Şəxsi heyət tapşırıqları uğurla icra edir

Bu yaxınlarda ümumxalq təntənəsinə dönmüş hərbi paradımız bir daha ölkəmizin hərbi qüdrətini dünyaya nümayiş etdirdi. Mərasimdə Silahlı Qüvvələrimizin bölmələri ən müasir silah-sursatı və hərbi texnikası ilə paytaxtımızın baş meydanından keçdi və Azərbaycanın qısa zamanda böyük hərbi uğurlara imza atdığını sübut etdi.
Yarandığı gündən cəbhə bölgəsində yerləşən və şərəfli döyüş yolu keşmiş "N" hərbi hissəsinin şəxsi heyəti bu gün də üzərinə düşən tapşırıqları uğurla icra edir. Ötən dövrün döyüş səlnaməsini yaşadan hərbi kollektiv düşmənlə təmas xəttini daim ciddi nəzarətdə saxlayır, əsgərlərin peşəkarlığının artırılmasına ciddi önəm verilir. Zabit E.Yusifovun açıqlamasına görə, təlim mərhələsində seçim aparılan zaman əsgərlərin psixoloji hazırlığı da diqqət mərkəzindədir.
- Öncə əsgərlərimizə bir həqiqəti başa salırıq ki, onlar yetərli döyüş ənənəsi olan bir hərbi hissədə xidmət edəcəklər və bu, şərəfli olmaqla yanaşı, həm də məsuliyyət deməkdir. Ərazilərimizdə vaxtilə qızğın döyüşlər gedib və düşmənin bir addım da irəliləməsinə imkan verilməyib. Çünki əsgərlərimiz yerli əhalinin mənəvi dəstəyindən ruhlanaraq strateji əhəmiyyətli yüksəklikləri qoruyub saxlamağa nail olublar. İndi isə şərəfli döyüş estafetini davam etdirmək hazırkı dövrümüzün gənclərinə etibar edilib.
Atıcı vəzifəsini daşıyan əsgərimizlə - Masallı rayonundan orduya çağırılmış Cavid Əsədovla növbəti döyüş postunda tanış oluruq. Ailədə üç qardaşın ilki olduğunu deyən əsgərə görə, cəbhə bölgəsi bütün çətinliklərinə baxmayaraq, insana mərdlik, qorxmazlıq aşılayan bir döyüş məktəbidir.
Bakının Qaradağ rayonundan hərbi xidmətə gəlmiş əsgər Hikmət Musalı ordu həyatının onuncu ayına qədəm basır. Hərbi xidmətin əsl kişilik məktəbi olduğunu bildirən əsgərə görə, səngər həyatında özünə sınanmış dostlar da qazana bilirsən.
- Hazırda kapitan Qənbərovun tabeliyində xidmət edən bir əsgər olsam da, əsgərliyimi başa vurandan sonra onunla dostluğumu davam etdirəcəyəm. Çünki o bizə burada komandir olmaqla yanaşı, həm də yaxşı bir dost, sirdaşdır. Çətin günlərimizdə bizimlə həmrəydir, bilmədiklərimizi səbrlə başa salır, köməyini, qayğısını əsirgəmir.
Pulemyot manqasının komandiri olan təcrübəli döyüşçü Xəzər Tağıyev də əsgər yoldaşının söhbətinə əlavə olaraq deyir ki, bizi birləşdirən müqəddəs bir amaldır: torpaqlarımızı yağıların işğalından azad etmək. Burada hər kəsin döyüş əzmi bu istəkdən, bu məqsəddən yaranıb. Hamımız eyni bir məqsəd ətrafında birləşən döyüşçülərik. Mən arzu edərdim ki, bir yerdə xidmət etdiyim komandirimlə, əsgər dostlarımla Azərbaycan Ordusunun zəfər yürüşündə iştirak edək və bu dostluğumuz daha da möhkəmlənsin.
Bərdə rayonundan olan əsgər Əlzamin Yusifov, Biləsuvardan xidmətə gəlmiş Mahmud Mahmudzadə və başqa döyüşçülərimiz də ordu həyatında qazandıqları əsgər dostluğunu sonadək davam etdirəcəklərini bildirdilər.
Cəlilabad rayonunun Səhləbad kəndində hamı Ağayevlər ailəsini döyüşçülər ailəsi adlandırır, çünki bu ailənin böyütdüyü üç oğulun üçü də ordumuzun döyüş bölmələrində xidmət edib. Rahil, Rəşad və sonbeşik - indicə həmsöhbət olacağım Elçin Ağayevlər. Elçin qumbaraatan peşəsinə yiyələnib, bir vaxt isə böyük qardaşlarının əsgəri xidmətdə qazandığı uğurları ilə fərəhlənib və özünə söz verib ki, hərbi xidmətə çağırılanda qardaşlarının yolunu davam etdirəcək.

{nl}

Arif PƏNAHOV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında