Şriftin ölçüsü:
16.07.2011 00:10 | Oxunma sayı: 729
Dağlar qoynunda yerləşən Lerik rayonunun ictimaiyyəti vaxtaşırı burada müxtəlif sosial obyektlərin istifadəyə verilməsi, xidmət sahələrinin və kommunikasiyaların işə salınması münasibətilə düzənlənən tədbirlərin keçirilməsinə adət etmişdir. Elə ötən ay rayon icra hakimiyyətinin yeni binasının istifadəyə verilməsi, Cəngəmiran kəndinə təbii qazın çəkilməsi, 35 yerlik uşaq bağçasının açılışı reallaşdırılmışdır. Bu günlərdə isə Lerik-Mastayıl-Murya yolunun üzərində tikilmiş yeni körpünün açılış mərasimi keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Şaiq Abbasov və başqalarının iştirak etdiyi tədbir böyük ruh yüksəkliyi şəraitində keçdi. Bu da təsadüfi deyildi. Axı, mərasim ulu öndər, unudulmaz dahi şəxsiyyət, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin 1969-cu ildə ilk dəfə Azərbaycana rəhbərlik etməyə başladığı tarixi 14 iyul günü ərəfəsində təşkil edilmişdi.
Mastayıl kənd tam orta məktəbinin direktoru Abdul Ramazanov mərasimi açaraq qonaqları salamladı və regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasında oynadığı rolu yüksək dəyərləndirdi. O bildirdi ki, geniş ictimaiyyət bu gün çox mühüm bir tədbirə toplaşmışdır. Mart ayında yağan güclü leysan yağışları nəticəsində Mastayıl çayı üzərindəki körpü qəza vəziyyətinə düşmüş və biz bir növ ətraf aləmdən təcrid olunmuşduq. Kömək üçün rayon rəhbərliyinə müraciət etdik və ölkə Prezidentinin diqqəti nəticəsində gördüyünüz bu əzəmətli körpü qısa vaxt ərzində tikildi. Altı kəndi birləşdirən yeni körpünün tezliklə inşa olunub sakinlərin ixtiyarına verilməsi hamını ürəkdən sevindirir. Buna görə də kəndimizin bütün sakinləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildirirəm.
Sonra kəndin inkişaf dinamikasından bəhs edən natiq fəxrlə söylədi ki, əhalini narahat edən hər bir problemin həllinə vaxtlı-vaxtında köməklik göstərilir. Ötən il Mastayılın elektrik təsərrüfatı yenidən qurulub, smartkart tipli sayğaclar quraşdırılıb. Yaxın günlərdə elektrik transformatoru dəyişdirilərək yenisi və daha güclüsü ilə əvəz ediləcək. Kənd tam orta məktəbinin əsaslı təmiri müvafiq plana daxil edilib və yaxın vaxtlarda bu işlərə başlanacaqdır. Bütün bunlar sakinlərin dövlətə, dövlətçiliyə inamını daha da artırır, doğma rayonun tərəqqisinə töhfələr vermək əzmini gücləndirir.
Daha sonra kənd ağsaqqallarından Adil Rzayev, Şahüseyn Kərimov və Abbas Zahidov çıxış edərək ölkə və rayon rəhbərliyinin ən ucqar kəndlərin belə sosial problemlərinə diqqətlə yanaşdığını, qaldırılan hər bir məsələ ilə əlaqədar böyük həssaslıq göstərdiyini razılıqla vurğuladılar. Lerik rayon mərkəzinin abadlaşdırılması, kəndlərarası yolların təmir olunması, yaşayış məntəqələrinə mavi yanacağın verilməsi və sair bu kimi tədbirlərin görülməsinə diqqət cəlb edildi. Bildirildi ki, bütün bunlar əhali tərəfindən rəğbətlə qarşılanır. Lerik-Mastayıl-Murya yolu üzərində salınan bu körpüdən 8 kəndin əhalisi istifadə edəcək. Yol çəkmək, körpü yaratmaq savab işdir. Odur ki, ağsaqqallar yaradılan bu şəraitə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirdilər.
Daha sonra Milli Məclisin üzvü İqbal Məmmədov, "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Şaiq Abbasov çıxış etdilər. Onlar son illərdə ölkə Prezidentinin tapşırığı ilə respublikada aparılan geniş tikinti-quruculuq işləri haqqında məlumat verdilər. Qeyd olundu ki, ölkə iqtisadiyyatı gücləndikcə kəndlərin də sosial siması başdan-başa dəyişir, yolların tikintisi sürətlənir.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxışında cənab Prezidentin qayğı və diqqəti nəticəsində rayonda aparılan genişmiqyaslı işləri qeyd etdi, əhalini narahat edən bütün problemlərin həllinə bundan sonra da daim köməklik göstəriləcəyini bildirdi. O, Mastayıl kənd sakinlərini yeni körpünün istifadəyə verilməsi münasibətilə təbrik etdi.
Rəmzi açılış lenti kəsildikdən sonra maşın karvanı körpünün üzərindən keçdi. Sakinlər onlar üçün yaradılan gözəl şəraitə, rahatlığa görə bir daha razılıqlarını ifadə etdilər.
{nl}
Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.