"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi idarə heyətinin yığıncağı keçirilmişdir

İyulun 25-də Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi idarə heyətinin növbəti yığıncağı keçirilmişdir. İcmanın rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov qurumun ötənilki və 2011-ci ilin birinci yarısındakı fəaliyyəti barədə məlumat vermiş, II yarımildə qarşıda duran vəzifələrdən danışmışdır. 
B.Səfərov bildirmişdir ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağdan məcburən köçkün düşmüş azərbaycanlıların acınacaqlı vəziyyəti, ermənilərin azərbaycanlılara qarşı tarix boyu törətdikləri soyqırımı cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması icmanın qarşısında duran ən mühüm vəzifə kimi müəyyənləşdirilmişdir. Natiq xatırlatmışdır ki, icmanın qarşıya qoyulmuş məqsədlərə çatması, münaqişənin nizama salınması prosesində daha səmərəli fəaliyyət göstərməsi üçün dövlət başçısı İlham Əliyev 2009-cu il avqustun 31-də "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin fəaliyyətinin maddi-texniki təminatının yaxşılaşdırılması tədbirləri haqqında" sərəncam imzalamışdır.
Dövlət başçısı tərəfindən quruma göstərilən qayğı və diqqət icmanın qarşısında duran vəzifələrin həyata keçirilməsi işinə stimul vermişdir. İctimai birlik öz fəaliyyətini genişləndirərək Qarabağ həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə təcavüzkarın ifşası istiqamətində Azərbaycanda fəaliyyət göstərən müxtəlif ölkələrin səfirlikləri və beynəlxalq qurumların nümayəndələri ilə müntəzəm görüşlər keçirir.
Prezident İlham Əliyevin 2010-cu il iyulun 6-da Bakıda icmanın mərkəzi qərargahının açılışında iştirakı və söylədiyi fikirlər qurumun fəaliyyətinin əlaqələndirilməsi və bu sahədə həyata keçirilən işlərin səmərəsinin daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Həmin il icmanın idarə heyətinin üzvlərinin beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən ATƏT-in rəsmi şəxsləri, Minsk qrupunun həmsədrləri ilə görüşləri keçirilmişdir.
Fevralın 15-də icmanın rəhbəri ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saydabayevlə görüşmüşdür. İdarə heyətinin üzvləri martın 15-də ATƏT PA-nın sədri Joao Suareş ilə, Xarici İşlər Nazirliyində ATƏT Minsk qrupunun həmsədrləri ilə, sentyabrın 6-da isə ictimai birliyin qərargahında Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə görüşmüşlər.
Bu görüşlərdə idarə heyətinin üzvləri bildirmişlər ki, Dağlıq Qarabağın Azərbaycan Respublikası tərkibində statusu azərbaycanlılar doğma yurdlarına qayıdandan, eləcə də hər iki icma üzvlərinə bərabər şərait yaradıldıqdan sonra müəyyənləşdirilə bilər. Dağlıq Qarabağdan olan məcburi köçkünlərin öz yurdlarına qayıtmasının münaqişənin ədalətli həlli üçün başlıca şərt olduğu vurğulanmaqla yanaşı, bu bölgənin bütün dövrlərdə Azərbaycan mədəniyyətinin mərkəzi olduğu bildirilmiş və qeyd edilmişdir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində həmin ərazilərdəki xalqımızın çoxəsrlik tarixi və mədəniyyət abidələrinin hamısı dağıdılmış və ya məhv edilmişdir.
İdarə heyətinin üzvləri Azərbaycan dövlətinin Dağlıq Qarabağın inkişafı üçün orada yaşayacaq hər iki icmanın xeyrinə lazımi tədbirləri görməyə hazır olduğunu qeyd etmiş, bu mərhələyə keçmək üçün ilk növbədə Ermənistan tərəfindən bütün Azərbaycan ərazilərinin işğalına son qoyulmasının vacibliyini diqqətə çatdırmışlar.
İctimai birlik regionda və dünyada baş verən hadisələrə müntəzəm olaraq öz münasibətini bildirmiş, beynəlxalq tədbirlərdə mövqeyini açıqlamışdır.
Ümumiyyətlə, 2010-cu ildən ictimai birlik öz fəaliyyətini daha da genişləndirərək istər ölkə daxilində, istərsə də xaricdə baş vermiş hadisələrə mütəmadi olaraq öz münasibətini bildirmişdir.
2010-cu il avqustun 26-da ictimai birliyin rəhbəri Bayram Səfərov, idarə heyətinin üzvləri Biləsuvar rayonunun Əliabad kəndində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailəsi ilə görüşmüşlər. Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq təşviqat kampaniyasının onlayn fəaliyyəti 2010-cu il dekabın 15-də ictimai birliyin mərkəzi qərargahında təqdim edilmişdir.
Bu il isə 2011-ci ilin birinci yarısında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, ictimai birlik ayrı-ayrı vaxtlarda beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına, dünya ictimaiyyətinə müraciətlər ünvanlamışdır. Bu müraciətlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həll edilməsi üçün ardıcıl səylərin göstərilməsinin vacibliyi qeyd edilmiş, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən məcburi köçkün düşmüş azərbaycanlı əhalisinin bu çağırışına onların biganə qalmayacağına, münaqişənin ədalətli həlli üçün daha qətiyyətli və prinsipial mövqe tutacaqlarına inam ifadə olunmuşdur.
Bu ilin birinci yarısında İctimai Birliyin 20 Yanvar hadisələri, ermənilərin Xocalıda və Qaradağlıda törətdikləri soyqırımları, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü, Şuşanın və digər yaşayış məntəqələrimizin işğalı ilə əlaqədar xarici ölkələrin parlamentlərinə, beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə ünvanladığı müraciətlərdə Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları və hərbi təcavüzü haqqında daha dolğun təsəvvür yaratmaq və onları bu məsələyə biganə qalmamağa çağırış öz əksini tapmışdır. Fevralın 17-də ictimai birliyin qərargahında Qaradağlı faciəsinin 19-cu ildönümü ilə əlaqədar anma mərasimi keçirilmiş və bu soyqırımı ilə əlaqədar film nümayiş etdirilmişdir. Fevralın 25-də "Azersun Holdunq" şirkətlər qrupunun mədəniyyət mərkəzində İctimai Birliyin, "Azersun Holdunq" şirkətlər qrupunun və Şuşa Dövlət Musiqili Dram Teatrının birgə təşkilatçılığı ilə "Ruhların harayı" adlı anma mərasimi keçirilmişdir.
Fevralın 28-də Milli Məclisin deputatı Qənirə Paşayevanın və birliyin idarə heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Həvva Məmmədovanın "Xocalı soyqırımı: şahidlərin dilindən" kitabı təqdim olunmuşdur.
Bu il mayın 5-də ictimai birliyin təşkilatçılığı ilə Şuşanın erməni silahlı qüvvələri tərəfindən işğalının ildönümü ilə bağlı "Şuşa Azərbaycanın tarixi mədəniyyət mərkəzidir" mövzusunda elmi konfrans keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə təşkil olunmuş tədbirdə Milli Məclisin deputatları, respublikanın tanınmış ziyalıları iştirak etmişlər.
Mayın 6-da "Vətən çağırır" aksiyası çərçivəsində Şuşa şəhidlərinin ildönümünə həsr olunmuş anma mərasimləri təşkil edilmiş, mayın 8-də Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 19-cu ildönümü qeyd olunmuşdur.
İcmanın nümayəndələri, istər ölkə daxilində, istərsə də respublikadan kənarda beynəlxalq qurumlarla əlaqələri genişləndirərək müxtəlif tədbirlər həyata keçirmişlər. Martın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis və iyunun 9-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının dəvəti ilə ölkəmizdə səfərdə olan Amerika Dünya İşləri Şuraları (WACA) analitik beyin mərkəzinin üzvləri ictimai birliyin mərkəzi qərargahında qurumun idarə heyətinin üzvləri ilə görüşmüşlər. İyunun 11-də "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin və Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə Şuşa musiqi məktəblərinin bir qrup şagirdi İtaliyada səfərdə olmuşdur.
Məktəbli ansamblı İtaliyanın tanınmış musiqiçilərinin, ekspertlərin, diplomatik korpusun və ictimaiyyət nümayəndələrinin qarşısında "Şuşanın dağları" adı altında konsert proqramı ilə çıxış etmişdir. Konsertdən sonra Şuşa Rayon Mədəniyyət və Turizm İdarəsi münaqişənin qurbanları olmuş qaçqın-köçkünlərin həyatına həsr edilmiş fotosərgi açmışdır.
Martın 4-də "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin "Karabakh.az." saytı təqdim olunmuşdur. İnformasiya texnologiyalarının geniş yayıldığı indiki dövrdə bu saytın yaradılması çox faydalı və Azərbaycan Prezidentinin qarşıya qoyduğu "Biz informasiya müharibəsində qalib gəlməliyik" vəzifəsinin yerinə yetirilməsində atılan addımlardan biridir. Sayt təkcə icma barədə deyil, həm də Qarabağ, onun mədəniyyəti, coğrafiyası, tarixi haqqında məlumat almaq istəyənlər üçün zəngin mənbə rolunu oynayacaqdır. Onun Azərbaycan, ingilis və erməni dilində olması da çox mühüm əhəmiyyət kəsb edir.
Aprelin 23-də İctimai Birliyin mərkəzi qərargahında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsi keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan, yəni Ermənistan işğal olunmuş torpaqlarımızdan çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını qeyd edərək bildirmişdir: "Bu məsələ bizim üçün və Prezident kimi mənim üçün prioritet məsələdir. Məsələ həll olunmayana qədər prioritet məsələ kimi qalacaqdır".
Biz də hər zaman olduğu kimi, Prezidentin apardığı bu siyasəti müdafiə edərək "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin fəaliyyətini daha da canlandırmaq məqsədilə təşkilatlanma işlərini sürətləndirməli, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində keçirilən tədbirlərin coğrafiyasını genişləndirməli və Ermənistanın beynəlxalq aləmdə ifşa olunmasına nail olmaq üçün bütün qüvvələrimizi birləşdirərək bundan sonra da çox ciddi çalışmalıyıq", - deyə B.Səfərov vurğulamışdır.
Çıxış edənlər - AMEA-nın akademik-katibi Vaqif Fərzəliyev, Milli Məclisin deputatı Rövşən Rzayev, Xocavənd və Xocalı rayonları icra hakimiyyətlərinin başçıları Eyvaz Hüseynov və Şahmar Usubov idarə heyətinin yığıncaqlarının regionlarda keçirilməsini, Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri arasında inşa yazı müsabiqəsinin təşkilini, diasporla işin canlandırılmasını, təqvimə uyğun olaraq Dağlıq Qarabağa daxil olmayan ətraf rayonların da işğal gününün yad edilməsini, böyük dövlətlərdə ictimai birliyin təqdim olunmasını təklif etmişlər. Yerlərdə əhali ilə görüşlərin vacibliyi fikri də səsləndirilmişdir.
Yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rövşən Ağayev çıxış etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında