Şirvanda abadlıq marafonu yeni vüsət alır

Şəhərin gözəlliyi təşəbbüskar və fədakar insanların əməyinin bəhrəsidir

{nl}


Yaxın tarixi keçmişin, daha doğrusu, ötən əsrin ikinci yarısının bizə miras qalmış canlı abidələrindən biri də "Şirvan" adı ilə yenilənən, uzun müddət isə hamının Əli Bayramlı şəhəri kimi tanıdığı bir yaşayış məntəqəsidir. Bu şəhər uzun illər baxımsızlıq girdabında çabalasa da, 20-ci əsrin 70-ci illərində inkişaf etdi, baxımlı, sığallı bir şəhərə çevrildi.
Ancaq təəssüflər olsun ki, 80-ci illərin ortalarından tərəqqini tənəzzül əvəzlədi, sürətlə inkişaf edən şəhər eyni sürətlə də geriləməyə başladı. Bu da özünü, sözsüz ki, həm də insanların yaşayışında kəskin şəkildə hiss etdirdi.
Bu şəhərin üzərindəki qara buludlar ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə dağıldı, taleyinə yenidən günəş doğmağa başladı. Bu dediklərimizin heç biri bədii təxəyyülün məhsulu deyil, yaxın keçmişimizin acılı-şirinli real həyat həqiqətləridir. Bu həqiqətlər bugünkü Şirvan şəhərinin azyaşlı və yeniyetmə sakinlərinə qəribə görünə bilər, hətta inandırıcı gəlməyə də bilər. Ancaq fakt faktlığında qalır.
Əslində bu gün tamamilə müasirləşmiş, səliqə-sahmanı göz oxşayan Şirvan şəhərini görəndə adam keçmişi başqa cür heç ağlına da gətirmək istəmir. Bu gün bu şəhərin şəninə hər cür tərif, xoş söz yaraşır, desəm, şübhəsiz ki, mübaliğəyə yol vermiş olmaram. Şəhərin bugünkü simasını diqqətlə seyr edəndə adamın könlündən bu sözlər keçir: Yetişdin nə gözəl iqbala, Şirvan! Şübhəsiz ki, son illər Şirvan şəhərini "ağuşuna almış" genişmiqyaslı abadlıq-quruculuq işləri "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq 2011-ci ilin birinci yarısında da eyni uğurla davam etdirilmişdir.
Təməli 2010-cu il aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulmuş Şirvan Olimpiya Kompleksin əsas korpusunun bünövrəsində armokarkas olmaqla monolit dəmir-beton işlərinə başlanılmışdır.
Tikintisi dövlət başçısının nəzarətində olan "Cənub" Elektrik Stansiyasında da yüksək keyfiyyətlə və sürətlə xeyli tikinti quraşdırma işləri görülmüşdür. Maşın zalında hər birinin çəkisi 439 ton olan I, II, III və IV qaz turbinləri köməkçi avadanlıqlarla birgə quraşdırılmış, zalın 7200 kvadratmetr dam örtüyü sendvic panelləri ilə örtülmüşdür. III və IV qazanlarda hər birinin çəkisi 938,5 ton olan buxar qızdırıcıları və tüstü yolu traktı quraşdırılmışdır. Hər bir qazanın quraşdırılmış səthlərində 945 kvadratmetrlik istilik izolyasiya işləri görülmüş, I və II qazanlarda buxar qızdırıcılarının quraşdırılmasına başlanmışdır. Diametri 1930 millimetr olan iki soyuducu su xəttinin sahil nasosxanasından kondensatorların girişinə qədər olan hissəsi quraşdırılmış, çıxış hissədə isə işlər davam etdirilir. İdarəetmə mərkəzinin I və II mərtəbələrində 321 ton armokarkas olmaqla 728,4 kubmetr M 350 markalı betonla monolit dəmir-beton işi görülmüşdür. Sahil nasosxanasında 292,2 ton armokarkas olmaqla 1602 kubmetr M400 markalı betonla monolit dəmir-beton işi görülmüşdür. 330/220/110 KV-luq qapalı yarımstansiyada tikinti-quraşdırma işləri qurtarmış, elektrik avadanlıqlarının quraşdırılmasına başlanmışdır. Hazırda "Cənub" Elektrik stansiyasında tikinti-quraşdırma işləri davam etdirilir.
"Telemexanika"zavodunda 7 saylı istehsal korpusu yenidən rekonstruksiya olunmuşdur. Hazırda həmin sahədə yeni məhsulların istehsalı üçün gətirilmiş avadanlıqlar quraşdırılır. Təmir olunmuş 6 saylı istehsal korpusu yeni məhsulların istehsalı üçün rekonstruksiya olunur.
Zavod ərazisində 200 ədəddən çox ağac və dekorativ gül kolları əkilmişdir. Qeyd etmək lazımdır ki, 2011-ci ildə istehsal həcminin bir neçə dəfə artırılması nəzərdə tutulduğundan təmir-bərpa, yenidənqurma işləri davam etdirilir, yeni texnologiyaların tətbiqi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.
"Araz" zavodunun 6 və 7 saylı sahələrində də təmir-tikinti işləri uğurla davam etdirilir. Sahədə müdafiə təyinatlı məhsulların tam təhlükəsiz istehsalı üçün tikintisi başa çatdırılmış birinci korpusda xarici ölkələrdən lazımi avadanlıqlar gətirilərək mütəxəssislər tərəfindən quraşdırılmış və tam hazır vəziyyətə salınmışdır. Sahələrə gedən yol da tam asfaltlanmışdır. Zavodun yeni korpuslarının ərazisinin abadlaşması da yaddan çıxmamış, 2011-ci ilin 6 ayı ərzində 3000 ədəd ağac və gül kolları əkilmişdir.
Şirvan şəhər 34 saylı Yol İstismar İdarəsi tərəfindən Hacıqabul-Şirvan avtomobil yolunun 2-6 kilometrliyindəki çalaları tam təmir edilməsini yol çiyinlərini avtoqrederlə hamarlanmasını, yol nişanlarının və siqnal dirəklərinin təmir edilməsini də qeyd etmək yerinə düşər.
Yeri gəlmişkən, Hacıqabul-Şirvan avtomobil yolunun Şirvan şəhər ərazisindən keçən 6-11 kilometrliyində Heydər Əliyev prospektində 5,6 kilometr məsafənin asfalt-beton örtüyünün əsaslı təmir olunması da şəhər sakinlərinin ürəyincə olmuşdur.
"Şirvan YT-3" ASC tərəfindən 2011-ci ilin I yarımilliyində şəhərin M.Maqomayev, Puşkin, Ə.Qarayev, Xaqani, Ş.Şükürov, Ə.Bayramov, 1 May, İ.Qayıbov, Mehmandarov, M.Qədirov küçələrində, Hacıqəhrəmanlı qəsəbəsində Zərdabi küçəsində, məhəllədaxili yollarda H.Z.Tağıyev 1 və 2 saylı binaların qarşısında, Heydər Əliyev küçəsi 13, 14 və 15 saylı binaların qarşısında, "Yol İnşaat" MMC tərəfindən isə Natəvan küçəsində ümumilikdə 6,19 kilometr uzunluğunda 37514 kvadratmetr sahəyə 504874 manatlıq asfalt-beton örtük qoyulmuşdur.
2011-ci ilin 6 ayı ərzində regionların sosial iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Səhiyyə Nazirliyi Şirvan Şəhər Mərkəzi Xəstəxanasının poliklinika, aptek və yardımçı təsərrüfat binalarında təmir işlərini davam etdirir.
Bununla yanaşı, xəstəxananın bərpa müalicə mərkəzində, boks binasında, vərəm şöbəsində və Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasında da təmir işləri aparılır. 2011-ci ilin altı ayında xəstəxanadakı təmir işlərinə 109982,10 manat xərclənmişdir (33677,76 manat bərpa müalicə mərkəzinin binasına, 48223,06 manat boks binasına, 28081,82 manat vərəm şöbəsinin binasına sərf olunmuşdur). Daxili İşlər Nazirliyinin sifarişi ilə şəhərin Heydər Əliyev prospektində Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Regional Mərkəzinin 2 mərtəbəli binasında tikinti-quraşdırma işləri davam etdirilmişdir.
Sənaye və Energetika Nazirliyinin sifarişi ilə M.Aydınov küçəsində Dövlət Enerji Nəzarət İdarəsinin Şirvan Regional Sektorunun 2 mərtəbəli binasının tikintisi başa çatdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 may tarixli "Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar" sərəncamının icrasının təmin edilməsi məqsədilə qəzalı vəziyyətə düşmüş evlərin, infrastruktur və digər sosial təyinatlı obyektlərin bərpası, əhaliyə dəymiş maddi ziyanın əvəzləşdirilməsi ilə əlaqədar 2010-cu ilin noyabr ayında Şirvan şəhərinə ezam olunmuş Dövlət Komissiyasının nümayəndələri 156 fərdi evə baxış keçirərək 42 evin tikilməsinə, 87 evin təmirinə və 27 evdə bərpa-gücləndirmə işlərinin aparılmasına rəy vermişlər. Təbii fəlakətdən qəzalı vəziyyətə düşmüş, yaşayış üçün yararsız olan evlərin əvəzinə bu günə qədər şəhərin Bayramlı qəsəbəsində 10, "Kürkörpü" yaşayış massivində 4, "Köhnəşəhər" yaşayış massivində 3 və "Çılpaqlı" yaşayış massivində 6 ədəd olmaqla ümumilikdə 23 bir mərtəbəli fərdi yaşayış evi tikilmişdir ki, bunlardan da 7-si iki otaqlı, 15-i üç otaqlı, 1-i isə dörd otaqlıdır. Fərdi evlər müasir memarlıq üslubunda, dövlət tikinti norma və qaydalarına uyğun tikilmiş və istismar üçün tam yararlı vəziyyətdədir. Həmçinin Kür çayının sahilboyu ərazisində yerləşən qəzalı barak tipli evlərin sakinləri üçün şəhərin T.İsmayılov küçəsində 5 mərtəbəli, 2 bloklu, 20 mənzilli ictimai yaşayış binasının tikintisi nəzərdə tutulmuşdur. Hazırda bu istiqamətdə "Azkommunlayihə" Dövlət Layihə İnstitutunda layihə smeta sənədləri hazırlanır. Qısa müddətdə binanın tikintisinə başlanılacaqdır.
Nazirlər Kabinetinin 29 oktyabr 2010-cu il tarixli sərəncamı ilə ayrılmış vəsait hesabına "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı"Açıq Səhmdar Cəmiyyəti də cəlb olunmaqla və şəhərin daxili imkanları səfərbər edilərək Kür çayı boyunca 13 kilometr uzunluğunda mövcud torpaq bəndlərində möhkəmləndirmə və təmir-bərpa işləri yerinə yetirilmişdir.
Köhnə şəhər yaşayış massivində ölkə əhəmiyyətli İ.Qayıbov adına mədəniyyət və istirahət parkının qərb hissəsindəki sahil mühafizə bəndinin möhkəmləndirilməsi ilə bağlı "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-yə müraciət olunmuşdur. Mütəxəssislər əraziyə baxış keçirdikdən sonra "Azdövsutəslayihə" İnstitutunda mühafizə bəndində dəmir-beton bərkitmə-bərpa işlərinin layihə-smeta sənədləri hazırlanır. Mütəmadi olaraq sahil mühafizə bəndlərinə nəzarət olunur və müvafiq qabaqlayıcı tədbirlər davam etdirilir.
2011-ci ilin I yarımilliyində əvvəlki illərdə olduğu kimi ictimai yaşayış binalarının məhəllələrində abadlıq və yenidənqurma işləri davam etdirilmişdir
Heydər Əliyev prospekti 13,14,15 saylı binaların qarşı hissəsində 0,3 hektar ərazidə nümunəvi məhəllə salınmışdır. Burada 602 kvadratmetr sahəyə tamet plitələr döşənmiş, 18,4 kubmetr monolit bardür düzəldilmiş, 3 ədəd uşaq əyləncə və idman qurğusu, 2 ədəd monolit konstruksiyalı günlük, 7 ədəd oturacaq quraşdırılmış, sakinlərin istirahəti üçün hər cür şərait yaradılmış, əraziyə münbit torpaq qatı verilərək dekorativ ağac və gül kolları əkilmişdir. H.Z.Tağıyev küçəsi 1A və 2A saylı binalarla H.Əliyev prospekti arasındakı ərazidə şəhər üzrə yeni 12-ci nümunəvi məhəllə tikilmişdir. Bu məhəllə istər memarlıq görkəminə, istərsə də işlədilən yeni tikinti materiallarına görə digər məhəllələrdən fərqlənir. Ərazi bir hektar sahəni əhatə edir. Burada 1944 kvadratmetr sahəyə tamet plitələr döşənmiş, 33,5 kubmetr monolit bardür düzəldilmiş, 8 ədəd uşaq əyləncə və idman qurğusu, 3 ədəd metal konstruksiyalı günlük quraşdırılmışdır. Əraziyə münbit torpaq qatı verilərək dekorativ ağac və gül kolları əkilmişdir. 14 ədəd dekorativ işıqlandırma dirəyi quraşdırılmışdır. Yaşayış binalarının fasadlarına 205 kvadratmetr "aqlay" üzlük materialı vurulmuşdur. H.Z.Tağıyev küçəsi 1A və 2a saylı bina ilə Heydər Əliyev prospekti arasında olan ərazidə işlər tam başa çatmışdır. Ümumilikdə H.Əliyev küçəsi 13, 14, 15 saylı və H.Z.Tağıyev küçəsi 1a, 2a saylı ünvanlarda görülən işlərin həcmi 74090 manat təşkil etmişdir. Məhəllədə yerləşən ticarət obyektləri və onların qarşı hissəsi abadlaşdırılmışdır.
Heydər Əliyev parkında abadlıq işlərinə başlanılmış, burada 680 kvadratmetr sahəyə tamet piltələr döşənmiş, 380 kvadratmetr hasar divarı mərmər tavalarla üzlənmiş, 400 poqonometr dekorativ dəmir məhəccər, 26 ədəd müasir işıqlanma dirəyi quraşdırılmışdır. 20 Yanvar küçəsində Gənclər və İdman İdarəsinin qarşısındakı sahədə 1225 kvadratmetr tamet tavalar yenisi ilə əvəz olunmuş, istinad divarı 156,7 metr, döşəməsi isə 80 kvadratmetr "aqlay" üzlük daşları ilə üzlənmişdir. Bundan başqa 20 Yanvar küçəsi 1 və 2 saylı ünvanlarda yaşayış binalarının fasadlarına 1566 kvadratmetr, Heydər Əliyev küçəsi 16 saylı yaşayış binasının fasadına isə 730 kvadratmetr sahəyə suvaq vurulmuşdur. Heydər Əliyev küçəsi 11,14,15 saylı binaların fasad hissəsinin suvaq işləri isə davam etdirilir.
Heydər Əliyev küçəsi 5,7,9,11 saylı yaşayış binalarının 2532 kvadratmetr yararsız dam örtüyü sökülərək yenisi ilə əvəz olunmuşdur. Heydər Əliyev küçəsi 3 və 20 Yanvar küçəsi 4A saylı binalarının dam örtüklərində əsaslı təmir işləri yerinə yetirilir.
H.Əliyev küçəsi 14,15,16, 20 Yanvar küçəsi 1 və 2 saylı binalardakı mənzillərin eyvanlarındakı qeyri-qanuni lambir, kərpic və şüşəbəndlər sökülərək ləğv edilmişdir. 20 Yanvar küçəsi 1 və 2 saylı binaların eyvanlarının "saydinq" üzlük materialı ilə üzlənməsi işlərinə başlanılmışdır.
Şəhərin 1 May küçəsində 850 poqonometr məsafədə abadlıq işləri aparılmış, yolboyu həyətyanı hasarlar mişar daşı ilə yenidən hörülmüş, suvanaraq rənglənmişdir. 850 kvadratmetr tamet plitələr döşənərək səki tikilmiş, 6 kubmetr beton bardür düzəldilmişdir. Görülən işlərdə Şirvan Bələdiyyəsi yaxından iştirak etmişdir. Burada "Sabirabad dayanacağı" adlanan hissədə 100 poqonometr uzunluğunda güllük salınmış, divarlar "aqlay" tikinti materialı ilə üzlənmiş, rənglənmiş, dekorativ gül və ağac kolları əkilmişdir. Mazağaların fasad hissələri şəhərin memarlıq görkəminə uyğun yenidən qurulmuşdur. 1 May küçəsində Baş Şirvan kollektorunun sahil hissəsində yolun kənarında salınmış yaşıllıqların qorunması üçün çəkilmiş 1,3 kilometr məsafədə metal konstruksiyalı qoruyucu məhəccər zolaq əsaslı təmir edilərək rənglənmişdir.
Heydər Əliyev prospekti boyu yaşıllıq zolaqlarına 2,5 kilometr məsafədə münbit torpaq qatı verilmiş, dekorativ ağac və gül kolları əkilmişdir.
Şəhərin Naxçıvan küçəsində piyadaların hərəkəti üçün yeni səkinin tikintisinə başlanılmışdır. Buraya 700 kvadratmetr tamet plitələr döşənmiş, 27,5 kubmetr beton bardür düzəldilmişdir. İşlər bu gün də davam etdirilir.
M.Ə.Rəsulzadə prospektində xiyabanla prospekt arasında 500 poqonometr məsafədə "aqlay" üzlük materialı ilə dekorativ məhəccərin tikintisi aparılır.
Şəhər icra hakimiyyətinin yeməkxana binasının divarı "aqlay" üzlük daşı ilə üzlənmiş, həyətyanı sahənin divarı rənglənmiş, 1 ədəd metal konstruksiyalı darvaza və qapı qoyulmuşdur.
Əlbəttə, abadlıq işlərini yaşıllıqsız təsəvvür etmək olmaz. 2011-ci ilin 6 ayı ərzində şəhər ərazisində yaşıllıq sahələrinin artırılması, gül-çiçək kollarının, ağacların əkilməsi, suvarılması, aqrotexniki qaydada qulluq göstərilməsi kimi mühüm işlər yerinə yetirilmişdir. Heydər Əliyev prospekti, Şəhidlər Xiyabanı, Naxçıvan küçəsi, Salyan və Sabirabad dairələri, Füzuli və İ.Qayıbov adına parklar, 1 May küçəsi, H.Z.Tağıyev qəsəbəsində salınmış yeni məhəllə, Heydər Əliyev və Səməd Vurğun adına parklar, həmçinin şəhərin giriş qapısı və ulu öndər Heydər Əliyevin adını daşıyan meydan daxil olmaqla ümumilikdə 2011-ci ilin altı ayı ərzində 3954 ədəd ağac - eldar şamı, giparis, zeytun, göyrüş, tuya, aylandıra, 3120 ədəd qızılgül və 6500 ədəd müxtəlif növ gül kolları və 100 kvadratmetr sahədə qazon əkilmişdir. Şəhər ərazisində aparılan abadlıq və təmir-tikinti işlərində Şirvan Bələdiyyəsinin də xeyli əməyi olmuşdur.
Ötən dövr ərzində şəhərin 11 küçəsində təmir-tikinti işləri görülərək 21950 kvadratmetr sahəyə qum-çınqıl qarışığı tökülərək yayılmış və şəhər sakinlərinin istifadəsinə verilmişdir.
M.Ə.Rəsulzadə prospektində 17, 17/1, 17/2 saylı binalar yerləşən məhəllə, T.İsmayılov küçəsində 2,5, 11a, 15 saylı binalar yerləşən məhəllə, Energetik küçəsində 9 saylı bina yerləşən məhəllədə məhəllədaxili tikililər təmir edilərək vətəndaşların istifadəsinə verilmişdir. Heydər Əliyev prospektində üç yerdə piyadalar üçün keçid tikilmişdir. Şəhərin əsas küçələrində beton bardürlər rənglənmiş, Şəhidlər Xiyabanında sıradan çıxmış məzarlar, metlax, tamet (400 kvadratmetr) döşəmələr bərpa edilmiş, məşəl kompleksin ətrafı, tribuna, su hovuzu, beton bardürlər rənglənmişdir.
Dövlət Proqramının uğurlu icrası, abadlıq və yenidənqurma işləri sürətlə davam etməkdədir.
Hər dövrün öz qəhrəmanları var. Ölkəmizin bügünkü qəhrəmanları işgüzar, qurub-yaradan, vəzifəsinə vicdanla yanaşan, sözdə deyil, əməldə xalqına, vətəninə sədaqətlə xidmət edən, ölkə başçısının yürütdüyü siyasətə - vətəndaşların rifah halının, güzəranının yaxşılaşmasını əsas tutan xəttə sadiqlik nümayiş etdirən insanlardır. Nağıl qəhrəmanlarından fərqli olaraq onları hər yerdə, o cümlədən, Şirvanda da görmək mümkündür. Çünki onların əməyi, zəhməti alın təri kimi torpağa qarışır, sonra inci dənəsinə dönərək yaraşıqlı xiyabanlar, parklar, küçələr, məhəllələr, göydələnlər və s. şəklində gözümüzü, könlümüzü, ruhumuzu oxşayır. Son illər bu şəhərin necə sürətlə böyüməsi, inkişafı və gözəlləşməsi gözlərim önündə baş verib. Buna görə də tam məsuliyyətimlə deyə bilərəm ki, bu gun bura yolu düşən hər bir kəs məhz bu cür hisslər keçirəcək - Şirvan şəhərinin sığalı mütləq onun da gözünü, könlünü və ruhunu oxşayacaq.

{nl}

Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında