Övlad borcu

Mən həmişə demişəm və öz fikrimin üstündə dururam: Cəbhədə hər bir addım igidlikdir! Tələm-tələsik qazılmış səngərdə düşmənin artilleriya atəşinin sonunu gözləmək özü də igidlikdir...
Ziya BÜNYADOV, Sovet İttifaqı Qəhrəmanı, akademik

{nl}

Qapını döyüb içəri keçən ağsaqqal verdiyi salamın cavabını gözləmədən soruşdu:
- Bağışlayın, məni dinləməyə vaxtınız olacaqmı?
- Buyurun, - deyib yer göstərdim.
Əyləşdi. Amma diqqətlə təhər-tövrümə baxıb dilləndi:
- Yox, deyəsən, vaxtsız gəlmişəm, işiniz çoxdur. Burada mənim qeydlərim var. Qalsın sizdə, vaxtınız olanda baxarsınız, əgər məsləhət bilsəniz istifadə edin, - deyərək əlindəki qovluğu mənə uzatdı...
Gedərkən əlavə etdi ki, qeydlərin sonunda ev telefonunu da yazıb, lazım olsa zəng vurum.
...Sözün doğrusu, onun bu təklifi ürəyimcə oldu. Qovluğu bir qədər sonra asudə vaxtımda açıb nəzərdən keçirdim. Elə ilk sətirlərdən məni ovsunlayan qeydləri birnəfəsə oxudum. Böyük Vətən müharibəsində, uzaq Belorus torpaqları uğrunda gedən döyüşlərdə 40 yaşında həlak olmuş atasının məzarını ziyarətə gedən 70 yaşlı oğlun keçirdiyi hissləri həyəcansız oxumaq mümkün deyildi.
Oxuculara təqdim etdiyim bu qeydlər həmin qovluqla tanışlıqdan və Yaşar müəllimlə söhbətdən yarandı.
* * *
Yaşar müəllim əlindəki yol çantasını "Bakı-Brest" qatarında yerbəyer edib əyləşəndən sonra rahat nəfəs aldı. Elə bil, üstündən bir dağ götürdülər. Bu səfərə o, çoxdan hazırlaşırdı. Daha doğrusu, 1976-cı ildə SSRİ Müdafiə Nazirliyinin Podolsk şəhərindəki arxiv idarəsindən aldığı məktubdan sonra bu fikrə düşmüşdü. Həmin məktubda bildirilirdi ki, onun atası, kiçik leytenant, vzvod komandiri Faiq Zülfüqar oğlu Məmmədov 1943-cü il noyabrın 30-da Belorusiyanın Mogilyov vilayətindəki Çous rayonunun Lapeni kəndi uğrunda gedən döyüş zamanı qəhrəmancasına həlak olmuş və həmin kəndin də daxil olduğu Antonovka sovetliyinin qardaşlıq məzarlığında dəfn edilmişdir.
Bu məktubu alanda Yaşar sevinclə kədər qarışıq qəribə hisslər keçirdi. Əslində, daha çox sevinirdi: atasının müharibədə həlak olduğu ona çoxdan məlum idi. Daha doğrusu, 1943-cü ilin axırlarında İsmayıllı Rayon Hərbi Komissarlığından Tircan kəndinə göndərilən "qara kağız"da ümumi şəkildə yazılmışdı ki, Faiq Zülfüqar oğlu Məmmədov 1943-cü ilin noyabrın 30-da Vətən torpaqlarının düşməndən azad edilməsi uğrunda gedən döyüşdə xüsusi igidlik göstərərək həlak olmuşdur. Vəssalam! Onun hansı cəbhədə, yaxud döyüş bölgəsində həlak olması, harada dəfn edilməsi barədə əlavə heç bir məlumat yox idi.
Müharibə qurtardı. Tircan kəndindən cəbhəyə gedənlərin xeyli hissəsi qayıtmadı. Qayıdanların da çoxu yaralı və şikəst idi. Nə qədər yaralı və şikəst olsalar da, ölümün ağzından qurtulmaları onların əzizləri - doğmaları üçün toy-bayrama çevrilirdi. Gözü yolda qalanlar isə daha çox idi. Hətta Faiqin ailə üzvləri kimi, "qara kağız" alanlar da ümidlərini üzməmişdilər, hansısa möcüzənin baş verəcəyinə inanırdılar. Ayrı-ayrı yerlərdə əvvəlcə "qara kağızı", sonra isə özü gələn döyüşçülərin olması barədə xəbərlər onlarda bu inamı bir qədər də artırırdı. İllər ötür, lakin heç bir möcüzə baş vermirdi ki, vermirdi...
... Faiq cəbhəyə gedəndə 40 yaşı tamam olmamışdı. On beş il idi ki, öz elindən-obasından bəyənib seçdiyi Firəngizlə ailə qurmuşdu. Beş övlad atası idi: Nazimin 13, Elmiranın 11, Yaşarın 8, Zəminənin 4, sonbeşikləri Almasın 1 yaşı vardı.
... Uşağın hafizəsi güclü olar, deyiblər. Atasının cəbhəyə yola düşdüyü gün - 1942-ci ilin 28 fevralı da Yaşarın indiki kimi yadındadır. Aclığın tüğyan etdiyi çağlar idi. Evdə yeməyə bir şey olmadığından uşaqlar ac yatmışdılar. Faiq dan yeri sökülməmiş yır-yığışını elədi. Dərin yuxuya getmiş balalarını oyatmadan bir-bir üzlərindən ehmalca öpərək Firəngizə "Uşaqlar amanatı", - deyib kənddəki müvəqqəti çağırış məntəqəsinə yollandı. Yuxudan oyanan uşaqlar atalarını evdə görmədilər. Öyrəndilər ki, müharibəyə gedib, amma hələ kənddəki çağırış məntəqəsindən yola salınmayıb. Oraya qaçdılar. Faiq balalarını bağrına basıb onlara ürək-dirək verdi: "Tezliklə qayıdacağam, sizə peçenye-konfet, pal-paltar, kitab-dəftər də alıb gətirəcəyəm..."
O vaxtlar cəbhəyə gedənləri, bir qayda olaraq, musiqi ilə - qara zurnanın sədaları altında yola salardılar. Həmin gün Faiqgil də musiqi sədaları ilə yola düşdülər.
Bundan sonra müharibəyə gedənlərin hamısı kimi Faiqin ailəsi də hər gün səbirsizliklə poçtalyon Yarəli kişinin yolunu gözləyirdi. Ondan xeyli sonra məktub gəldi. Adi şagird dəftəri vərəqində, adətən, karandaşla yazılan əsgər məktubları üçbucaq şəklində qatlanar və üzərinə "polevaya poçta" markası vurulardı. Belə məktublara poçt xidməti haqqı ödənilmirdi.
Faiqdən çox seyrək hallarda məktub gələrdi. Adətən, qısa yazardı, ailə üzvlərinə, qohum-əqrabaya ürək-dirək verərdi ki, onun vəziyyəti yaxşıdır, hərbi hissədə komandirlər xətrini istəyirlər. Hətta, son məktubunda yazmışdı ki, nümunəvi xidmətə görə ona kiçik leytenant rütbəsi verilmiş və vzvod komandiri təyin olunmuşdur. Elə həmin məktubda kiçik leytenant paqonunda zabit formasında yeganə şəklini də göndərmişdi. Hərbi sirr olduğundan harada xidmət etdiyini yazmazdı. Ondan gələn məktubları, bir qayda olaraq, böyük qardaşı, Lenin ordenli Əhmədəli müəllim açıb oxuyar, cavab məktubunu da o yazardı.
Məktublarının birində yazmışdı ki, nümunəvi xidmətimə, verilən tapşırıqları həmişə yüksək səviyyədə yerinə yetirdiyimə görə bütün komandirlərin, eləcə də rəhbərlik etdiyim vzvodun döyüşçüləri arasında xətir-hörmətim böyükdür. Gec məktub yazdığıma görə narahat olmayın. Gecə-gündüz düşmənlə döyüşlərdəyik, bəzən sutkalarla yatıb-dincəlmirik. İnşallah, faşistlərin axırına çıxacağıq. Buraların havası olduqca sərtdir, şaxtası, qarı dözülməzdir. Amma biz Vətən uğrunda hər cür çətinliyə dözməyə hazırıq, faşistlər isə tab gətirə bilmirlər... Uşaqlar üçün bərk darıxıram...
Sonuncu məktubda isə yazmışdı ki, bizim hərbi hissə mühasirəyə düşüb, hələ ki, itkimiz yoxdur, halqanı yarıb çıxmağa çalışırıq. Məktubu belə bir cümlə ilə bitirmişdi: "Mənim məktublarımı qoruyub saxlayın, sonra lazım olar".
O vaxt bu, sonuncu cümlədə Faiqin nəyə işarə etdiyini duyan olmadı. Bu, sonradan məlum oldu. Hərbi sirr olduğuna görə nə zərfin üzərində, nə də məktubun içərisində döyüşlərin harada getdiyini, hərbi hissələrin harada yerləşdiyini yazmaq olmazdı. Hətta, Faiqin ailəsi "qara kağızı" alanda da onun harada həlak olduğu və dəfn edildiyi göstərilməmişdi. Sadəcə yazılmışdı ki, "...Faiq Zülfüqar oğlu Məmmədov 1943-cü il noyabrın 30-da Vətən torpaqlarının düşməndən azad edilməsi uğrunda gedən döyüşdə xüsusi igidlik göstərərək qəhrəmancasına həlak olmuşdur". Deməli, Faiq bu döyüşlərdən salamat çıxmağa çox az şans olduğunu nəzərə alaraq, doğmalarını xəbərdar etmişdir ki, bəlkə həmin məktubların köməyi ilə onun harada dəfn edildiyini öyrənə bildilər...
Faiqin şəhid olması xəbərindən sonra müharibə və aclıq şəraitində beş uşağı necə saxlayacağı barədə düşünəndə Firəngiz ananın gözləri qaraldı. Bütün ağırlıq onun çiynində idi. Yaxşı ki, o illərdə göy-göyərti, tərə, əməköməci, bostan məhsulları, mer-meyvə bol oldu, yoxsa aclığın qarşısında tab gətirmək qeyri-mümkün idi. Bir də, müharibə dövrünün uşaqları tez böyüyürlər, - deyiblər. Nazim, Elmira, elə Yaşarın özü analarına köməkçi oldular, ailəni dolandırmaq üçün ən ağır işlərə belə çiyin verdilər.
Aclığın-yalavaclığın bütün çətinliklərinə sinə gərən ailə müharibədən salamat çıxdı. Uşaqların hamısı orta təhsili başa vurdu. Ailə qurdular, ev-eşik sahibi oldular. Təkcə Yaşar ali təhsil ala bildi ,1951-ci ildə orta məktəbi bitirib Bakıya gəldi və imtahan verib Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsinə qəbul olundu. 1955-ci ildə institutu bitirdikdən sonra təyinatla İsmayıllı rayon maliyyə şöbəsinə göndərildi. İki il sonra Bakıya qayıdıb Neft daşlarında - NQÇİ-də, 1974-cü ildən isə Maliyyə Nazirliyində mühəndis-iqtisadçı, iqtisadçı, böyük iqtisadçı, aparıcı iqtisadçı, şöbə müdiri... vəzifələrində işlədi... ta 1992-ci ilə qədər. Bundan sonra müxtəlif ixtisarlar bəhanəsi ilə peşəkar kadr işsiz qaldı. Daha sonra fasilələrlə "Xəzərdənizneftqazburma" Trestində və Suraxanı rayon vergi müfəttişliyində işləsə də, 2000-ci ilin mart ayından pensiyaya çıxmağa məcbur oldu...
Yaşarın bütün həyatı boyu bir arzusu olub: atasının dəfn olunduğu yeri tapmaq, onun məzarını ziyarət etmək. Bunun üçün yazmadığı, müraciət etmədiyi ünvan, demək olar ki, qalmadı. Yazının əvvəlində qeyd etdiyimiz kimi, nəhayət Faiqin cəbhədən göndərdiyi, üzərində "polevaya poçta" yazılmış üçkünc əsgər məktubları kara gəldi. Məhz həmin məktubların izi ilə Faiq Məmmədovun hansı hərbi hissələrdə xidmət etdiyi, harada vuruşduğu və şəhid olduğu dəqiqləşdi. SSRİ Müdafiə Nazirliyinin Arxiv İdarəsindən 1976-cı ilin fevral ayında məktub alanda Yaşarın 42 yaşı vardı. Fikirləşdi ki, atası şəhid olanda ondan iki yaş kiçik idi. Ad günlərini keçirməyi bir o qədər də xoşlamayan Yaşar iki il əvvəl təmtəraqlı süfrə açıb qonaqlıq verəndə bundan təəccüblənən qohum-əqrəbaya, dost-tanışa demişdi ki, bildiyiniz kimi, bu gün 40 yaşım tamam olur. Bu günü mənim üçün əziz edən odur ki, atamın yaşına çatmışam. Mənim yaşımda o, Vətən uğrunda canından keçdi. Mən isə hələ də onun harada dəfn olunduğu yeri tapa bilməmişəm. Allahımdan təvəqqəm odur ki, atamın uyuduğu torpağın ziyarətini mənə qismət etsin...
...İndi oğul atanın ziyarətinə, gedirdi: "Bakı-Brest" qatarı 4 günə yaxın idi ki, yol gedirdi, hələ mənzil başına çatmamışdı. Yaşar müəllim diqqətlə ətrafı nəzərdən keçirir, Qafqazdan Belorusa qədər yağışda, qarda, şaxtada-boranda vuruşa-vuruşa irəliləyən, bəzən hansısa bir strateji yüksəkliyi, yaxud yaşayış məntəqəsini, şəhəri, kəndi dəfələrlə əldən verib, yenə geri alan qəhrəman döyüşçülərimizin, eləcə də doğma atası Faiq Məmmədovun dözümünü, hünərini göz önünə gətirərək heyrətlənirdi. Görəsən, bu nəhəng çayları, ucu-bucağı görünməyən bataqlıqları, meşəni, dağı-dərəni necə qət ediblər!? Gör bu torpaqlar uğrunda neçə milyon insan məhv oldu?!
Qatar Minsk şəhərinə şənbə günü çatdı. Yaşar müəllim ilk dəfə idi bura gəlirdi. Nabələd şəhərdə ilk növbədə qalmağa yer axtardı. Nisbətən münasib qiymətli "Sputnik" mehmanxanasında yerləşə bildi. Müdafiə Nazirliyinə, Müharibə Veteranları Şurasına, digər müvafiq təşkilatlara baş çəkdi, heç biri işləmirdi. Dedilər ki, şənbə və bazar günləri idarələr işləmir. Bazar ertəsi günü səhər saat 10-da Belorus Respublikası Müdafiə Nazirliyinin orqanı olan "Vo slavu Rodinı" qəzeti redaksiyasına gəldi. Gəlişinin səbəbini biləndə redaksiya rəhbərliyi onu hörmətlə qarşıladı. Hərbi jurnalist, podpolkovnik Sergey Petrov onunla söhbət edib, müsahibə aldı.
Elə həmin gün redaksiyadan Çous rayonunun hərbi komissarı, polkovnik A.M.Vinitskiyə zəng edib Faiq Məmmədovun qarşılanmasını, yerləşdirilməsini, lazımi yerlərə ziyarətinin təşkilini tapşırdılar.
Minsk şəhərindən Mogilyov vilayətinin Çous şəhərinədək avtobusla 300 kilometrdən artıq yol qət etmiş Yaşar müəllimi hərbi komissarlıqda səmimi qarşıladılar. Məşvərətdə sonra qərara alındı ki, onun baş çəkəcəyi ilk ünvan Çous rayon döyüş tarixi muzeyi olsun. Muzeyin direktoru Pyotr Sirodoyev bildirdi ki, 1996-cı ildən fəaliyyət göstərən muzeyə Azərbaycandan indiyədək gələn olmayıb. Halbuki, bu torpaqların düşməndən azad edilməsi uğrunda, başqa millətlərlə yanaşı, minlərlə Azərbaycan övladı həlak olub. Muzeydəki sənədlərdə, eksponatlarda, habelə orada Yaşar müəllimə xatirə olaraq təqdim edilmiş "Çous rayonunun keçmişi və bugünü", "Çous rayonunun tarixi-sənədli yaddaş kitabı"nda onların hər biri haqqında ətraflı məlumat vardı.
Yaşar müəllimi daha çox təsirləndirən və fərəhləndirən fakt isə muzeyin ən görkəmli yerində Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Aslan Fərhad oğlu Vəzirovun iri portretini görməsi və onun hünəri haqqında geniş məlumatı oxuması oldu. Muzeyin direktoru bildirdi ki, Sovet İttifaqı Qəhrəmanı Aslan Vəzirovun adı bizim üçün son dərəcə əzizdir. İkinci Belorusiya Cəbhəsinin tərkibində Aslan Vəzirovun rəhbərlik etdiyi hərbi hissələr Modilyov əməliyyatında çox böyük hünər göstərmişlər.
Muzeylə tanışlıqdan sonra Yaşar Məmmədov rayonun hərbi komissarı A.Vinitskinin və "İskra" qəzetinin əməkdaşı A.Kiryanovun müşayiəti ilə Antonovka kəndinə getdilər. Məlumat verildi ki, Antonovka sovetliyinə 19 kənd daxildir. Bu kəndlərin faşistlərdən azad edilməsi uğrunda 9 ay gecə-gündüz amansız döyüşlər getmiş, burada 6500 nəfərdən çox insan həlak olmuşdur. Bütövlükdə, rayon ərazisində isə 18 mindən çox əsgər və zabit dəfn edilmişdir. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi sahəsində burada xeyli iş görülmüşdür. Antonovka sovetliyində 11, rayon ərazisində isə 82 qardaşlıq qəbiristanlığı salınmış, onların şərəfinə abidələr ucaldılmışdır. Hər qəbiristanlığın ərazisində xüsusi mərmər plitələrdə orada dəfn olunan şəhidlərin siyahısı həkk edilib. Həmin siyahılarda həmyerlilərimizin adlarını oxuduqca Yaşar müəllim qəhərlənir, onların adlarını yazıb götürərək fikirləşirdi: Görəsən, qohum-əqrəbalarının bunların harada dəfn olunmalarından xəbəri varmı? Haradan olacaq, axı muzeydə ona dedilər ki, indiyədək Azərbaycandan bura gələn olmayıb...
Atası Faiq Zülfüqar oğlu Məmmədovun adının da həkk olunduğu Antonovka kənd qəbiristanlığındakı lövhənin qarşısında dayanıb qəhərini çətinliklə boğan Yaşar müəllim bir qədər sonra elə bil yüngülləşdi, neçə gündən bəri qət etdiyi uzaq yolun və daxili gərginliyin yaratdığı yorğunluq yoxa çıxdı. Fikirləşdi ki, o, bu hərəkəti ilə təkcə atasının yox, uzaq, qərib diyarda son mənzilini tapmış bütün şəhid həmyerlilərimizin ruhunu şad etdi. Və həm atasının, həm də digər şəhidlərimizin ruhuna dualar oxuyub, rahat nəfəs aldı.

{nl}

Qüdrət PİRİYEV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında