Lerik: gələcək uğurların möhkəm təməli

Dağlar diyarı Lerikin gözəllikləri göz-könül oxşadığı kimi, burada aparılan abadlıq-quruculuq işləri, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar da fərəh doğurur. Ötən qışın çətin sınaqlarından üzüağ çıxan rayonda təbiətin oyanması ilə həyat da canlanıb. Havaların açılması leriklilərin qurub-yaratmaq əzmini ikiqat artırıb. Elə ilk rübdə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş hesabat yığıncağında hökm sürən işgüzar ruh, qələbə əzmi də bunu aydın göstərirdi.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hesabat məruzəsi ilə çıxış etdi. O dedi ki, son illərdə rayonun siması tanınmaz dərəcədə dəyişmiş, ərazilərdə quruculuq-abadlıq işləri böyük vüsət almışdır. İqtisadiyyatın bütün sahələrində uğurlara imza atılmışdır. 2010-cu ilin birinci rübündə 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı artmışdır. Adambaşına düşən gəlir 195,47 manata çatmışdır. Ümumi məhsul buraxılışının həcmi 2009-cu ilə nisbətən 2,7 faiz, pərakəndə əmtəə dövriyyəsi 7,5 faiz, pullu xidmət 17,5 faiz və təmir-tikinti işləri 11 faiz artmışdır. Rayon üzrə əhalinin orta aylıq nominal əmək haqqı keçən ilin müvafiq dövrünə nisbətən 10,7 manat artaraq 231,7 manata, əhalinin gəlirləri 3,7 faiz artaraq 14718,9 min manata çatmışdır. Kənd təsərrüfatı rayonun iqtisadiyatının əsasını təşkil edir. Heyvandarlıq əhalinin əsas gəlir mənbəyi hesab edilir. Hesabat dövründə 208 baş heyvanda süni mayalanma aparılaraq 56 sağlam buzov əldə edilmişdir. Görülmüş kompleks tədbirlər nəticəsində iribuynuzlu mal-qaranın sayı 36828 başa, qoyun və keçilərin sayı 129694 başa çatdırılmışdır. Təsərrüfatlarda diri çəkidə 756,6 ton ət, 3239,5 litr süd, 80,5 min ədəd yumurta istehsal olunmuşdur.
Əkin sahələri genişləndirilərək 2,8 min hektara çatdırılmışdır. Yazlıq əkin isə keçən ilə nisbətən 81 hektar artırılaraq 1126 hektar olmuşdur. Məhsul istehsalçıları 2009-cu ilin payızında 2010-cu ilin məhsulu üçün 2462 hektar sahədə əkin işləri aparmışlar.
İcra hakimiyyətinin başçısı daha sonra bildirdi ki, cari ilin birinci rübündə büdcə vəsaiti limit daxilində xərclənmiş, artıq ödənişlərə yol verilməmiş, büdcədən maliyyələşən bütün təşkilatlarda işləyən işçilərin əmək haqları tam ödənilmişdir.
Keçən əsrin 60-cı illərində yaradılmış elektrik təsərrüfatı uzun illər əsaslı təmir aparılmadan istismar edildiyindən güclü olmayan küləklər belə təsərrüfatı sıradan çıxarır, bəzən günlərlə rayonda işıq olmur. 2010-cu ilin ilk günlərində və fevral, mart aylarında rayonda baş verən təbii fəlakət təsərrüfatlardakı problemləri bir daha üzə çıxardı. Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2005-ci il tarixli, 1001 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının, o cümlədən Lənkəran şəhəri, Astara, Masallı, Lerik və Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı"nda rayonun elektrik xətlərinin təmiri və 110 kilovoltluq yeni elektrik hava xəttinin çəkilməsi nəzərdə tutulmuşdur. Rayon icra hakimiyyəti tərəfindən yeni tikiləcək 110 kv-luq elektrik stansiyası üçün torpaq sahəsi ayrılmış, xəttin keçəcəyi trass müəyyənləşdirilmiş, layihə-smeta sənədləri hazırlanaraq "Azərenerji" ASC-yə təqdim edilmişdir. Çoxsaylı müraciətlərdən sonra artıq Lerik şəhərində elektrik xətlərinin dəyişdirilməsi işinə başlanmışdır. Yaxın günlərdə şəhərdə yaşayan abonentlər üçün smart kartlı sayğacların quraşdırılması işlərinə başlanılacaqdır. Lerik yarımstansiyadan qidalanan Lerik-Vizəzəmin hava xətlərində təmir bərpa işləri aparılır.
Otuz ildən artıq bir vaxt ərzində kəndarası yollarda heç bir əsaslı iş görülmədiyindən yollar tam sıradan çıxmış, payız və qış aylarında yaşayış məntəqələri ilə rayon mərkəzini birləşdirən yollardan istifadə çətinləşmişdir. Rayonda aparlan tikinti işləri ilə əlaqədar son 2-3 ildə rayona gələn ağır yüklü maşınlar Lənkəran-Lerik yolunda ciddi problemlər yaratmışdır. Möhtərəm Prezidentimiz tərəfindən rayon sakinlərinə hədiyyə edilmiş bu yol qorunmalı, bərpası ilə bağlı əsaslı işlər həyata keçirilməlidir. Nəqliyyat Nazirliyinə edilmiş müraciətlərə əsasən Lənkəran-Lerik yolu boyunca sürüşməyə məruz qalmış torpaq yataqları boyu divarlar hörülmüş, bərkitmə işləri aparılmışdır.
Prezidentin birbaşa göstərişi və qayğısı ilə 2007-ci ildə Lerik şəhərində yaşayan 1321 ailənin yaşadığı mənzillərə qaz xətti çəkilmişdir. Lakin digər 161 yaşayış məntəqəsinə qaz çəkilişi həyata keçirilmədiyindən, həmin ərazilərdə yaşayanlar yanacaq kimi ancaq meşələrin nadir sərvəti olan qiymətli ağaclardan istifadə edirlər. Sevindirici haldır ki, nəhayət Cəngəmiran kəndinə qaz xəttinin çəkilməsinə başlanılmış və yaxın vaxtlarda digər kəndlər də qazlaşdırılacaqdır.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" icrası nəzərdə tutulmuş bir çox layihələrin və tədbirlərin həyata keçirilməsi üçün əsas stimul olacaqdır.
Rayon icra hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq 2009-cu ildə və bu ilin birinci rübündə Lerikdə 629 yeni iş yeri açılmışdır. Əsasən rayonda aparılan tikinti-abadlıq işlərinə cəlb edilmiş vətəndaşlardan 212 nəfəri daimi işlə təmin edilmişdir.
Lənkəran-Lerik yolu boyunca turizm istirahət əyləncə mərkəzlərində iş davam etdirilmiş, yeni kotteclər, istirahət meydançaları tikilmişdir. Lerik-Lənkəran yolunda "Cənub", Bilnə kəndi yaxınlığında "Səfa", Qosmalian kəndi ərazisində "Relax" turizm istirahət mərkəzinin tikintisi davam etdirilir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 16 mənzilli yaşayış evinin tikintisində son tamamlama işləri aparılır. Lerik şəhərində 7 kommunal evin, inzibati idarə binalarının dam örtükləri dəyişdirilmişdir. Şəhərin küçə və meydanlarının işıqlanma sistemləri bərpa edilmiş, istinad divarları milli ornamentlərə uyğun yenidən tikilmişdir. N.Nərimanovun abidəsi ucaldılan bağ bərpa edilmiş, üzlük daş döşənmişdir. Heydər Əliyev meydanında və N.Nərimanov küçəsində estetik baxımdan göz oxşayan 85 işıqlandırma dirəyi quraşdırılmışdır. Dekorativ bəzək ağacları, gül kolları basdırılmış, çəmənliklər salınmış, meydanın işıqlandırma sistemi qurulmuş, fəvarələr tikilmişdir.
Azərbaycan Respublikasının 35 metrlik ucalıqda üçrəngli bayrağı dalğalanan meydanda tikinti işləri başa çatdırılmışdır. Rayon icra hakimiyyəti aparatının qarşısındakı bağda əhalinin istirahəti üçün park salınmışdır. Heydər Əliyev Mərkəzi inşa edilmiş, icra hakimiyyəti aparatı və Baytarlıq idarəsi üçün yeni inzibati idarə binalarının tikintisində son tamamlanma işləri aparılır. Tarix-diyarşünaslıq muzeyinin qarşısında böyük fəvvarə kompleksi tikilmiş və ətrafı abadlaşdırılmışdır. Şəhərin N.Nərimanov küçəsində aparılan təmir-bərpa işlərində son tamamlama işləri görülür. H.Əliyev meydanından başlayaraq N.Nərimanovun abidəsinədək olan səkilər sökülərək yenidən işlənmiş, istinad divarları milli memarlıq üslubunda inşa edilmiş, səkilərə üzlük daşlar döşənmişdir. Meydanı İ.Yaqubov küçəsi ilə birləşdirən ərazidə pilləkən kompleksi inşa edilmişdir. Şəhərdəki bulaqlar milli memarlıq üslubunda təmir edilir. Digər küçələrdə istinad divarları yenidən qurulur, yeni istirahət meydançaları salınır. Şəhərin mərkəzində uşaqlar üçün əyləncə mərkəzində tikinti işlərinə başlanılmışdır. Rayon icra hakimiyyəti aparatının və H.Əliyev meydanındakı ticarət obyektlərinin qarşısında abadlıq işləri davam etdirilir. Şəhərdə aparılan tikinti abadlıq işlərinə 100 nəfərdən çox adam cəlb edilmişdir.
Məruzəçi dedi ki, 2009-cu ildə Lənkəran-Lerik magistral yolu boyunca və digər yol kənarlarında 5048 ədəd müxtəlif növ ağac və kollar, rayon meşə mühafizəsi və bərpası idarəsi tərəfindən 29 min, payızlıq əkin dövründə isə 73 minə yaxın müxtəlif növ ağac əkilmiş, yeni meşə zolaqları salınmışdır. 2010-cu ilin "Ekologiya ili" olması nəzərə alınaraq sakinlər rayon ərazisində 10 mindən yuxarı ağac əkmişlər.
Bundan başqa, iş adamları tərəfindən "Aqrotexserviz" ASC-nin özəlləşdirilmiş binalarında, torpaq sahələrində yenidənqurma, tikinti işləri aparılır. Əhaliyə müxtəlif xidmətlər göstərəcək bu tikintidə 25 nəfərdən çox adam müvəqqəti işlərə cəlb edilmişdir.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonda investorların işləməsi üçün hər cür şərait yaradılmışdır. Tikilən istirahət, turist-əyləncə mərkəzləri, kərpic və çınqıl zavodu, süfrə sularının istehsalı sexləri məhz investorların fəaliyyətinin nəticəsidir.
Bankların rayon şöbələri, "FİNKA" kredit təşkilatı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə kreditlərin verilməsi işini cari ilin birinci rübündə də davam etdirmişdir. Artıq rayon sahibkarlarına 1 milyona yaxın kredit verilmişdir. Kreditlərin qaytarılmasında da əvvəlki illərdən fərqli olaraq ciddi narahatlıq yaşanmır. Kiçik biznesin təşkili ilə bağlı sahibkarlara verilən kreditlərin aşağı faizli olması əhali tərəfindən razılıqla qarşılanır.
Böyük maraqla dinlənilən məruzədən sonra keçirilən müzakirələrdə maliyyə idarəsinin rəisi Elman Abbasov, GEM-in direktoru Nəciməddin Kərimov, statistika idarəsinin rəisi Ədail Məmmədov, DSMF rayon şöbəsinin müdiri Təzəxan Məmiyev və Lerik bələdiyyəsinin sədri Hüseynağa Şahıyev iştirak etdilər. Görülən işlərlə bərabər, qarşıda duran vəzifələr diqqətə çatdırıldı.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında