Dövlət Proqramının icrası sürətləndirilir. Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yol əsaslı təmir olunur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası istiqamətində Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi" çərçivəsində Çexiyanın "İxrac" Bankı ilə 215 milyon avro məbləğində kredit sazişi imzalanmışdır. Bu vəsaitə Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yol əsaslı təmir olunacaq. 
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovdan aldığımız məlumata görə, Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Ağstafa-Tatlı sahəsinin 97-ci kilometrində start verilmişdir. Həmin gün 1 kilometr, 5 iyul 2011-ci ildə Ağstafa-Tatlı mənzilinin 96-94 kilometrində daha 2 kilometr yol əsaslı təmir edilmişdir. Növbəti hissələrin əsaslı təmirinin iyul ayının üçüncü ongünlüyündə aparılması nəzərdə tutulur.
Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin 4 və 11 saylı ixtisaslaşdırılmış dəmir yolu müəssisələri aparır. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini saatda 140 km-ə çatdırmaq mümkün olacaq.
Qeyd edək ki, əsaslı təmir işlərini aparmaq üçün qurğuların, çevirici tirlərin, maşın və mexanizmlərin, avadanlıqların və onların ehtiyat hissələrinin alınması üzrə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti və Çexiyanın Moraviya STEEL şirkəti arasında çərçivə müqaviləsi imzalanmışdır. Çexiyanın "Trşinets jelezarnı" zavodundan 41210 ton 65 tipli relsin alınması razılaşdırılmışdır. Artıq 100 kilometrdən artıq rels və ehtiyat hissələrinin bir qismi ölkəyə gətirilmişdir.
Əsaslı təmir üçün tələb olunan 583280 ədəd dəmir-beton şpal razılaşmaya əsasən Ələt şpal zavodunda ("Azərinşaatservis") istehsal olunacaqdır. Təmir işləri ilə əlaqədar olaraq Ələt şpal zavodunda artıq üçnövbəli iş sistemi tətbiq olunur. Bunun da əsas məqsədi şpala olan tələbatı ödəməkdir.
Qeyd edək ki, İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı sahəsində əsaslı təmir olunması nəzərdə tutulan yolların təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir.
Bu gün dəmir yolu öz inkişaf tarixinin yeni mərhələsinə qədəm qoyub. Dövlət Proqramının icrası ilə bağlı qarşıya qoyulan tələblər dəmiryolçuların məsuliyyətini bir qədər də artırıb. Məqsəd sərnişin və yük daşımalarına olan tələbatı tam ödəmək üçün bu mərhələdən yetərincə yararlanmaqdır. Çünki yeniləşmə, modernləşmə prosesinin sürətlə və keyfiyyətlə aparılması "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin etibarlı tərəfdaş olmasını bir daha sübuta yetirəcəkdir.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında