Şriftin ölçüsü:
15.05.2010 05:37 | Oxunma sayı: 384
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən bildirmişlər ki, mayın 10-11-də DGK-nın sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Finlandiya Milli Gömrük İdarəsinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olmuşdur.
Səfərin ilk günündə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə Finlandiya Milli Gömrük İdarəsinin baş direktoru Tapani Erlinq arasında görüş keçirilmişdir.
Geniştərkibli görüşdə iki ölkənin gömrük orqanları arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə edilmişdir.
Tapani Erlinq ölkəsinin gömrük sisteminin bugünkü inkişaf istiqamətləri barədə ətraflı məlumat vermişdir.
Aydın Əliyev öz növbəsində müstəqil Azərbaycanın gömrük xidmətinin keçdiyi inkişaf yoluna qısa nəzər salmış, ölkəmizin büdcə gəlirlərinin formalaşmasında və iqtisadi təhlükəsizliyinin təmin edilməsində gömrük orqanlarının rolundan danışmış, informasiya texnologiyalarının tətbiqi, qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söhbət açmışdır. Xüsusilə xalqımızın ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində gömrük sistemində sürətli inkişaf strategiyasının əsasının qoyulduğunu bildirən DGK sədri hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında bu istiqamətdə işlərin daha da intensivləşdirildiyini, ümumiyyətlə, respublikamızda bütün sahələr üzrə inkişafın davamlılığının təmin olunmasına xüsusi önəm verildiyini diqqətə çatdırmışdır.
Tapani Erlinq Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü məmnunluqla xatırlamış, bu əlamətdar görüşün onda xoş təəssüratlar yaratdığını azərbaycanlı həmkarının diqqətinə çatdırmışdır.
Aydın Əliyev, eyni zamanda, Dünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Regional Tədris Mərkəzinin, eləcə də Kinoloji Mərkəzin üstün imkanlarından danışmış, respublikamızın paytaxtında inşa edilən potensialın gücləndirilməsi üzrə regional ofisin hazırkı vəziyyəti barədə həmkarına məlumat vermişdir.
Azərbaycanın qonşu ölkələrin gömrük xidmətləri ilə münasibətlərindən də söz açan A.Əliyev Türkiyə, Rusiya, İran və Gürcüstanın aidiyyəti qurumları ilə əlaqələrin yüksək səviyyədə olduğunu, yalnız Azərbaycanın 20 faiz torpaqlarını işğal edən Ermənistanla əməkdaşlığın mümkünsüzlüyünü diqqətə çatdırmışdır. Gömrük Xidmətinin rəhbəri belə bir məqama da toxunmuşdur ki, bu gün Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində nəzarətsiz zona yaranmışdır. Məhz bu zonadan narkotik vasitələrin qeyri-qanuni tranzit, qaçaqmalçılıq, mədəni-tarixi sərvətlərin daşınması həyata keçirilir.
Görüşdə, həmçinin Dünya Gömrük Təşkilatında gələn ay keçiriləcək seçkilərlə bağlı məsələlər də müzakirə mövzusu olmuş, Finlandiya tərəfi Avropa regionu üzrə potensialın gücləndirilməsi direktoru vəzifəsinə Macarıstan Gömrük Xidmətinin rəhbəri Yanoş Naqinin namizədliyini dəstəkləməyi Azərbaycan tərəfindən xahiş etmişdir.
Sonra Azərbaycan nümayəndə heyəti Finlandiyanın yerli gömrük orqanları ilə tanış olmuşdur. İlk olaraq Helsinki şəhərində yerləşən Cənub regional gömrük idarəsinin "Nyu Vuosari Xarbur" dəniz gömrüyünə səfər edilmişdir. Burada Azərbaycan nümayəndə heyəti "x-rail" sistemlərinə baxış keçirmiş, eyni zamanda, Çin istehsalı olan "Nyutex" qurğuları ilə yük maşınlarına və vaqonlara nəzarətin həyata keçirilməsi qaydası nümayəndə heyətimizə ətraflı izah olunmuşdur. Həmçinin, risklərin idarə olunması istiqamətində görülən işlərdən söhbət açılmış, fikir mübadiləsi aparılmışdır.
Səfərin ikinci günü Azərbaycan Respublikası hökuməti və Finlandiya Respublikası hökuməti arasında "Gömrük sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş" imzalanmışdır. Sazişi Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Finlandiya Milli Gömrük İdarəsinin baş direktoru Tapani Erlinq imzalamışlar. Finlandiya Maliyyə Nazirliyi nümayəndəsinin iştirakı ilə baş tutan imzalanma mərasimindən sonra mətbuat nümayəndələri üçün brifinq keçirilmişdir.
Daha sonra Azərbaycan nümayəndə heyəti tarixi 100 ildən artıq olan gömrük laboratoriyası ilə tanış olmuşdur. 75 nəfərin çalışdığı laboratoriya ən müasir qurğularla təchiz edilmişdir.
İkigünlük səfərin sonunda Tapani Erlinqlə daha bir görüş keçirilmiş, qonaqpərvərliyə görə minnətdarlıq ifadə olunmuşdur.
T.Erlinq narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə azərbaycanlı gömrükçülərin təcrübəsindən yararlanmağın vacibliyinə toxunmuş, bu məqsədlə finlandiyalı mütəxəssislərin Azərbaycana səfər etməsinin, təcrübə mübadiləsinin aparılmasının qarşılıqlı əməkdaşlığa töhfə olacağına əminliyini ifadə etmişdir.
A.Əliyev Finlandiyanın gömrük laboratoriyasında azərbaycanlı həmkarların təcrübə keçməsinin iki ölkənin uyğun qurumları arasında əlaqələrin daha da intensivləşdirilməsinə imkan yaradacağına ümidvar olduğunu bildirmişdir.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.