Azərbaycanın dövlət sərhədini pozduğuna görə 74 nəfər saxlanılmışdır

İyul ayında dövlət sərhədini pozduğuna görə 38 halda 74 nəfər saxlanılmışdır. Sərhəd nəzarət buraxılış məntəqələrində 27 halda 52 nəfər saxta sənədlə, 1 nəfər özgəsinə məxsus sənədlə, 2 nəfər dövlət sərhədindən gizli keçməyə cəhd edərkən tutulmuşdur. 
Bu barədə AzərTAc-a Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildirmişlər.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 127 nəfər aşkarlanaraq aidiyyatı orqanlara təhvil verilmişdir.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 19 halda 17 kiloqram 231,7 qram narkotik maddənin, o cümlədən 12 kiloqram 89,3 qram həşişin, 4 kiloqram 878,2 qram heroinin, 250 qram tiryəkin, 14 qram narkotik tərkibli həbin, 0,15 qram marixuananın dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır. Astara Sərhəd Nəzarət Məntəqəsində iyul ayı ərzində gömrük orqanları ilə birgə aparılan yoxlamalar zamanı İrandan Azərbaycana keçmiş şəxslərdən 11 halda müxtəlif miqdarda narkotik maddələr aşkarlanmışdır.
Ay ərzində aparılan yoxlamalar zamanı Astara rayon sakinləri Ceyhun Nəsirovdan 197 qram heroin, Mahir Yusubovdan 213 qram tiryək, ölkəmizdə qeyri-rəsmi fəaliyyət göstərən "Azərbaycan İslam Partiyası"nın üzvü Feyzulla Axundovdan 53 qram heroin və 12 qram həşiş, Lənkəran rayon sakinləri Nəsimi Adıgözəlovdan 101 qram heroin, Həqiqət Tağıyevadan 94 qram heroin, Şakir Qafarovdan 45 qram heroin və 6 qram həşiş, Lerik rayon sakini Mübariz Məmiyevdən 71 qram həşiş, Salyan rayon sakini Rüfət Salahovdan 24 qram tiryək, Gəncə sakini Elçin Yusifovun idarə etdiyi "LADA-06" markalı avtomobilin kardanının içərisindən 3 kiloqram 45 qram heroin, İran vətəndaşı Fared Rəsul Şükürün idarə etdiyi "Neoplan" markalı avtobusun salonunda sürücüyə məxsus çantadan 333 qram heroin götürülmüşdür. İyulun 19-da Astara rayonunun Sım kəndi istiqamətində İrandan qaçaqmalçı qrup tərəfindən respublikamıza 12 kiloqram həşiş və 1 kiloqram heroinin keçirilməsinin qarşısı alınmışdır. Qaçaqmalçılar sərhəd naryadının komandasına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq havanın qaranlıq və relyefin dağlıq olmasından yararlana bilmiş və əllərindəki qaçaqmalı hadisə yerində ataraq geriyə İrana qaçmağa müvəffəq olmuşlar.
Həyata keçirilmiş tədbirlər nəticəsində 62 halda ümumi dəyəri təqribən 730 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd 16 millimetrlik tüfəng, 300 min ABŞ dolları, 225 mobil telefon, 171 mobil telefon aksesuarı, 283 baş xırdabuynuzlu mal-qara, 5 baş camış, 1 at, 1108 qutu siqaret, 524 qram qızıl zinət əşyaları, müxtəlif spirtli içkilər, ərzaq, sənaye və kənd təsərrüfatı malları saxlanılmışdır.
Respublikamızın dəniz sərhədləri istiqamətində dövlət sərhədinin mühafizəsi və sərhəd rejim qaydalarının qorunması istiqamətində keçirilmiş tədbirlər nəticəsində 5 halda 8 nəfər sərhəd rejim pozucusu saxlanılmış, dənizdən 5545 metr tor aşkar olunaraq götürülmüşdür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında