Həqiqətənmi dünyanın sonu yaxınlaşır?

Geodinamik proseslərin fəallaşma fazasına daxil olması müxtəlif fikirlər doğurur
Kütləvi informasiya vasitələrində hər gün izlədiyimiz qlobal istiləşmə, zəlzələ, vulkan püskürməsi, sunamilər, uçqunlar, daşqınlar, fırtınalar və daha nələr, nələr elə təsəvvür yaradır ki, sanki peykdən Yer kürəsinə baxsaq onu təlatümlə qaynayan laborator şara bənzədərik. Üstəlik, nüfuzlu beynəlxalq təşkilatların verdiyi elmi əsaslı proqnozlar Yerin yaxın gələcəyi barədə daha çox vahimə doğurur. Proqnozlar dünyanın bu əsrdə dağılacağını düşünməyə əsas verir. Hətta bəzi tələskənlər qiyamətin 2012-ci ildə baş verəcəyini düşünmüş və buna aid film də çəkmişlər. Bütün bunların təsiri ilə Yerin sadə sakinləri qorxu içində özü-özünə sual verir: "Bu dünya hara gedir?" Gəlin ən doğru cavabı təbiət elminin özündə axtaraq.
Bu gün ən aktiv proseslərdən və aktual mövzulardan biri qlobal istiləşmədir. Atmosferdə oksigeni formalaşdıran milyardlarla hava molekulu vardır. Qlobal istiləşmə məhz bu molekulların atmosferdə istixana əmələ gətirən molekullara kütləvi şəkildə çevrilməsi prosesidir. Bu çevrilməyə səbəb hava qatına nüfuz edən karbon, metan və azot qazlarıdır.
Statistika
Oksigen molekullarının atmosfer istixanası əmələ gətirən zərrəciklərə çevrilməsi təbii proses kimi, hətta bir neçə yüz min il bundan əvvəl buz dövründə də mövcud olmuşdur. Sonralar - iyirmi min il bundan əvvəl buzlaşma dövrü son həddə çatmış və istiləşmə əmələ gəlmişdir. Həmin istiləşmə bu günə qədər davam edir. Lakin proses əvvəllər təbii qaydada nisbətən zəif gedirdisə, son əsrlərdə əhəmiyyətli dərəcədə artmışdır. Məsələn, elmi mənbələrin birində göstərilir ki, 650 min il bundan əvvəl təbii olaraq, karbon qazı atmosferdə hər milyon molekulun 180-ni təşkil edirdi. İnsan cəmiyyəti sənaye ilə məşğul olmağa başlayana qədər bu rəqəm yenə də təbii proseslə 280-nə çatmışdır. Lakin sənayenin əsası qoyulandan ən müasir dövrümüzə qədər atmosferdəki istixana daha da genişlənmiş və 2005-ci ildə hələ yalnız karbon havadakı hər milyon molekulun 379-nu təşkil etmişdir. 1995-2005-ci illərdə aparılmış hesablamalara görə isə, ayrıca həmin onillikdə karbon qazı daha sürətlə - hər il yuxarıdakı göstəricilərə 1,9 rəqəmini əlavə etməklə artmışdır. Digər elmi mənbədə isə fərqli yanaşma ilə göstərilir ki, il ərzində atmosferdə 330 milyard ton karbon dövr edir və bunun yalnız 8 faizi insan fəaliyyəti ilə bağlıdır.
Əksər mənbələrdə hesab olunur ki, bu gün qlobal istiləşmənin kökündə duran əsas səbəb normadan artıq istehsal və bu istehsalatın tələb etdiyi təbii ehtiyatlardan hədsiz istifadədir. Nəticələr isə onda görünür ki, hər gün əriyən buzlaqların suyu quru əraziləri addımbaaddım zəbt edir, eyni zamanda çaylarda və Xəzər dənizi kimi hövzələrdə suyun səviyyəsi aşağı düşür, şirin su ehtiyatları duzlu okeanlara qarışır və s.
BMT tərəfindən bir araya gətirilmiş 130 ölkənin 2500 alimi 2007-ci ildə belə qənaətə gəlmişlər ki, 2100-cü ilə qədər dünyanın bütün buzları əriyəcək. Bəzi alimlər bunun daha tez baş verəcəyini söyləyir.
Son 25 ildə Arktik dənizin buzları 5 faiz azalmışdır. Orada yay aylarında da mövcud olan buzlar isə 15 faiz ərimişdir. Ümumiyyətlə, 40 il bundan əvvəlki bütün buz örtüklərinin 40 faizi artıq yoxdur.
Hazırda Yerin quru ərazilərinin 30 faizini meşələr örtür. Bu, 10 min il bundan əvvəl kənd təsərrüfatının ən ilk mərhələləri formalaşanda mövcud olmuş meşələrin üçdə iki hissəsini təşkil edir. Müasir dövrdə bu azalma olduqca sürətlə gedir. Belə ki, hər gün 20 min hektarlıq meşə məhv olur. Göstərici Paris şəhərinin ikiqat ölçüsünə bərabərdir. Bu rəqəm bir il ərzində 7,3 milyona çatır, digər elmi mənbədə isə 13 milyon hektar göstərilir.
Sibir və bu kimi digər ərazilərdə hava o qədər soyuqdur ki, torpaq daim donmuş vəziyyətdə olur. Belə torpaqların altında nə vaxtsa iqlimin təsiri ilə partlayacaq bomba yatır. Bu, metan qazıdır və yerin altından azadlığa çıxarsa karbondan 20 dəfə çox atmosfer istixanası əmələ gətirə bilər. Bu halda hansı nəticələrin olacağını heç kim proqnozlaşdıra bilməz.
Dünya əhalisinin 20 faizi Yerin ümumi təbii ehtiyatlarının 80 faizini sərf edib, ölkələrin inkişafına çəkdiyi xərcin 12 dəfə çoxunu isə hərb üçün çəkir.
Hər gün 5 min insan qeyri-içməli sudan asılılığa görə həlak olur. Bir milyard insanın içməli su mənbəyi yoxdur. Təxminən 1 milyard insan isə aclıq çəkir.
Hər 4 məməli, 8 quş və 3 suda-quruda yaşayan növdən biri tükənmək üzrədir. Bu heyvanlar təbii qaydadan min dəfə çox sürətlə məhv olur. Balıq ovlanan ərazilərin dörddə üç hissəsinin balıq ehtiyatı artıq tükənmiş və ya tükənmək üzrədir.
Son 17 ilin orta temperatur göstəricisi indiyə qədər qeydə alınmış bütün göstəricilərdən yüksəkdir. Digər hesablamalara görə isə, 2050-ci ilə qədər 200 milyon insan qlobal iqlim dəyişmələri səbəbindən qaçqın düşəcək.
Analizlər
Statistikadan belə görünür ki, iqlim dəyişmələrinin əsas səbəbi antropogen amillə (insan fəaliyyəti ilə) əlaqələndirilir. Bu isə qeyri-elmi cəmiyyətdə "özümüz öz dünyamızı dağıdırıq" anlayışı kimi dərk edilir. Lakin əksər alimlər bunun əksini fikirləşir və hesab edirlər ki, milyardlarla yaşı olan Yer kürəsinin təbii prosesləri də çox qədimdir və cəmi bir neçə yüz min il yaşı olan insan cəmiyyəti dünyanın dağılma prosesinin nə qarşısını ala, nə də onu sürətləndirərək 2050-ci ilə və ya bu əsrin sonuna qədər yekunlaşdıra bilər. İyirmi min il bundan əvvəl başlamış qlobal istiləşmənin hələ bundan sonra neçə min il davam edəcəyini və ya qlobal soyumanın nə vaxt başlayacağını kimsə bilmir. İnsan cəmiyyəti o qədər güclü deyil ki, 20 min illik prosesin qarşısını ala və ya sürətləndirərək dünyanın ömrünü 50-100 ilə dağılma mərhələsinə çatdıra bilsin.
Cəmiyyətin təbii fəlakətlərə münasibətinin analizi belə bir lokal sual doğurur:
...zəlzələ, yoxsa vəlvələ?
Dünyanın dağılması yalnız yerüstü deyil, həm də yeraltı proseslərlə əlaqəli anlayışdır. İnsan əlinin çatmadığı dərinliklərdəki proseslər Adəmdən əvvəl olduğu kimi, sonra da öz işini görür. Lakin əvvəl bu proseslər yalnız Yeri silkələyirdisə, insan yarandıqdan sonra zəlzələlərə vəlvələlər də əlavə olundu ki, o da beyinlərdə kök saldı.
Çox qədimlərdə bir ölkədəki təbii fəlakətin xəbəri qonşu ölkəyə atlılar və ya dəvə karvanları ilə uzun müddətə çatırdısa, bu gün dünyanın istənilən nöqtəsindəki zəif təkan belə bir neçə an ərzində qlobal seysmik şəbəkənin kompyuterlərinə yayılır. Oradan isə saysız-hesabsız kütləvi informasiya vasitələrinə ötürülür. Nəticədə təbii fəlakətlərə dair bol informasiya axını beyinlərdə o qədər sürətlə dolaşır ki, Günəş ətrafında dövrə vurub illəri fəth edən Yer artıq insan cəmiyyətinin sürətinə çata bilmir. Sanki insan dünyanın bundan sonrakı məlum olmayan minlərlə, bəlkə də milyonlarla ilini öz təfəkkürünün sürəti ilə 50-100 ilə qət etməyə çalışır. Bol informasiya axınının sayəsində bu cür sürətli fırlanmalar bəzən gicəllənmələrə də səbəb olur ki, bu da insan beyninin məhsulu olan, "2012-ci il" adlanan və dünyanın dağılmasına həsr edilmiş film kimi, yanlışlıq və çaşqınlıqlarla müşahidə olunur.
Bununla belə, elm onu da təsdiq edir ki, insan həqiqətən də təbii fəlakətlərə səbəb olan proseslərin sürətlənməsində müəyyən qədər rol oynayır. O, Yerin çox dərinliklərində gedən bu proseslərə müdaxilə edə bilməsə də ən üst qatındakı vəziyyətə təsir edə bilir. Sadə misal: insan fəaliyyətinin nəticəsində, xüsusən də su və kanalizasiya xətlərinin nasazlığı səbəbindən yerin altına sızan sular mayeni keçirməyən gil təbəqəsinə qədər nüfuz edir və nəticədə təbəqənin üzərində qrunt suları toplanır. Yerin altında suyun səviyyəsi qalxdıqca torpaq yumşalır. Bunun da nəticəsində hətta zəif maqnitudalı təkanlar qrunt suları ilə yumşalmış ərazidə sürüşmə və dağıntılara səbəb ola bilir.
Bu baxımdan, təbii fəlakətlər insana yox, insan təbii fəlakətlərə yaxınlaşır, - desək yanılmarıq. Təbiət hadisələri hər yerdə baş verə bilir. Ötən əsrlərdə zəlzələ, vulkan püskürməsi, sunami və s. insan ayağı dəyməyən yerlərdə tüğyan edəndə dünyanın onlardan xəbəri olmurdu. Bu gün həmin ərazilərdə geniş yayılmış insanlar və tikililər təbii fəlakətlərin qurbanı olur. Nəticədə böyük həyəcan formalaşaraq bütün dünyanı əhatə edir. Üstəlik, elm və texnologiyanın inkişafı sayəsində əldə etdiyimiz nailiyyətlər bəzən bizi xoşagəlməz sürprizlərlə rastlaşdırır. Yaponiyada olduğu kimi, atom elektrik stansiyasının yaratdığı təşviş radiasiyanın özündən daha geniş ərazilərə yayıla bilir.
Təbiət hadisələri Antarktidada da baş verir. Yəqin ki, orada da insanlar geniş məskən salsa idi qırılan nəhəng buzlar, zəlzələlər, sunamilər kütləvi tələfatlara və daha çox həyəcanlı xəbərlərə səbəb olardı.
Bundan əlavə, antropogen təsir ilə suyun, havanın, torpağın korlanması və digər ekoloji proseslər müxtəlif xəstəliklərə səbəb olur ki, nəticədə orta yaş həddi aşağı düşür, insan cəmiyyətinin ömrü azalır. Lakin bütün bunlar yalnız yerin üstündə baş verən, insanın daha çox özü-özünə etdiyi ziyanlardır.
Elmin gözü insan cəmiyyətinin izlərini cəmi bir neçə yüz min il bundan əvvələ qədər izləyə bilir. Gələcəyi bilmək isə keçmişi bilməkdən daha çətindir. Hətta zəlzələni qabaqcadan proqnoz etmək hələ ki, alınmır. Çoxsaylı proseslərdən birinin digərinə cüzi təsiri alimlərin bir neçə ilə böyük zəhmətlə hazırladığı proqnozu alt-üst edə bilir.
Əlqərəz
Elm onu da təsdiq edir ki, son illər geodinamik proseslər və zəlzələlər müəyyən qədər aktivləşmişdir. Amma bu aktivləşmə və səngimələr də Yerə xas xüsusiyyətlərdir. Bu məqamda inanmaq olar ki, keçmişin hər əsrində sadə insan cəmiyyəti təbii fəlakətlərin aktivləşmələrinin qorxusunu yaşayarkən təbiətin qəzəbləndiyini və Yerin yaxın illərdə dağılacağını düşünüb. Elə indiki kimi.
Baş verən prosesləri, yəni təbii və süni fəlakətləri, təşvişləri bir film hesab etsək, onun 2 qəhrəmanı var: insan və təbiət. Burada insanın işi ondan ibarətdir ki, öz ehtiyaclarını ödəmək üçün təbiətdəki hava, su, yem və digər ehtiyatlardan istifadə edir, nəticədə bir çox təbii proseslərin korlanmasına səbəb olur. O, ətraf təbii mühitdə baş verənləri düz-səhv dərk edir, təbii fəlakətlərin qurbanı olur və s. Yer isə yarandığı gündən öz təbii işində - təkamüldədir. Bunu qitə, okean, dəniz, dağ, meşə, səhra, buzlaq və s. yaranmasında, dəyişilməsində və ya yox olmasında görürük. İnsan bu böyük təbii proseslərə kifayət qədər təsir etmək gücünə malik deyildir. Onun bu sahədə apardığı qlobal mübarizə isə hələ lazımi qədər müsbət nəticə verə bilmir.
Bir maraqlı fikir də var. Uzaq qaranlıq səmadan planetimizin milyardlarla illərdən ibarət tarixini sürətlə, bir neçə dəqiqəyə müşahidə edə bilsəydik nələrin şahidi olardıq? Bəlkə də ağ buzlaqların, mavi suların, yaşıl örtüklərin, sarı səhraların bir-birini təkrar-təkrar əvəz etməsini, dağların və dərələrin enib-qalxmasını, püskürən alovları, dağıdan fırtınaları görərdik və Yeri təlatümlə qaynayan laborator şara bənzədərik. Kim bilir bu laboratoriyada neçə insan cəmiyyəti, sivilizasiya və mədəniyyəti udulub?

{nl}

Səid HÜSEYNOV, AMEA Geologiya İnstitutunun mətbuat katibi, tədqiqatçı-jurnalist
Məqalə Kembric Dairə Şurası, BMT-nin Ətraf Təbii Mühit Proqramı, İqlim Dəyişmələri üzrə Dövlətlərarası Komissiya, "Hom" sənədli film layihəsi və digər mənbələrin məlumatları əsasında hazırlanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında