Şriftin ölçüsü:
29.07.2011 00:26 | Oxunma sayı: 771
Dövlət başçısı İlham Əliyevin 25 may 2011-ci il tarixli sərəncamına əsasən Kür çayının Cavad kəndi ərazisindən keçən hissəsində yeni körpünün salınması məqsədilə Prezidentin Ehtiyat Fondundan 2 milyon manat vəsait ayrılıb. İyulun 26-da Sabirabadda əlamətdar bir gün yaşandı - uzun illər boyu sabirabadlıların xəyallarında yaşatdıqları körpünün təməlqoyma mərasimi keçirildi.
Rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov tədbirin xüsusi əhəmiyyətinə toxunaraq bildirdi ki, ölkə başçısının mayın 5-də Sabirabada növbəti səfərindən sonra bu möhtəşəm hadisənin reallaşmasını yalnız əfsanənin gerçəkləşməsi adlandırmaq olar. Çünki bu körpünün tikilməsi ilə 16 min nəfərdən çox əhalinin yaşadığı 7 kəndin - Cavad, Yolçubəyli, Kürkəndi, Həsənli, Əlicanlı və Zəngənə kəndlərinin əhalisinin gediş-gəliş məsələsi tamamilə rahatlanacaq, həmin kəndlərlə rayon mərkəzi arasında məsafə dəfələrlə qısalacaqdır. Bu körpünün salınması ilə Sabirabadla həmsərhəd olan Kürdəmir rayonunun 8 kəndinin 12 min nəfərdən çox əhalisinin də mərkəzlə əlaqəsinin asanlaşacağını bildirən N.İsmayılov dövlət başçısının məlum səfərdən sonra Sabirabadla bağlı 3 sərəncam imzalamasını bu rayonun inkişafına göstərdiyi qayğının təzahürü adlandırdı.
Cavad kənd sakini Hacı Mirfazil Qasımov on minlərlə insanın çəkdiyi əzab-əziyyətə son qoyacaq bu körpünün tikilməsinə göstəriş verdiyinə və sabirabadlılardan qayğısını əsirgəmədiyinə görə həmyerliləri adından Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Milli Məclisin deputatı, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov bu körpünün salınmasını təkcə Sabirabadın deyil, Azərbaycanın həyatında əlamətdar hadisə sayaraq ölkə başçısının rayonda yolların çəkilməsi, məktəblərin tikilməsi, abadlıq-quruculuq işlərinin aparılması üçün milyonlarla vəsait ayırmasını respublikamızda uğurla icra olunan genişmiqyaslı sosial-iqtisadi inkişafın məntiqi nəticəsi kimi dəyərləndirdi. Sabirabadın simasını əsaslı surətdə dəyişəcək möhtəşəm tədbirlərə görə Prezident İlham Əliyevə təşəkkür etdi.
Bu işlərin Sabirabad üçün hələ başlanğıc olduğunu deyən Milli Məclisin deputatı Ceyhun Osmanlı Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində daha böyük layihələrin həyata keçiriləcəyinə möhkəm inamını ifadə etdi.
Milli Məclisin deputatı Rüstəm Xəlilov da bu körpünun salınmasını simvolik olaraq gələcək və xoş günlərə salınan körpü adlandırdı.
Meliorasiya və Su Təsərrüfatı ASC sədrinin müavini Zakir Quliyev Sabirabadın şanlı keçmişində ulu öndər Heydər Əliyevin silinməz izlər qoyduğunu bildirərək bu gün Prezident İlham Əliyevin də eyni xətti məharətlə davam etdirdiyini vurğuladı. Onun sözlərinə görə həmişə dövlətə sadiqlik nümayiş etdirən sabirabadlılar bu yeni körpünü əvəzsiz bir töhfə kimi qəbul edirlər.
Yeri gəlmişkən, Kür çayının sol sahilində yerləşən Şirvan düzü ilə rayon mərkəzinin əlaqəsini möhkəmləndirəcək körpünün əhəmiyyəti çox böyükdür. Çünki buranın çox qədim tarixi var. Cavad kəndi yaxınlığında yerləşən Cavad şəhəri, Zəngənə kəndi yaxınlığında aşkar edilmiş Şəhərgah Azərbaycanın orta əsrlər şəhərlərindən olmuşdur. Burada tapılan maddi-mədəniyyət qalıqları hər iki şəhərin Muğan zonasının iri iqtisadi və ticarət mərkəzi olduğunu sübut edir. Digər bir maraqlı tarixi hadisə bundan ibarətdir ki, 1736-cı ildə Nadir şah Kür çayından keçərək Cavadda özünü şah elan etmişdir.
Həmçinin Kür çayı üzərindən ilk böyük körpü ulu öndər Heydər Əliyevin tapşırığı ilə 1980-ci ildə salınıb. Prezident İlham Əliyevin sərəncamı ilə 2008-ci ildə Araz çayı üzərində asma körpü tikilib. Göründüyü kimi, təməli qoyulan körpü həm də tarixi əhəmiyyətə malik bir məkanda tikilir.
Rayonun nüfuzlu seyidlərindən Mirhəmid ağa belə ərməğan üçün dövlət başçısı İlham Əliyevə uzun ömür və cansağlığı arzuladı, yeni körpünün xeyirli olmasını uca Allahdan təmənna etdi.
Daha sonra müasir texnikaların yardımı ilə möhtəşəm körpünün təməli qoyuldu. Yeri gəlmişkən, bu mühüm əhəmiyyətli sosial obyektin tikintisinin yaxın aylarda tamamlanması planlaşdırılır.
{nl}
Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.