Rusiya Gənclərinin İctimai Palatasının nümayəndələri Azərbaycana səfər edəcəklər

Rusiya Gənclərinin İctimai Palatasının nümayəndələri Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəvəti ilə 2011-ci il iyulun 17-dən 24-dək Azərbaycan paytaxtına səfər edəcəklər. Rusiya Gənclərinin İctimai Palatasından AzərTAc-a verilən məlumata görə, "Molodyojnoye Yabloko - molodıye demokratı" partiyasının həmsədri Olqa Vlasova və Moskva Vilayətındə ekologiyanın müdafiəsi üzrə "Yaşıl şəhər" ictimai hərəkatının sədri Roman Şkolin Bakıya gələcəklər. 
Azərbaycan həftəsi Gənclərin İctimai Palatasının üzvləri üçün hadisələrlə zəngin olacaqdır. Səfərin təşkilatçıları moskvalı qonaqlar üçün geniş proqram hazırlamışlar. Belə ki, Olqa Vlasova və Roman Şkolin yeddi gün ərzində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və "İrəli" İctimai birliyinin nümayəndələri ilə görüşəcək, Gənclər və İdman Nazirliyində, Bakı ali məktəblərində olacaq, "Azərbaycan Teleradio Yayımları" Qapalı Səhmdar Cəmiyyətinin layihələrində iştirak edəcəklər. Səfərin proqramında Naxçıvan Muxtar Respublikasına getmək və yerli gənclər təşkilatlarının üzvləri ilə görüşmək də nəzərdə tutulmuşdur.
"Münaqişələrin tənzimlənməsi beynəlxalq münasibətlərin nəzəriyyə və praktikasında: Azərbaycanın Dağlıq Qarabağ regionunda münaqişənin siyasi və hüquqi aspektləri" mövzusunda seminar Rusiya Gənclərinin İctimai Palatasının üzvlərini xüsusilə maraqlandırır.
Olqa Vlasova İctimai Palatanın saytına verdiyi müsahibədə demişdir: "Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlər və əməkdaşlıq dünya siyasi landşaftının sabitliyi baxımından həmişə mühüm tərkib hissə olmuşdur və indi də belədir. Əminəm ki, gənclərin yeni nəsli Qafqaz ərazisində düyünə düşmüş milli, dini və digər anlaşılmazlıqları aradan qaldıra bilər. Mən tələbə gənclər təşkilatlarında, ali məktəblərdə, Azərbaycanın Gənclər və İdman Nazirliyində keçiriləcək görüşlərə çox böyük ümid bəsləyirəm. Hesab edirəm ki, bu ölkənin gəncləri ilə şəxsi dialoq daha dərin qarşılıqlı anlaşmaya və nəticə etibarilə münaqişəli halların əksəriyyətinin tənzimlənməsinə kömək edəcək, ən başlıcası - gələcəkdə bu cür münaqişələr yaranmasının qarşısını almağa imkan verəcəkdir".
Roman Şkolin isə öz növbəsində qeyd etmişdir ki, bir ekoloq kimi İvanovka kəndində olmaq arzusundadır. Şkolin öz müsahibəsində demişdir: "Tambov, Voronej, Rostov, Stavropol və digər şəhər və kəndlərdən köçürülmüş ruslar 160 ildən çox əvvəl buraya gəlmişlər. Onlar burada kənd təsərrüfatı məşğuliyyəti ilə ad çıxarmış nadir bir məskən yaratmışlar. Sovet dövründə Kalinin adına yerli kolxoz respublikanın aparıcı təsərrüfatlarından birinə çevrilmişdir. Yeri gəlmişkən, bu təsərrüfat hələ də öz əkinçiliyi və heyvandarlığı ilə məşhurdur. Bu gün Azərbaycanın rus əhalisinin mədəniyyəti və məişəti ilə real şəraitdə tanış olmaq istəyirəm".
Görüşün işgüzar proqramı kimi, mədəni proqramı da zəngindir: qonaqlar Bakıda Şirvanşahlar Sarayı və Qız Qalası, Təzəpir məscidi və Nobel qardaşlarının ev-muzeyi, Naxçıvanda Hüseyn Cavid və Mömünəxatın məqbərələri ilə tanış olacaqlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında