Lerikdə yarımilliyə yekun vuruldu

Dağlar diyarında cari ilin ilk yarısının yekunlarına həsr olunmuş şura iclasının iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki möhtəşəm abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular. Sonra rayon mədəniyyət evində islas başlandı. İcra hakimiyyətinin başçısı Rövşən Bağırov görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə etdi.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkələr sırasına daxil olması xüsusi qeyd edildi. Vurğulandı ki, Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə Azərbaycan MDB məkanında yenə də ilk yerdədir. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarımilliyinin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı proqram xarakterli nitqində ölkəmizin inkişaf dinamikası və perspektivləri çox əhatəli, əsaslandırılmış şəkildə diqqətə çatdırılmışdır.
Ucqar Lerik rayonunda da inkişaf meylləri xeyli güclənmişdir. Adambaşına düşən gəlir 232,4 manata çatmışdır. Ümumi məhsul buraxılışının həcmi 2010-cu ilə nisbətən 3 faiz, adambaşına düşən ümumi məhsul buraxılışı 2,4 faiz, pərakəndə əmtəə dövriyyəsi 12 faiz, pullu xidmət 3,2 faiz və təmir-tikinti işləri 13 faiz artmışdır. Rayon üzrə əhalinin orta aylıq nominal əmək haqqı 261,4 manata çatmışdır.
Rayonda fəaliyyət göstərən bank filialları və kredit təşkilatı tərəfindən kiçik sahibkarlığın inkişafı məqsədi ilə əhaliyə 1 milyon 730 min manatdan yuxarı kredit verilmişdir. Əhali 57965 manat vəsaitini əmanət şəklində banklara yerləşdirmişdir.
Hazırda əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən 1174 ailənin 6651 üzvünə, o cümlədən 2011-ci ilin altı ayı ərzində 550 nəfərin 2976 ailə üzvünə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Mərkəzin rəhbərliyi vətəndaşlara olan müəyyən qədər borcun tam ödənilməsi üçün yuxarı təşkilatlar qarşısında məsələ qaldırmalıdır.
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən 1494 hüquqi və fiziki şəxs, 726 torpaq payçısı qeydiyyata alınmışdır. Qeydiyyatda 10023 nəfər əmək pensiyaçısı da var. Bütün pensiyalar tam ödənilmişdir. Cənab Prezidentin müvafiq fərmanı ilə iyuldan vətəndaşların 85 faizindən çoxunun pensiyasında artımların olması nəzərdə tutulmuşdur və artıq pensiyalar yeni artımla ödəniləcək. Hesabat dövründə müharibə əlilləri, şəhid və digər kateqoriyadan olan imkansız ailələrə icra hakimiyyəti tərəfindən maddi yardım və ərzaq bağlamaları verilmiş, bayramlarda şadlıq saraylarında süfrələr açılmışdır.
Regional inkişaf Dövlət Proqramı rayonda icrası nəzərdə tutulmuş layihələrin həyata keçirilməsi üçün əsas stimuldur. Proqramın icrasına uyğun olaraq cari ildə 343 yeni iş yeri açılmışdır. Ümumilikdə isə 2004-2011-ci illər ərzində 6334 nəfər sakin işlə təmin edilmişdir.
"Turizm ili" ilə əlaqədar Lerikdə bir sıra uğurlara imza atılmışdır. Artıq rayonda 9 turizm-istirahət mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə eyni vaxtda 700 nəfərdən artıq turistin qalması üçün müasir standartlara uyğun şərait yaradılmışdır. Birinci yarımildə 2693 nəfər, keçən ilə nisbətən 472 nəfər çox turist Lerikə gəlmişdir. Şəhərin abadlığı, yeni muzeylərin, ticarət obyektlərin tikintisi turist axınını da artırmışdır. 2010-cu ildən tikilən "AKVA-park" meydanında tamamlama işləri aparılır. Burada istirahətin daha rəngarəng keçməsi üçün qarşıdakı illərdə kanat yolların çəkilişi də nəzərdə tutulur.
Lerik şəhərində tikilmiş bazar istismara tam hazırdır. Məruzəçi dedi ki, aidiyyəti təşkilatlar şəhərin inkişafını, burada çoxsaylı qonaqların olmasını nəzərə alaraq küçələrdə sanitar qaydalara riayət etmədən ticarətlə məşğul olan şəxslərin yeni bazarda yerləşdirilməsi üçün qanunamüvafiq qaydada tədbirlər görməlidirlər.
Lerik şəhərində 1052 yaşayış evinə qaz xətti çəkilmişdir. Ötən ay ARDNŞ prezidenti Rövnəq Abdullayev və Milli Məclisin deputatı İqbal Məmmədovun iştirak etdiyi tədbirdə 6 kəndə qaz verilmiş, 500-dən yuxarı abonent mavi yanacaqla təmin edilmişdir. Görülmüş işlərə baxmayaraq, bir çox yaşayış məntəqəsində hələ də yanacaq kimi meşələrin qiymətli ağaclarından istifadə edilir. 9 kəndə qaz xəttinin çəkilməsi üçün "Azəriqaz" İstehsalat Birliyinə müraciətlər edilmişdir. "Azəriqaz" İstehsalat Birliyindən rayon icra hakimiyyətinə daxil olan məlumatda bu aydan tikinti işlərinin başlanması bildirilmişdir.
Rayonun 496 kilometrlik daxili yollarının əsaslı təmirə ehtiyac var. Artıq əhalinin daha çox istifadə etdiyi və sıx yaşadığı "50-ci km"-Xanagah, həmçinin Lerik-Kəlvəz yolu barədə müvafiq ilkin sənədlər hazırlanmışdır.
Fevral və mart aylarında çayların daşması, çaylarda sululuğun artması, aylıq normadan artıq yağış və qar yağması səbəbindən Lerik-Kəlvəz və Lerik-Mastayıl yollarında əhalinin gündəlik intensiv istifadə etdiyi körpülər qəza vəziyyətinə düşmüşdür. Rayon icra hakimiyyəti tərəfindən Nazirlər Kabinetinə, Fövqəladə Hallar və Nəqliyyat nazirliklərinə edilmiş müraciətlərə uyğun olaraq qısa vaxt ərzində daha müasir körpülər tikilərək istifadəyə verilmişdir. Piran kəndində 1 kilometr yola asfalt döşənmişdir.
Kənd sakinlərinin maliyyə dəstəyi ilə bir neçə ərazidə kəndarası yollar təmir olinmuş, Nücü ərazisindəki yolda isə əsaslı təmir işləri davam etdirilir. Hamarmeşə və Veri kənd orta məktəblərinin tikintisində işlər davam etdirilir, qəza vəziyyətində olan Bibyani məktəbinin tikintisi üçün isə hazırlıq işləri aparılır. Rayonda qəza vəziyyətinə düşmüş 24 məktəbə rəsmi baxış keçirilmiş, müvafiq sənədlər hazırlanmışdır. Həmin məktəblərin 2011-2013-cü illərdə tikilməsi nəzərdə tutulmuşdur.
Əlil və şəhid ailələri üçün ötən il 16 mənzilli yaşayış binası, ərazilərdə isə 4 fərdi ev tikilmişdir. Bu il daha 6 fərdi yaşayış evinin tikintisi üçün sənədlər hazırlanmışdır. Lerik şəhərində əlil və şəhid ailələri üçün yeni 16 mənzilli binanın tikintisi üçün ƏƏSMN-ə müraciət edilmişdir.
Rayon ərazisində işlərin milli memarlıq ənənələrinə və müasir tələblərə uyğun aparılması məqsədi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu tərəfindən Lerik şəhərinin yeni Baş Planı (2009-2029-cu illər) işlənmişdir.
Təsdiq edilmiş yeni Baş Plana əsasən Lerik şəhərində 4264 kvadratmetr istinad divarı bərpa olunmuş, səkilərə 1698 kvadratmetr ağlay plitəsi, 1830 kvadratmetr tamet döşənmişdir. Şəhərin küçə və yollarında 45620 kvadratmetr asfalt örtüyü salınmış, yeni müasir işıqlandırma sistemləri qurulmaqla 129 ədəd müasir elektrik dirəyi küçə və meydanlarda yerləşdirilmişdir. C.Cabbarlı küçəsində işıqlandırma sistemi bərpa edilmişdir.
Üç küçə əsaslı təmir edilmişdir. Bir küçədə aparılan tikintidə tamamlama işləri aparılır. Şəhərdəki 2 bulaq təmir olunmuşdur. Azərbaycanın ilk Milli Qəhrəmanı Valeh Müslümovun abidəsi ucaldılmış və ətrafı abadlaşdırılmışdır. Şəhərin mərkəzində olan bəzi kommunal və fərdi yaşayış evlərinin dam örtükləri dəyişdirilmişdir.
E.Qarayev küçəsində təmir-bərpa işləri aparılır, yolun hər iki tərəfində səkilər quraşdırılır, istinad divarları yenidən qurulur, üzlük daşlarla bəzədilir. Şəhərdə suaxarların təmir və bərpası üçün 500 min manat vəsait ayrılmışdır. Tikinti işlərinə apreldə başlanmışdır. Burada hazırda 42 nəfər Lerik sakini işləyir.
Vergilər idarəsi üçün kompyuter terminalının tikintisinə başlanmış, statistika idarəsi və təhsil şöbəsinin yeni inzibati binalarının tikilməsi üçün torpaq sahəsi ayrılmış, tələb olunan sənədlər hazırlanır.
Beş kənd ATS-i elektron tiplilərlə əvəzlənmişdir. İlin sonuna rayon üzrə bütün ATS-lərin elektronlaşdırılması başa çatdırılacaq.
Rayonun ayrı-ayrı yaşayış məntəqələrində istismar müddəti bitmiş, yanmış 12 ədəddən yuxarı elektrik transformatoru dəyişdirilmiş, bir neçə kənddə isə daha güclü transformatorlar quraşdırılmış, elektrik hava xətlərində təmir işləri aparılmışdır. Lerik şəhərində 17 meqavatlıq elektrik stansiyasının tikintisi üçün 4 hektar torpaq sahəsi ayrılmış, iyundan tikinti işlərinə başlanmışdır.
Hər həftə keçirilən qərargah iclaslarında istehlakçılar tərəfindən istifadə edilmiş elektrik enerjisi, qaz və suyun haqqının ödənişi vəziyyəti təhlil edilir, göstərilən xidmətlərin səviyyəsinin qaldırılması, xidmətlərə görə haqqın tam ödənilməsi üçün təsirli tədbirlər görülür.
Rövşən Bağırov sonra bildirdi ki, Lerik şəhərinin su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yaradılması ilə bağlı Dünya Bankı rayonda işlərə başlanmış, beynəlxalq tender elan olunmuş, tezliklə tikintinin aparılması planlaşdırılmışdır.
Altı ay ərzində rayon ərazisində 38 mindən çox, o cümlədən meşə mühafizəsi və bərpası müəssisəsi tərəfindən 36 minədək ağac əkilmiş, 15 hektar sahəyə 2400 kiloqram palıd toxumu səpilmişdir.
Aqrar sahənin inkişafına diqqət artırılmış, yeni cins mal-qaranın yetişdirilməsi ilə əlaqədar 127 baş heyvanda süni mayalanma aparılaraq, ümumilikdə 177 sağlam buzov əldə edilmişdir.
İribuynuzlu mal-qara 36304 başa, qoyun və keçilər 127466 başa çatdırılmışdır. Təsərrüfatlarda diri çəkidə 1056 ton ət, 9044 ton süd, 1735 min ədəd yumurta istehsal olunmuşdur. Rayonda emal müəssisələrinin yaradılması üçün müvafiq orqanlara müraciət edilmişdir. Bu baxımdan Piran kəndində broyler fabrikinin tikintisinə başlanması təqdirəlayiqdir.
İlk yarımildə rayon icra hakimiyyəti başçısı idarə və müəssisə rəhbərləri ilə birlikdə 21 səyyar qəbul və əhali ilə görüşlər keçirmişdir. Müraciətlərin bir çoxu yerində həll edilmiş və ya bu barədə əlaqədar təşkilatlara tapşırıqlar verilmiş, yuxarı dövlət orqanları qarşısında vəsatət qaldırılmışdır. Rayon icra hakimiyyətinə 938 vətəndaş müraciəti, keçən ilin müvafiq dövrünə nisbətən 210 müraciət çox daxil olmuşdur. Onlara baxılması, səyyar qəbulların təşkili vəziyyəti geniş şura iclasında müzakirə edilmişdir.
Sonda məruzəçi leriklilərin belə bir əzmini ifadə etdi ki, dövlət tərəfindən qarşıya qoyulan bütün məsələlərin həlli istiqamətində səylər artırılacaq, Nazirlər Kabinetinin 12 iyul 2011-ci il tarixli iclasında qeyd olunan çatışmazlıqların aradan qaldırılması təmin ediləcək.
Məruzə ətrafında müzakirələrdə çıxış edənlər ilin birinci yarısında rayon iqtisadiyyatının ayrı-ayrı sahələrində əldə edilmiş nailiyyətlərdən söz açdılar, rəhbərlik etdikləri sahələr üzrə görülmüş işləri qeyd etdilər. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilk yarımilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində görüləcək işlərlə bağlı məlumat verdilər.
Milli Məclisin deputatı İqbal Məmmədov yarımildə rayonda əldə olunmuş uğurların sevindirici olduğunu bildirdi.
Sonda iclas iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında