Faşizm üzərində Qələbənin 65 illiyi

MÜHARİBƏ: Qəhrəmanlıq və fəlakətlər səhifəsi{nl}

XX əsr bəşəriyyət tarixində həm böyük elmi-texniki tərəqqi, həm də iki dağıdıcı dünya müharibəsi ilə yaddaşlara həkk olunmuşdur. Birinci Dünya müharibəsi (1914-1918) Antanta dövlətlərinin qələbəsi ilə başa çatdıqdan sonra imzalanmış Versal sülh müqaviləsi - 28 iyun 1919-cu il bu müharibəni törədən ziddiyyətləri və səbəbləri heç də aradan qaldırmadı. 1929-1933-cü illər böhranı böyük dövlətlər arasında ziddiyyətləri daha da kəskinləşdirdi, satış bazarları, xammal mənbələri, geostrateji regionlar uğrunda mübarizə Qərb dövlətlərinin xarici siyasətinin aparıcı amilinə çevrildi.
1933-cü ildə sənaye istehsalı 1929-cu ilə nisbətən ABŞ-da - 64%, İngiltərədə - 88%, Almaniyada - 65%, Fransada - 81% aşağı düşmüş, kütləvi işsizlik yaranmışdı. İşsizlərin sayı ABŞ-da 13,7 milyon, Almaniyada 5 milyon, İngiltərədə 2,6 milyon nəfərə çatmışdı. Avropada böhranın ən ağır təsir göstərdiyi ölkələrdən biri Almaniya idi, burada kütləvi işsizlik və iqtisadi böhran tezliklə siyasi böhran yaranması ilə nəticələndi. 1933-cü ildə faşistlərin hakimiyyətə gəlməsindən sonra xalq kütlələrinin diqqətini mövcud problemlərdən yayındırmaq üçün faşizm ideologiyasının təbliği daha da gücləndirildi.
"Mayn Kampf" adlı əsərində radikal millətçilik və irqi ayrı- seçkilik ideologiyasını şərh edən Hitler belə hesab edirdi ki, Almaniya kifayət qədər "həyat məkanı"na malik deyildir və alman xalqının vəziyyətini yalnız müharibə yaxşılaşdıra bilər. Beləliklə, Almaniya, İtaliya və Yaponiya dünyanın yenidən bölüşdürülməsi uğrunda mübarizəyə başladılar. Hitlerin dünya ağalığı planında SSRİ-nin işğalına xüsusi yer ayrılmışdı. "Biz hazırda Avropada yeni torpaqlar haqqında danışanda, ilk növbədə, yanlız Rusiyanı və ona tabe olan ucqar dövlətləri nəzərdə tuturuq" - deyə Hitler bəyan edirdi.
1936-cı ilin oktyabrında Almaniya və İtaliya saziş imzalayaraq "Berlin-Roma" oxunu yaratdılar. Noyabr ayında isə Almaniya və Yaponiya "Antikomintern paktı"nı bağladılar, 1937-ci ildə İtaliya da bu pakta qoşuldu.
1938-ci ilin martında Almaniya Avstriyanı tutdu, 1939-cu il martın 15-də isə faşist qoşunları Praqaya daxil olaraq Çexoslovakiyanın müstəqilliyinə son qoydu. Çexoslavakiyanın işğalından sonra İngiltərənin baş naziri Çemberlen də, Fransanın baş naziri Daladye də artıq əmin oldular ki, imzaladıqları Münxen sazişi də (29-30 sentyabr 1938-ci il), hücum etməmək haqqında İngiltərə-Almaniya, Fransa-Almaniya paktı da Almaniyaya yalnız manevr imkanlarını genişləndirmək üçün lazımmış.
Almaniyanın SSRİ-nin üzərinə deyil, Avropa dövlətlərinin üzərinə hücum etmə ehtimalından qorxuya düşən İngiltərə və Fransa Polşaya, Yunanıstana, Rumıniyaya və digər kiçik ölkələrə müharibə təhlükəsi zamanı yardım göstərməyə təminat verdiklərini bəyan etməklə belə fikir yaratmağa çalışırdılar ki, guya Almaniyaya qarşı vahid cəbhə yarada bilərlər. Almaniyanı bu fikrə inandırmaq üçün hətta SSRİ ilə danışıqlara başlamışdılar. Əslində isə onların məqsədi Almaniyanın hücumunu SSRİ üzərinə yönəltmək idi.
1939-cu ilin mayında SSRİ təcavüzə məruz qalacağı təqdirdə Polşaya öz köməyini təklif etdi. Polşa bu yardımdan imtina etdi. Müharibə olacağı təqdirdə Polşa rəhbərliyi sovet qoşunlarını öz ərazisindən buraxacaqmı sualına cavab verən Polşa marşalı Rıdz - Smiqlı bildirdi ki, "almanlarla biz azadlığımızı itirmək riskinə gedirik, ruslarla isə biz ruhumuzu itirə bilərik".
Almaniya əvvəlcə Qərbi Avropa dövlətlərini zəbt edərək onların bütün resusrlarını SSRİ əleyhinə müharibədə istifadə etmək niyyətində idi. Odur ki, 1939-cu ilin avqustunda hücum etməmək haqqında müqavilə imzalamaq təklifi ilə SSRİ-yə müraciət etdi. SSRİ vahid antisovet cəbhə yaranmasına imkan verməmək və ölkənin müdafiəsini gücləndirmək imkanı qazanmaq məqsədi ilə bu təklifi qəbul etdi. Bu müqavilə 1939-cu il avqustun 23-də Moskvada imzalandı.
1939-cu il sentyabrın 1-də Almaniyanın Polşa üzərinə hücumu ilə İkinci Dünya müharibəsi başlandı. Sentyabrın 3-də İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər. Üç istiqamətdən - Şərqi Prussiyadan, Pomeraniya və Sileziyadan Polşa üzərinə yeridilən 5 alman ordusunun tərkibinə 53 diviziya daxil idi. Polşa Ali Baş Komandanlığı böyük təşviş içində idi. Sentyabrın 8-9-da ölkə rəhbərliyi Rumıniyaya qaçdı. Sonralar faşist ali komandanlığının operativ rəhbərlik qərargahının rəisi Yodl Nürnberq prosesində etiraf etmişdi ki, 1939-cu ildə Polşa ilə müharibə zamanı biz döyüş əməliyyatını ona görə uduzmadıq ki, 23 alman diviziyasına qarşı dayanmış 110 ingilis və fransız diviziyası tamamilə fəaliyyətsiz idi. Bu fəaliyyətsizliyin əsas səbəbi ondan ibarət idi ki, İngiltərə və Fransa cidd-cəhdlə çalışırdılar ki, Almaniya Polşanı tutduqdan sonra şərqə hücumu davam etdirsin və SSRİ-nin üzərinə yerisin.
Müttəfiqlərin fəal əməliyyatlara başlamaması faşist Almaniyasının əl-qolunu açdı. Almaniya Fransa üzərinə hücumdan əvvəl 1940-cı ilin aprelində Danimarkanı və Norveçi tutdu, mayın 10-da isə Belçika, Hollandiya və Lüksemburqa soxuldu, iyunun 22-də Fransa hökuməti təslimolma aktını imzaladı.
Avropadakı müharibə bir növ Almaniyanın SSRİ üzərinə hücumunun hazırlıq mərhələsi idi.
Hitler SSRİ-ni Almaniyanın dünya ağalığı yolunda başlıca maneə kimi görür və bəyan edirdi ki, qarşıdakı müharibədə söhbət yalnız məhv etməkdən gedəcək: "Bu müharibə Qərbdəkindən kəskin surətdə fərqlənəcək. Şərqdə qəddarlıq gələcək naminə xeyir əməl olacaq".
Qərbi Avropada əməliyyatları başa çatdıran Almaniya SSRİ üzərinə hücum hazırlığına başladı. Bu məqsədlə Almaniya quru qoşunlarının baş komandanı feldmarşal Brauxiçə 1940-cı il iyulun 21-də əmr olundu ki, SSRİ-nin əleyhinə müharibə planını hazırlasın. On gün sonra Berqhofda alman ali rəhbərliyinin müşavirəsində Sovet İttifaqına hücumun vaxtı təyin olundu - 1941-ci ilin yazı. 1940-cı il dekabrın 18-də Hitler "Barbarossa" adı almış hücum planını 21№-li direktivlə təsdiq etdi.
Planın strateji əsasını "ildırımsürətli müharibə" təşkil edirdi. Faşist komandanlığı Qızıl Ordunun qərb rayonlarında cəmləşdirilmiş əsas qüvvələrinə ağır zərbə endirməklə ölkənin içərilərinə doğru irəliləməyi, mühüm siyasi və iqtisadi mərkəzləri ələ keçirməyi, tezliklə Arxangelsk - Volqa xəttinə çıxmağı nəzərdə tuturdu. Hücum üç strateji istiqamətdə üç zərbə qruplaşması tərəfindən həyata keçirilməli idi: Şərqi Prussiyadan - Pskov və Leninqrad üzərinə, Varşavanın şərqindən - Minsk və Smolensk üzərinə və Lüblin rayonundan - Jitomir və Kiyev üzərinə. Finlandiya və Rumıniya ərazisindən köməkçi zərbələr endirilməli idi. Amansız işğalçılıq müharibəsinə başlayan hitlerçilər zəbt olunmuş ərazilərdə müdhiş planlar həyata keçirmək niyyətində idilər.
İmperiya SS və polis idarəsinin hazırladığı "Ost" ("Şərq") planına görə polyakların 80-85 faizi, qərbi ukraynalıların 65 faizi, belarusların 75 faizi öz torpaqlarından sürgün olunmalı, rusların əksəriyyəti isə yaradılmış xüsusi komandalar tərəfindən məhv edilməli idi. Hitler deyirdi: "Biz əhalini qırmalıyıq - bu, bizim alman əhalisini mühafizə etmək missiyamıza daxildir. Biz əhalini qırmaq texnikamızı təkmilləşdirməli olacağıq. Mən həşarat kimi artan aşağı irqə mənsub adamları məhv etmək hüququna malikəm".
1941-ci ilin ortalarına yaxın Almaniya silahlı qüvvələrinin sayı 7,3 milyona, SSRİ Silahlı Qüvvələrinin sayı 5,7 milyon nəfərə bərabər idi. Sovet-alman sərhədinə (Polşa işğal olunduqdan sonra Almaniya artıq SSRİ-nin sərhədinə çatmışdı) 153 alman, müttəfiqlərin isə 37 diviziyası cəmləşdirilmişdi. SSRİ qərb sərhədinə 186 diviziya (3,1 milyon nəfər), 47,2 min top və minomyot, 12,8 min tank, 7,5 min təyyarə toplamışdı. Lakin alman qoşunları daha yaxşı təchiz olunmuşdu, şəxsi heyətin döyüş hazırlığı yüksək səviyyədə idi. Alman döyüş texnikası göstəricilərinə görə daha üstün idi.
1941-ci il iyunun 22-də faşist Almaniyası hücum etməmək haqqında müqaviləni pozaraq Sovet İttifaqına hücum etdi. Rumıniya, İtaliya, bir neçə gün sonra isə Macarıstan, Slovakiya və Finlandiya Almaniya tərəfindən müharibəyə qoşuldular.
SSRİ-yə qarşı 4 il davam edən müharibə şərti olaraq üç dövrə bölünür:
birinci dövr - 22.06.1941 - 18.11.1942
ikinci dövr - 19.11.1942 - 1943-cü ilin sonu
üçüncü dövr - 1.01.1944 - 9.05.1945
Düşmənin hücumunu dəf etmək üçün qərbdəki sərhədyanı hərbi dairələrin bazasında Şimal, Şimal-Qərb, Qərb, Cənub-Qərb və Cənub cəbhələri yaradıldı. Dəniz sərhədlərini Şimal, Baltik və Qara Dəniz donanmaları qoruyurdu.
İyunun 23-də döyüş əməliyyatlarına strateji rəhbərlik məqsədilə Ali Baş Komandanlıq yaradıldı.
Müharibənin birinci dövründə üç əsas kompaniya - 1941-ci ilin yay-payız, 1941-1942-ci illərin qış və 1942-ci ilin yay-payız kampaniyaları keçirildi. Sovet hərbi komandanlığı yaranmış vəziyyəti düzgün təhlil edə bilmədiyindən alman hərbi qruplaşmalarına əks-zərbə endirərək müharibəni SSRİ-nin sərhədlərindən kənara çıxarmaq niyyətində idi. Şaulyay, Dauqavpils, Qordno, Lutsk, Brodı rayonlarından tələsik hazırlanmış əks-zərbələr heç bir effekt vermədi. Almanlar sürətlə SSRİ-nin içərilərinə doğru irəliləməyə başladı.
Müharibənin üçüncü günü artıq Moskvada hava həyacanı siqnalı verilirdi. Alman təyyarələri Moskva üzərində kəşfiyyat uçuşuna başlamışdılar. İyunun 26-da Kremlin komendantı XDİK-in rəhbəri Lavrenti Beriyaya ünvanladığı məktubda təklif edirdi ki, Kremli qorumaq üçün maskalama işləri həyata keçirilsin. İyunun 28-də Kreml və onun ətrafında maskalama işlərinə başlandı və havadan baxanda bura adi yaşayış məhəllələrindən seçilmirdi. Meydanlarda faner və yüngül konstruksiyalardan yalançı məhəllələr salındı. Müharibə başlandıqdan 1 ay sonra Moskva üzərinə artıq ilk faşist bombaları atılırdı. İyulun 22-də 6 saat davam edən bombalama zamanı faşist təyyarələrinin bir qismi vurulsa da, paytaxta 1521 fuqas bombası, 56620 yandırıcı aviasiya bombası atıldı, 1327 nəfər həlak oldu, 55293 nəfər yaralandı. 250 klioqramlıq fuqas bombalarından biri Kreml sarayına düşərək, Georgi salonunun damını və tavanını dağıtdı. Lakin bomba xoşbəxtlikdən partlamadı. Avqustun 12-də birmotorlu alman təyyarəsi gecə Kreml üzərində dövrə vuraraq tüstü zolağı ilə bir çevrə cızdı. Az sonra bombardmançı təyyarələr peyda olaraq həmin çevrəyə bomba atmağa başladılar. Hədəfə düşən iki birtonluq bombadan biri Arsenalın binasının şərq hissəsini darmadağın etdi. Hücumdan sonra Stalinin kabinetinin pəncərələrini dəyişməli oldular. Ümumiyyətlə Moskva üzərinə həyata keçirilən 95 gecə və 30 gündüz aviahücumunda 7202 təyyarə iştirak etsə də onlardan yalnız 388-i paytaxt üzərinə keçə bilmişdi. Aviahücum zamanı Moskvaya sonuncu bomba 1942-ci il martın 29-da düşdü. Bundan sonra faşist qoşunları geri oturduldu, Kreml və ətraf rayonlardakı maskalama işləri ləğv edildi.
1941-ci ilin iyununda qərara alınmışdı ki, hökumət və rəhbər şəxslərin ailələri Kuybışev şəhərinə köçürülsün. Kremldə saxlanılan qiymətli metal ehtiyatları, SSRİ Almaz Fondu 277 qutuya yerləşdirilərək Sverdlovsk şəhərinə göndərildi. Burada belə bir faktı da xatırlatmağa dəyər ki, hökumət üzvlərinin bir qismi tələm-tələsik Kuybışevə getsə də Stalin Moskvanı tərk etməmişdi. Bir gün Stalinə məlumat verirlər ki, dəmir yolunda yük stansiyasında iki vaqona yüklənmiş qızıl və digər qiymətli məmulatlar sahibsiz qalıb. Stalin göstəriş verir ki, dərhal xarici ticarət komissarı Anastas Mikoyan həmin vaqonları qəbul edib, Moskvadan kənara çıxarsın. Mikoyanı nə qədər axtarsalar da tapa bilmirlər. Stalinə bu haqda məlumat verirlər, bir müddət sonra bəlli olur ki, Mikoyan hamıdan əvvəl Kuybışevə qaçıbmış. Stalin məsələnin üstünü vurmayıb susur. On bir il sonra 1952-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının XIX qurultayında Anastas Mikoyan MK-nın Rəyasət Heyətinin tərkibinə salınmır, incik düşən Mikoyan Stalindən bunun səbəbini soruşur. Stalin tərs-tərs Mikoyana baxıb "deyəsən, sən 1941-ci ili unutmusan" deyir. Mikoyan eyhamı yaxşı başa düşdüyündən, bir daha məsələni açıb-ağartmır.
1942-ci il yanvarın 1-də 26 dövlət faşist blokuna qarşı hərbi siyasi ittifaq bağladı. Lakin bütün vədlərə baxmayaraq ABŞ və İngiltərə 1942-ci ildə ikinci cəbhəni açmadılar.
Müharibənin ikinci dövründə (19.XI.1942-1943-cü ilin sonu) əsaslı dönüş yarandı. Düşmən Voronejə, Stalinqrada və Qafqaz dağlarının ətəklərinə çatmışdı. Cəbhənin uzunluğu 6200 kilometrə bərabər idi. Sovet - alman cəbhəsində 258 alman diviziyası, 16 briqada cəmləşmişdi. Düşmənin 6,2 milyon nəfərdən çox əsgər və zabiti, 51,7 min top və minomyotu, 5080 tankı, 3500 təyyarəsi vardı. Bu dövrdə sovet qoşunlarında 6,6 milyon nəfər əsgər və zabit, 77,8 min top və minomyot, 7350 tank, 4544 təyyarə, 440 min nəfərdən ibarət donanma qüvvələri döyüşlərdə iştirak edirdi.
Müharibənin ikinci dövründə iki kampaniya - 1942-43-cü illərin qış kampaniyası və 1943-cü ilin yay-payız kampaniyası keçirildi. Bu kampaniyalardan əsas məqsəd ölkənin cənubundakı iqtisadi rayonları azad etmək, Moskva-Smolensk istiqamətində və Leninqrad altında vəziyyəti yaxşılaşdırmaq idi. Qarşıya qoyulan məqsədə çatmaq üçün ilk növbədə Stalinqrad altında, Volqa və Don çayları arasında düşmən qruplaşmalarını əks-hücumla məhv etmək, Şimali Qafqazı azad etmək, Ukraynada əməliyyatlara başlamaq lazım idi.
1942-ci il noyabrın 19-da sovet qoşunları hücuma başladılar. Əməliyyatda iştirak edən üç cəbhənin - Cənub-Qərb, Don və Stalinqrad cəbhələrinin qoşunları əsgər və zabitlərin sayına görə 1,1 tank və artilleriya qurğularının sayına görə 2,2, təyyarələrin sayına görə 1,1, dəfə düşməndən üstün idi. İkinci dünya müharibəsinin ən iri vuruşmalarından Stalinqrad vuruşması 200 gün davam etdi. Faşist bloku burada ölənlər, yaralılar və itkin düşənlərlə birgə 1,5 milyon əsgər və zabit itirdi. Bu vuruşdan sonra strateji təşəbbüsü sovet qoşunları öz əlinə aldı, müharibənin gedişində həlledici dönüş yarandı. Azərbaycanın cəsur övladları Həzi Aslanovun tank polku, general-mayor Yaqub Quliyevin komandan müavini olduğu 4-cü süvari korpusu rəşadətlə döyüşmüşlər. Yaqub Quliyev bu döyüşlərdə qəhrəmanlıqla həlak olmuşdur. Müharibədən sonra Mamay kurqanında yaradılmış xatirə ansambılındakı lövhədə iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun və general-mayor Yaqub Quliyevin də adları həkk olunmuşdur.
1943-cü il yanvarın 12-18-də Leninqradın blokadası yarıldı. 1942-43-cü ilin qış kampaniyasının gedişində sovet qoşunları qərbə doğru 600-700 kilometr irəlilədi. Düşmənin 100-dən çox diviziyası dağıdıldı. Faşist bloku 1,7 milyon əsgər və zabit, 3500 tank, 4300 təyyarə, 24 min top itdi. Faşist Almaniyasının Kursk qövsündə böyük canlı qüvvə və hərbi texnika cəmləşdirdiyini görən Ali Baş Komandanlıq 1943-cü ilin iyununda orada güclü müdafiə səddi yaratmaq haqqında qərar qəbul etdi. 300 kilometr dərinliyə malik müdafiə səddində 8 müdafiə zolağı təşkil olundu. Sovet qoşunları düşmənin iyulun 5-də başlayan ümumi hücumunu 5-7 gün müdafiə olunaraq dayandırdı, iyulun 12-də Qərbi Bryansk, iyulun 15-də Mərkəz cəbhələri hücuma keçdilər və 140-150 kilometr qərbə doğru irəlilədilər.
1943-cü ilin yay-payız kampaniyası nəticəsində Böyük vətən müharibəsinin gedişində əsaslı dönüş başa çatdırıldı. Düşmən texnika sarıdan 3,2 min tank, 10 min təyyarə və 26 min top, minomyot itirdi. Ümumiyyətlə müharibənin ikinci dövründə Sovet Ordusu qərbə doğru 500-1300 kilometr irəliləyə bildi.
Müharibənin üçüncü dövründə (yanvar 1944-9.v.1945) faşist qoşunları bütünlüklə SSRİ ərazisindən qovuldu. Almaniya ağır məğlubiyyətlərə baxmayaraq bu dövrdə hərbi istehsalı 2 dəfə artırmış, sərəncamında olan 315 diviziyanın 236-nı və 18 briqadanı şərq cəbhəsinə yönəltmişdi. O, hər vasitə ilə antihitler koalisiyasını parçalamağa, cəbhədə vəziyyəti öz xeyrinə dəyişməyə çalışırdı.
Müharibənin üçüncü dövründə 1944-cü ilin qış-yaz, yay-payız və 1945-ci ilin Avropa kampaniyaları keçirildi. Sovet Ordusu Şərqi Avropa ölkələrini faşizm taunundan xilas edərək Berlinə yaxınlaşdı. 1945-ci il aprelin 16-da Berlin əməliyyatı başlandı.
Ümumiyyətlə 1941-1945-ci illər Böyük Vətən müharibəsi ərzində Qızıl Ordu 14 strateji müdafiə əməliyyatı, 37 strateji hücum əməliyyatı, 250 müdafiə və hücum əməliyyatı keçirmişdir. SSRİ müharibədə 26,6 milyon (döyüşdə ölənlər, yaralanıb ölənlər, ölüm düşərgələrində ölənlər, aclıqdan ölənlər, həlak olan dinc sakinlər hesaba alınmaqla) nəfər itki verdi, onların 8,7 milyonu əsgər və zabitlər idi.
Almaniya və onun müttəfiqlərinin itkisi 8,64 milyon nəfər oldu. SSRİ-nin 1710 şəhər və qəsəbəsi, 70 mindən çox kənd yaşayış məntəqəsi tam və ya qismən dağıdılmışdı.
1945-ci il mayın 8-də Almaniya Berlin yaxınlığında Karlsxorstda danışıqsız təslimolma aktını imzaladı. Mayın 9-da sovet ordusu Praqaya daxil oldu. Əslində, Praqa artıq mayın 6-da azad olunmuşdu. Belə ki, çexlər mayın 5-də üsyan qaldırmışdılar. Almanlar üsyanı yatırmaq üçün Praqaya əlavə SS hissələri yeritmişdilər. Çexlər radio ilə gah amerikalılara, gah da sovet qoşunlarına müraciət edirdilər. Bu zaman general Vlasov Rusiya Azadlıq Ordusunu (bir diviziya) Şərq cəbhəsindən özbaşına çıxararaq qərbə doğru irəliləyirdi ki, ABŞ qoşunlarına təslim olsun. Mayın 6-da Praqa yaxınlığında olan general Vlasov öz vəziyyətini yüngülləşdirmək niyyəti ilə hücuma keçərək bir həmlədə Praqanı azad etdi. Çexlər Vlasovun portretlərini qaldıraraq, diviziyanın döyüşçülərini gül-çiçəyə qərq etdilər. Az sonra çexlər Vlasovun kimliyini öyrənib onun portretlərini küçələrdən yığışdırdılar. Praqa Stalinin, marşal Jukovun, marşal Konevin portretlərini qaldırıldı.
Mayın 8-də Vlasov diviziyanı Praqadan çıxarıb amerikalılara təslim olmaq üçün qərbə doğru irəlilədi.
SSRİ mayın 9-nu Qəbələ günü kimi təntənə ilə qeyd etdi.
Böyük Vətən müharibəsi illərində Azərbaycandan olan çağırışçılardan və könüllülərdən formalaşdırılmış 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı atıcı diviziyalar misilsiz qəhrəmanlıq nümunələri göstərdilər. Berlin əməliyyatı zamanı Berlinə daxil olan ilk 5 diviziyadan biri 416-cı Azərbaycan milli diviziyası idi. Müharibə illərində Azərbaycanda 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı.
Azərbaycanın müxtəlif fabrik və zavodları cəbhə üçün silah, sursat istehsal edir, onun ehtiyaclarının ödənilməsinə əvəzsiz töhfələr verirdi.
Respublikanın neftçiləri gecə-gündüz ağır zəhmətə qatlaşaraq müharibə illərində ölkəyə 75 milyon ton neft verdilər. SSRİ-də istehsal edilən neftin 70 faizdən çoxunu, benzinin 92 faizdən çoxunu Azərbaycan verirdi. Buna görə də Hitler nəyin bahasına olursa-olsun Bakını tutmağa çalışırdı. Hitler yaxşı bilirdi ki, Bakı nefti olmadan SSRİ müharibədə duruş gətirə bilməz və qısa vaxt ərzində məğlub olar. Cəbhəyə yola düşən 640 mindən çox Azərbaycan döyüşçüsünün yarısı müharibədə qəhrəmanlıqla həlak oldu.
Azərbaycan və onun paytaxtı Bakı şəhəri SSRİ-nin ən mühüm cəbhəxanalarından biri idi. 1942-ci ildə Bakıda 130 adda silah, sursat istehsal olunurdu.
Azərbaycandan olan 123 əsgər və zabit Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi qəhrəmanlıq nümunələrinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldülər.

{nl}

{nl}

 Həsən HƏSƏNOV, "Xalq qəzeti"nin baş redaktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında