İctimai Televiziya ilə "Euronews" arasında mühüm müqavilə imzalanmışdır

Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkəti (İctimai Teleradio) ilə "Euronews" telekanalı arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır. İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və internet şöbəsindən bildirmişlər ki, müqaviləni telekanalların baş direktorları İsmayıl Ömərov və Maykl Piters imzalamışlar. 
"Euronews"un Parisin məşhur Şanzalize prospektində yerləşən ofisində İctimai Televiziya və "Euronews' kanallarının nümayəndə heyətləri arasında keçirilən görüşdə baş direktor İsmayıl Ömərov bu sənədin imzalanmasını tarixi hadisə kimi qiymətləndirmişdir.
"Euronews" telekanalının Müşahidə Şurasının sədri Pyer Luici Malesani müqavilənin qısa vaxtda imzalanmasına baxmayaraq, bunun heç də asan başa gəlmədiyini bildirmişdir. Telekanallar arasında əməkdaşlığa dair danışıqların 6 ay əvvəl başlandığını deyən Pyer Luici Malesani bunun Azərbaycanı Avropa mediasına tanıtmaqda bir vasitə olduğunu vurğulamışdır.
Bakıda Prezident İlham Əliyev tərəfindən qəbul edildiyini xatırladan Malesani Azərbaycanın dövlət başçısı ilə görüşün çox əhəmiyyətli olduğunu və bundan məmnun qaldığını söyləmişdir. O demişdir ki, Prezident İlham Əliyev ilə keçirilən görüşdə "Euronews" telekanalının Qafqazda əhəmiyyətli körpü rolu oynayacağını anladım.
P.L. Malesani "Euronews" telekanalı ilə İctimai Televiziya arasında əməkdaşlığın Avropa dəyərlərinin Azərbaycanda, eyni zamanda, Azərbaycan dəyərlərinin Avropada tanıdılmasına imkan verdiyini söyləmişdir.
İctimai Teleradionun baş direktoru İ.Ömərov isə böyük nüfuzu olan auditoriyanın inandığı "Euronews" ilə əməkdaşlığın təkcə Azərbaycanda deyil, bütün regionda önəmli rol oynayacağını bildirmişdir. O demişdir: "Bu əməkdaşlıq "Euronews"u regionun telekanalı edəcəkdir. Səmimi olaraq bildirmək istəyirəm ki, sizinlə proqram mübadiləsi hər iki telekanalın, xüsusilə də İctimai Televiziyanın auditoriyasının genişlənməsinə müsbət təsir göstərəcəkdir. Siz də İctimai Televiziya ilə əməkdaşlıqdan çox məmnun qalacaqsınız".
İ.Ömərov "Euronews" ilə bağlanan müqavilənin Azərbaycanda söz və mətbuat azadlığına verilən dəyər olduğunu söyləmiş və bildirmişdir ki, ölkəmizdə azad mətbuatın, elektron kütləvi informasiya vasitələrinin şəffaf, müstəqil və obyektiv fəaliyyəti üçün ciddi siyasi iradə, eləcə də yaradıcılıq mühiti mövcuddur.
Maykl Peters demişdir ki, İctimai Televiziya ilə imzalanan müqavilə rəhbərlik etdiyi "Euronews"un fəaliyyəti dövründə tam yeni bir istiqamət müəyyən edir. O, belə əməkdaşlıq formatının dünyanın heç bir telekanalı ilə mövcud olmadığını, bunun ilk dəfə məhz Azərbaycanın İctimai Televiziyası ilə əldə edildiyini diqqətə çatdırmışdır. Maykl Peters bu əməkdaşlıq formatının digər telekanallarla əlaqələrin genişlənməsinə zəmin yaratdığını və bunun bir nümunə olduğunu bildirmişdir.
Müqaviləyə əsasən, İctimai Televiziya "Euronews" proqramlarının Azərbaycanda məxsusi yayım hüququnu əldə edir. İctimai Televiziyaya, həmçinin "Euronews"un mövcud dillərdəki xəbər və ya analitik materiallarını yayımlamaq hüququ verilir. Bununla yanaşı, hər iki telekanal arasında xəbər və kadr mübadiləsi həyata keçiriləcəkdir.
"Euronews"un Qızıl üzvü (Gold Member) kimi İctimai Televiziyanın bu telekanalın xəbərlər xidməti ilə xüsusi əlaqələri olacaq, eləcə də onun daimi müxbir şəbəkəsi ilə əməkdaşlıq həyata keçiriləcəkdir. Dünyada, o cümlədən Azərbaycanda baş verən mühüm hadisələr zamanı "Euronews"un daimi müxbirləri və İctimai TV arasında əməkdaşlıq əlaqələri qurulacaqdır. Bununla yanaşı, İctimai Televiziya xüsusi proqram təminatı vasitəsilə öz veb-saytında yayım həyata keçirə bilər.
Parisdə iki telekanalın nümayəndə heyətləri arasında keçirilən görüşdə İctimai Televiziyanın işçi heyətinin tezliklə "Euronews"un Liondakı baş ofisinə səfər etməsi və burada xəbər xidməti ilə tanışlıq barədə razılıq əldə olunmuşdur. İctimai Televiziyanın baş direktoru İsmayıl Ömərov isə "Euronews" rəhbərliyini Bakıya dəvət etmiş və qısa müddətdə müqavilənin icrasına başlanılmasının vacibliyini bildirmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında