Zərdabda həyəcanlı günlər

Bütün imkan və səylər təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılmasına yönəldilib
Bu günlər Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin iş otağı, sözün həqiqi mənasında, cəbhə qərargahını xatırladır. Telefonlar susmaq bilmir. Hara, nə vaxt, nə lazımdır? Harada nə çatmır, əlavə canlı qüvvəyə, texnikaya ehtiyac varmı? Tələsik addım səsləri, gələn-gedən insanların bir qədər əsəbi, bir qədər də həyəcanlı görkəmi, nigaran baxışları vəziyyətin o qədər də yaxşı olmadığını göstərir.
İcra başçısının rəhbərliyi ilə keçirilən operativ yığıncaq da gecədən xeyli keçmiş başladı. Son günlər yağan aramsız leysan yağışları nəticəsində yaranmış gərgin vəziyyət geniş müzakirə edildi. Qəza vəziyyətində olan, uçmuş, otaqları və həyət-bacası su ilə dolmuş evlərdən əhalinin köçürülməsi üçün xüsusi qruplar yaradıldı. Onlara kifayət qədər maşın və mexanizm ayrıldı. Bundan başqa, əlavə kömək üçün nə qədər su nasosu, traktor, buldozer və başqa maşın-mexanizmin cəlb olunacağı dəqiqləşdirildi. Sözsüz ki, rayonda mövcud olan maşın-mexanizm bütövlükdə hadisə yerində idi. Ancaq bu, azlıq edirdi. Deməli, Fövqəladə Hallar Nazirliyinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin konkret köməyinə ciddi ehtiyac var.
Zərdabda uçmuş və qəzalı vəziyyətdə olan evlərin sayı dəqiqləşdirildi: cəmi 107. Dərhal da qərara alındı ki, həmin ailələr təcili olaraq köçürülməlidir. Müvafiq yer də dəqiqləşdirildi: "Aqrolizinq" ASC-nin Zərdab rayon şöbəsinin həyəti. O da məlum oldu ki, artıq burada 30-dan artıq çadır qurulmuşdur. Su basmış 884 həyətdən suyu çəkmək üçün 130 nasos işləyir.
Rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev, Milli Məclisin deputatı Jalə Əliyeva Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Arif Axundov, Madər Həbiyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Azər Kərimov, Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndəsi Əliqulu Cabbarov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Fuad Əliyev, Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi Vaqif Abdullayevlə birlikdə həmin ailələrə baş çəkdik. Çətin vəziyyət, qəfil baş verən hadisə, doğma ev-eşiklərindən aralı düşmələri bu adamları sarsıtmışdı. Bununla bərabər, təbiətin törətdiyi çətinliklərə mərdliklə sinə gərir, ruhdan düşmürdülər. Əsas diqqət zərər çəkmiş insanların, xüsusilə də qoca və uşaqların ilkin zəruri ehtiyaclarının ödənilməsinə yönəldilmişdir.
Raya İbrahimova ilə söhbət edirik:
- Zahid Bəkirov küçəsi, 24 nömrəli evdə yaşayırdıq. 5 nəfər ailə üzvü var. Həyət-baca bir yana, otaqların hamısı su ilə dolmuşdu. Ona görə də divarlar tab gətirmədi. Ev əşyalarından heç nə çıxara bilmədik. Sağ olsunlar, vaxtında köməyimizə çatdılar. Bizi burada qurulmuş çadıra gətirdilər. Əlbəttə, başa düşürük ki, bu, müvəqqəti çətinlikdir, tezliklə ev-eşiyimizə qayıdacağıq...
Səyavuş Babayev:
- Yaşlı adamların dediklərinə görə, son 50 ildə ilin bu çağlarında belə güclü yağışlar olmamışdır. Zərdab şəhərinin yerləşdiyi coğrafi şərait isə aydındır ki, belə yağıntıya uzun müddət tab gətirə bilmir. Şor suları dərhal üzə çıxır.
Evdən vaxtında çıxa bildik. Hələlik çadırda yaşayırıq. Heç olmasa, burada ayağımız quru yerdədir. İlkin ehtiyaclarımız ödənilib, zəruri əşyalar gətirilib. Ancaq doğma ev-eşiyimizə nə qədər tez qayıtsaq o qədər yaxşıdır.
İslam İbrahimov:
- Sözün düzü, hər li yaz ayları sel və şor suları ilə bağlı müəyyən çətinliklər olurdu. Ancaq indiki vəziyyəti heç vaxt görməmişdik. Bir tərəfdən Kür, digər tərəfdən Türyançay və Göyçay çayları Zərdabı, əsl həqiqətdə, çətin imtahana çəkdi. Rayon rəhbərlərindən, eləcə də Fövqəladə Hallar Nazirliyinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələrindən çox razıyıq. Onlar gecə-gündüz burada, bizim yanımızdadır, hər cür kömək göstərir, ürək-dirək verirlər.
Leysan yağışları rayonun Təzəkənd, Əlibəyli, Çallı, Alıcanlı, Xanməmmədli, Aşağı Seyidlər, Şəftəhal, Ağabağı, Allahqulubağı kəndlərinə daha çox ziyan vurmuşdur. Öyrəndik ki, həmin kəndlərin ərazisindəki bəndbərkitmə işlərinə 3,2 min nəfər cəlb olunmuş, 30 min kisə torpaq vurulmuşdur.
İcra başçısı Lütvəli Babayev Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Arif Axundovla, İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi Bəxtiyar Əliyevlə Əlibəyli və Qoruqbağı kəndində əhali ilə görülmüş, yaranmış vəziyyət geniş müzakirə olunmuş, vəziyyətdən çıxış yolları müəyyənləşdirilmişdir. Məsələ burasındadır ki, aramsız yağışlar, şor suları bu kəndlərdə əksər evlərə ciddi ziyan vurmaqla yanaşı, əkin sahələri də suyun altınıda qalmışdır.
Ümumiyyətlə, ilkin hesablamalara görə, rayon üzrə 2 min hektar əkin və örüş sahələri su altındadır.
Biz rayonda olarkən onu da öyrəndik ki, respublika hökuməti tərəfindən təbii fəlakətin törətdiyi fəsadları aradan qaldırmaq üçün Nəqliyyat Nazirliyinə, o cümlədən "Əlibəyli" və "Əfqan" şirkətlərinə konkret tapşırıqlar verilmşidir. Onların ağır texnikası və canlı qüvvəsi artıq Zərdabdadır. Qərara alınıb ki, Kür boyunca 45 kilometr, Türyançay boyunca 35 kilometr, Göyçay çayı boyunca isə 2,3 kilometr sahilbərkitmə işləri görülməlidir.
Şəhərdə daha bir gərgin vəziyyət içməli su ilə bağlıdır. Sel və şor suları içməli su nasoslarını tamamilə sıradan çıxarmışdır. Ona görə də artıq neçə gündür ki, şəhər əhalisinə içməli su maşınlarla gətirilir. Bu məqsədlə ətraf rayonlardan 10 su maşını ayrılmışdır.
Belə gərgin, həyəcanlı günlərdə rayon icra hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Allahverdi Səfərovu hər yerdə görmək olar: Rayon İcra Hakimiyyətində, Kürqırağı kəndlərdə, uçmuş evlərin həyətlərində, yeni qurulan çadır evlərinin yanında... Daha doğrusu, harada köməyə ehtiyac varsa orada.
Geniş söhbətə vaxt olmasa da Allahverdi müəllim təbii fəlakətin aradan qaldırılması istiqamətində görülmüş və görüləcək işlər barədə bunları bildirdi:
- Təbiət nə qədər şıltaqlıq etsə də, Kür, Türyançay, Göyçay çayları nə qədər təhlükə yaratsa da nəticədə insan iradəsi, insan əzmi, insan dözümü qalib gəldi. Hazırda bütün imkan və səylərimiz təbiətin vurduğu ziyanın tezliklə aradan qaldırılmasına yönəldilib. Hər gün operativ qərargahın yığıncağı keçirilir, görülmüş işlər yekunlaşdırılır, qarşıda duran vəzifələr konkretləşdirilir. Müvafiq respublika nazirlikləri, komitə və şirkət rəhbərlərinə müraciətlərimiz dərhal öz müsbət həllini tapır.
İndiyə kimi bəndbərkitmə işlərinə 7 traktor, 6 buldozer, 15 KAMAZ maşın, 30 müxtəlif texnika cəlb olunmuşdur. Həyət və evlərə dolmuş suyun çəkilməsi üçün 130 su nasosundan istifadə olunur. Ancaq bu, azlıq edir. Əlavə 3 suçəkən maşına, 20 su nasosuna, 2 qaldırıcı krana və s. ehtiyac var.
Mingəçevirdən din xadimi Hacı Xanəli Babayevin göndərdiyi 5 KAMAZ və yükləyici maşın Otmanoba kəndində Kür sahilində 2 kilometr məsafəni 1 metr qaldırmaqla məşğuldur.
Yaranmış vəziyyətlə əlaqədar olaraq mayın 5-də Fövqəladə Hallar Nazirliyinin yüksək rütbəli zabitləri Niyazi Zamanov, Tahir Səfərov, Şəmsəddin Əmrahov rayonda olmuş, vəziyyətin gərgin olduğu ərazilərə baş çəkmişlər. Həmin gün nazirlik tərəfindən 6 əlavə su nasosu ayrılmışdır. Ümumiyyətlə, Fövqəladə Hallar Nazirliyinin 30 əsgər və zabiti rayondadır. Bundan başqa, Meliorasiya və Su Təsərrufatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 8 əlavə texnika gətirilmişdir. Bir sözlə, görülmüş və görüləcək tədbirlər belə deməyə əsas verir ki, yaxın vaxtlarda rayonda həyat öz əvvəlki məcrasına düşəcək, insanlar normal yaşaya və işləyə biləcəklər. Onu da bildirim ki, may ayının 5-dən etibarən məktəblərdə dərslər başlanmışdır. Şəhər əsas məktəbinin binası qəza vəziyyətində olduğuna görə dərslər 2 saylı orta məktəbdə keçirilir.
Yazı çapa hazırlanarkən Zərdab rayonu ilə bir də əlaqə saxladıq, hazırkı vəziyyətlə maraqlandıq. Cavab belə oldu: Vəziyyət hələ də gərgin olaraq qalır. Digər tərəfdən, təbiətə bel bağlamaq olmaz. Ona görə də rayon icra hakimiyyətinin, bütün idarə, müəssisə və təşkilatların diqqəti təbiətin vurduğu ziyanın tezliklə aradan qaldırılmasına, eyni zamanda, qabaqlayıcı tədbirlərin görülməsinə yönəldilmişdir.

{nl}

Ziyəddin SULTANOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında