Redaksiyaya məktub. Milli Orduya böhtan atanların nəsibi yalnız ümumxalq nifrəti olacaq

Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunu, onun rəhbərliyini hədəfə alan, reallıqdan uzaq, əsassız ittihamlarla dolu tənqidi materialların, müxtəlif qarayaxmaların sayı artmaqdadır. Çox dərin fəsadları ola biləcək bu təhlükəli tendensiya ilə bağlı öz fikirlərimi bildirmək istəyirəm. Bəri başdan deyim ki, mənim mövqeyim, əslində, hər bir vicdanlı, vətənpərvər Azərbaycan Ordusu zabitinin mövqeyindən heç nə ilə fərqlənmir. Öncə bildirirəm ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı ilk gündən həqiqi hərbi xidmətdə olmuşam. Ordumuzun hərtərəfli inkişaf tarixinin canlı şahidiyəm. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Xarici dillər kafedrasında baş müəllim vəzifəsində işləyirəm və xidmətimə görə şərəf hissi keçirirəm. 
Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası yüksək komanda-qərargah zabitlərinin hazırlanmasında böyük işlər görmüşdür. Hazırda bu işlər NATO standartları səviyyəsində təşkil edilir. Yəni tədrisimiz müasir tələblərə cavab verməkdədir. Hərbi Akademiya nəinki Milli Ordunun komanda heyətində, həm də NATO-nun müxtəlif qərargahlarında və eyni zamanda, dünyanın aparıcı ölkələrində Azərbaycan Respublikası Silahlı Qüvvələrini layiqincə təmsil edən, müxtəlif xarici dillərdə sərbəst danışan böyük zabitlər korpusunu yetişdirmişdir. Burada Silahlı Qüvvələrin zabitləri ilə yanaşı, bir sıra dövlətlərin yüksək hərbi rütbəli zabitləri, həmçinin ölkəmizin müdafiəsinə cavabdeh olan müxtəlif nazirliklərin nümayəndələri strateji tədqiqatlar və dövlət müdafiəsinin idarəetmə kurslarında təhsil alırlar. Tədris işi ilə bilikli, bacarıqlı, döyüş yolu keçmiş, müstəqil dövlətimizin orden və medalları ilə təltif olunmuş, təcrübəli zabitlərimiz məşğul olurlar.
Belə bir strateji hərbi təhsil müəssisəsinin və onun şəxsi heyətinin hədəfə götürülməsi, "bir qrup zabit" adından Müdafiə Nazirliyinə qarşı zərərli hücum və təhqirlərin mütəmadi gündəmə gətirilməsi təəssüf hissi doğurur. Belə məsuliyyətsiz çıxışlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabitləri və rəhbər kadrları arasında düşmənçilik toxumu səpir. Vətən sevgisinə ləkə salan bu bəd əməllər ölkəmizdəki milli azlıqların nümayəndələrinin ordumuzdakı döyüş yollarına, namuslu xidmətinə və şərəfli zabit mənliyinə kölgə salmaqdan başqa bir şey deyildir. Unutmayaq ki, düşmənə qarşı mübarizədə biz yalnız birlikdə güclüyük. Konstitusiya hüquqlarının pozulmasına, zabitlərin mənəvi-psixoloji cəhətdən sarsıdılmasına birbaşa xidmət edən belə xatalı və iyrənc hərəkətlər tamamilə yolverilməzdir. Milli Ordumuzda etnik ayrı-seçkilik toxumu səpmək, arzuolunmaz proseslərə rəvac vermək yalnız düşmənlərimizin məkrli mənafelərinə xidmət edir, Silahlı Qüvvələrimizin yüksələn nüfuz və şərəfinə xələl gətirir. Eyni zamanda, bu, onların ailə üzvləri, qohumları və dostlarına da pis təsir göstərir.
Gəlin açıq danışaq. Hərbi Akademiyanın dinləyici və müəllim heyəti öz hüquq və vəzifələrini bilə-bilə qəzetə niyə müraciət etsin?! Təxribat işi ilə yalnız düşmən məşğul olar. Mən şəxsən hər hansı həmkarımın belə məktub yazmasına inanmıram. Çünki onlar yüksək şəraitdə təhsil aldıqları tədris müəssisəsini, öz hərbçi dostlarını, müəllimlərini, Müdafiə Nazirliyini heç vaxt hədəfə götürməzlər. Əgər təxribat yolunu seçənlər varsa, onlar heç vaxt haqlı sayıla bilməz. Gəlin düşmən dəyirmanına su tökənlərin qarşısını alaq.
Akademiyanın rəisi və onun müavini haqqında yazılanlara izahat vermək istəyirəm. Hərbi Akademiyanın rəisi və onun ailəsi haqqında yazılanlar böhtandan başqa bir şey deyil.
Akademiyanın rəis müavininə gəldikdə isə xatırladıram ki, polkovnik Ramaldanov 1994-cü ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə xüsusilə fərqlənmişdir. Düşmən işğalı altında olan onlarca kəndimiz onun komandir olduğu hərbi birləşmələrimiz tərəfindən qısa vaxt ərzində azad edilmişdir. O, Silahlı Qüvvələrdə nümunəvi xidmətlərinə görə dövlətimizin yüksək döyüş orden və medalları ilə təltif olunmuşdur.
Mətbuatda dərc olunan məqalələrdə adları xüsusi vurğulanan qardaş millət nümayəndələri də zəngin döyüş yolu keçmişlər. Hamısı yüksək hərbi təhsillidir. Onlar tutduqları vəzifələrə təyin olunanadək müxtəlif vəzifələrdə qulluq edərək kifayət qədər təcrübə toplamış və ordumuzun şəxsi heyəti arasında nüfuz sahibi olan yüksək rütbəli zabitlərdir.
Xidmətim müddətində onların əksəriyyəti ilə sıx təmasda olmuşam. Verilən tapşırıqları onlarla birgə yerinə yetirmiş, Vətənimizdə, müxtəlif xarici ölkələrdə keçirilən çoxsaylı tədbirlərdə Silahlı Qüvvələrimizi layiqincə təmsil etmişik. Ona görə də qətiyyətlə bildirirəm ki, həmin zabitlərin hamısı seçilən Vətən oğullarıdır. Həmişə olduğu kimi, bu gün də onlar Silahlı Qüvvələrimizin quruculuğunda yaxından iştirak edir, illər boyu qazandıqları təcrübə, bilik və bacarıqlarını gənc zabitlərimizə həvəslə öyrədirlər.
Müdafiə Nazirliyinə və onun rəhbərliyinə qarşı irəli sürülən ittihamlara görə mən bir zabit və vətəndaş kimi öz kəskin etirazımı bildirirəm. Milli Ordumuzun qısa müddətdə keçdiyi inkişaf tarixinə bələd olan şəxs belə əsassız ittihamlar irəli sürməzdi. Yaxşı bilirsiniz ki, cənab Səfər Əbiyev müdafiə naziri təyin olunanadək bu vəzifəni qısa vaxtlarda beş nəfər yerinə yetirmiş, üç nəfər isə müvəqqəti icra etmişdir. Həmin dövrdə, ordumuz böyük itkilər verərək qarşıya qoyulan vəzifəni tam yerinə yetirə bilməmişdir. Bu, ərazilərimizin bir hissəsinin itirilməsinə səbəb olmuşdur. Ancaq general-polkovnik Səfər Əbiyev müdafiə naziri təyin olunduqdan sonra ümummilli liderimiz Heydər Əliyevin və onun layiqli davamçısı, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında hər şey ətraflı təhlil olunmuş, buraxılmış nöqsanların aradan qaldırılması üçün dövlət səviyyəsində geniş proqram hazırlanmış və Azərbaycan Ordusu düşmən ordusu ilə müqayisə olunmayacaq dərəcədə inkişaf edərək, bacarıqlı kadr heyəti, ən müasir silah və döyüş texnikası ilə Cənubi Qafqazda ən güclü orduya çevrilmişdir. Ordumuzun könülaçan nailiyyətlərindən narahat olan düşmənlərimiz müxtəlif təxribatlar hazırlamağa başlamışlar. Belə bir şəraitdə Müdafiə Nazirliyinə və onun rəhbərliyinə qarşı irəli sürülən əsassız ittihamlar, şübhəsiz, düşmən dəyirmanına su tökür və onların fəallaşmasına səbəb olur . Yaxşı haldır ki, sözügedən məqalələrlə əlaqədar Hərbi Akademiya dinləyicilərinin, professor və müəllim heyətinin ümumi yığıncağında qəbul edilmiş müraciəti, bir qrup dinləyicinin yazısı heç bir əlavə və dəyişiklik edilmədən, "Yeni Müsavat" qəzetində dərc olundu. Ancaq, çox təəssüflər olsun ki, bundan sonra da həmin qəzetdə əsassız ittihamlar yenidən davam etdirildi.
Sonda bu işdə xüsusi fəallıq göstərən "Yeni Müsavat" qəzetinin rəhbərliyinin və yaradıcı kollektivinin nəzərinə bunları çatdırmaq istəyirəm: Güman edirdik ki, siz bu mənasız yazılardan sonra Hərbi Akademiyaya, Müdafiə Nazirliyinə və onun rəhbərliyinə qarşı əsassız ittihamlara son qoyacaqsınız. Lakin ağ yalanlarınıza haqq qazandırmaq üçün qeyd edirsiniz ki, guya yazdıqlarınıza qarşı Hərbi Akademiyada müəllim və dinləyicilərin iştirakı ilə toplantı keçirilməyib. Bunun səbəbini müəllim və dinləyicilərin məzuniyyətdə olmaları ilə bağlayırsınız. Bilməlisiniz ki, ordu mülki qurum deyil və onun heyəti günün istənilən vaxtında toplanmaq, öz fəaliyyətini istiqamətləndirmək və öz sözünü demək hüququna malikdir. Heç bir reallığı əks etdirməyən belə yalanlarla özünüz-özünüzə və qəzet imicinə ağır zərbələr endirirsiniz.
Kimə bəlli deyil ki, zabitlərin şəxsi həyatına, ailə münasibətlərinə toxunmaq etikadan kənar, ikrah doğuran haldır. Ailəsini, yurdunu, əxlaqını sevənlər üçün bu, şərəf məsələsidir. Gəlin, belə məsələlərdə diqqətli olaq. Əgər əks yolu tutsanız, təkcə qardaş millətlərin yox, bütün Azərbaycan xalqının nifrətini qazanacaqsınız. Bu isə məsələnin məhkəmə müstəvisində çözülməsini gündəmə gətirir.
Sonuncu məqalənizdə "akademiyanın zabitləri" adından bir daha bildirirsiniz ki, "sizin qəzetiniz bu məqalələrdən sonra minlərlə hərbi qulluqçunun - əsgərin, çavuşun, zabitin, generalın stolüstü qəzetinə çevrilib. Bütün təzyiqlərə baxmayaraq". Gəlin sağlam məntiqə əsaslanaq ki, bir düz xətt minlərlə əyri xətti kəsir və hər şeyə son qoyur.
Azərbaycan zabitlərinin adından sizdən xahiş edirəm ki, dövlətimizin müdafiə qüdrətinə sarsıdıcı zərbə endirən bu qəbildən olan yazılara öz səhifələrinizdə bir də yer ayırmayasınız. Gəlin ordumuzun və onun şəxsi heyətinin qələbəyə inam hissini artıraq və torpaqlarımızın düşmən tapdağından azad edilməsində onların döyüş və mənəvi-psixoloji hazırlıqlarının yüksəldilməsinə öz köməyimizi göstərək. Bundan sonra düzü düz, əyrini əyri yazmaqla ölkəmizdə gedən demokratikləşmə prosesinin daha da möhkəmləndirilməsinə öz ziyalı dəstəyimizi verək.

{nl}

Bayram MƏMMƏDOV, Hərbi Akademiyanın baş müəllimi, ehtiyatda olan polkovnik-leytenant Azərbaycan Jurnalistlər Birliyinin üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında