Şriftin ölçüsü:
20.07.2011 03:00 | Oxunma sayı: 451
Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Baş Dövlət Yol Polisi İdarəsində 2011-ci ilin 6 ayı ərzində yol hərəkəti təhlükəsizliyinin təmini və ictimai asayişin mühafizəsi sahəsində görülən işlərin yekunlarına, eləcə də qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.
DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, müşavirəni giriş sözü ilə açan nazir Ramil Usubov ictimai asayişin qorunmasında ən mühüm istiqamətlərdən birinin də yol hərəkəti təhlükəsizliyinin təmini olduğunu bildirmişdir. O, belə məsul vəzifənin məhz Dövlət Yol Polisi əməkdaşlarının üzərinə düşdüyünü xatırladaraq əməliyyat müşavirəsinin müzakirəsinə çıxarılan məsələlərin günün tələbləri baxımından çox aktual olduğunu diqqətə çatdırmışdır.
Sonra Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması sahəsində görülmüş işlərin nəticələrinə dair hesabat məruzəsi ilə çıxış etmişdir. O demişdir ki, avtomobil parkının sürətlə genişləndiyi müasir dövrdə nəqliyyat sisteminin təkmilləşdirilməsi, o cümlədən yol hərəkəti təhlükəsizliyinin təmini, insanların həyat və sağlamlığının avtomobillərin zərərli təsirlərindən müdafiəsi daim diqqət mərkəzində olmuşdur.
Qeyd edilmişdir ki, təkcə bu ilin birinci yarısında fiziki və hüquqi şəxslər tərəfindən ölkəmizə 30440 avtomobil gətirilmişdir ki, bununla da respublikada nəqliyyat vasitələrinin ümumi sayı 1 milyon 13 minə çatmışdır. Belə bir şəraitdə Dövlət Yol Polisinin əməkdaşları da işlərini müasir tələblər səviyyəsində qurmaq, hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün bir sıra əməli-praktiki tədbirlər həyata keçirmişlər.
Hesabat ilində 408342 yol hərəkəti qayda pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 7686, sürət həddinin aşılması üzrə 42111, ötmə qaydalarının pozulması üzrə isə 7245 fakt aşkar edilmişdir. Bütün aşkar olunan qayda pozuntuları üzrə 45 mindən çox sürücü yol hərəkət qaydasını pozduğuna görə cərimə edilmiş, 1895 nəfərin sürücülük hüququ müxtəlif müddətlərə məhdudlaşdırılmışdır.
Təəssüflə qeyd edilmişdir ki, yol hərəkəti təhlükəsizliyinin təmini istiqamətində həyata keçirilmiş tədbirlərə baxmayaraq, yol-nəqliyyat hadisələrinin sayı və onların ağırlıq dərəcəsi ötən ilin müvafiq dövrünə nisbətən artmışdır. Belə ki, respublika ərazisində 1364 yol-nəqliyyat hadisəsi qeydə alınmışdır ki, nəticədə 433 nəfər həlak olmuş, 1465 nəfər yaralanmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 204 fakt, həlak olanların sayı 36 nəfər, yaralananların sayı isə 282 nəfər artmışdır. Qeydə alınmış yol-nəqliyyat hadisələrinin 44,4 faizi nəqliyyatın yüksək sürətlə idarə olunması, 23,1 faizi ötmə qaydalarına düzgün riayət edilməməsi səbəbindən baş vermişdir.
Hesabat dövründə DYP əməkdaşları tərəfindən Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 18 nəfər yaxalanmış, qanunsuz saxlanılan 10 ədəd odlu silah, o cümlədən 5 avtomat, 2 tapança, 3 tüfəng və digər döyüş sursatları yığılmışdır. Narkotiklərlə mübarizə məqsədi ilə həyata keçirilmiş tədbirlər nəticəsində 28 fakt müəyyən edilmiş və qanunsuz dövriyyədən 40 kiloqrama yaxın narkotik vasitə çıxarılmışdır. Məruzə ətrafında çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin bir sıra xidmət və ərazi orqanlarının rəisləri görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışmış, yol verilən nöqsanları qısa müddətdə aradan qaldıracaqlarına söz vermişlər. Əməliyyat müşavirəsinə yekun vuran nazir Ramil Usubov Dövlət Yol Polisi əməkdaşlarının fəaliyyətinin ümumən müsbət olduğunu, eyni zamanda, hələ də bəzi nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd etmiş, onların aradan qaldırılması yollarını göstərmiş, konkret tapşırıq və tövsiyələrini vermişdir. Nazir xüsusilə vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin daxili işlər orqanlarına yüksək tələbkarlığı, diqqət və qayğısı xidməti vəzifələrin yerinə yetirilməsində məsuliyyətimizi daha da artırır. Ona görə gündəlik fəaliyyətində ictimaiyyətlə sıx təmasda olan Dövlət Yol Polisinin əməkdaşları yol hərəkəti qaydaları pozucularına, eləcə də cinayətkarlığa qarşı daha qətiyyətli və barışmaz mübarizə aparmalı, eyni zamanda, ədalətli və yüksək nizam-intizamlı olmalıdırlar.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.