Yekaterinburqun qubernatoru: Azərbaycan yüksək inkişaf potensialı olan perspektivli xarici ticarət partnyorudur

Sverdlovsk vilayətinin qubernatoru Aleksandr Mişarin Azərbaycanı yüksək inkişaf potensialı olan perspektivli xarici ticarət partnyoru adlandırmışdır. Bu barədə o, Yekaterinburqda işgüzar səfərdə olan Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu ilə görüşdə demişdir.  
A.Mişarin Azərbaycanla Sverdlovsk vilayəti arasında bütün istiqamətlərdə əməkdaşlığı yüksək qiymətləndirmişdir. O, xüsusilə qeyd etmişıdir ki, keçən il Sverdlovsk vilayəti ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi 23,1 faiz artaraq 95 milyon ABŞ dollarına çatmışdır. Pozitiv dinamika davam etmiş və cari ilin birinci rübündə artım 37,4 faiz olmuşdur.
Qubernatorun fikrincə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Sverdlovsk vilayətinə səfəri humanitar və mədəni əməkdaşlığın inkişafına kömək göstərən ən mühüm hadisə olmuşdur. O demişdir: "Səfər zamanı əldə edilmiş razılaşmalar nəticəsində bu ilin iyul ayında Sverdlovsk vilayətinin beş fərqlənmiş tələbəsinin Bakıya və Naxçıvana tanışlıq səfəri təşkil edilmişdir".
A.Mişarin ümidvar olduğunu bildirmişdir ki, fondun vəsaiti hesabına Yekaterinburqdakı 108 nömrəli gimnaziyanın yenidən qurulması və yeni avadanlıqla təchiz edilməsi layihəsi də müvəffəqiyyətlə həyata keçiriləcəkdir. Bu gimnaziyanın bazasında Azərbaycanın etnik mədəniyyət komponentli ixtisaslaşdırılmış məktəb yaratmaq planlaşdırılır.
Görüşdə qeyd edilmişdir ki, 35 min nəfərdən çox insanı əhatə edən Azərbaycan diasporu Sverdlovsk vilayətində ən böyük diasporlardan biridir. Onun üzvlərinin fəaliyyəti milli mədəniyyətin və tarixin populyarlaşdırılmasına yönəldilmişdir. Artıq bir ildir ki, "Azərbaycana yol" media-layihəsi müvəffəqiyyətlə həyata keçirilir: hər həftə dövlət televiziyasının iki kanalında Azərbaycanın bu günündən, tarixindən, iqtisadiyyatından, mədəniyyətindən və incəsənətindən bəhs edən proqramlar nümayiş olunur.
Polad Bülbüloğlu Azərbaycanla Ural regionu arasında üfüqi əlaqələri yüksək qiymətləndirmiş və qeyd etmişdir ki, Azərbaycan rəhbərliyi Orta Uralı çox mühüm region hesab edir. Səfir Azərbaycanla Rusiya, o cümlədən Sverdlovsk vilayəti arasında mədəni əlaqələrin inkişafına Heydər Əliyev Fondunun töhfə verdiyini bildirərək demişdir ki, Yekaterinburqun opera və balet teatrının solistləri bu il sentyabr ayında Bakıda keçiriləcək Üzeyir Hacıbəyli festivalına dəvət olunmuşlar.

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında