Yazıçı-dramaturq Rüstəm İbrahimbəyovun son müsahibəsi, sözün həqiqi mənasında, tragikomik bir anlam kəsb edir. Bir zamanlar SSRİ-nin və dünyanın ən nüfuzlu kütləvi informasiya vasitələrinin hörmətli qonaqlarından olan Rüstəm İbrahimbəyovun sözünün bu qədər dəyərdən düşəcəyinə, məntiqdənkənar hədyan fikirlər söyləyəcəyinə kim inana bilərdi? Heydər Əliyevin qayğısından, Azərbaycan dövlətinin imkanlarından həmişə gen-bol bəhrələnən və dünyanı qarış-qarış gəzən, yaradıcı ziyalılar arasında nüfuz qazanan insan indi, ahıl vaxtında reallıqla heç bir əlaqəsi olmayan fikirlər səsləndirir, riyakarlıq uçurumuna yuvarlanır.
Rüstəm İbrahimbəyovun adı məlum olmayan son müsahibəsinin (onu jurnal bir adla verib, qəzet isə iki nömrədə müxtəlif adlarla) faciəvi komizmi ondadır ki, o, təxminən il yarım əvvəl söylədiyi fikirləri təkrarən elə təqdim edir ki, guya yeni bir qitə kəşf edib. Dramaturq R.İbrahimbəyov nədənsə, SSRİ-ni nostalji hisslərlə xatırlayır, hətta, bir az da dərinə gedərək çar Rusiyasına belə həsəd aparır: "Çar vaxtının dövlətliləri halal yolla varlanırdılar". Görünür, Gülüstan və Türkmənçay müqavilələri əsasında ilhaq və işğal olunmuş Azərbaycanın təbii sərvətlərinin və var-dövlətinin şimala daşınması Rüstəm İbrahimbəyova görə, halallıq nümunəsi imiş. Sovetlərlə bağlı kövrək hisslərlə yaşayan, "müstəqillik dövründə Bakının itirilməsi"nə görə göz yaşı tökən Rüstəm müəllim bəzən özü-özünü dolaşdırıb elə ziddiyyətli və zərərli fikirlər söyləyir ki, adam lap mat-məəttəl qalır: "Kommunist nomenklaturasından qalma aşağı səviyyəli adamlar indi külli-ixtiyar sahibi olublar". Maraqlıdır, əgər kommunist nomenklaturasının təmsilçiləri "aşağı səviyyəli" idilərsə, bəs nədən o dövr üçün göz yaşı tökürsünüz, cənab Rüstəmbəyov? Yox, o dövr sizdə aydın və işıqlı xatirələr buraxıbsa, nə üçün həmin illərdə işləmiş və indi müstəqil dövlətimizdə mövqe tutmuş insanları aşağı səviyyəli adlandırırsınız?
SSRİ çökəndən sonra, ermənilər Xocalı qırğınını törədəndə cənab İbrahimbəyov nəinki öz xalqının müdafiəsinə qalxmadı, hətta hansısa tribunadan bir kəlmə belə danışmadı. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəsi, bu ölkədəki azərbaycanlı gənclərin lideri olan Leyla xanım Əliyeva isə Xocalı faciəsinin bütün dünyada tanıdılması üçün onlarca layihə reallaşdırdı. Bütün bunlar az imiş kimi Rüstəm İbrahimbəyov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən ağır fəsadlarından olan qaçqın-köçkün məsələsini ikrahla qarşılayır, paytaxtı məhz onların indiki vəziyyətə gətirdiyini israr edir.
Rüstəm İbrahimbəyov müsahibəsində indiki iqtidarı ağına-bozuna baxmadan tənqid edir və arada yazıçı "peşəkarlığı" ilə həmsöhbətlərinin qılığına girir: "Mənim rəhmətlik Elçibəylə çox yaxşı münasibətlərim var idi. O, fitrətən demokrat idi, demokratiya onun qanında idi". O zamanlar cəbhəçilərin arasında dolaşan Rüstəm müəllimin yadına salmaq istəyirik ki, Əbülfəz Elçibəyi demokrat adlandırıb onu vəsf edən şəxs məhz Elçibəyin dövründə alovlanan vətəndaş müharibəsini ona görə yada sala bilmir ki, iş bərkə düşəndə bir çox ziyalılar kimi, Rüstəm müəllim də daha sakit, daha rahat ölkədə idi. Bakıda isə həmin demokratlar camaata heyvan yemindən çörək yedizdirir, qardaş qırğınına rəvac verirdilər. Ölkədə xaos və anarxiya baş alıb gedirdi. Bakıdan köçüb gedən və Rüstəm müəllimi gözüyaşlı qoyan ermənilər Azərbaycanın kənd və rayonlarını məhz Əbülfəz Elçibəyin dövründə işğal etdilər, yandırdılar, viran qoydular. Yeri gəlmişkən, Rüstəm İbrahimbəyovun düşüncə tərzini "vaxtilə Bakını tərk etmiş" bədnam millətin təmsilçilərinin düşüncə tərzi ilə eyniləşdirən bir məqam yazıçının sonuncu müsahibəsində də özünü göstərir. Jurnalistin "Azərbaycanda nə zaman inqilab olacaq?" - təhrikedici sualına cavab verən İbrahimbəyov iki həftə əvvəl Ermənistan prezidenti Serj Sarkisyanın tələbə gənclərin suallarını cavablandırarkən nümayiş etdirdiyi manevri təkrar edir. Erməni tələbə öz prezidentindən soruşur ki, Qərbi Ermənistanla birlikdə Ağrı dağını da Türkiyədən alacaqsınızmı? Sarkisyan belə cavab verir: "Siz hazırda Dağlıq Qarabağı bizdən təhvil aldınız. Ağrını da bizdən sonra siz gənclər almalısınız". Jurnalist İbrahimbəyovdan inqilab çağırışı eşitmək istəyəndə o cavab verir: "Bunu cavanlardan gözləmək lazımdır".
Ulu öndər Heydər Əliyev gənclərin üzərinə vəzifə qoyurdu: "Siz Azərbaycanı daha qüdrətli, daha firavan etməlisiniz". Bugünkü Azərbaycan gəncliyinin lideri olan Prezident İlham Əliyev isə gəncləri daha müasir yola istiqamətləndirir: "Azərbaycan gəncləri bütün dünyada mövcud olan elmi-texniki nailiyyətlərə yiyələnməli, ən müasir intellektual səviyyəyə qalxmalıdırlar". Cənab İbrahimbəyov isə gənclərimizi inqilaba səsləyir. O gəncləri ki, müstəqil Azərbaycan dövlətinin bir nömrəli dayağına çevriliblər, o inqilaba ki, baş verdiyi bütün ölkələri 30-40 il geriyə atır. Əgər Azərbaycan da azı 30-40 il geriyə atılarsa, o zaman Rüstəm müəllimin "xoşbəxt günləri" qayıtmış olar. Nostaljidən doğan anarxiya arzuları gerçəkləşər. Yox, bu, gerçəkləşməsi mümkün olmayan xam xəyaldır.
Rüstəm müəllimin müsahibəsini ya təhrif ediblər, ya da o, bir qədər... yolundan sarpıb və bu səbəbdən də fikirləri məntiqdənkənar və ziddiyyətlidir. Məsələn, 2009-cu ilin martında keçirilmiş referendumla bağlı öz mülahizələrini söyləyən yazıçı qeyd edir ki, mən prezidentin üçüncü dəfə seçilməsinə imkan verən referendumun keçirilməsinə etiraz etmişdim. Çox əcəb. Demokratik ölkədir, azad vətəndaşın hər hansı siyasi məsələyə etiraz etmək haqqı var. Ancaq Rüstəm müəllim xalqın səsverməsini - referendumu qəbul etmək istəmir, Rusiyada "don geyindirilmiş" siyasi oyunu isə məqbul sayır: "Rusiyada da oxşar situasiya oldu, amma orada məsələyə don geyindirdilər, Medvedevi ortaya atdılar. Burda da, heç olmasa, o şəkildə don geyindirmək olardı". Bu məqamın özü Rüstəm müəllimin iç dünyasının məkr və hiylə üstündə qurulmasından xəbər verir. Halbuki, Konstitusiyaya təklif edilən dəyişikliklərdə dövlətin mövqeyi məkrsiz, hiyləsiz və heç bir don geydirmədən, yəni, açıq-aydın şəkildə ifadə olunmuşdu. Gündəliyə gətirilmiş məsələyə azad və demokratik şəkildə münasibət bildirmək məsuliyyəti seçicinin öz öhdəsinə buraxılmışdı. Seçici heç bir kənar təsir olmadan məsələyə öz münasibətini bildirmişdi. Daha burada don geyindirməyə, hiylə qurmağa nə ehtiyac var idi? Rüstəm müəllim özünü bu məsələlərdə mütəxəssis kimi qələmə vermək istəsə də - qeyd edir ki, mən 10 il siyasi məsələlər üzrə elmi işlə məşğul olmuşam - etiraf etdiyi kimi, saxta metodları üstün tutur, xalqın gözündən pərdə asmağı təklif edir.
Başqa bir məqama diqqət yetirək. R.İbrahimbəyov bugünkü Azərbaycanda mövcud olan ictimai rəylə barışmır, gah Moskvada, gah da Bakıda mətbuata verdiyi müsahibələrdə xalqa həqarəti belə məqbul sayır. Ancaq özü ilə bağlı məsələyə gələndə yaranmış və ya yarana biləcək ictimai rəyi təqdir edir: "...Mən özüm də 20 ildir Kinematoqrafçılar İttifaqının sədri vəzifəsində oturmuşam. Özüm də deyə bilərəm ki, nə üçün getmək istəmirəm, mənə elə gəlir ki, getsəm, ittifaq təşkilat kimi dağılacaq. Bu məsələni düzgün həll etmək üçün ictimai rəy lazımdır. İttifaqın üzvləri belə qərara gəlsələr və mənə desələr ki, ay Rüstəm, daha bəsdi, çıx get. Deməli ancaq ictimai rəy işləməlidir". Əvvəla, bu, həddən artıq eqoist, özündənrazı bir adamın qənaətinə oxşayır. Yazıçı "çıxıb gedərəm" - deyə bilmir. Çünki çıxıb getmək istəmir. Üstəlik, özü də çox yaxşı bilir ki, son 20 ildə onun rəhbərliyi kinematoqrafiyaya heç bir uğur gətirməyib. Çünki həmişə başı daha çox şəxsi mənafeyi ilə bağlı işlərə qarışıb. Əlbəttə, heç kəs onun yazıçı, ssenarist və ya kinorejissorluğuna şübhə ilə yanaşmır. Ancaq yaradıcılıqla hansısa quruma rəhbərlik etmək tamamilə başqa-başqa məsələlərdir. Bütün bunlardan nəticə çıxarmaq isə ziyalının şərəf işidir. O şərəf işi ki, onu Rüstəm müəllim tez-tez gündəliyə gətirir, xalqın vicdanından, namusundan gen-bol danışmağa çəkinmir. Halbuki, Rüstəm İbrahimbəyov Azərbaycan xalqının milli maraqlarına arxa çevirmiş elə adamlara qahmar çıxır ki, oxucunun əli üzündə qalır: "Mən o vaxt Vaqif Hüseynovu müdafiə edən böyük bir məqalə yazmışdım. Özü də demişdim ki, mən bunu ona görə yazmıram ki, bu adam KQB generalıdır. İş orasındadır ki, əgər biri sizdən əvvəl iqtidarda olubsa, gələn kimi mütləq özünüzdən əvvəlkini dama basmalısınız?" Yəni, ədib həmin məqalədə AXC-Müsavat iqtidarını tənqid edir, Vaqif Hüseynova bəraət qazandırmağa çalışırdı. Çox əcəb. Növbəti cümləyə diqqət yetirək: "Vaxtilə mən Xalq Cəbhəsinin müdafiəsi üçün Bağırova, Mütəllibova 4-5 müraciət imzalamışdım" (yəni kimsə yazıb, Rüstəm müəllim də imzalayıbmış). Özünütəkzibin, gah nala, gah mıxa döyməyin bundan böyük nümunəsi ola bilərmi? Biz hələ ikiüzlülük, riyakarlıq demirik. Vaqif Hüseynovun 20 Yanvar qırğınında necə şərəfsiz rol oynadığından uşaqdan böyüyə bütün Azərbaycan xalqı xəbərdardırsa, Rüstəm müəllim bunu niyə bilmir, görəsən? Hələ də doğma Vətəninə qayıtmağa üzü olmayan Vaqif Hüseynova vəkillik etmək xalqa məhəbbətinmi nümunəsidir?! Əsla, yox! Ona görə də Rüstəm müəllim Sovet nostaljisinin təsiri altında qələmə aldığı həmin məqaləni yada salmasaydı, daha yaxşı olardı.
Rüstəm İbrahimbəyovun öz xalqına növbəti dəfə çirkab atmasını görəndə bir çox yoldaşlarımdan bunun əsas səbəbini soruşdum. Eşitdiyim cavabların əksəriyyəti mahiyyətcə eyniyyət təşkil edirdi. Belə ki, Rüstəm müəllimin Rusiya mətbuatında Azərbaycan xalqının ünvanına həqarətlə dolu müsahibəsi dərc olunduqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov ona kəsərli bir cavab vermişdi. Nizami Cəfərov yazır: "Hər kəs deyir ki, Rüstəm növbəti dəfə bizə çirkab atırsa, deməli, hakimiyyət yenə də ona nəsə verməyib. Qoy versinlər, bu halda o yenidən susacaq. Onun mahiyyətinin bu olduğu hamıya məlumdur". Yəni bu adam hər yerdən, hər şeyi mənimsəmək istəyir, "o da mənim, o biri də mənim" düşüncəsi ilə yaşayır. Üstəlik də, özünün misli olmayan təkəbbürü ilə kimlərisə hər şeyi mənimsəməkdə suçlamağa çalışır.
Müasir ictimai-siyasi həyatımızda, elm və ədəbiyyat aləmində üzdə olan adamları təhqir etməyi vəzifə borcu bilən R.İbrahimbəyov elə düşünür ki, Azərbaycan xalqının elitası deyəndə mütləq məhz onlar - iki qardaş nəzərdə tutulmalıdır. Yox, belə deyil, Rüstəm müəllim! Elita daha çox tanınan adamlardan ibarət deyil, elita xalq üçün yanan və yaşayan adamlardan formalaşır!
Akademik Ramiz Mehdiyev "Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik və innovasiyalılıq" adlı məqaləsində milli Azərbaycan elitası anlayışını bu şəkildə xarakterizə edir: "Elita o şəxslərdir ki, onlar üçün Azərbaycan təkcə hamıya məlum olan "Odlar yurdu", doğulduğu yer, insana çörək və iş yeri vermiş torpaq, dostların və qohumların olduğu məkan deyildir. Azərbaycan milli elitasının əksəriyyəti üçün bu, uğrunda hər kəsin hər şeyi qurban verməyə hazır olduğu müqəddəs anlayışdır". Müqəddəs ünvana həqarət etməzlər, Rüstəm müəllim!
Bəlkə Rüstəm İbrahimbəyov elita deyəndə özünün keçmiş Poluxin küçəsində yaşamış tanış-bilişlərini və tay-tuşlarını nəzərdə tutur. Ancaq unudur ki, Azərbaycan elitası uzun əsrlər ərzində Təbriz, Gəncə, Şamaxı, Naxçıvan, Bakı şəhərlərində formalaşıb. Azərbaycan elitasının heç bir üzvü Rüstəm müəllim kimi xalqa həqarət etməyib. Yeri gəlmişkən, Azərbaycan elitasının formalaşdırılması məsələsi 1970-ci ildən sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dövlət əhəmiyyətli məsələ statusu almışdı. Bu təbəqənin hər bir üzvü öz şəxsi keyfiyyətlərinə görə nüfuz qazanıb.
Rüstəm müəllimin müsahibəsindəki ittihamlardan daha birinin əsassız olduğunu qeyd etməzdən öncə iki il əvvəl birbaşa şahidi olduğum faktı xatırlatmaq istəyirəm. Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindən Orxan adlı bir gənc Prezident İlham Əliyevin elektron poçtuna məktub göndərərək qəsəbədə küçə işıqlarının yanmadığından şikayətlənmişdi. Möhtərəm Prezidentimizin tapşırığına əsasən az sonra Müşfiqabadda elə bir abadlıq-quruculuq işləri başlandı ki, heç miqyasını ifadə etmək mümkün deyil. Rüstəm müəllim isə yazır: "Bu gün praktiki olaraq Prezidentlə əlaqə yaratmaq imkanı yoxdur". Yalandır. Ağ yalan. Cənab İbrahimbəyov, Azərbaycan Prezidenti ayda bir neçə dəfə rayonlarda və Bakıətrafı qəsəbələrdə ictimaiyyətin nümayəndələri ilə görüşür, onların arzu və istəklərini öyrənir, çox vaxt elə yerindəcə problemlərin aradan qaldırılması üçün göstərişlər verir. Mavi ekrandan hamımız bunun şahidiyik. Həm ulu öndər Heydər Əliyevin dövründə, həm də 2003-cü ilin oktyabrından sonra dövlət başçısı ilə ən çox görüşmək imkanı əldə edən ziyalılardan biri məhz İbrahimbəyov qardaşlarıdır. Bu da təbiidir, həm ulu öndər, həm də Prezident İlham Əliyev ölkənin üzdə olan ziyalıları ilə görüşə daim böyük önəm veriblər. Amma təəssüflər olsun ki, bu görüşlərdə İbrahimbəyovların nə vaxtsa ümumxalq mənafeyi ilə bağlı hansısa məsələni, problemi qaldırmasını görən olmayıb. İbrahimbəyovlar şəxsi istək və arzularını hər zaman bəhs etdikləri ümumxalq maraqlarından daha üstün tutmuşlar.
Sonuncu müsahibəsində də cənab İbrahimbəyov şəxsi maraq və ambisiyaları çərçivəsindən kənara çıxa bilmir. Müsahibə boyu çox məqamlardan söz açan Rüstəm İbrahimbəyovun ümumilikdə bir məqsədi var: özünün şəxsi marağında olan layihələrin reallaşdırılmasına nail olmaq, vəssalam. Həmin məqsədi ifadə etmək üçün xalqa və dövlətə qarşı bu qədər ittihamlarla çıxış etmək isə... milli təəssübkeşliklə bir araya sığan məsələ deyil. Xalq arasında bir məsəl var, deyirlər alim azanda aləm azar. Yazıçı azanda isə, yox, burasını Rüstəm müəllim daha yaxşı bilər...
Sonda fikrimizi elə nüfuz məsələsi ilə yekunlaşdırırıq. Ölkədə qanun pozuntusuna yol vermiş gənclərin məsuliyyətə cəlb edilməsini qeyri-adi bir tərzdə qəbul edən İbrahimbəyov deyir: "Bloggerləri tutdular... Harvardın məzununu da tutub həbsə atırlar". Qəribə məntiqdir. Kiminsə nüfuzu, titulu varsa, qanunu pozmalıdır bəyəm?! Görünür, Rüstəm müəllim elə özü ilə cəmiyyət arasındakı münasibətlərdə də bu prinsipi əsas götürür: "Mən nüfuzlu yazıçıyam, nə istəsəm edə bilərəm".
Yox, Rüstəm müəllim, elə deyil. Qanun-qayda hamı üçündür. Biz təəssüf edirik ki, başqa xalqların görkəmli ziyalıları yaşa dolduqca müdrikləşir. Bizim nüfuzlu yazıçımız isə xalq ilə özü arasında uçurum yaradır. Uçurumun bir tayında 50 milyon insan, digər tərəfində isə bir yazıçıdırsa - tənasüb çox fərqlidir.
{nl}
İttifaq MİRZƏBƏYLİ, respublikanın əməkdar jurnalisti
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.