Naxçıvan Muxtar Respublikasının elə bir şəhəri, rayonu, kəndi olmaz ki, quruculuq işlərindən bəhrələnməsin. Təkcə 1995-2010-cu illərdə 393 inzibati binanın, mənzil-kommunal təsərrüfatı sahəsində 593 obyektin, 119 körpünün, rabitə və informasiya texnologiyaları sahəsində 260 obyektin, 45 məişət evi və ticarət mərkəzinin, 231 elm və təhsil, 272 mədəniyyət, 173 səhiyyə müəssisəsinin, 33 idman obyektinin, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri və təbii fəlakətdən zərər çəkmiş ailələr üçün 457 fərdi evin, 3394 istehsal, xidmət və digər bu kimi infrastruktur obyektlərinin istifadəyə verilməsi muxtar respublikada iqtisadi inkişafın təmin olunması ilə bərabər, inşaat sektorunun böyük bir sürətlə genişlənməsindən xəbər verir.
Sevindirici hal bundan ibarətdir ki, müstəqilliyimizin ilk illərində bu sektorda bütün məhsullara olan tələbat sadəcə idxal hesabına ödənilirdisə, bu gün yerli istehsal, daxili imkanlar hesabına ödənilir. Şübhəsiz, yerli inşaat materialları xaricdən gətirilən məhsullardan həm keyfiyyəti, həm də qiymətlərinin sərfəli olması ilə fərqlənir. İnşaat sektorunda yerli tikinti materiallarından istifadə edilməsi həm də xaricə valyuta axınının qarşısını alır, eyni zamanda məşğulluq məsələlərinin həllinə, əhalinin sosial rifah halının yaxşılaşmasına səbəb olur. Yuxarıda da qeyd etdiyimiz kimi, tikinti-quruculuq tədbirlərinin geniş miqyas alması ilə inşaat materiallarına olan tələbat da ilbəil artmaqdadır. Dövlətimizin iqtisadi qüdrətinin artması və əhalinin sosial rifah halının yaxşılaşması nəticəsində nəinki dövlət və özəl sektorda, hətta fərdi yaşayış evlərinin tikintisində də böyük canlanma müşahidə olunmaqdadır. Təkcə bir fakta diqqət yetirək. Əgər 1989-cu ildə muxtar respublikada tikinti sektorunda bir ay ərzində orta hesabla 2176 ton betondan istifadə edilirdisə, indi bu qədər beton yalnız bir gün ərzində inşaat işlərinə sərf olunur. Öz-özlüyündə bu rəqəm inşaat sektorunun hansı miqyasda böyüdüyünün göstəricisidir.
Bu gün muxtar respublikanın tikinti sektorunda ən çox ehtiyac duyulan inşaat materiallarından biri də sementdir. İndiyədək bu məhsula olan tələbat idxal hesabına ödənilirdi. Bu da təbii ki, dövlət büdcəsindən külli miqdarda vəsaitin xaricə axmasına, nəqliyyat xərclərinin çoxalmasına, görülən işlərin qiymətinin artmasına və vaxt itkisinə səbəb olurdu. Ancaq "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanından sonra bu sahədə də böyük irəliləyişlər əldə edilmişdir.
Uğurla həyata keçməkdə olan bu proqramda nəzərdə tutulmuş tədbirlərin Naxçıvan Muxtar Respublikasında da icrasına inamla başlanması doğma diyarımızın sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuş, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, bölgələrdə kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan vermiş, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynamışdır.
Bundan əlavə, növbəti dövlət proqramının qəbul edilməsindən sonra muxtar respublikada regionların mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq səviyyəsinin azaldılmasına nail olmaq və regionu iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək məqsədi ilə inamlı addımlar atılmışdır.
Proqramda digər sahələrlə yanaşı, yeni sənaye müəssisələrinin tikintisi, dağ-mədən sənaye müəssisələrinin bərpası və yeni müəssisələrin yaradılmasının dəstəklənməsi də nəzərdə tutulmuşdur. Bununla bağlı 2009-cu ildən etibarən Naxçıvan Muxtar Respublikasında da məqsədyönlü tədbirlərin həyata keçirilməsinə start verilmişdir.
Belə tədbirlərdən biri də Naxçıvan üçün böyük əhəmiyyətə malik olan sement zavodunun inşa edilməsinə başlanılması olmuşdur. Əvvəlcə zəngin yeraltı sərvətlərə malik olan muxtar respublika ərazisində "Gəmiqaya Holdinq" şirkətlər ittifaqının mütəxəssisləri tərəfindən sement istehsalı üçün xammal mənbələrinin müəyyən olunması məqsədi ilə qazıntı yolu ilə geoloji axtarış işləri aparılmış, yataqlarda gərəkli xammalın olduğu aşkar edildikdən sonra xammal tədarükü üçün əlaqədar orqanlardan müvafiq icazələr alınmış, kimyəvi və fiziki analizlər xarici dövlətlərdə - Türkiyənin Sement İstehsalçıları Birliyinin laboratoriyasında və Çin Xalq Respublikasının bu sahə üzrə ixtisaslaşmış laboratoriyalarında əsaslı təhlil edilmişdir.
Laboratoriyalardan müsbət cavablar alındıqdan sonra isə Kəngərli rayonunda 150,6 hektarlıq ərazidə yeni sement zavodunun tikintisinə başlanılmışdır. Öz əhəmiyyətinə və çəkilən xərclərin miqyasına görə son 20 ilin ən böyük layihələrindən olan zavodun inşası "Gəmiqaya Holdinq" şirkətlər ittifaqı tərəfindən həyata keçirilir.
Bu gün artıq zavodun tikintisində işlər son mərhələdə davam etdirilir. Müəssisədə artıq sınaq məqsədi ilə sement istehsalına başlanılmışdır. Baş mühəndis Nihal Allahverdiyev söhbət zamanı bildirdi ki, Çin və Türkiyə istehsalı olan avadanlıqların quraşdırıldığı ağır sənaye müəssisəsində 18 əsas istehsal bölməsi mövcuddur. Bu günədək zavodda 5000 ton sement istehsal olunaraq sınaqdan keçirilmişdir. Onu da qeyd edək ki, zavodda bütün xammal növləri muxtar respublikanın yataqlarından əldə olunur. Məsələn, əsas xammal olan əhəngdaşı Çalxanqala kəndi yaxınlığındakı yataqlardan çıxarılır.
Zavodda müasir quru üsulla sement istehsal olunur. Xatırladaq ki, region ölkələrində bu üsulla sement istehsal edən çox az müəssisə mövcuddur. Quru üsulla sement istehsalı zavodun yanacaq sərfini minimuma endirmişdir. İstehsal edilən sementin keyfiyyəti muxtar respublikaya idxal olunan eyniadlı məhsullardan daha yüksək, qiymətləri isə daha ucuz olacaqdır. Bu da yerli inşaat sektorunun tələbatını tam şəkildə ödəməklə yanaşı, ixrac üçün də geniş imkanlar yaradacaq, yeni məhsul regionun sement bazarında əhəmiyyətli yer tutacaqdır.
Hazırda daxili bazara "Naxçıvan Sement" markası ilə çıxarılan sementin gələcəkdə CEM I/42,5N keyfiyyətlə istehsalı nəzərdə tutulur. Bu zavodun sınaq müddətində də olsa işə düşməsi və istehsala başlaması əhalinin məşğulluq probleminin həllinə də öz müsbət təsirini göstərmişdir. Tikintisinə 350 inşaatçının cəlb edildiyi və hazırda 170 işçinin çalışdığı zavod tam gücü ilə işə düşdükdən sonra burada 240 nəfər işlə təmin olunacaqdır. Xammal mənbələrində isə 100-150 nəfər daimi işlə təmin olunacaq, yüzlərlə insan çalışmaq, gün-güzəranını daha da yaxşılaşdırmaq imkanı əldə edəcəkdir.
Burada olarkən onu da öyrəndik ki, zavodda gündəlik 800-1000 ton klinker və 1000-1200 ton sement istehsal ediləcəkdir. Ümumilikdə, istehsaldan satışa qədər, o cümlədən kimya, nəqliyyat, yanacaq, qida və digər xidmət sahələri bu layihədən bəhrələnəcəkdir.
Bu müəssisənin əsas hədəfi gələcəkdə sementin müxtəlif növlərinin də yüksək keyfiyyətlə istehsal olunması, yerli və beynəlxalq keyfiyyət sertifikatlarının alınmasıdır. Zavodda istehsal xəttinə daxil olan xammal, köməkçi xammallar, qatqı maddələrinin, istehsal olunan klinker və sementin fiziki və kimyəvi keyfiyyətinə nəzarət müasir tələblərə uyğun olaraq tikilmiş və hər cür avadanlıqlarla təchiz edilmiş laboratoriyada həyata keçirilir. Burada quraşdırılan avadanlıqla istehsalat xəttindən saatda bir dəfə nümunələr alınaraq kimyəvi, fiziki və mexaniki analizlər aparılacaqdır.
Bu analizlərin nəticəsi həm istehlakçıya çatdırılacaq, həm də zavodun arxivində saxlanılacaqdır. Əlavə olaraq istehsalat xəttində mexaniki hissələrdəki nasazlıqların aradan qaldırılması, sıradan çıxan hissələrin yenidən emal olunması üçün metal dəzgahlar emalatxanası yaradılmışdır. Bu emalatxanada üçnövbəli iş rejimində işləyəcək zavodun istehsal xətlərində ortaya çıxan nasazlıqların tez bir zamanda aradan qaldırılması, sıradan çıxmış hissələrin təmiri üçün dəzgahlar və ehtiyat hissələri anbarı tikilmişdir.
Zavodun ətraf mühitə mənfi təsirini minimum səviyyəyə endirilməsi üçün də bütün vacib tədbirlər həyata keçirilmişdir. Bunun üçün külli miqdarda vəsait sərf olunmuş və Avropa standartlarına uyğun avadanlıqlar quraşdırılmışdır.
İndiyədək görülən işlər onu deməyə əsas verir ki, bu layihə qabaqcıl, ətraf mühiti daha az çirkləndirici və az enerji sərf edən istehsal prosesinin tətbiqinin uğurlu nəticəsini nümayiş etdirməklə, regiona mühüm ekoloji üstünlüklər gətirəcəkdir. Belə ki, istehsalat xəttində qırma, üyütmə və nəql kimi fiziki proseslərin, bişirməyə hazırlıq üçün ilkin isitmə, ilkin kalsinasiya və yekun bişirmə kimi kimyəvi proseslərin nəticəsində ortaya çıxan toz istehsal xəttində quraşdırılan 22 fərqli texniki xüsusiyyətdə olan toz tullantısı xüsusi tutucularla geri qaytarılır. Ümumiyyətlə, avadanlıqlar 2 ədəd elektrostatik çökdürmə vasitəsilə işləyən toztutucudan və 20 ədəd hava təzyiqi ilə işləyən toztutucudan ibarətdir. Bundan başqa, zavodun ətrafındakı ərazilərdə böyük miqyaslı yaşıllaşdırma tədbirləri də həyata keçirilmişdir. Bu məqsədlə 12 hektarlıq əraziyə 10 min ağac əkilmiş, abadlaşdırma işləri aparılmışdır.
Müəssisədə ərazinin mühafizəsi, texniki təhlükəsizlik, əmək və yanğından mühafizə qaydalarına da ciddi əməl olunur, insan amilinə xüsusi diqqət yetirilir. Zavodda işçilərin əksəriyyəti gənclərdir. Buna görə də zavod onlar üçün praktiki peşə təhsili məktəbi rolunu oynayır. Onlara təcrübəli mütəxəssislər tərəfindən istehsal prosesi haqqında ətraflı məlumat verilir, gələcəkdə müstəqil olaraq işləmələri üçün hərtərəfli köməkliklər göstərilir. Əlavə olaraq onlarla texniki təhlükəsizlik, yanğından mühafizə barədə də maarifləndirmə tədbirləri aparılır. Bir sözlə, bu gün regionumuzda son on beş ilin möhtəşəm inkişaf strategiyasının nəticəsi olan daha bir nəhəng layihə reallaşmaqdadır. İnanırıq ki, belə layihələrin sayı ilbəil artacaq, onlar muxtar respublikanın daha da çiçəklənməsinə xidmət edəcəkdir.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.