Daşqın zonasından köçürülmüş əhali tezliklə evlərinə qaytarılacaqdır

Mayın 14-də təbii fəlakət bölgəsindəki operativ qərargahda Baş nazirin müavini Abid Şərifovun və ərazidə işləyən əlaqədar qurumların nümayəndələrinin iştirakı ilə növbəti yığıncaq keçirilmişdir.
Yığıncaqdan sonra mətbuata açıqlama verən A.Şərifov əvvəlcə bəzi KİV-lərdə verilmiş əsassız məlumatlara münasibət bildirərək demişdir ki, təbii fəlakətdən qrup maraqları naminə istifadə etmək sağlam düşüncə ilə bir araya sığmır. Hadisələrin gedişinə obyektiv yanaşmaq lazımdır. Bunu bacarmayanlar əks-təbliğat, şayiə yaymaqla məşğul olmamalıdırlar. Kürün Bayramlı qəsəbəsi ərazisində yıxdığı bəndin bərpası ən qısa müddətdə aradan qaldırılmışdır. Əraziyə 5 min kubmetrə yaxın ağır daş parçaları, dəmir-beton hissələr daşınmışdır.
Baş nazirin müavini bildirmişdir ki, fəlakət ərazisinə Fövqəladə Hallar Nazirliyinin 2 min, Daxili İşlər Nazirliyinin 1500 və Müdafiə Nazirliyinin çoxsaylı canlı qüvvələri cəlb edilmişdir. Bu qüvvələr yerli əhali ilə birlikdə daşqının nəticələrinin aradan qaldırılması ilə məşğuldurlar. Mürsəlli kəndindəki dambanın bərpası ilə bağlı işlərin mayın 14-də yekunlaşacağını qeyd edən A.Şərifov bildirmişdir ki, ikinci dambanın bərkidilməsi ilə bağlı işlər də yekunlaşmaq üzrədir.
Yaxın iki gün ərzində əhalinin doğma evlərinə köçürülməsi üçün hazırlıq işlərinin də aparıldığını bildirən Baş nazirin müavini ilk növbədə həmin kəndlərdəki infrastrukturun bərpa olunacağını demişdir. Yəni kəndlərə elektrik enerjisinin, qazın, suyun verilməsi bərpa olunacaq, sel suları qurudulduqdan sonra dezinfeksiya işləri aparılacaqdır.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov da jurnalistlərə açıqlama verərək bildirmişdir ki, Mürsəlli istiqamətində uçmuş bəndin bərpası mayın 14-də axşama yaxın başa çatdırılacaqdır. Prezident İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar, Daxili İşlər, Müdafiə nazirliklərinin, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin bütün qüvvələri və yerli əhalinin birgə səmərəli fəaliyyəti nəticəsində bu işlərin görüldüyü vurğulanmışdır.
Nazir daşqın zonasında ciddi qanun pozuntusu hallarının olmadığını qeyd etmişdir. Yalnız 2 oğurluq faktı qeydə alınmışdır. Belə halların baş verəcəyi ehtimalının olduğunu bildirən nazir, bunun qarşısını almaq, vətəndaşların əmlakını qorumaq məqsədi ilə bütün lazımi tədbirlərin görüldüyünü demişdir.
Jurnalistlərin suallarını cavablandıran R.Usubov evakuasiya olunmuş əhalinin yaxın günlərdə evlərinə qaytarılacağını bildirmişdir. Əlaqədar qurumların su basmayan evlərdəki vəziyyəti araşdıracağı, yalnız bundan sonra qarşılıqlı razılaşma əsasında əhalinin geriyə köçürülməsinə icazə veriləcəyi qeyd olunmuşdur.
Bəndbərkitmə işlərinin gedişi ilə tanış olmaq üçün hadisə yerinə gedəcəklərini bildirən nazir, vəziyyətlə bağlı növbəti yığıncağın keçiriləcəyini demişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında