Təbii fəlakətin nəticələri aradan qaldırılır

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilmişdir. Müşavirədə Kür çayında suyun səviyyəsinin qalxması ilə bağlı baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə olunmuşdur.
Dövlət başçısı demişdir ki, son günlər ərzində yağan intensiv yağışlar nəticəsində ölkəmiz təbii fəlakətlərlə üzləşmişdır. Qırx rayonun ərazisində subasma halları müşahidə olunur. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev uçub, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələri su altında qalmışdır.
Dövlət başçısı əmin olduğunu bildirib ki, Azərbaycan bu çətin vəziyyətdən şərəflə çıxacaq. Çünki Azərbaycan dövləti güclü dövlətdir və güclü sosial siyasətə malikdir: "Hər bir məmur, hər bir vəzifəli şəxs elə hesab etməlidir ki, onun evi uçub, onun ailəsi evsiz-eşiksiz qalıb. Yəni, burada hər bir vəzifəli şəxs, məmur, bu işlərlə məşğul olan insan bu məsələlərə böyük vicdanla yanaşmalıdır, biganə olmamalıdır. Elə etməliyik ki, öz vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq və onlara dəstək verək".
Azərbaycan Prezidenti daha sonra vurğulayıb ki, əvvəlki illərdə də ölkəmizdə belə hallar olmuşdu, amma biz bu dərəcədə təbii fəlakətlə demək olar ki, ilk dəfə üzləşirik. Vəziyyət ümumilikdə nəzarət altındadır. Mən bu günlər ərzində hər yerdə vəziyyətlə maraqlanmışam, müvafiq göstərişlər vermişəm.
Dövlət başçısının tapşırığına əsasən respublikamızın bütün müvafiq qurumları dəymiş ziyanın aradan qaldırılması və insanlara lazımı köməkliklər göstərilməsi üçün əllərindən gələni edirlər. Bu vəziyyətdən əziyyət çəkən insanlar müvafiq yerlərə köçürülürlər.
Hamı inanır ki, təbii fəlakətin nəticələri aradan qaldırılandan sonra dövlətimiz onlara dəymiş bütün ziyanı aradan qaldıracaq. Hazırda sakinlər məqbul şəraitlə, dərman preparatları ilə, isti paltarlarla təmin olunurlar. Tezliklə onlara kompensasiyalar da veriləcəkdir.

{nl}

Şirvan
Təbii fəlakət Şirvan şəhərinə ciddi ziyan vurmuşdur. 700 həyəti və evi su basmış, 25 ev qəzalı vəziyyətə düşmüş, 2 məktəb və 1 uşaq baxçasını da su basmışdır. Şirvan Şəhər Fövqəladə Hallar Komissiyasının sədri Samid Ağayevin bildirdiyinə görə, şəhər rəhbərliyi yaranmış vəziyyətdən maksimum az zərərlə çıxmaq üçün bütün imkanlardan istifadə edir.
Şirvan Şəhər İcra Hakimyyətinin, yerli müəssisə və təşkilatların, "Azərenerji" ASC-nin 300 nəfər canlı qüvvəsi və 60 ədəd müxtəlif növ texnikasının köməyi ilə Bayramlı qəsəbəsində 300 metr uzunluğunda yeni bənd çəkilmişdir. Hazırda Kür çayından axan suyun Bayramlı qəsəbəsinə daxil olmaması üçün əlavə zəruri tədbirlər görülür.
Bəndbərkitmə işlərinə 5 buldozer, 15 traktor, 70 ədəd digər texnika cəlb olunmuşdur.
Həyətlərdə suyun çəkilməsi üçün 75 su nasosundan, 6 su çəkən maşından istifadə olunur.
Fövqəladə Hallar Nazirliyi tərəfindən 3 ədəd su çəkən maşın, 10 ədəd su nasosu ayrılmış, 50 əsgər və zabit cəlb olunmuşdur. Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 5 ədəd texnika cəlb olunmuşdur. Şəhərin Bayramlı, Hacıqəhrəmanlı, Kür körpü, İ. Qayıbov, Çılpaqlı yaşayış massivlərində bəndbərkitmə işlərinə 1200 nəfər cəlb olunmuş, bəndlərə 30000 kisə torpaq vurulmuşdur.

{nl}

Hacıqabul
Hacıqabul rayon Fövqəladə Hallar Komissiyasının sədri Sahib Aslanovun məlumatına əsasən Kür çayında səviyyənin qalxması nəticəsində rayon ərazisində 700 həyəti və evi su basmış, 5 ev uçmuş, 151 ev qəzalı vəziyyətə düşmüş, 10 sosial obyekti su basmışdır. 2 körpü qəzalı vəziyyətə düşmüş, bir ərazi sürüşməsi olmuşdur. 3900 hektar əkin, 3000 hektar örüş sahəsini su basmışdır.
Kür çayı rayonun 46 kilometrlik hissəsindən keçməklə Abdulabad, Kolanı, Talış, Meyniman, Axtaçı-Şirvan, Ağacanlı və Ələtli kəndlərini əhatə edir. Bəndbərkitmə işlərinə 30 özüboşaldan maşın, 8 buldozer, 8 iri və 2 kiçik həcmli ekskavator, 180 nəfər işçi və 1150 nəfərə yaxın kənd əhalisi cəlb olunmuşdur. Həyətlərdən suyun çəkilməsi üçün 25 ədəd su nasosundan istifadə olunur.
Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 3 ekskavator, 3 buldozer və 7 ədəd özüboşaldan maşın işləyir. Bəndbərkitmə işlərinə İcra Hakimiyyəti tərəfindən 8 özüboşaldan maşın, 5 buldozer, 6 iri həcmli ekskavator cəlb olunmuşdur.
"Azərenerji" ASC tərəfindən bəndbərkitmə işlərinə 13 özüboşaldan maşın, 2 kiçik həcmli ekskavator və 10000 kisə köməklik göstərilmişdir.
Abdulabad, Kolanı, Talış, Meyniman, Axtaçı-Şirvan, Ağacanlı və Ələtli kəndlərinin ərazisində bəndbərkitmə işlərinə 1150 nəfər kənd əhalisi cəlb olunmaqla 13350 kisə vurulmuşdur.

{nl}

Kürdəmir
Kür çayı Kürdəmir rayonunun 75 kilometr ərazisindən keçir, 16 kənd çayın sahilində yerləşir. Rayon fövqəladə hallar komissiyasının üzvü Əşrəf Şükürovun bildirdiyinə görə, son vaxtlar yağan güclü yağışlar və Kürün səviyyəsinin qalxması Kürdəmir üçün böyük təhlükə yaratmışdır. 40-a yaxın ev uçmuş, 140 ev isə su altında qalmışdır. Yaranmış təhlükənin qarşısını almaq və dəymiş zərəri aradan qaldırmaq üçün təcili tədbirlər görülmüş, ilkin olaraq rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikovun sədrliyi ilə qərargah yaradılmışdır. Bəndbərkitmə tədbirlərinə 2500-dən çox canlı qüvvə, 30 traktor, 12 ekskovator, 30 maşın cəlb olunmuşdur. Daxili imkanlar hesabına bəndlər vurulmuş, təhlükə nisbətən sovuşmuşdur. Dövlət başçısının tapşırığına əsasən "Azəraqrartikinti" və "Bina körpü tikinti" təşkilatları Kür çayının 32 kilometr ərazisində, Girdman çayının 24 kilometr ərazisində 1 metr hündürlüyündə 6 metr enində əlavə bəndbərkitmə işlərinə başlamışlar. Qalan hissələrin bərpası isə yerli qüvvələrin hesabına aparılacaq. Əhaliyə və ümumilikdə rayona dəymiş ziyan müəyyənləşdirilir.

{nl}

Sabirabad
İntensiv yağışların yağması nəticəsində Kür çayında səviyyənin artması Sabirabad rayonuna da xeyli ziyan vurub. Rayon fövqəladə hallar komissiyasının sədri Vəfadar Bağırovdan aldığımız məlumata görə, 5827 həyəti və evi su basmış, 37 ev uçmuş, 817 ev isə qəzalı vəziyyətə düşmüşdür. Həmçinin 5 uşaq bağçasını, 15 məktəbi, televiziya stansiyasını, 1 məscidi və 1 kitabxananı, 4344 hektar taxıl əkini sahəsini, 2680 hektar örüşü su basmışdır. Yaranmış vəziyyəti aradan qaldırmaq üçün tədbirlər görülür. Bəndbərkitmə işlərinə 5160 işçi, 17 traktor, 16 maşın və digər texnikalar cəlb olunmuşdur. Həyətlərdən suyun çəkilməsi üçün 65 nasosdan, 2 kanalizasiya maşınından istifadə olunur.
Fövqəladə Hallar Nazirliyi tərəfindən 3 maşın, 10 su çəkən nasosu ayrılmış, 1500-dən artıq əsgər cəlb olunmuşdur. Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 46 maşın, 5 qoşqu traktor, 23 ekskovator, 13 buldozer, 3 skreper bəndbərkitmə işlərinə cəlb olunmuşdur. Bu günə kimi 40 kənddə 640 min torpaq dolu kisə vurulmuşdur.
Hazırda Fövqəladə Hallar Nazirliyi kəndləri boşaldılmış sakinlər üçün Sabirabad şəhər stadionunda 40 çadır qurmuşdur.

{nl}

Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında