"9 MAY Qələbə günü mənim bayramımdı" - deyirdi

İnsan həyata bir dəfə gəlir. Nə qədər ömür sürməsindən asılı olmayaraq elələri olur ki, haqqında söz deməyə çətinlik çəkirsən. Elə insanlar da var ki, onların gördüyü işlərdən saatlarla, günlərlə danışmağa ehtiyac duyursan. Belə ağsaqqallardan biri də bu günlər daha çox xatırlanan, bir neçə müharibənin iştirakçısı Zilli Namaz oğlu Rzayev idi. Çox möhkəm yaddaşa malik istefada olan polkovnik Zilli müəllim 85 illik ömür yolunu nəinki ilinə, ayına, hətta, gününə, saatına qədər dəqiq xatırlayırdı.
Zilli Rzayev əslən Tovuzdan idi. O, Puşkin adına orta məktəbdə oxuyanda müharibə başlayıb. Əsgərliyə, oradan hərbi məktəbə, sonra isə Qroznıya- 402-ci diviziyaya göndərilib. Faşizm üzərində qazanılan qələbədə onun xidməti az olmayıb. Qələbədən sonra Vətənə dönərək Bakıda, Salyan kazarmasında 833-cü atıcı alayda qulluq edib. Əvvəl Gəncədə, sonra isə Xankəndində hərbi məktəbdə təhsil alıb. Bakı hərbi dairəsi ləğv edildikdən sonra əsil hərbçi taleyi yaşayan Zilli müəllim Xarkova, oradan Lvova göndərilir. 1947-ci ildə Lvov hərbi siyasi məktəbini bitirib Uzaq Şərqə təyinat alır. 1947-49-cu illərdə Çində vətəndaş müharibəsi zamanı orada qulluq edir. 1949-cu ildə Çin Xalq Respublikası elan edilir. Mao Tsze-Dunun imzası ilə Zilli Rzayev Çin Dövlət Mükafatına layiq görülür. 1950-ci ildə Koreyada müharibə başlayır. Sovet hərbi kadrları bu müharibədə zenitçi, topçu, təyyarəçi kimi iştirak edirdilər. 1953-cü ildə qoşun Çini tərk edəndə o, Uzaq Şərqin Şkotovo vilayətinə qulluğa qayıdır... Valideynlərinin istəyilə Vətənə dönəndən bir il sonra milli diviziyalar ləğv edilir, Azərbaycanın nə qədər bacarıqlı hərbçiləri vardısa, hamısı ordudan tərxis olunurlar.
...Çindən, Koreyadan qayıtdıqdan sonra Tovuza- dədə-baba ocağına üz tutdu. Rayon partiya komitəsində təlimatçı işlədi. Ali Partiya Məktəbində 4 illik təhsilini qırmızı diplomla başa vurub 1961-ci ildə yenidən rayona qayıtdı. Raykomda təşkilat işləri ona tapşırıldı. DİN-in kadr üzrə müavini S.Xalıqovun həmin vaxt rayonda ezamiyyətdə olarkən Zilli müəllimlə görüşməsi və milisdə işləməyi təklif etməsi onun sonrakı həyatını dəyişdi, DİN-dən gələn teleqrama əsasən həmişəlik Bakıya köçdü.
DİN-də ona N. Rizayev adına Bakı Orta Xüsusi Milis Məktəbində baş müəllim yeri təklif edilir. Heç bir il keçmir ki, bacarığını, qabiliyyətini görüb onu DİN-in xidməti hərbi hazırlıq bölməsinə rəhbər təyin edirlər. S.Xalıqov nazirliyin əmrini Zilli müəllimə verir. O, əmri maddə-maddə oxuyub dəyişikliklər edir. Bütün düzəlişlər qəbul edilir. Nazirlikdə təlim işləri təzədən işlənmiş bu əmr əsasında yenidən qurulur. O, milislər hazırlayan kursu bərpa edir. Ali təhsili olmayanların oxumalarına şərait yaradır. 1965-ci ilin aprelində onu DİN-in katibliyinə rəis təyin edirlər. Dörd il bu vəzifədə çalışır. Nazir həmişə onun işini yüksək qiymətləndirir. 1969-cu ildə yenidən Bakı Xüsusi Orta Milis Məktəbinə göndərilir. Bu dəfə rəisin birinci müavini vəzifəsinə...
Məktəbdə uzun müddət çoxillik hərbi sursat işlədilməmiş, ancaq tapançadan istifadə olunmuşdu. Zilli Rzayev bu hərbi sursatın hamısından istifadə edilməsi ilə bağlı məsələ qaldırır. Düşünür ki, heç olmasa kursantlar bu məktəbdə silahdan istifadəni öyrənsinlər, gün gələr, lazım ola bilər. Ona hər gün 2 saatlıq dərsdə silahdan istifadənin mümkünsüzlüyünü deyirlər. Zilli müəllim fikrindən dönmür. "Hər günkü 2 saatları toplayıb həftədə bir gün istifadə etmək olar" deyir. Və Şimal DRES-in yanında olan boş sahəni məşq üçün seçir. Bütün məsuliyyəti boynuna götürür. Sonralar, lap sonralar erməni təcavüzünün silahlı qarşıdurma dövründə cəbhədə vuruşan o vaxtın kursantları onun yanına gəlib "Allah atanıza rəhmət eləsin, yaxşı ki, o zaman silahdan atmağı bizə öyrətdiniz - deyəcəklər.Zilli müəllimin dərs dediyi kursantlardan ikisinə ölümündən sonra Milli Qəhrəman adı verilmişdir.
Milis məktəbində osetin, çeçen, inquş, tabasaran... və digər millətlərdən kursantlar təhsil alırdılar.1972-ci ilin qışıında qar, çovğun yolları bağlamış, elektrik xətləri kəsilmiş, qatarlar dayanmışdı. Sabunçudan o yana avtomobil də hərəkət edə bilmirdi. Zilli müəllim məktəbdəki kursantları bir-bir göz önünə gətirdi. "Ac qalarlar, işıq, su olmaz, köməksiz narahat olarlar" - deyə düşündü. Tərəddüd etmədən xidməti maşınından Sabunçuda düşüb piyada Mərdəkana yollandı. Soyuqdan dona-dona, üst-başı su içində xeyli müddətdən sonra məktəbə çatdı.
...Telefonlar ara vermədən bir-birinə xəbər ötürürdü: "Polkovnik itib". Polkovnik isə elə bu vaxt kursantların yanında əyin-başını qurudurdu. O, bir həftə məktəbdə qaldı. Sonralar çeçen uşaqlar Zilli müəllim haqqında yazdıqları məqalədə bu epizodu xüsusi vurğulamışdılar. Məktəbin rəisi istefaya gedəndən sonra bu bacarıqlı, həyat kredosu təmizlik, düzlük olan, bütün keşməkeşli zamanlarda müvazinətini saxlaya bilən polkovniki milis məktəbinə rəis təyin etdilər. İşə başlayanda ilk əvvəl istər maddi texniki baza cəhətdən, istərsə də tədrisin səviyyəsi cəhətdən müasirləşdirməyə üstünlük verdi. Həmin dövrdə Moskvadan maddi-texniki bazası zəif olan 8 məktəbin bağlanacağı xəbəri gəlmişdi. Zilli müəllim buna heç vəchlə razı ola bilməzdi. Nazir Cəfər Vəliyevin qəbuluna gedib, məktəb binasının etik, estetik normalara uyğun gəlməməsini faktlarla bildirdi. O vaxt inzibati bina tikməyə icazə verilmirdi. O, nazirdən kursantlar üçün 2-3 nəfərlik otaqları olan 2 yataqxana binasının tikintisinə razılıq aldı. Layihə işləndi. Özül hazır olandan sonra isə 25-30 nəfərlik auditoriyası, geniş mühazirə zalı olan 4 mərtəbəli iki korpusun tikilməsinə nail oldu. Məktəb əla tədris ocağına çevrildi. Onun bazasında müstəqil respublikamızın ilk Polis Akademiyası yarandı. Zilli müəllim 1984-cü ilin fevralın 23-də öz ərizəsi ilə məktəblə xudahafizləşdi. Özü getdi, amma qurduğu, tikdiyi bu gün qalır və illərlə qalacaq. Onun DİN sistemində çalışan tələbələri vicdanlı, təmiz, mayası düzlükdən yoğrulmuş bu ağsaqqal veterana daim hörmətlə yanaşırdılar.
... Zilli Rzayevin Qarabağ müharibəsi ilə bağlı olan narahat anları, keçirdiyi yuxusuz gecələri, uzun yolların yolçuluğu haqda uzun-uzadı söz aça bilmirəm. Oxuculara təkcə onu demək istəyirəm ki, bu müharibə vaxtı tovuzlular ermənilərə bir qarış belə torpaq vermədilərsə, bunda ağsaqqal polkovnikin də böyük rolu oldu. Gecəsini gündüzünə qatdı, səhhətini belə unutdu. 1992-ci ildə müharibənin şiddətli vaxtında cəbhə bölgələrini bir-bir gəzdi. Tovuzda Qazaxdan köçürülən qərargahın və müdafiə komitəsinin yaradılmasına kömək etdi. Cəbhəyə kimin nə verəcəyini müəyyənləşdirdilər. Onun sorağı gah Qazaxdan gəldi, gah Ağstafadan, gah da Tovuzun əlçatmaz, ünyetməz yüksəkliklərindən.
Son illər Bakı şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri idi. Şuranın işinin canlanması üçün yorulmadan çalışırdı. Böyük nüfuza malik ağsaqqal gənclərin milli və vətənpərvər ruhda tərbiyələnmələri üçün əlindən gələni əsirgəmirdi. 9 May Qələbə günündə hamıdan təbrik gözləyirdi. Ən çox sevdiyi bu bayramı-qələbənin 65 illiyini cəmi 1 ay gözləyə bilmədi, aprelin 8-də doğmalarına vida edib əbədiyyətə qovuşdu. Halbuki, onun həyat eşqi çox güclü idi, noyabrda 85 illik yubileyini qeyd edəcəkdi.
...9 Mayda iş yerinə, evinə yox, məzarı üstünə gəldik, yoxluğunla barışa bilməyən ömür-gün yoldaşın, övladların, nəvələrin, doğmaların və səni heç vaxt unutmayacaq dostlarınla birgə. Ruhun şad, yerin cənnət olsun...

{nl}

Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında