Xalq ayağa qalxıb Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb etməsəydi, indi müstəqilliyi ilə öyündüyümüz Azərbaycan, tarixin səhifələrindən silinərdi
{nl}
Hər il bu tarix-may ayının 10-cu günü o, əziz insan ən şirin xatirələrdə xatırlanır, yad edilir. Birbaşa mətləbə keçərək söyləmək istəyirəm ki, III minillikdə tarixin səhifələrinə özünün şanlı yaranış gününü həkk edən müstəqil Azərbaycan dövlətinin qurucusu, böyük İnsan, dahi ümummilli lider Heydər Əliyevlə mənim də bir neçə unudulmaz görüşlərim olub.
1993 yanvar ayının 9-u. Daha sonra prezident seçkiləri zamanı və ondan sonra. Amma bu görüşlərdən çox-çox əvvəl, gənclik illərimdə o, yaddaşımda silinməz iz buraxaraq, ideal bir insan kimi qalmışdır.
Bizim ilk görüşümüz 1969-cu ilin yayına təsadüf edirdi. Heydər Əliyev yenicə Mərkəzi Komitənin birinci katibi seçilmişdi.
Bir gün ulu öndər mühafizə rəhbəri polkovnik Capparovla işlədiyim Mərkəzi Poçta gəlmişdi. O vaxt üzərinə "şəxsən özünə çatmalıdır" yazılmış məktublar poçtun xüsusi seyfində saxlanılırdı. Həm partiya üzvü olduğuma, həm də vəzifə bölgüsünə görə həmin məktubların paylanması işi mənə həvalə olunmuşdu. Heydər Əliyev piştaxtaya yaxınlaşdı və SSRİ Təhlükəsizlik Nazirliyindən onun adına gələn məktubu istədi. Üzərinə "şəxsən özünə çatmalıdır" yazılmış məktubları şəxsiyyəti təsdiq edən sənəd olmadan vermək birmənalı şəkildə qadağan idi. Ona görə də Heydər Əliyevdən şəxsiyyətini təsdiq edən sənədini istədim, üstündə sənədi olmadığını bildirdikdə, Capparov dərhal öz xidməti vəsiqəsini təqdim etdi. Mən məktubları verə bilməyəcəyimi izah edərkən polkovnik Capparov tutuldu. Onun pərt olduğunu görəndə məni narahatlıq hissi bürüdü.
Capparovun göstərişi ilə digər mühafizəçi poçt rəisini çağırmaq üçün getdi. Elə bu zaman Heydər Əliyevin gəlişindən xəbər tutan İsfəndiyar Bayramov - Mərkəzi Poçtun rəisi özünü çatdırdı. O, çox həyəcanlı idi. Qıpqırmızı qızarmışdı. Vəziyyəti biləndə üzünü mənə tutub "Sən nə edirsən, bilmirsən ki, qarşındakı Heydər Əliyevdir?" dedi. "Bilirəm" dedim "Amma ixtiyarım yoxdur, siz dərkənar yazın, məktubları verim." Heydər Əliyev bildirişi mənə verdi. İsfəndiyar Bayramov səlahiyyətli olduğundan poçt qaydalarına uyğun olaraq bildirişə "şəxsiyyəti bəllidir" sözlərini yazıb, məktubları gətirmək göstərişi verdi. Bu zaman Heydər Əliyev "oğlum, pasportumun nömrəsini və verilmə tarixini bilirəm, istəyirsən yazım" dedi.
Heydər Əliyev imza atmaq üçün cibindən zoğalı rəngli qələm çıxardı və bildirişi yazmağa başladı. O, Azərbaycan SSR sözünə çatdıqda, əziyyət olmasın deyə mən ona "Heydər Əliyeviç, Azərb. SSR yazsanız, kifayət edər" dedim. Diqqətlə üzümə baxdı: "Oğlum, biz hər yerdə respublikamızın adını bütöv yazmalıyıq: Azərb. SSR yox, Azərbaycan SSR". Onun səsində qürur və əzəməti hiss etməmək mümkün deyildi. Hiss etdim ki, ətrafımızda olanların-İsfəndiyar Bayramov və polkovnik Capparovun simasına fərəh qonub. Mən də duyğulanmışdım. Heydər Əliyev sağollaşanda İsfəndiyar Bayramovun məni məzəmmətedici baxışlarla süzdüyünü görüb, ayaq saxladı. Yəqin ki, cavan işçini rəhbərinin danlaqlarından qurtarmaq üçün: "Həmişə belə möhkəm və məsuliyyətli ol" dedi.
Heydər Əliyevin dediyi o sözlər bu gün də mənə örnəkdir və bütün işlərimdə - istər hakim kimi, istər də pedaqoq və yazıçı kimi həmin məsuliyyəti indi də hiss edirəm. Amma bir məqamı etiraf edim ki, əslində, məktubu qorxudan verə bilməmişdim. Düşünürdüm ki, məktubu versəm qanunu pozduğuma görə mütləq cəzalandırarlar.
Ulu öndərlə daha bir görüşümüz 1978-ci ilin hakim seçkilərində olmuşdu. Namizədliyi irəli sürülən hakimlərin içərisində mən də vardım. O vaxt seçki qaydalarına görə hakimləri Mərkəzi Komitənin Birinci katibi şəxsən özü qəbul edirdi. Hamı həyəcanlı idi. Çünki Heydər Əliyev SSRİ dövlətləri arasında ən nüfuzlu, yüksək bacarıqlı, hörmətli, sözü keçən katib idi. Ulu öndər bizi inzibati şöbənin müdir müavini Qluşenko ilə Vasiliy İvanoviç birlikdə qəbul edirdi. Həmin il inzibati şöbənin müdiri Cəfər Vəliyev daxili işlər naziri təyin edildiyindən onu müavini əvəz edirdi. Heydər Əliyev ağ qısaqol köynəkdə, açıq qırmızı rəngli qalstukda idi. Məni diqqətlə süzdü və şəhadət barmağı ilə işarə edib "sənin gözlərin mənə tanış gəlir" dedi. Dedim ki, Heydər Əliyeviç, biz Sizinlə qonşuyuq. Mərkəzi Poçt sizin binaya baxır. O vaxt Mərkəzi Poçt indiki Rabitə Nazirliyinin binasında yerləşirdi. Heydər Əliyevin yaşadığı üzbəüz bina ilə poçtun arasındakı məsafə cəmi 80-100 metr olardı. "Dayan, sən həmin oğlansan, məktubları vermədin". - "Bəli, Heydər Əliyeviç" deyib susdum və başımı aşağı saldım. Mənə qəribə gəldi ki, o, bu hadisəni indiyə qədər unutmayıb. O, təyin ediləcək hakimləri qəbul edərkən onların şəxsi işlərini diqqətlə oxuyurdu. Lakin nədənsə mənə yalnız bir sualı oldu: "Niyə subaysan" deyə soruşdu. Qayıtdım ki, evlənməyə hazırlaşıram. Qaydalara görə hakim seçilən şəxs hökmən ailəli olmalı idi. Mən Zaqatala rayonuna hakim seçildim və o zamandan bu vəzifəni şərəflə icra edirəm.
Tale belə gətirdi ki, Xalq Cəbhəsi hakimiyyətdə olan dövrdə - 1993-cü il yanvarın 9-da biz yenidən görüşdük.
Bu görüşün isə çox qəribə tarixçəsi var idi. İcraatımda olan cinayət işi ilə bağlı Naxçıvana getməliydik. Çox çətin bir vəziyyət yaranmışdı. Cinayət hadisəsini törədən Bakıda, şahidlər isə Naxçıvan şəhərində idi. Ona görə də müttəhimi aparıb, işə orada baxmağı qərara aldım. Naxçıvana yola düşməyə hazırlaşanda rəhbərlik tərəfindən ciddi tapşırıq aldım: Heydər Əliyevlə heç bir görüş olmayacaq və tapşırığı pozan ciddi şəkildə cəzalanacaq.
Ali Sovetin sədr müavini, deputat Afiyyədin Cəlilov da bizimlə bir təyyarədə idi. Təyyarə yerə enərkən mənə elə gəldi ki, hansısa bir filmin çəkildiyi şəhərə düşmüşəm. Hər yerdə hərbiçilər gözə dəyir, insanların üzündə torpağını müdafiə edəcəklərini büruzə verən qətiyyət hiss olunurdu.
Aradan çox vaxt keçməyib. Amma indi Naxçıvana gedən adama elə gəlir ki, sehirli bir məkana ayaq basıb. Hər yanda tikinti, abadlıq işləri görülür, yaşılıqlar salınır. Naxçıvan gözəl bir diyara çevrilərək ən zəngin Avropa şəhərləri ilə rəqabətə girəcək şəkildə gözəlləşir.
Mən Bakıda rəhbərliklə razılaşsam da, Heydər Əliyevlə görüşməyi qarşıma məqsəd qoymuşdum. Uzun illər respublikanın rəhbəri işləmiş və həmişə fəxr etdiyimiz bu şəxsiyyətlə görüşmək böyük bir şərəf idi.
Heydər Əliyev bizi çox mehriban qarşıladı. Bakıdakı vəziyyətlə bağlı arabir qısa suallar verir və cavablarımızı diqqətlə dinləyirdi. Mənə elə gəlirdi ki, Heydər Əliyev bir qədər düşüncəli görünür. Söhbət əsnasında başa düşdüm ki, o, Azərbaycanın ümumi vəziyətindən bərk narahatdır. Əslində, biz hamımız eyni hissləri keçirirdik. Amma o, bir rəhbər kimi siyasi vəziyyəti gözəl bilir, ölkənin və xalqın başına gələcək fəlakətlərin qarşısını necə alacağını düşünürdü. Artıq etiraf edilib ki, həmin dövrdə xalq ayağa qalxıb, Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb etməsəydi, çox böyük bir faciə baş verər, indi müstəqilliyi ilə öyündüyümüz dövlətimiz tarixin səhifələrindən silinərdi.
Üç saatlıq söhbət zamanı biz bir çox məsələlər haqqında danışdıq.
Onun şahmat oynamağı sevdiyini bilirdim. Düşündüm ki, gedirəmsə Heydər Əliyevin adına layiq bir hədiyyə aparmalıyam. Respublikanın ən mahir ağacoyma ustasına kiçik, xatirə olaraq bir şahmat dəsti düzəltməsini sifariş etdim. Qızıl işləmələri olan şahmat fiqurları adamın gözünü oxşayırdı. Biz görüşəndə mən şahmat dəstini ona verdim. Heydər Əliyevin şahmat taxtasıını bir neçə dəfə diqqətlə gözdən keçirdiyini görüb soruşdum:
- Üzr istəyirəm, Heydər Əliyeviç, nə axtarırsınız?
- Yazısı hardadır?
- Düşündüm ki, bəlkə hansısa qonağa hədiyyə etdiniz, ona görə xatirə sözü yazdırmamışam.
Diqqətlə mənə baxıb gülümsündü:
- Hədiyyədən hədiyyə olmaz, Ənvər Seyidov.
Məhkəmə katibi Əli Hüseynovla da maraqlandı. O, Moskvada oxuduğunu və ölkədə baş verən qarışıqlıqdan sonra Bakı Dövlət Universitetinə köçürüldüyünü dedi. Böyük öndər bir neçə sorğu-sualdan sonra onun gələcəyinin işıqlı olduğunu dedi. Ulu öndərin uzaqgörən olması bir daha təsdiq olundu. Belə ki, Əli Hüseynov hazırda Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədridir.
Bizimlə gedən Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev də öz şəklini Heydər Əliyevə təqdim etdi. Şəkil hansısa mədəniyyət tədbirində çəkilmişdi, Ömər Ağayev incəsənət ustalarının arasında idi. O, şəklə baxdı və üzündə təbəssüm göründü:
- Sən elə o vaxtı da qadınları çox sevirdin.
Sonra Ömər Ağayevin cavanlıq vaxtındakı xatirələrindən danışdı. Bizə qəribə gələn o idi ki, Heydər Əliyev bütün Sosialist Əməyi qəhrəmanlarının adını bir-bir saydı. Kimə Bakı şəhərinin hansı küçəsində, neçənci mərtəbədə mənzil verdiyini də unutmamışdı.
Heydər Əliyev təkcə dostluğa sadiq, sözübütöv adam deyildi, o, eyni zamanda xalqımızın milli-mənəvi dəyərlərini bilir və onları müqəddəs hesab edirdi.
Birdən diqqətimi Heydər Əliyevin kabinetinin pəncərəsinin önünə qoyulmuş iki neft lampası cəlb etdi.
Heydər Əliyev baxışlarımı dərhal tutdu, çünki onun diqqətindən heç vaxt, heç nə yayınmırdı. Neft lampalarına baxıb, qüssə ilə gülümsündü:
- Bunlar Naxçıvanın işıqlarıdı.
Həmin vaxt Naxçıvanda vəziyyət çox ağır idi. Heydər Əliyev enerji problemlərini qonşu dövlətlərin hesabına həll etməyə çalışırdı. Ermənilər bir tərəfdən, Bakı hakimiyyəti də digər tərəfdən Naxçıvana sanki blokada tətbiq etmişdilər.
Dövlət rəsmilərindən, ölkənin sayılıb seçilən ziyalılarından heç kimə icazə verilmirdi ki, Naxçıvana gedəndə Heydər Əliyevlə görüşsün. Hətta ona aparılan hədiyyələri hava limanında müsadirə edirdilər. Şahmat taxtasını isə mən guya özüm oynamaq üçün götürmüşdüm.
Dalğın və qüssəli nəzərlərini neft lampalarına dikən Heydər Əliyevin çöhrəsində sanki nur parladı. İndi həmin səhnəni gözlərim qarşısında canlandırdıqca mənə elə gəlir ki, bu duruşda, bu baxışlarda bir mistika gizlənibmiş. Sanki, Heydər Əliyev öz ömrünün də beləcə xalqın yolunda yanacaq, onun qaranlıqlarına şəfəq saçacaq işığa çevriləcəyini hiss etmişdi.
Məhkəmə iclasının başlama vaxtı çatdığından sağollaşmaq vaxtı idi. Lakin ulu öndərdən ayrılmaq çox çətin idi. Heydər Əliyev ayağa qalxaraq əlini irəli uzatdı. Mən də əlimi uzadanda o əlimi ovcunda bərk sıxıb gülümsünərək: "Hakim seçkiləri zamanı görüşümüz yadındadı? Onda bilirdim ki, sən hələ ailə qurmağa hazırlaşmırsan. Ancaq tam məlumatım vardır ki, Ali Məhkəmənin hakimlik kürsüsünə qədər öz zəhmətinlə gəlmisən. İş bacarığına da bələdəm".
Heydər Əliyevin elə bir aurası var idi ki, onunla bir neçə dəqiqə söhbət edən adamda şəxsiyyətinə qarşı çox böyük hörmət və məhəbbət yaranırdı.
Həmin məhəbbəti ulu öndər vəfat edəndə Azərbaycan xalqı bütün dünyaya nümayiş etdirdi. Və bu ənənəni hər il onun doğum tarixini "Gül bayramı" kimi qeyd edən xalqımız hələ də davam etdirir və nə qədər ki, tarixdə Azərbaycan xalqı mövcud olacaq, beləcə öz böyük oğlunun dünyaya gəlişini də böyük sevinclə qeyd edəcək. Bu haqqı xalqımızın böyük oğlu, dünya şöhrətli siyasətçi öz fəaliyyəti ilə, Azərbaycan xalqı qarşısındakı xidmətləri ilə qazanıb. Heydər Əliyev rəhbərlik etdiyi 30 ildə Azərbaycanı ən sivil və çiçəklənən bir ölkəyə çevirdi və hazırda da bu quruculuq işləri onun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Tale elə gətirdi ki, Prezidentin andiçmə mərasimindən sonra təşkil edilmiş ziyafətdə biz yenidən rastlaşdıq. O, ziyafət masasından qalxaraq hamı ilə bir-bir görüşür, ayaqüstü qısa söhbətlər edirdi. Heydər Əliyev mənimlə doğma bir adamı kimi görüşdü və əlimi möhkəm sıxdı.
Seçki ərəfəsində mən Mərkəzi Seçki Komissiyasının üzvü, təftiş qrupunun rəhbəri idim. Neftçala, Salyan rayonlarında seçki məntəqələrinin təşkili işi mənə tapşırılmışdı. Həmin vaxtlar müxalifət yerlərdə məntəqələrin yaradılmasına imkan vermir, mitinqlər keçirərək seçkini pozmağa çalışır, rayon icra hakimiyyətlərinin binalarını mühasirəyə alan polis dəstələri ilə toqquşmalar yaratmağa çalışırdılar.
Mərkəzi Seçki Komissiyasının sədri Cəfər Vəliyevin tapşırığı ilə vəziyyəti sabitləşdirmək və məntəqəni təşkil etmək üçün həmin bölgələrə ezam olundum. Mən Salyana çatanda icra hakmiyyətinin qarşısında mitinq keçirilirdi. İlk növbədə polis kartonunun götürülməsi tapşırığını verdim. Xeyli tərəddüddən sonra onlar binadan uzaqlaşdılar. Sonra mitinqçilərə yaxınlaşdım və onların rəhbərlərini söhbətə dəvət etməklə, mitinqin dağılmasını da təklif etdim. Söz verdim ki, məntəqələrin formalaşmasında onların da iştirakı təmin ediləcək. Belə də oldu. Və problemlər həmin gün də aradan qaldırıldı. Hər iki rayonda məntəqələrin formalaşması gün ərzində başa çatdı.
Seçki vaxtı Ağdaş rayonunda da gərgin vəziyyət yarandı. Vertolyotla oraya uçub vəziyyətlə maraqlanmaq tapşırığı verildi. Ağdaş şəhərində müxalifət nümayəndələri gəlişimlə bağlı məntəqələrdən uzaqlaşdılar və obyektiv seçki keçirildi.
Qeyd edim ki, bölgü üzrə Ağdaş, Cəlilabad, Oğuz, Qəbələ, Lənkəran, Masallı rayonlarında seçkilərin obyektiv və şəffaf keçirilməsinin məsuliyyəti mənim üzərimə qoyulmuşdu. Adı çəkilən rayonlarda seçkinin yekununa görə 80 faizdən yuxarı səs toplanmışdı.
Fəxr edirəm ki, Böyük Öndərin Prezident seçkisinin nəticə protokoluna birinci imza edən mən, sonra həmkarlarım Mənsur İbayev və Fərhad Abdullayev oldu. O vaxt üçümüz də Ali Məhkəmənin üzvləri idik. Daha sonra müxtəlif səbəblərdən ehtiyatlanan digər üzvlər də protokola imza atdılar. Müxalifəti təmsil edən üzvlər də həqiqət qarşısında imza atmağa məcbur oldular. Həqiqəti qəbul etmək Azərbaycanın xilasına aparan yola qədəm qoymaq demək idi.
Xalq öz xilaskarına çox böyük ümid bəsləyirdi. Mərkəzi Seçki Komissiyası nəticələri açıqladıqca yadıma 1990-cı il düşürdü.
90-cı illərin əvvəlləri o dövrdə baş alıb gedən xaosun şahidi olan hər kəsin yaddaşında qalıb, zənnimcə. 1990-cı ilin 29 avqustu yaxşı xatirimdədir. Həmin tarixdə Milli Məclisin iclası, daha doğrusu, sessiyası gedirdi. Biz sessiyada Ali Məhkəmənin üzvü kimi təsdiq olunmalı idik. Ona görə də hadisələrin gedişini kənardan müşahidə edirdik.
Prezident Ayaz Mütəllibovun zalda əyləşməsinə baxmayaraq Milli Məclisdə hər kəs öz işində idi. Danışıb-gülən, öz aralarında hansısa məsələni müzakirə edən, iclas salonuna girib-çıxan... Prezidentin zalda əyləşdiyi hiss olunmurdu. İstər-istəməz adamda Azərbaycanın taleyi ilə bağlı narahatlıq yaranırdı. Mən hadisələri qiymətləndirən bir ziyalı kimi düşünürdüm ki, görəsən dövlətimiz mövcud vəziyyətlə hara gedir, bu nə hərc-mərclikdir belə?!
Meydana çıxmış yeni qüvvə - müxalifətlə iqtidar arasındakı aşkar və gizli mübarizə əslində, nüfuz üstündəydi. Gizli sövdələşmələrdən əlavə, vəzifəli şəxslərin arasında açıq şəkildə bir-birini təhqir etmək, günahlandırmaq adamda ikrah oyadırdı. Boş qalmış meydanda hər kəs bacardığı şəkildə özünü nümayiş etdirir, xal toplamağa çalışırdı. Bu gün bir kəlmə pafoslu söz deyən sabah populyarlaşırdı və bütün fəaliyyətlər də bu istiqamətə köklənirdi.
Həmin sessiyada oturmuşdum və yaddaşım məni bir qədər geriyə apardı.
Əbdürrəhman Vəzirovun rəhbərlik etdiyi dövrdə o çıxış edərkən Xalq Cəbhəsinin liderlərindən olan Nəcəf Nəcəfov tribunaya yaxınlaşaraq onun sözünü kəsdi, hətta onu itələyib tribunadan düşürməyə cəhd etdi. Bütün bunlar xatirimdə canlandıqca qarşıda bizi gözləyən fəlakətlərdən xəbərsiz halda düşünürdüm ki, bu mürəkkəb vəziyyətdən necə çıxmaq olar.
Artıq bütün soydaşlarımız Ermənistan ərazisində yerləşən tarixi torpaqlarımızdan qovulmuşdular. Rayonlarımızı bir-birinin ardınca itirirdik. Ölkə vətəndaş müharibəsinə sürüklənirdi. Hökumət iflic vəziyyətinə düşən, dövlət işləməyən yerdə daha hansı faciələrin bizi gözləyəcəyini düşündükcə, cəzasızlıq dövrünə qədəm qoyduğumuzu görürdüm. Əgər cinayəti törədən cəzalandırılmırsa, cəzasız qalırsa, deməli o ölkədə hərc-mərcliyə şərait yaranır və bunun da son nəticəsində hakimiyyətdə qruplaşmalar meydana çıxır. Daha sonra həmin qruplaşmalar arasında gizli və açıq mübarizələr başlayır və həmin mübarizələrin acı nəticələri xalqın başında çartlayır... Vətən uduzurdu... Dağlıq Qarabağı, xalqımızın paklıq simvolu Şuşanı, qartal yuvası Laçını əldən vermişdik. Cənub zonasının vəziyyəti də çox kritik idi. Artıq bircə addım da atılsaydı torpaqlarımız parçalanıb köhnə iştahları dişlərinin altında qalmış qonşular tərəfindən pay-püşk ediləcəkdi.
Tarix təkrar olunmağa başlamışdı. Həm də bu ssenari çox yuxarılarda "parçala hökm sür" şüarının məkanlarında hazırlanmışdı.
Bir addım atıldı. Lakin o bir addım tarixin gedişini dəyişdi, Azərbaycanın müstəqilliyini qorudu və onu regionun lider dövlətinə çevirdi. Xalq, onun vəkil etdiyi sağlam düşüncəli, hadisələrin gedişini görə bilən ziyalılar Heydər Əliyevi Bakıya dəvət etdilər.
Böyük öndərin Bakıya gəlişi ilə bağlı Ali Sovetdə bir neçə dəfə cəhd də olunmuşdu, lakin Xalq Cəbhəsində təmsil olunan qüvvələr hakimiyyət arzusunda olduqlarından buna imkan verməmişdilər. Kəlbəcərin ermənilər tərəfindən işğalı Xalq Cəbhəsinin reytinqini birdən-birə aşağı saldı. O cümlədən itirdiyimiz torpaqlar, rastlaşdığımız faciələr fonunda hakimiyyətdə təmsil olunanların bacarıqsızlığı, səriştəsizliyi üzə çıxdı.
Heydər Əliyevin nəhəngliyi, böyüklüyü açıq şəkildə hiss olundu. Onun hakimiyyətə gəlməsinin zəruriliyi məsələsi yenidən məhz bu zaman gündəmə gəldi.
Ziyalılar, Ali Məhkəmənin hakimləri Heydər Əliyevin Azərbaycana yenidən rəhbər gəlməsi məsələsini birmənalı şəkildə müraciətə qol çəkməklə dəstəklədi. Düzdür, bizim məktub əsas sənəd kimi qəbul olunmasa da, bu çağırış Azərbaycan hüquqşünaslarının çağırışı idi. Onu da deyim ki, həmin dövrdə xalqın, millətin taleyini düşünən hər bir vicdanlı şəxs belə edərdi və edirdi də.
Biz fəxr edirik ki, belə ağır məqamda bir vətəndaş kimi öz mövqeyimizi bildirmişik, heç bir partiyaya üzv olmadan, hakimiyyət uğrunda mübarizə aparan heç bir qüvvəni təmsil etmədən Azərbaycanın sağlam qüvvələrinin çağırışına qoşulmuşuq.
Hadisələrin sonrakı gedişi artıq hamıya məlumdur. Bu barədə Azərbaycanın ziyalıları, ağsaqqalları, deputatları artıq yazdığı əsərlərdə, monoqrafiyalarda, sənədli filmlərdə öz fikirlərini bildiriblər. Mən də bir qələm adamı, yazıçı kimi ilk böyük əsərimdə - "Təlatüm" romanında və ssenarisində Heydər Əliyevin hakimiyyətə gəlişini qələmə almışam.
Əsərin və filmin sonunda Heydər Əliyevin gəlişi ilə bağlı Afiyyədin Cəlilovun Milli Məclisdəki səsvermənin nəticələrini açıqlaması və ulu öndərin çıxışını əks etdirən kadrlar yağışın yağması və Günəşin doğması ilə müşayiət olunur. Hər iki səhnənin simvolik mənası o dövrün azərbaycanlısına və tariximizi dərindən öyrənən və onunla fəxr edən gələcəyin hər bir azərbaycanlısına bu fikri diktə edir: Ulu öndərin yenidən hakimiyyətə gəlişi Azərbaycana aydınlıq və işıqlı sabahlar bəxş etdi.
Bir hakim kimi bircə məqamı qeyd etməliyəm ki, biz Heydər Əliyev hakimiyyətə gələndən sonra hakimliyimizi hiss etməyə başladıq. Qanunlara əməl olunmağa, riayət edilməyə, qanunların aliliyi qorunmağa başlandı.
Xalqın itmiş ümidləri geri qayıtdı. Respublika daxilində olan çəkişmələr, dartışmalar, silahlı dəstələrin bir-birinə diktəsi, hücumu aradan qaldırıldı. Atəşkəs elan olunmaqla torpaqlarımızın işğalına son qoyuldu.
Azərbaycan özünü müstəqil dövlət kimi təsdiq etməyə başladı. Azərbaycanın parçalanmasına çalışan separatçı qüvvələri dəstəkləyən bəzi xarici dövlətlər məhz ulu öndərimizin fəaliyyətindən sonra bu dövləti müstəqil bir ölkə kimi tanımağa başladılar.
Həmçinin Azərbaycanın dövlət başçısının məntiqə əsaslandırılmış fikirləri ilə razılaşmalı oldular. Düzünü deyim ki, Heydər Əliyevin fəaliyyətinə qiymət vermək mənim gücüm, səlahiyyətim daxilində deyil. Amma bir vətəndaş, bir hakim kimi yalnız öz düşündüklərimi bölüşə bilərəm. Hakimlər siyasətdən kənardır, lakin yeri gələndə konstitusion hüquqa malik bir vətəndaş kimi öz fikirlərini bildirməyə borcludurlar. Heydər Əliyev Azərbaycana 30 ildən yuxarı rəhbərlik edib, amma mənə elə gəlir ki, onun fəaliyyətində gərginlik 1993-cü ildən üzü bəri olan müddətdə daha çox olub. Dağıdılmış mexanizmin yerində nəhəng dövlətçilik maşınını bərpa etmək, onun hər bir xırda detallarının fəaliyyətini nəzarətdə saxlamaq, uzun illər xalqın, torpağın üçün düşünülmüş planı darmadağın etməklə öz istəklərinə nail olmaq... Tarixin gedişini dəyişmək hər siyasətçinin qismətinə düşmür.
Məhz ona görə də dünyanın 100 siyasətçisi sırasında böyük öndər Heydər Əliyevin adının olması heç də təsadüfi deyil.
O, doğrudan nəhəng qüvvə sahibi idi. Onun həyatının sonları da yaşadığı tarix kimi möhtəşəm idi. Onun xalqı qarşısında sonuncu çıxışı düşünürəm ki, həmin səhnəni televiziya ekranlarından seyr edənlərin yaddaşında əbədilik qalıb.
Heydər Əliyev hərbçilərin qarşısında çıxış edərkən əzmkarlığını, məhz Heydər Əliyev olduğunu bir daha göstərdi. O, ağrısını gizlədə bildi. Aldığı xəsarətin fonunda üzünü məclisdən döndərmədi və həmişəki kimi əlini yellədib, sağollaşdı. O, həmin mehriban təbəssümlə sanki xalqı ilə sağollaşırdı. Onun insanın diqqətini cəlb eləyən işıqlı gələcəyi göstərən əlləri, barmaqları vardı və o əllər, o barmaqlar mənim yaddaşımda necə vardısa, eləcə də qalıb.
Həmin vaxt mən öz iş otağımda oturub televiziya ilə birbaşa transliyasiya olunan verilişə tamaşa edirdim. Heydər Əliyev səhnəni tərk edəndə mən də yerimdən qalxdım və cəld addımlarla, az qala qaça-qaça indi onun adını daşıyan saraya tərəf getdim. Artıq şəhər sakinləri sarayın ətrafına toplaşırdılar. Hamı, o cümlədən mən də özümdən asılı olmadan ağlayırdım. Bu ona olan ümumxalq sevgisinin bariz nümunəsi idi.
Bu sevgi heç vaxt tükənməyəcək, xalqımız var olduqca ulu öndərə olan məhəbbət əbədi yaşayacaq, yaşayacaq!
{nl}
Ənvər SEYİDOV, hakim, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.