Şriftin ölçüsü:
16.07.2011 01:08 | Oxunma sayı: 500
Nəsimi rayonunun 2011 - ci ilin 1-ci yarısının sosial - iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclas keçirilmişdir.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq bildirmişdir ki, 2011- ci ilin 1-ci yarısı Azərbaycan iqtisadiyyatında müsbət meyllər davam etmişdir. Bu dövr ərzində qeyri - neft sektorunda artım 7,2, kənd təsərrüfatında 6,2 faiz olmuşdur. Əhalinin pul gəlirləri 17 faiz yüksəlmiş, ölkəmizin valyuta ehtiyatları 9 milyard artaraq 38 milyard dollar təşkil etmişdir. İlin 6 ayında 38 min iş yeri yaradılmışdır. Ölkəmizdə bütün proqram və investisiya layihələrinin icrası uğurla davam etdirilmişdir. Bütün bunların ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən ölkəmizin hərtərəfli inkişafına yönəlmiş siyasətin məntiqi nəticəsidir. 2011 - ci ilin 6 ayı Nəsimi rayonu üçün də uğurlu olmuş, iqtisadi, sosial sahələrdə bir sıra nailiyyətlər əldə edilmişdir.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Ayaz Əsgərov məruzə ilə çıxış etmişdir. O bildirmişdir ki, 2011 - ci ilin yanvar - iyun aylarında rayonda 161,6 milyon manatlıq və ya əvvəlki illə müqayisədə 3,6 dəfə çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Bu dövr ərzində rayon əhalisinə 603,5 milyon manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Rabitə müəssisələri tərəfindən 15,3 milyon manatlıq xidmət göstərilib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 dəfə çoxdur.
2011 - ci ilin 6 ayında tikinti təşkilatlarının yerinə yetirdikləri işlərin həcmi 132,4 milyon təşkil etmişdir ki, bu da keçən ildən 5,5 faiz çoxdur. Bu dövrdə rayonda 558 yeni iş yeri yaradılmışdır.
Bu dövr ərzində Nəsimi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 1954 ailəyə ünvanlı dövlət sosial yardımı verilmişdir. 373 nəfər tənha, ahıl və əlilə evlərdə sosial məişət xidməti göstərilmişdir.
Hesabat dövründə Ə. Qarayev adına Respublika Uşaq Xəstəxanası əsaslı təmirdən sonra fəaliyyətini tam bərpa etmişdir. Azərbaycan Tibb Universitetinin Cərrahiyyə korpusunda tikinti - quraşdırma işləri davam etdirilmişdir. Rayon ərazisindəki 7 orta məktəbdə və 6 körpələr evi- uşaq baxçasında əsaslı təmir işlərinə başlanılıb.
2011 - ci ilin 6 ayında Nəsimi Qaz İstismarı İdarəsində istehlakçılara 5,4 milyon manatlıq təbii qaz satılmış və ümumi satışın 96,6 faizi ödənilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yığım 17,3 faiz artmışdır.
Ölkəmizin hər yerində olduğu kimi Nəsimi rayonunda da böyük abadlıq və yenidənqurma işləri davam etdirilmişdir. Bu ilin 6 ayı ərzində Moskva prospektində, Cavadxan, H. Seyidzadə , S. Vurğun, C.Məmmədquluzadə küçələrində və digər yerlərdə, ümumilikdə 12200 kvadratmetr asfalt örtüyü vurulmuş, R.Behbudov küçəsinə 1500 kvadratmetr tamet döşənmişdir. 6 ünvanda binaların fasad və girişlərində elektrik xətləri təmir olunmuşdur.
Bu dövrdə "Zabitlər" parkının, "Bakı Elektrik Şəbəkə" ASC - nin inzibati binasının, 28 may küçəsi ilə Bülbül prospektinin kəsişməsində yerləşən yeraltı keçidin açılışları olmuşdur. Açılış mərasimlərində ölkə Prezidenti İlham Əliyev iştirak etmişdir. Cavadxan və D. Əliyeva küçəsində iki binanın qarşısında abadlıq işləri aparılmışdır. Hazırda 2- ci mikrorayondakı "Heydər" parkında, Vaqif və Azadlıq prospektinin kəsişməsində yerləşən parkda əsaslı təmir işləri aparılır.
Rayon ərazisində istehsal edilən və satılan istehlak mallarının keyfiyyətinə nəzarəti gücləndirmək məqsədilə reydlər keçirilir. Bu istiqamətdə görülən işlər barədə mütəmadi olaraq rayon icra hakimiyyəti başçısına məlumat verilir. Rayondakı "Təzə bazar" MMC -nin və 3 -cü mikrorayondakı "Kənd yarmarkası" nın ərazisində hər həftə kənd təsərrüfatı məhsulları yarmarkası keçirilir. Yarmarkalarda 40-50 ton müxtəlif çeşiddə bazar qiymətlərindən aşağı qiymətə məhsullar satılır.
Sonra Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Laçın Mustafayev, rayon qaz istismar sahəsinin baş mühəndisi Yusif Qocayev, Dövlət Sosial Müdafiə Fondu Nəsimi rayon şöbəsinin müdiri Məmməd Nuriyev və başqaları çıxış etdilər. Onlar görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışdılar.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev tədbirə yekun vurdu.
{nl}
Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.