Azərbaycanda NATO standartlarına uyğun peşəkar istehkamçı - minaaxtaranlar yetişmişdir

Azərbaycanda NATO standartlarına uyğun, peşəkar istehkamçı - minaaxtaranlar formalaşmışdır. Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) yarandıqdan sonra Azərbaycanda bu sahədə mühüm işlər görülmüş, NATO standartlarına uyğun mütəxəssislər yetişmişdir.
Bu sözləri Azərbaycan Respublikası baş nazirinin müavini Abid Şərifov ANAMA-nın NATO-nun Təchizat və Təminat Agentliyi (NAMSA) ilə birgə həyata keçirdiyi "Saloğlu layihəsi"nin iyulun 8-də keçirilmiş rəsmi bağlanış mərasimində söyləmişdir.
Bildirilmişdir ki, "Saloğlu layihəsi" Azərbaycanın şimal-qərbində Ağstafa rayonunun Saloğlu və Poylu kəndlərində partlamamış hərbi sursatlarla çirkləndirilmiş sahələrin təmizlənməsi məqsədi ilə 2005-ci ildən həyata keçirilir. Həmin ərazilərdə keçmiş Sovet ordusunun hərbi bazası olmuşdur və hərbi qüvvələr buradan çıxarılarkən əraziyə çoxlu sayda partlamamış hərbi sursat atılmış, gizlədilmiş və ya basdırılmışdır.
A.Şərifov hazırda ANAMA-da 500-dən çox peşəkar mütəxəssisin çalışdığını və təşkilatın yarandığı gündən ötən müddətdə cəmi bir mütəxəssisin həlak olduğunu söyləmişdir. Baş nazirin müavini Azərbaycan hökumətinin bu sahəyə ciddi fikir verdiyini və bu gün dünyada ən müasir texnikanın ANAMA-nın balansında olduğunu diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, əsas məsələ minaların təmizlənməsi ilə yanaşı, çirklənmiş ərazilərdə insanların təhlükəsizliyinin təmin olunmasıdır. Ona görə də biz, ilk növbədə, insanların təhlükəsizliyini düşünməliyik.
Layihənin həyata keçirilməsində 14 ölkənin - Türkiyə, ABŞ, İsveçrə, Yaponiya, İtaliya, Norveç, Bolqarıstan, Çexiya, İslandiya, Finlandiya, Lüksemburq, Latviya, Litva və Avstraliyanın və BMT-nin İnkişaf Proqramının iştirak etdiyini söyləmişdir. Layihənin ümumi büdcəsi 3 milyon 455 min avro olmuşdur ki, bunun da 36 faizi Azərbaycan hökuməti tərəfindən təmin olunmuşdur. Layihə çərçivəsində 568 hektar ərazi minalardan təmizlənmiş, 640 mindən çox sursat zərərsizləşdirilmişdir.
ANAMA-nın digər layihələrdə də iştirak edəcəyini vurğulayan A.Şərifov demişdir ki Dağlıq Qarabağın işğal altında olan əraziləri azad edildikdən sonra o ərazilərin təmizlənməsində ANAMA birinci iştirak edəcəkdir.
NATO baş katibinin meydana gələn çağırışlar üzrə müavini Qabar İklodi isə "Saloğlu layihəsi"nin qətiyyət və ikitərəfli sıx əməkdaşlıq sayəsində həyata keçdiyini vurğulamışdır. O demişdir ki, layihə NATO ilə Azərbaycan arasında əməkdaşlığın bariz nümunəsidir. Azərbaycan NATO-nun bir sıra əməliyyatlarında, o cümlədən, Kosovo və Əfqanıstanda keçirdiyi sülhyaratma əməliyyatlarına yardımlar göstərmişdir. Bu yardımlara görə Azərbaycan dövlətinə və hökumətinə minnətdarlığını bildirən Q.İklodi Azərbaycanı NATO-nun ən qətiyyətli və etibarlı tərəfdaşı adlandırmışdır.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç, Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı Xəzər İbrahim çıxış edərək layihənin uğurla həyata keçdiyini vurğulamışlar.
Qeyd edək ki, Saloğlu kəndində yerləşmiş və 138 bunkerdən ibarət olmuş hərbi sursatlar bazası Qafqazda ən böyük Sovet hərbi bazası sayılırdı.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında