Mayın 10-da ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü Naxçıvan Muxtar Respublikasında da geniş qeyd edilmişdir.
Bununla əlaqədar muxtar respublikada geniş tədbirlər planı hazırlanmış və həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov nazirlik, komitə, baş idarə və müəssisələrin rəhbərləri, hərbi hissələrin komandirləri, elm, təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül düzmüş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Umummilli liderimizin həyatı və zəngin dövlətçilik fəaliyyəti Azərbaycanın inkişafı ilə sıx şəkildə bağlıdır. 1969-cu ildə birinci dəfə respublika rəhbərliyinə gələn ulu öndərimiz sosial-iqtisadi böhran keçirən, geridə qalan Azərbaycanı qısa zaman ərzində keçmiş ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirmişdir. Müasir mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin dövrdə yaradılmış potensiala əsaslanır.
1969-cu ildə əsası qoyulan strategiya nəticəsində yaranmış böyük iqtisadi pontensial XX əsrin 80-ci illərinin sonundan başlayaraq 1990-1992-ci illərdə dağıdılıb bərbad hala salınsa da 1993-cü ildən sonra yenə bu müdrik insanın böyük iradəsi və səyləri ilə bərpa edildi. 1993-cü ilin iyununda əldən getməkdə olan dövlət müstəqilliyini Azərbaycana ulu öndər Heydər Əliyev qaytardı. Dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qalan ölkəmizi məhz ümummilli liderimiz təlatümlər burulğanından xilas etmiş, möhkəm ictimai-siyasi sabitlik yaradılmış, Azərbaycan ötən əsrin 70-ci illərindən başlanan quruculuq xəttinə qaytarılaraq hərtərəfli inkişaf yoluna çıxarılmışdır. Qədirbilən Azərbaycan xalqı dahi oğlunun bu əvəzsiz xidmətlərini heç vaxt unutmayacaqdır.
"İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütüm varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyinə, ölkəmizin iqtisadi, siyasi inkişafına xidmət olmuşdur" - deyən ulu öndər Heydər Əliyevin böyük ideyaları, amalları bu gün də Azərbaycanın yoluna nur saçır, xalqımızı xoşbəxt gələcəyə səsləyir. Dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın ulu öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir.
Böyük dövlət xadimi Heydər Əliyevin izləri onun şah əsəri olan müstəqil, qüdrətli Azərbaycanın hər yerində görünür. Heydər Əliyev yolu ilə gedərək gündən-günə inkişaf edən, tərəqqiyə qovuşan Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında əldə olunan bütün nailiyyətlərdə ümummilli liderimizin işi və əməlləri yaşayır.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Muzeyinə gələrək görkəmli dövlət xadimi, hələ sağlığında canlı əfsanəyə çevrilmiş ümummilli liderimizin həyat yolunu, çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxmışlar.
Muzey ulu öndərin həyat və fəaliyyətinin, elmi-nəzəri irsinin, azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması kimi şərəfli missiyanı yerinə yetirir.
Dahi şəxsiyyətin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada ümummilli liderimizin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyətinə başladığı Dövlət Təhlükəsizlik Komitəsindəki fəaliyyəti, Azərbaycana rəhbərliyinin 1969-1982-ci illəri əhatə edən birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı və muxtar respublikaya rəhbərlik etdiyi illər, müasir müstəqil Azərbaycan dövlətinin memarı kimi fəaliyyət dövrü öz əksini tapmışdır.
{nl}
{nl}
Naxçıvan Muxtar Respublikası Ali Məclisində türkiyəli qonaqlarla görüş keçirilmişdir
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikada səfərdə olan Türkiyə Respublikasının Qars, Ərdəhan və İqdır valiləri Əhməd Kara, Mustafa Tekmen və Sayim Saffet Karahisarlı ilə görüşmüşdür.
Qonaqları salamlayan Ali Məclisin sədri onları Naxçıvanda - ikinci vətənlərində görməkdən məmnunluğunu ifadə etmiş, Naxçıvan Muxtar Respublikasının statusu, ərazisi, əhalisi, iqtisadiyyatı, elm və təhsil müəssisələri barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasında işbirliyi bütövlükdə Türkiyə-Azərbaycan qarşılıqlı əlaqələrində mühüm rol oynayır. Biz hər iki ölkə liderlərinin müəyyənləşdirdiyi yolla gedirik. Bu yol hazırda ölkəmizin rəhbərləri tərəfindən davam etdirilir və qarşılıqlı əlaqələrə çox böyük əhəmiyyət verilir.
Ali Məclisin sədri Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin qonşu vilayətləri arasında gediş-gəlişin, ticarət, mədəni əlaqələrin olduğunu, regionda bir sıra mühüm iqtisadi layihələrin həyata keçirildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, Muxtar Respublikanın əsas strateji magistrallarından sayılan 87 kilometrlik Naxçıvan-Sədərək magistral yolunda yenidənqurma işləri başa çatdırılaraq bu ilin sonuna kimi Türkiyəyə birləşdiriləcəkdir. Bölgədə digər iri layihələr də həyata keçiriləcəkdir.
İqdır valisi Sayim Saffet Karahisarlı, Qars valisi Əhməd Kara və Ərdəhan valisi Mustafa Tekmen səmimi görüşə görə minnətdarlıqlarını bildirmiş, tarixi kökə malik Azərbaycan-Türkiyə dostluğunun sarsılmaz və əbədi olacağını vurğulamışlar.
Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Ayhan Enginar görüşdə iştirak etmişdir.
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.