdıra bilər. 1995-ci il Azərbaycan Konstitusiyasının əsas müddəalarından biri də Azərbaycan xalqına öz iradəsini yüksək səviyyədə ifadə etmək hüquqlarının verilməsi idi.
İlk Konstitusiyamızın qəbul edilməsindən ötən 7 il ərzində ölkəmizdə həyata keçirilən bir sıra siyasi və iqtisadi inkişaf, demokratik və hüquqi dövlət quruculuğu yolunda əldə edilmiş bir çox nailiyyətlər Azərbaycan Konstitusiyasına bəzi dəyişiklik və əlavələr olunmasını zəruri etmişdi. Hüquqi mexanizmi Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının Milli Məclisi ilə tənzimlənən ilk referendum məhz 2002-ci il avqustun 24-də keçirildi.
Əsas Qanunumuzun 152-ci və 153-cü maddələri ilə tənzimlənən referendumun gündəliyinə çıxarılmış bütün məsələlər xalq tərəfindən dəstəklənmişdi. Avropalı ekspertlər isə bütövlükdə referendumun nəticələrini yüksək qiymətləndirsələr də daha çox iki məsələnin üzərində dayanmağı məqsədəuyğun sayırdılar. Bunlar parlament seçkiləri zamanı tətbiq olunan proporsional qaydanın ləğv olunması və ölkənin istənilən vətəndaşının Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ qazanması idi. AŞPA rəsmiləri bu məsələlərin hər ikisini əsas insan hüquq və azadlıqlarının təmin olunması kimi qiymətləndirirlər. Birinci məsələyə münasibət bildirən ekspertlərin fikrincə seçki zamanı müəyyən qədər səs toplamış partiya parlamentdə tutaq ki, 10 deputat yeri qazanır. Bu yerlərə partiya sədrinin tərtib etdiyi siyahıda ilk 10 yeri tutanlar sahib olurlar. Əslində isə həmin partiyada daha savadlı və parlamentdə daha çox səmərə verəcək insanlar var idi. 2002-ci il 24 avqust referendumundan sonra məhz həmin insanların hüquqları qorunmuş oldu. Eləcə də ölkə vətəndaşlarının Konstitusiya Məhkəməsinə müraciət etmək hüququnun məhdudlaşdırılması da əsas insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını əngəlləyirdi. 24 avqust referendumu həmin maneəni də aradan qaldırmış oldu.
Ümumiyyətlə, həm 2002-ci ilin 24 avqust, həm də 2009-cu ilin 18 mart referendumları təkcə ölkənin hüquqi dövlət quruculuğu yolunu sürətləndirmədi, həm də sosial-iqtisadi inkişafın sürətləndirilməsini, ölkəmizin beynəlxalq aləmə inteqrasiyasını təmin etmiş oldu. Prezident İlham Əliyevin dediyi kimi, gənc müstəqil Azərbaycan dövləti bütün sahələrdə daim qanunları, xüsusən, Konstitusiyanın müddəalarını əsas tutmuşdur və bundan sonra da belə olacaqdır.

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında