Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılmışdır

Unudulmaz Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 86-cı ildönümü münasibətilə şairin doğulduğu Şəki şəhərində xatirə tədbiri keçirilmişdir.
Şairin büstünün qoyulduğu mərkəzi meydanlardan birində ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova açaraq 2009-cu ilin əvvəlində əbədiyyətə qovuşmuş Bəxtiyar Vahabzadənin xatirəsinin həmyerliləri tərəfindən daim əziz tutulduğunu bildirmişdir. O, xalqımızın sevimli poeziya ustasının xatirəsini anmaq məqsədilə hər il avqustun 16-da, şairin doğum günündə Şəki şəhərində ənənəvi olaraq "Bəxtiyar poeziya günləri"nin keçirildiyini diqqətə çatdırmışdır.
Natiq Xalq şairinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamı xatırlatmış, bu sənəddən irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə şəhər icra hakimiyyəti tərəfindən xüsusi tədbirlər planının təsdiq edildiyini, şəhərin mərkəzi meydanlarından birində qüdrətli söz ustasının büstünün qoyulduğunu, məktəblərdən və şəhərin küçələrindən birinə şairin adının verildiyini bildirmişdir.
Tədbirdə AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, Bakı Dövlət Universitetinin professorları Şirməmməd Hüseynov, Fərman İsmayılov, Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədri Vaqif Aslan və başqaları çıxış edərək Xalq şairi Bəxtiyar Vahabzadənin Azərbaycan söz sənətinin inkişafındakı böyük xidmətlərindən danışmış, onun yaradıcılığının müxtəlif məqamlarına toxunmuş, şairlə bağlı xatirələrini bölüşmüşlər.
Şairin ailə üzvləri adından həyat yoldaşı Dilarə xanım və qızı çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə şairin sözlərinə bəstələnmiş mahnılar ifa olunmuş, şeirlər söylənmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında