Prezident İlham Əliyev: Azərbaycan sürətlə, uğurla inkişaf edir və yaxın zamanlarda dünyanın inkişaf etmiş ölkələri sırasına daxil ediləcəkdir

Azərbaycan üçün yüksək nailiyyətlər ili kimi xarakterizə olunan 2011-ci ilin ilk yarısı arxada qaldı. Ötən dövrdə ölkə üzrə həyatın bütün sahələrində bir sıra yüksək nəticələr əldə edilmiş, xalqımızın maddi rifah halının yaxşılaşdırılmasına yönəldilmiş proqramların icrası uğurla davam etdirilmişdir. Bununla yanaşı, hesabat dövründə Azərbaycanın sosial-iqtisadi tərəqqisinin daha da sürətləndirilməsinə, əhalinin həyat səviyyəsinin bir qədər də yaxşılaşdırılmasına xidmət edən bir sıra addımlar atılmış, mühüm sənədlər qəbul edilmişdir. Bütün bu məsələlər barəsində Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ətraflı məlumat verildi, ilin qalan dövrü üçün qarşıda duran prioritet vəzifələr müəyyənləşdirildi. 
Dövlət başçısı giriş nitqində ölkənin cari ilin birinci yarısı ərzində qazandığı uğurları konkret rəqəmlər əsasında təhlil etdi. Qeyd olundu ki, hesabat dövründə Azərbaycanda iqtisadi artım əvvəlki dövrlərə nisbətən aşağı düşsə də, bu amilin ölkənin ümumi inkişafına mənfi təsiri hiss olunmamış, nəzərdə tutulmuş bütün proqramların, investisiya layihələrinin icrası uğurla davam etdirilmişdir. Məlumat üçün bildiririk ki, 2011-ci ilin altı ayı ərzində Azərbaycanda ümumi daxili məhsul istehsalının cəmi 0,9 faiz təşkil etməsi, əsasən, ölkə üzrə neft hasilatının azalması ilə bağlı olmuşdur. Bununla belə, Azərbaycanın son illər üçün hədəflədiyi qeyri-neft sektorunun inkişafında heyranedici nəticə əldə olunmuşdur. Belə ki, cari ilin yanvar-iyun aylarında ölkə üzrə qeyri-neft sektorunda 7,2 faiz artım qeydə alınmışdır ki, bu da Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin təmin edilməsi üçün dövlət başçısı tərəfindən yürüdülən iqtisadi siyasətin məntiqi nəticəsidir. Bu, həm də onu göstərir ki, Azərbaycan iqtisadiyyatının neftdən asılılığı ilbəil azalır, ölkədə tarazlı iqtisadi inkişafa nail olunur.
2011-ci ilin birinci yarısında ölkə iqtisadiyyatının ayrı-ayrı sahələri üzrə qazanılmış uğurlardan bəhs edən Prezident İlham Əliyev kənd təsəərüfatında əldə olunmuş 6, 2 faizlik artımın yaxşı nəticə olduğunu diqqətə çatdırmışdır. İlin əvvəlindən etibarən ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində əhalinin pul gəlirləri 17 faiz artımış, inflyasiya cəmi 8, 8 faiz təşkil etmişdir. Cari ilin birinci yarısında ölkənin milli gəlirlərinin xeyli artması dövlət büdcəsinə düzəlişlərin edilməsi zərurətini meydana çıxarmış, bunun da nəticəsində Azərbaycanın tarixində ilk dəfə olaraq büdcə xərcləri rekord səviyyəyə - 20 milyard dollara çatmışdır. Bundan əlavə, hesabat dövründə ölkənin strateji valyuta ehtiyatları 9 milyard dollar artaraq 38 milyard dollar təşkil etmişdir. Bütün bunlar isə ölkə iqtisadiyyatının hərtərəfli inkişafını təmin etməyə, insanların sosial problemlərinin həlli üçün əlavə maliyyə resurslarından istifadəyə geniş imkanlar yaradır.
Prezident İlham Əliyev qeyd etmişdir ki, cari ilin birinci yarısında sosial məsələlərin həlli, əvvəlki dövrlərdə olduğu kimi, yenə də diqqət mərkəzində saxlanılmış, büdcədən maliyyələşən təşkilatlarda çalışan insanların əməkhaqları qaldırılmışdır. Bu yaxınlarda isə ölkə üzrə 900 min nəfərə qədər pensiyaçının pensiyasının 40 faiz artırılması isə dövlətimizin son illər sosial sahədə həyata keçirdiyi ən uğurlu tədbirlərdən biri kimi qiymətləndirilməlidir. Bundan əlavə, ilin əvvəlindən ölkə üzrə ünvanlı sosial yardımların verilməsi də davam etdirilmişdir. Bütün bunlar isə Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasətin məntiqi nəticəsidir. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin cari ilin ilk yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev bu vacib məsələyə toxunaraq demişdir: "... Azərbaycan iqtidarının siyasəti sosialyönümlüdür. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütün iqtisadi uğurlar bizə imkan verir ki, sosial sahədə daha ciddi addımlar ataq. Mən əminəm ki, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması nəticəsində bir milyona qədər Azərbaycan vətəndaşı maddi vəziyyətini böyük dərəcədə yaxşılaşdıracaqdır... Məqsədimiz ondan ibarətdir və bu məqsədi bir neçə il bundan əvvəl qarşıya qoymuşdum ki, Azərbaycanda yoxsulluq kimi sosial bəla aradan qaldırılsın. Son illərin təcrübəsi göstərir ki, biz bu məqsədə çatırıq".
Məlum olduğu kimi, artıq səkkiz ilə yaxındır ki, Azərbaycanın regional, tarazlı inkişafının təmin olunması istiqamətində konkret tədbirlər həyata keçirilir, mühüm dövlət proqramları icra olunur. Ötən müddətdə ölkə regionlarının iqtisadi potensialının hərəkətə gətirilməsi, yerlərdə təşəbbüskarlığa geniş meydan verilməsi nəticəsində bölgələrdə iqtisadi fəallıq xeyli artmış, şəhər və rayonlarımızda bir sıra mühüm infrastruktur layihələri reallaşdırılmışdır. Təkcə onu demək kifayətdir ki, regional inkişaf proqramının icrası nəticəsində cari ilin altı ayı ərzində 38 min yeni iş yeri açılmışdır. Bütövlükdə isə son 7-8 il ərzində Azərbaycanda bir milyona qədər iş yeri yaradılmışdır ki, bu da ölkə üzrə məşğulluq strategiyasının uğurla həyata keçirilməsinin əyani sübutudur.
Son illər Azərbaycanın paytaxtı Bakı şəhəri sürətlə inkişaf edir, müasirləşir. Dövlət başçısı tərəfindən qəbul edilən inkişaf proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi nəticəsində paytaxtımızın siması getdikcə dəyişir, gözəlləşir, əhalini narahat edən sosial problemlər sürətlə aradan qaldırılır. Bu ilin may ayının 4-də Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair proqram isə artıq işlək bir sənədə çevrilmiş, paytaxtda, eləcə də ətraf qəsəbələrdə genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilir, bir sıra vacib sosial obyektlər inşa olunur. Dövlət başçısının xüsusi göstərişinə əsasən Bakıətrafı qəsəbələrdə yaşayan sakinlərin məşğulluğunun təmin edilməsi üçün konkret tədbirlər həyata keçirilir. Nazirlər Kabinetinin məlum iclasındakı yekun nitqində Prezident İlham Əliyev ölkənin yarımillik sosial-iqtisadi inkişafını uğurlu hesab edərək bildirmişdir ki, ölkəmizdə bütün proseslər müsbət istiqamətdə inkişaf edir və bir daha onu göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur, aparılan siyasət uğurlu inkişafımızı təmin edir. Dövlət başçısı, xüsusən də dünyanın müxtəlif ölkələrində yaşanan gərginliklərə, maliyyə və iqtisadi böhranlara baxmayaraq, bizdə mövcud olan siyasi sabitlik iqtisadi inkişafımızı təmin edir, əhalinin rifah halının getdikcə yaxşılaşdırılmasına imkan yaradır.
Dövlət başçısı yekun nitqində son illər Azərbaycanda həyata keçirilən infrastruktur layihələrindən bəhs edərək bildirmişdir ki, bu layihələr təkcə ölkəmiz üçün deyil, bölgə üçün də böyük əhəmiyyət daşıyır. Bu baxımdan Bakı - Tbilisi - Qars dəmir yolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev bir daha bəyan etmişdir ki, bu layihə Azərbaycanı nəqliyyat baxımından bölgə mərkəzinə çevirən bir layihədir və ölkəmiz onilliklər ərzində bu yolun istismarından həm siyasi, həm də iqtisadi dividentlər alacaqdır. Prezident İlham Əliyev hazırda reallaşdırılmaqda olan bir sıra mühüm infrastruktur layihələrinin icra vəziyyəti, onların ölkəmizin iqtisadi inkişafına verə biləcəkləri töhfələrdən də geniş bəhs etmişdir. Bu baxımdan Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafını nəzərdə tutan infrastruktur layihələrinin, eləcə də Heydər Əliyev Beynəlxalq Aeroportunun yenidən qurulması, Qəbələ beynəlxalq aeroportunun, Ələt dəniz ticarət limanının, metro tikintisi layihələrinin üzərində geniş dayanan dövlət başçısı inşaat işlərinin aparılması zamanı yerli materiallardan istifadə olunması ilə bağlı konkret göstəriş və tapşırıqlarını vermişdir.
Prezident İlham Əliyev Azərbaycanda sənayeləşmə prosesinin daha da sürətləndirilməsini qarşıda duran mühüm vəzifələrdən biri kimi xarakterizə edərək bildirmişdir ki, son məhsulun istehsalına qədər bütün texnoloji proseslər Azərbaycanda öz həllini tapmalıdır. Bu isə ilk növbədə yüzlərlə kiçik və orta şirkətin yaranmasına, minlərlə yeni iş yerinin açılmasına gətirib çıxaracaqdır. Bununla yanaşı, dövlət başçısı ölkədə sahibkarlığın inkişafı üçün tədbirlərin bundan sonra da davam etdiriləcəyini, onlara güzəştli kreditlərin veriləcəyini bir daha bəyan etmiş və bildirmişdir ki, bütün bu addımlar növbəti illərdə yeni istehsalların, iş yerlərinin açılmasına və qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir. Prezident İlham Əliyevin yekun nitqində səsləndirdiyi "Qəbul olunmuş proqramlar ona gətirib çıxarır ki, Azərbaycan sürətlə, uğurla inkişaf edir və yaxın zamanlarda dünyanın inkişaf etmiş ölkələri sırasına daxil ediləcəkdir" fikri, heç şübhəsiz, dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd etməyə hazırlaşan xalqımızın sabaha inamını daha da artırır.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında