Azərbaycan Respublikasının ərazisində kütləvi terror aktları törətməyi planlaşdıran mütəşəkkil cinayətkar dəstə ifşa edilmişdir

Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzindən bildirmişlər ki, nazirlik tərəfindən təhlükəsizliyin və milli maraqların hər cür qəsdlərdən, daxili və xarici təhdidlərdən qorunmasının təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Bu günlərdə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri Gürcüstan ərazisindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənarda külli miqdarda qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları ölkəmizə gətirərək terrorçuluq əməllərinin törədilməsini planlaşdıran mütəşəkkil dəstənin üzvləri - Azərbaycan vətəndaşları Nuriyev Samir Dadaş oğlu, Muğumov Rəfail İbrahim oğlu, Qurbanov Yaşar Spartak oğlu, Namazova Roza Müzəffər qızı, Namazova Xavər Həmzə qızı, Pənahov İsmayıl Novruz oğlu, Pənahova Bella Müzəffər qızı, Rusiya Federasiyasının vətəndaşı Qayrbiyev Elbert Elmirzayeviçin ifşa olunaraq yaxalanması ilə nəticələnmişdir.
Müəyyən edilmişdir ki, mütəşəkkil dəstənin üzvləri hələ 2009-cu ilin noyabrında külli miqdarda döyüş sursatının, partlayıcı maddələrin və odlu silahların qaçaqmalçılıq yolu ilə Gürcüstandan Azərbaycan Respublikasına gətirilməsini planlaşdırmışlar. Mütəşəkkil dəstənin rəhbəri, respublikadan kənarda olduğu ehtimal edilən Aqil Namazov 2010-cu il yanvarın 6-da hazırda şəxsiyyəti istintaqla araşdırılan Camal adlı bir nəfər vasitəsilə Balakən rayonunun Gülüzambinə kəndinin yaxınlığına qaçaq yolla külli miqdarda döyüş sursatı, partlayıcı maddələr və odlu silahlar göndərmişdir. Aqil Namazov dəstənin üzvü Rəfail Muğumova həmin silah-sursatı, həmçinin partlayıcı maddələri qəbul edib özündə saxlamağı tapşırmışdır. Aqil Namazov bu işin müqabilində Rəfail Muğumova 500 ABŞ dolları verəcəyini əvvəlcədən vəd etmiş, sonuncu da bu təkliflə razılaşmışdır.
Rəfail Muğumov əvvəlcədən razılaşdırılan yerdə Camal adlı şəxsdən silah-sursatı və partlayıcı maddələri, eləcə də ona çatası 500 ABŞ dollarını götürmüş, həmin silah-sursatı və partlayıcı maddələri Balakən rayonunun Gərəkli kəndindəki evində gizlətmişdir. Sonradan Aqil Namazovun tapşırığı ilə Rəfail Muğumov həmin silah-sursatı və partlayıcı maddələri sərnişin avtobusu ilə Bakı şəhərinə gətirmiş və Keşlə qəsəbəsində Samir Nuriyevə çatdırmışdır. Samir Nuriyev həmin silah-sursatı və partlayıcı maddələri Aqil Namazovun tapşırığı ilə xalası Roza Namazovanın yaşadığı ünvana apararaq ona təhvil vermişdir. Bir müddətdən sonra Aqil Namazovun qayınanası Bella Pənahova və qaynı İsmayıl Pənahov birlikdə, sonuncunun idarə etdiyi avtomaşınla Roza Namazovanın yaşadığı ünvana gedərək silah-sursatı və partlayıcı maddələr olan bağlamanı ondan götürmüşlər. İsmayıl Pənahov silahları, döyüş sursatını və partlayıcı maddələri anası Bella Pənahova ilə birlikdə, sonuncunun işlədiyi Bakı şəhərinin, Xətai rayonunda yerləşən uşaq bağçasının damında gizlətmişlər.
Bir müddətdən sonra Bella Pənahova döyüş sursatı, partlayıcı maddə və odlu silahların orada saxlanılmasından ehtiyatlanaraq oğlu İsmayıl Pənahovun vasitəsilə silah-sursatı və partlayıcı maddələri oradan götürərək Aqil Namazovun anası Xavər Namazovaya çatdırmışdır. Xavər Namazova əvvəlcə həmin silah-sursatın və partlayıcı maddələrin qablaşdırıldığı bağlamanı yaşadığı Xətai rayonu, Babək prospektindəki mənzilinə məxsus bağ sahəsində gizlətmişdir. Sonradan Xavər Namazova silah-sursatın və partlayıcı maddələrin qablaşdırıldığı bağlamanı Xətai rayonunun ərazisində fəaliyyət göstərən, özünün də biologiya fənni üzrə müəllim işlədiyi orta məktəbin həyətinin yanındakı qaya parçasının altında gizlətmişdir.
Mütəşəkkil dəstənin üzvləri cinayətkar fəaliyyətlərini davam etdirərək eyni üsulla növbəti dəfə Gürcüstandan Azərbaycana külli miqdarda döyüş sursatı, partlayıcı maddə və odlu silahların qaçaq yolla gətirilməsini planlaşdırmışlar. Dəstənin rəhbəri Aqil Namazov 2010-cu il yanvarın 15-də yenidən Camal adlı şəxs vasitəsilə Balakən rayonunun Gülüzambinə kəndinin yaxınlığına qaçaq yolla külli miqdarda döyüş sursatı, partlayıcı maddələr və odlu silahlar göndərmişdir. Aqil Namazov dəstənin üzvü Rəfail Muğumova silah-sursatı və partlayıcı maddələri qəbul edərək dəstənin digər üzvü Yaşar Qurbanova çatdırmasını tapşırmışdır. Rəfail Muğumov əvvəlcədən razılaşdırılmış yerdə Camal adlı şəxsdən zəhmət haqqı kimi 200 ABŞ dolları almış, silah-sursatı və partlayıcı maddələri götürərək Gərəkli kəndindəki evində gizlətmişdir. Sonradan Aqil Namazovun tapşırığına əsasən, Yaşar Qurbanov idarə etdiyi "Mercedes" markalı avtomaşınla Gərəkli kəndinə getmiş və Rəfail Muğumovdan partlayıcı maddələri, silah-sursatı təhvil alaraq avtomaşının yük yerində yerləşdirib Bakı şəhərinə gətirmiş, bir hissəsini özündə saxlamış, qalan hissəsini isə Bakı şəhərinin, Nərimanov rayonu, Çaykovski küçəsi, ev 4, mənzil 19 ünvanında fəaliyyət göstərən "Salam" Çeçen Əlillər Cəmiyyətinin sədri Elbert Qayrbiyevə çatdırmışdır.
2010-cu il martın 16-da Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində mütəşəkkil dəstənin üzvləri yaxalanmışlar. Roza Namazovanın yaşadığı Bakı şəhərinin, Nərimanov rayonu, 40-cı Rezervuar küçəsi, ev 3B ünvanında keçirilmiş baxış zamanı "Makarov" markalı 1 tapança və həmin tapança üçün 1 daraq, Xavər Namazovanın Xətai rayonundakı məktəbin həyətinin yanındakı qaya parçasının altında gizlətdiyi bağlamadan "CZ-75 CHAMPİON" markalı 1 tapança, bu və digər tapançalar üçün müxtəlif çaplı 616 patron, 7 daraq, 1 "GSM" və peyk kanalları ilə işləyən radiotelefon və hərbi təyinatlı elektro-detonator üçün 10 şnurlu kapsul-detonator, Yaşar Qurbanovun yaşadığı Bakı şəhərinin, Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsi 58/75 ünvanında keçirilmiş baxış zamanı 7.62x25 mm çaplı 150 patron, 1 pnevmatik tapança darağı və onun güllələri, soyuq silah və özünə məxsus 6 qramdan artıq heroin, Elbert Qayrbiyevin rəhbərlik etdiyi "Salam" Çeçen Əlillər Cəmiyyətinin ofisində keçirilmiş baxış zamanı hər biri 400 qram, ümumi çəkisi 10 kiloqrama yaxın olan 24 trotil şaşkası, 950 elektro-detonator, xaricdə istehsal olunan 1 ədəd "Makarov" və 1 ədəd "Vikinq MP 446" markalı tapançalar, habelə bu tapançalar üçün 39 ədəd patron və 6 daraq, 2 "İC-R20" markalı rabitə dəsti, skanerli qəbuledici və özünə məxsus 6 qramdan artıq heroin, Rəfail Muğumovun yaşadığı Balakən rayonunun Gərəkli kəndindəki evində keçirilmiş baxış zamanı xaricdə istehsal olunan "Steçkin" markalı 1 tapança və həmin tapança üçün 210 parton, 1 səsboğucu, 5 daraq, "Berett 92" markalı 1 tapança və həmin tapança üçün 1 daraq, 107 patron, Almaniyada istehsal olunmuş "ERMA-WERKE" markalı 1 qaz tapançası və onun 30 patronu, 2 ov bıçağı və özünə məxsus 0,442 qram heroin aşkar edilərək götürülmüşdür.
Bütün faktlar üzrə Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4-cü (mütəşəkkil dəstə tərəfindən silah qaçaqmalçılığı), 228.3-cü və 228.4-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə cinayət işi başlanılmışdır. Samir Nuriyev, Rəfail Muğumov, Yaşar Qurbanov, Roza Namazova, Xavər Namazova, İsmayıl Pənahov, Bella Pənahova, Elbert Qayrbiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.
İstintaq zamanı təqsirləndirilən şəxs Rəfail Muğumov ifadə verərək göstərmişdir ki, iki ildən artıq dostluq etdiyi Aqil Namazov dəfələrlə ona Azərbaycan Respublikasında cihad etmək və insanların kütləvi toplaşdığı yerlərdə partlayışlar törətmək niyyətində olduğunu və bu terrorçuluq aktlarının həyata keçirilməsi məqsədi ilə artıq müəyyən hazırlıq işlərinin görüldüyünü bildirmişdir.
Bütün faktlar üzrə aparılan araşdırmalar göstərir ki, təhlükəsizlik baxımından ən həssas obyektlərin siyahısına aid olan uşaq bağçasının damında və orta məktəbin həyətinin bilavasitə yaxınlığında bu qədər silah-sursatın, partlayıcı maddələrin əvvəlcədən gizlədilməsi və terrorçuluq aktlarının planlaşdırılması mütəşəkkil dəstə tərəfindən qurbanların uşaq və hətta körpə olacaqlarına belə məhəl qoymadan insanlara qarşı amansızcasına kütləvi qırğın törədilməsi niyyəti güdülmüşdür.
Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İstintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında