"Azərbaycan Hava Yolları" QSC qəzaya uğramış təyyarə ilə bağlı açıqlama vermişdir

İyulun 6-da Bakı-Baqram istiqamətində uçan Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus İL-76 yük təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasında ən böyük çətinlik ərazinin mürəkkəb dağlıq relyefə malik olması və bu rayonda yerli hərbi qruplaşmaların Əfqanıstan hökumət qüvvələri ilə intensiv toqquşmaları ilə bağlıdır.  
Bu fikirləri iyulun 9-da keçirilən mətbuat konfransında "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) vitse-prezidenti, hadisəni araşdırmaq məqsədi ilə yaradılmış komissiyanın sədri İlham Əmirov söyləmişdir. Hadisənin tam təfərrüatı komissiya üzvləri hadisə yerinə çatandan və "qara qutu"lar tapıldıqdan sonra aydın olacaqdır.
İ.Əmirov bəzi mətbuat orqanlarında, internetdə qəzaya uğramış təyyarə qırıntıları ilə bağlı yayılmış foto və videomaterialların guya Azərbaycana məxsus İL-76 hava gəmisinin olması barədə materialları uydurma adlandırmışdır. O, bu günədək nə Azərbaycan, nə də Əfqanıstan tərəfdən bir nəfərin belə hadisə yerinə çata bilmədiyini vurğulamışdır. Bildirmişdir ki, bu materialların heç biri həqiqətə uyğun deyildir. Həmin materialların və şəkillərin İL-76 təyyarəsinə heç bir aidiyyəti yoxdur. İndiyədək həmin ərazidə heç bir çəkiliş aparılmamışdır. Əfqanıstanda olan beynəlxalq koalisiya qüvvələrinin ayırdığı helikopterlə iki dəfə həmin əraziyə uçmaq cəhdi boşa çıxmışdır. Havaya qalxan helikopter yerdən atəşə tutulmuşdur. Məhz buna görə də o, ərazidən uzaqlaşmağa məcbur olmuşdur. Buna baxmayaraq, ikinci cəhd zamanı qəza baş verən ərazidə fotoçəkiliş aparmaq mümkün olmuşdur. Biz böyük ehtimalla təsdiq edirik ki, bu, Azərbaycan təyyarəsidir və böyük ehtimalla təyyarə heyətinin bütün üzvləri həlak olmuşlar. Qəzaya uğrayan təyyarə ilə bağlı tədqiqat işlərini Əfqanıstanın Nəqliyyat Nazirliyi öz üzərinə götürmüşdür. Hadisəni araşdırmaq məqsədi ilə Azərbaycanda yaradılmış komissiyanın beş üzvü Əfqanıstandadır.
İ.Əmirov diqqətə çatdırmışdır ki, hazırda əsas məqsəd "qara qutu"ları əldə etmək və təyyarəçilərin cəsədlərini Bakıya gətirməkdir. Azərbaycan tərəfi cəsədlərin və "qara qutu"ların gətirilməsi üçün Əfqanıstana xüsusi təyyarə göndərmişdir. Təyyarə iki gündür ki, Kabil hava limanında gözləyir. Həmçinin qeyd edilmişdir ki, təyyarənin "Taliban" qüvvələri tərəfindən vurulması ehtimalı çox böyükdür. Amma biz bunu hələ dəqiq deyə bilmərik. Dəqiq məlumat "qara qutu"lar əldə olunduqdan sonra məlum olacaqdır.
"Silk Way" Holding" MMC-nin prezidenti Zaur Axundov isə demişdir ki, heyət üzvlərinin ailələrinin hər birinə 100 min manat məbləğində kompensasiya veriləcəkdir.
Xatırladaq ki, iyulun 6-da gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşan Azərbaycanın "Silk Way" aviasiya şirkətinə məxsus İL-76 4K-AZ 55 təyyarəsi ilə rabitə ani olaraq kəsilmiş və radarlarda görüntüsü itmişdir.
Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən təyyarə iyulun 5-də yerli vaxtla saat 21:26-da Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportundan göyərtəsində 18 ton yüklə havaya qalxmışdır. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirmiş və hər hansı nasazlıq qeydə alınmamışdır.
Yükgötürmə imkanı 40 ton olan İL-76 4K-AZ 55 təyyarəsi 2005-ci ildə istehsal olunmuşdur və sonuncu dəfə 2011-ci ilin fevralında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçmişdir. Təyyarədə 9 heyət üzvü olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında