Snayper gənclər Vətən sevgisində də dəqiqdir

Avtobusdan düşər-düşməz Zabitlər bağında gözləyən hərbi geyimli rəfiqəm məni gülərüzlə qarşılayıb, "Beş dəqiqəyə dərs başlayır. Gecikmək olmaz. Polkovnikin dərsləri o qədər maraqlıdır ki... Ən maraqlısı isə vətənpərvər uşaqlarla söhbət və kimin daha sərrast atmaq bacarığı üstündə yarışmamızdır. "-deyib məni onlarla tanış edəcəyinə söz verdi. 
Bura Könüllü Hərbi Vətənpərvərlər Texniki İdman Cəmiyyətinin təşkil etdiyi və gənclərin böyük marağına səbəb olan snayper kurslarıdır. Hələ sovet dövründən OADKYC (DOSAAF) kimi tanınan bu ictimai təşkilat gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm işlər görüb. Bu gün isə torpaqlarımızın 20%-nin işğal altında olduğunu və müharibənin bitmədiyini nəzərə alaraq, sabahın əsgərlərini yetişdirmək missiyasını davam etdirir. Divarlardan asılmış stendlər qurumun fəaliyyətinin çoxşaxəli olmasından xəbər verir. Sürücülük kursları, desant-paraşütçü yarışları, digər tədbirlər və.s. Milli Qəhrəman M. İbrahimovun ailəsi ilə görüşləri əks etdirən fotostend isə gənc vətənpərvərlərin diqqətini daha çox çəkir. Onlar arasında Mübarizin Vətən sevgisini və yurd uğrunda son nəfəsədək döyüşmək əzmini özünə örnək bilənlər daha çoxdur.
KHVTİC-nin mətbuat xidmətinin rəhbəri Valid Qardaşlı ilə kurslara maraq göstərən gənclər, onun yaranma zərurəti haqqında danışırıq. Artıq snayper kursunun birinci buraxılışı uğurla başa çatıb. Onun sözlərinə görə, kurslarda iştirak etmək arzusunda olan gənclərin fəallığı cəmiyyəti sevindirir. " Məqsədimiz gəncləri orduya hərtərəfli əsgər və döyüşçü kimi hazırlamaqdır. İstəyirik ki, onlar daha peşəkar vərdişlərə yiyələnsin, silahlarla davranmağı öyrənsinlər. Gələcəkdə kurs üçaylıq olacaq. Əsas istəyimiz Vətənini sevən, milli düşüncəyə sahib, xalqa xidmət edən gənclər yetişdirməkdir."-deyə təşkilat rəsmisi bildirdi.
KHVTİC Respublika Şurasının sədri general-mayor Novruzəli Orucov kurs barədə ictimaiyyətə elan veriləndə gənclər arasında müraciət edən könüllülərin çox olduğunu vurğuladı. Odur ki, onlar arasından ən qabiliyyətli, fiziki cəhətdən sağlam, istedadlı məktəblilər və gənclər seçilərək kursa qəbul edilib. Hazırda ikinci kursun dərslərinin uğurla davam etdiyini deyən general-mayor yaxın gələcəkdə snayper atıcılığı üzrə respublika birinciliyinin keçiriləcəyini dedi. Müharibədə qələbənin qazanılmasında snayperin xüsusi əhəmiyyəti olduğunu qeyd edən N.Orucov buna nümunə də gətirdi: "Böyük Vətən müharibəsində 10 nəfər sovet snayperi alman faşistlərinin 1500 nəfərlik motoatıcı alayını məhv etmişdi. Onları hücuma keçməyə qoymamışdı. Biz hər kursda 10 nəfər peşəkar snayper hazırlayıb, orduya verə bilsək, onlar da sabah müharibə dövründə Vətəni qoruya bilərlər. Biz sülhpərvər xalqıq. Ancaq hər an hər şeyə hazır olmaq lazımdır. İşğal altında olan torpaqlarımızı azad etmək vəzifəsi gənclərin üzərinə düşür. Onlar qələbə çalmalıdırlar."-deyə əlavə edir. General-mayor söhbət əsasında kursu müvəffəqiyyətlə bitirən müdavimlərin məzun venetkasını da göstərir: Uşaqların hər birinin simasında bir nur, qətiyyət, eləcə də nisgil duymaq mümkündür. Çünki kursun birinci buraxılışının məzunları arasında Qarabağın gözəlliyini, bəlalı günlərini ancaq xatirələrdən eşitmiş məcburi köçkün gənclər üstünlük təşkil edib. "Onlar Şuşanı, Ağdamı görməsələr də, ata-baba yurdlarını valideynlərinin xatirələrindən eşidiblər. O uşaqlar da həvəslə gəlib kursa yazılırlar. Onlar psixoloji cəhətdən müharibəyə hazır olan döyüşçülərdir. "- deyə, KHVTİC-nin mətbuat xidmətinin rəhbəri V.Qardaşlı əlavə edir.
Kurs mahiyyətcə snayper kursu adını daşısa da, burda silahla davranış qaydaları, snayper tüfənginin özəllikləri ilə yanaşı, hüquqi biliklər, özünümüdafiə qaydaları və.s öyrədilir. Dərs deyən müəllimlər isə öz işlərini mükəmməl bilən mütəxəssislərdir. Onlardan biri polkovnik-leytenant Hüseyn Talıbov həm də Milli Qəhrəman Mübariz İbrahimova dərs deyib. Hərdən söhbət düşəndə uşaqlar "Mübarizin müəllimi"-desələr də, Jalə Məmmədli düzəliş edir: "Hüseyn müəllim hamımızın müəllimidir. Ondan çox şey öyrənirik."-deyib gülümsəyir. Dərslərdə iştirak etmək və gənclərlə söhbətləşmək qərarına gəlirəm. İçəri girəndə hər kəs maraqla polkovnikin lövhədə çəkdiyi sxemə və izahına qulaq kəsilmişdi.
" ....Snayper son dərəcədə ehtiyatlı olmalı, yerli şəraitə uyğun maskalanmağı bacarmalıdır. İlk növbədə səbrli və diqqətli olmalıdır. Odur ki, təhlükəli vəziyyətlərdə snayper özünü müdafiə etməyi bacarmalıdır..."-deyə Hüseyn Talıbov gəncləri snayperin özünümüdafiə üsulları və əlbəyaxa döyüş fəndləri ilə tanış etdi. Sonra iştirakçılar fəndləri məşq etməyə başladılar. Dərsin ən canlı və maraqlı görünən bu hissəsində oğlanlı-qızlı hər kəs verilən tapşırığı ən yüksək səviyyədə yerinə yetirməyə çalışır, bir-birilə rəqabətə girirdilər. 15 dəqiqəlik tənəffüsdən istifadə edərək onların fikirlərini öyrəndim. Birinci partada əyləşən Ülkər Qəribovanı bura gətirən uşaqlıqdan hərbiyə həvəsi olub. "Hərbi təhsil almaq istəmişəm, amma qismət olmayıb. Azərbaycan Dövlət Neft Akademiyasını bitirmişəm. Kurs haqqında valideynlərimdən eşitdim. Tərəddüd etmədən yazıldım. Dərslər maraqlı keçir. Ən həyəcanlı an isə mənim üçün silahdan atış idi. İlk atəşdən hədəfi vuranda çox sevindim. Çünki əvvəl yaxşı göstərici olacağına inanmırdım."
Snayper işinə hədsiz maraq göstərən Jalə Məmmədli isə Ermənistanla təmas xəttində yerləşən Tovuz rayonunda yaşayır. Dediyinə görə, hər dəfə daim atəş altında yaşayan həmsərhəd kəndlərinə yolu düşdükcə pəncərəsi, darvazası güllədən deşik-deşik olmuş evlərin vəziyyəti, insanların səksəkəli yaşayışı, eləcə də uşaqların daim güllə altında böyümələri ona çox pis təsir edir. Bu məni bir gənc kimi narahat edir. Biz hər an Vətənin müdafiəsinə hazır olmalıyıq. Deyilənə görə pis atmıram. (gülür) Hüseyn müəllimdən, eləcə də digərlərindən təkcə döyüşçü olmağın sirlərini deyil, həm də əsl vətənpərvər və milli düşüncəli, xalqa xeyir verə bilən vətəndaş olmağın sirlərini öyrənirik. Onun Azərbaycan, türk və dünya hərb tarixindən söylədiyi nümunələr müasir hərb sistemini yaxından qavramağa kömək edir.
Snayperdə daha çox qadınlar uğur qazanır. Məşhur həmyerlimiz Ziba Qəniyevanın İkinci Dünya savaşında uğurları buna nümunədir. Anar Rəhimov isə məktəblidir. -Silahlar məni çox maraqlandırır. Burda öyrəndiklərim hərbi xidmətdə çox kömək olacaq. Çox istəyərdim ki, bütün gənclər milli düşüncəli olsunlar, bu gün elə gənclər var ki, əyri yollara baş vurur, narkomaniya və digər mənasız əyləncələrlə məşğul olub həyatlarını korlayırlar. Halbuki onlar da bizim kimi səmərəli işlə məşğul ola bilərdilər. Hər bir gəncin borcu, hansı sahədə olmasından asılı olmayaraq, Vətənə xidmətdir.
Söhbətləşdiyim gənclər arasında hərbi xidmətini başa vuranlar da var. Onlardan biri Bəxtiyar İbrahimzadə kursun əhəmiyyətindən danışır. Doğulduğu Cəbrayıl rayonu erməni silahlıları tərəfindən işğal ediləndə onun beş yaşı varmış: -O illər az da olsa, uşaqlıq hafizəmdə qalıb. Güllə səsləri məni çox qorxudurdu. Nə baş verdiyini bilmirdim. Babamın bizi təhlükəsiz yerə-rayon mərkəzinə göndərdiyi yadımdadır. Bu gün evimiz düşmən tapdağı altındadır. Mənim kimi məcburi köçkün qaçqın düşmüş yüzlərlə evsiz-eşiksiz gənclər yetişir. Tək istəyimiz var- Qarabağ işğaldan xilas olsun. Bu missiya isə biz gənclərin üzərinə düşür. Bu yaxınlarda Azərbaycan Ordusunun 93-cü ildönümü münasibətilə keçirilən hərbi parad bizə böyük ruh yüksəkliyi verdi. Prezident, Ali Baş komandan cənab İlham Əliyevin çıxışında vətənpərvər gəncləri yüksək dəyərləndirməsi qəlbimizdə sabahkı qələbəyə inam hissini daha da artırdı.
Qızlar da əsgərdir. Hətta onlar oğlanlardan daha dəqiq atırlar. Əsgərliyə getməzdən əvvəl gənclər bura gəlsələr, hərbi xidmətdə daha uğurla xidmət edə bilərlər. Çox istərdik ki, dövlət bu sahəyə daha çox maliyyə buraxsın, gənclərə təlim üçün xüsusi yerlər ayırsın. Kursda öyrəndiklərimizi daha yaxşı məşq etmək üçün poliqonumuz olsa, çox sevinərik.
General-mayor N.Orucov isə Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant E.Quliyevə rəsmi müraciət etdiyini bildirdi. Razılaşmaya görə, kursun sonunda iştirakçılar üçün Dövlət Sərhəd Xidmətinin atıcılıq poliqonunda təlim keçirilməsi planlaşdırılır.
Bu gün gənclər müxtəlif sahələrdə karyerasında yüksəlir, eləcə də ölkəmizin bayrağını dalğalandırmaqla dövləti beynəlxalq aləmdə təmsil edirlər. Gənclərimizin nüfuzlu idman və sənət yarışlarında qazandığı hər bir qələbə xalqımızı sevindirir, onun beynəlxalq aləmdə nüfuzunun artmasına təsir edir. Eldar və Nigarın öz möhtəşəm ifaları ilə"Eurovision 2011"-də Avropanın sevgisini qazanması və ölkəmizə qələbə bəxş etməsi bugünkü gəncliyimizin istedadını, daim milli amallara xidmət etməsini bir daha təsdiq etdi. Ekrandan həyəcanla izlədiyimiz yarışlarda bayrağımızın dalğalanması hər bir azərbaycanlını necə qürurlandırırsa, idmançılarımızı da ikiqat sevindirir. Güləş üzrə iki dəfə Avropa və dünya çempionu olmuş Tural Əliyev bu qələbə sevincini dəfələrlə azarkeşlərə bəxş edib, hər dəfə də himnimiz səslənəndə göz yaşlarını saxlaya bilməyib: " Qələbə anı tək bizim üçün yox, hər kəs üçün ən həyəcanlı dəqiqələrdir. Qələbəmiz həm də xalqımıza, dövlətimizə sevgimizin göstəricisidir. Elə ki, bayrağımız dalğalanır, himnimiz səslənir, sevincimdən ağlayıram."
İndiyə kimi ən yaddaqalan görüşü erməni idmançısı üzərində 30 saniyə ərzində parlaq qələb qazanması olub. Hazırda yeniyetmə güləşçilərin baş məşqçisi kimi çalışan T.Əliyevin bir arzusu var: cəbhədə qələbə çalıb, həsrətində olduğumuz Qarabağa qovuşmaq.
Dövlət gənclər siyasətini daim diqqətdə saxlayır, gənclərə öz bacarıq və qabiliyyətlərini göstərmək üçün şərait yaradır. Bu il "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət proqramı ilə bağlı müzakirələrin keçirilməsi və dövlət başçısının bir qrup fəal gənclə görüşüb fikir mübadiləsi aparması gəncliyə verilən qiymətdir.
Bu yaxınlarda keçirilən möhtəşəm paradda Ali baş Komandanın gənclərlə səsləndirdiyi fikirlər onlara verilən yüksək dəyərin və bəslənən inamın ifadəsidir: "Mən çox şadam ki, bizim gənclər milli ruhda, vətənpərərlik ruhunda tərbiyə alırlar. Gənclər bizim ümidimizdir. Çox şadam ki, onlar Vətənə bağlı insanlardır. "
Bu gün gənclərin milli ruhda tərbiyəsi, onlara vətənpərvərlik və milli mənlik şüurunun aşılanması aktual məsələdir. Bu sahədə tədris ocaqlarının, valideynlərin, ictimai rəyə təsir gücünə malik KİV-in əvəzsiz rolu var. Məktəb və universitetlərdə veteranlarla, Qarabağ döyüşçüləri ilə görüşlərin təşkili, ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələrini tanıdan layihələrin sayının artırılması, QHT sektorunun gənclərin fəallığının gücləndirilməsi, hərbi idman yarışlarının keçirilməsi bu sahəyə töhfələr verə bilər.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"

{nl}


Yazı Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında