Qazaxda neqativ hallara qarşı hamılıqla mübarizə aparılır

Artıq ilin yarısı da arxada qalıb. Kənd adamları üçün həm çətin, həm də bərəkətli günlər, aylar bir-birini əvəz edir: ot tayalanır, meyvə dərilir, taxıl biçilir... Qazax da başqa rayonlar kimi ruzi-bərəkətini götürür, gələcək işlər barədə düşünür, problemlərin həlli üçün yollar axtarır.
Mənfur düşmənlə sərhəddə olan Qazax son illər çox dəyişib. Dəyişən təkcə şəhər, onun kənd və qəsəbələri deyil, həm də adamlarıdır. Elə başa düşülməsin ki, kimsə başqa bir yerə köçüb, onu yeniləri əvəz edib. Xeyr, belə deyil. Qazaxlılar başqa qonşu rayonlarla müqayisədə alverlə, bizneslə məşğul olmaq, Rusiya və digər şəhərlərə üz tutmaq, necə deyərlər, yaxşı pul qazanmaq işində səriştəsizdirlər, bəlkə də bunu bacarmırlar, yaxud özlərinə sığışdırmırlar. Başqa bir məqam. Qazaxın daha çox ziyalılar, şair və yazıçılar ocağı kimi tanınması da gündəmə gələ bilər. Hər halda söhbət Qazaxın adamlarından gedir, onların işə münasibətinin dəyişməsindən, daha işgüzar, fəal mövqeyindən, neqativ hallara qarşı mübarizəsindən gedir.
Bir məsələni də qeyd etmək lazımdır ki, rayon icra hakimiyyətinin, onun ayrı-ayrı strukturlarının rəhbərləri adamlarla çox qaynayıb-qarışıb. Xırda bir nöqsan da, neqativ hal da yuxarı təşkilatlara dərhal çatdırılır və həmin andaca tədbir görülür. Rayon sakinləri özləri də etiraf edirlər ki, bütün bunlar son 6-7 il ərzində, yəni icra hakimiyyətinin başçısı Rauf Hüseynov rayona rəhbərlik etdiyi vaxtdan baş verməyə başlayıb. Maraqlıdır ki, təkmilləşdirilmiş texnologiyaya, kompyuterə, internetə, digər mütərəqqi, müasir üsullara daim üçtünlük verən və bunun rayonun bütün müəssisə və təşkilatlarında tətbiqinə tədricən nail olan Rauf Hüseynov ən ucqar kənddə baş verən hətta xırda hadisə haqqında da dərhal məlumat alır, lazımi tədbirlər görür.
Əslində, belə də olmalıdır. Bəzən hər hansı bir rayonun icra hakimiyyətinin başçısı təəccüblənir ki, necə olub filan kəndin sakini mənə yox, Bakıya şikayət edib!?. Daha fikirləşməyib ki, həmin kəndin sakinlərinin dərd-sərini də təkcə icra nümayəndəsi, bədədiyyə sədri deyil, o da bilməlidir. Adamlarla təmasda olmaq hər bir inkişafın, tərəqqinin başlanğıcıdır. Gərək bunu unutmayasan. Məhz bu baxımdan Qazax rayonunda işə münasibət tamamilə dəyişib. Veteranlara, şəhid ailələrinə, imkansızlara diqqət, qayğı ön plana çəkilib. Hər cür xoşagəlməz söz-söhbətin qarşısını alan ilk rayonlardan biri də məhz Qazax olub. Məsələn, xeyli vaxtdır burada əmək haqları, ünvanlı sosial yardımlar, pensiyalar, təqaüdlər, hətta köçkün ailələri üçün ayrılmış çörək pulları bankomatlar vasitəsilə verilir. Təkcə Beynəlxalq Bankın rayon filialında plastik kartlar vasitəsilə ödənişə cəlb olunanların sayı 3600 nəfəri keçib ki, bu da ötən ildəkindən 1,2 dəfə çoxdur.
Təhsil, səhiyyə, kommunal sahələrində və digər təşkilatlarda da aşkarlıq hallarına daha ciddi fikir verilməsinə başlanılıb. Ümumiyyətlə, əhalinin günü-güzəranı yaxşılaşdıqca neqativ hallar, o cümlədən rüşvətxorluq, korrupsiya kimi hallar aradan qalxır. İndi adamlar öz hüquqlarını, qanunlarını daha yaxşı bilir, öyrənir. Digər tərəfdən, yuxarıda qeyd etdiyimiz kimi, rayon icra hakimiyyəti işləri elə qurub ki, hər cür xoşagəlmz söz-söhbətə yer də qalmır. Təbii ki, mübarizə hər gün, hər saat aparılmasa, sonradan belə halların qarşısını almaq mümkün deyil. Bütün bunları nəzərə alaraq qəzetimizin Gəncədəki müxbir məntəqəsi Qazaxda qeyd olunan mövzuda "dəyirmi masa" təşkil etmiş və ayrı-ayrı strukturların rəhbərləri aşağıdakıları bildirmişlər.
A.Güləliyev, Azərbaycan Respublikası Dövlət Müdafiə Fondu rayon şöbəsinin müdiri:
- İşimiz elədir ki, daim adamlarla ünsiyyətdə oluruq. Təbii ki, bəzən nədənsə narazı qalan, giley edən vətəndaşlar da tapılır. Amma biz buna yol verməməyə çalışırıq. Şöbəmizdə nizam-intizam xeyli gücləndirilib. Xüsusi növbətçilik yaratmışıq. Hər bir müraciətə operativ baxılır, tədbir görülür. İndiyədək şöbə əməkdaşları arasında bir nəfər də olsun neqativ hala yol verilməyib. Rayon icra hakimiyyəti vaxtaşırı işimizə nəzarət edir. Hər hansı bir pensiyaçının və ya məcburi dövlət sosial sığorta ödəyicisinin rayon icra hakimiyyətinə, digər yuxarı orqana şikayət etməsi böyük narahatçılığımıza səbəb ola bilər. Çalışırıq ki, adamlar bizdən narazı qalmasın.
V.Vəliyev, Mədəniyyət və Turizm Şöbəsinin müdiri:
- Rayon mədəniyyət və turizm şöbəsi Azərbaycan Respublikası Prezidentinin "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə" 28 iyul 2007-ci il tarixli sərəncamının və Mədəniyyət və Turizm Nazirliyinin 31 oktyabr 2007-ci il tarixli əmrinin icrasına 2007-ci ildən başlamışdır. Ötən illər ərzində korrupsiyanın mahiyyəti onun cəmiyyət üçün törətdiyi ağır nəticələr barədə vaxtaşırı Mədəniyyət və Turizm Nazirliyinə məlumat verilmişdir.
Bu ilin əvvəlində möhtərəm Prezidentimiz İlham Əliyevin korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ilə əlaqədar verdiyi tapşırıq və göstərişlərin yerinə yetirilməsi mədəniyyət işçilərinin üzərinə böyük vəzifələr qoymuşdur.
Prezident İlham Əliyevin 9 fevral 2011-ci il tarixdə rayonumuza səfəri zamanı dediyi: "Ölkədə ictimai nəzarət daha güclü olmalıdır, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalıdır. Mən sizdən və Azərbaycanın bütün vətəndaşlarından xahiş edirəm ki, bütün xoşagəlmz hallar, ədalətsizliklər, əsassız tələblər haqqında müvafiq qurumlara məlumat verəsiniz. Biz bu nöqsanları, bu yaraları daha da tezliklə aradan qaldırarıq" sözləri hər bir mədəniyyət işçisinin qarşısında bir vəziə kimi durur.
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin səmərəli surətdə həyata keçirilməsi üçün mədəniyyət müəssisələrində ictimaiyyətin maarifləndirilməsi və məlumatlandırılması məqsədi ilə bu ilin ilk aylarında bir sıra tədbirlər həyata keçirilmişdir. Başqa sözlə, 1 və 2 saylı Uşaq musiqi məktəblərində, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxu zalında ziyalılar və gənclər ilə görüşlər keçirilmiş, korrupsiyanın mahiyyəti, onun cəmiyyət üçün törətdiyi acı nəticələr haqqında məruzələr oxunmuş, söhbətlər aparılmışdır.
Rayon mədəniyyət evində də hüquq-mühafizə orqanlarının əməkdaşları və ziyalılar ilə gənclərin görüşü təşkil olunmuş, bu möüzuda məruzə və mühazirələr dinlənilmiş, korrupsiya və rüşvətxorluğun ölkəmizin inkişafına qarşı yönəlmiş bir bəla olduğu göstərilmiş, gənclərin sualları cavablandırılmışdır.
Bunlarla yanaşı, rayonumuzun bütün mədəniyyət müəssisələrində korrupsiyaya qarşı mübarizə ilə bağlı müxtəlif tədbirlər həyata keçirilmişdir. Hər ayın sonuncu həftəsində rayon mədəniyyət müəssisələri işçilərinin seminarında bu sərəncamın icrası ilə bağlı görülmüş işlər haqqında nəticələr dinlənilir və həyata keçirilən tədbirlərin daha keyfiyyətli olması üçün onlara tapşırıqlar verilir.
Ə.Dərgahquliyev, Rayon Təhsil Şöbəsinin müdiri:
- Təhsil Şöbəsində vətəndaşların müraciətlərinə, ərizə və şikayətlərinə baxılması işi təkmilləşdirilmiş, qaldırılan məsələlərin obyektiv araşdırılmasına diqqət artırılmışdır. Vətəndaşların qəbulu ilə bağlı qəbul saatları müəyyən edilmiş, bütün müraciətlər ətraflı araşdırılaraq, qanunauyğun cavablar verilmişdir.
Vakant iş yerləri barədə məlumatlar Təhsil Nazirliyi və Rayon məşğulluq idarəsinə göndərilmiş və həmin məlumatlar yerli rayon və respublika mətbuatında dərc edilmişdir. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə ilə bağlı təlim-tərbiyə prosesinin bütün iştirakçıları - təhsil müəssisələrinin rəhbərləri, valideyn, müəllim və şagirdlər arasında maarifləndirmə tədbirlərinə geniş yer ayrılmışdır.
"Dəyirmi masa"larda prezident sərəncamından irəli gələn müddəaların, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə Milli Strategiyasının məqsəd və vəzifələri ətrafında geniş müzakirələr aparılmışdır.
Müzakirələrdə korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və qabaqlayıcı tədbirlərin görülməsi, korrupsya, hüquqpozmalar törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi, hüquqpozmalardan zərər çəkmiş şəxslərin hüquqlarının müdafiəsi, korrupsiyanın cəmiyyətin ümumi inkişafı üçün maneələr törədildiyini və bununla bağlı məsələlərə geniş yer verilmişdir.
"Korrupsiyaya qarşı mübarizə üzr Dövlət Proqramı"nın icrası istiqamətində Amerika Hüquqşünaslar Assosiasiyası Mərkəzi Avropa və Avrasiya Hüquq Təşəbbüsü Təşkilatının, Təhsil Nazirliyinin işçi qrupu ilə birgə hazırladığı "Təhsil müəssisələri üzrə etik standartlar modeli" sənədi bütün təhsil müəssisələrinə çatdırılmışdır. Antikorrupsiya sahəsində şagirdlərin maarifləndirilməsi məsələlərinə də geniş yer verilmiş, yuxarı sinif şagirdləri arasında sorğular keçirilmişdir.
2009-cu ildən bütün təhsil işçilərinin əmək haqlarının plastik kartlar vasitəsi ilə ödənilməsi başa çatdırılmışdır.
Korrupsiya hüquq pozuntuları ilə bağlı daxil olmuş müraciətlərin təxirəsalınmadan araşdırılması məqsədi ilə Təhsil Şöbəsi və onun tabeliyində olan təhsil müəssisələrdə "Qaynar xətt" xidmətinin əlaqə telefon nömrələri görkəmli yerlərdə asılmışdır.
A.Vəliyev, Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru:
- Bizim kollektiv də əhalinin ayrı-ayrı müxtəlif təbəqələri ilə müntəzəm əlaqə saxlayır, onlara xidmət edir. Rüşvətxorluq və korrupsiya elə bir bəladır ki, onunla mübarizə aparmaq beş-on nəfərin işi deyil. Yalnız hamılıqla mübarizə aparılsa, iradə ortaya qoyulsa, istənilən nəticə əldə etmək olur. Biz bunu ötən ayların təcrübəsindən bilirik. Mərkəzin əməkdaşları ilə ciddi söhbətimiz oldu, onlara müəyyən tapşırıqlar verildi, konkret vəzifələr bir daha dəqiqləşdirildi.
Maarifləndirmə işinə də önəm verdik və hazırda bu istiqamətdə yenə müəyyən tədbirlər həyata keçirilir. Axı neqativ hala qarşı mübarizəyə təkcə bizim mərkəz deyil, digər strukturlar, o cümlədən kənd icra nümayəndəlikləri, bələdiyyələr də qoşulmalıdır. Buna görə də onlarla görüşlərimiz oldu, birgə tədbirlər müəyyənləşdirdik. Artıq neçə aydır nəticə göz qabağındadır. Yuxarı orqanlara və ya elə bizim özümüzə bir dənə də olsun şikayət yoxdur.
...Qazaxda söhbət zamanı belə bir fikir dönə-dönə vurğulandı ki, cəmiyyətdəki neqativ hallara qarşı hamılıqla mübarizə istənilən nəticəni əldə etməyə şərait yarada bilər. Ölkə Prezidentinin apardığı uğurlu daxili və xarici siyasətə hər birimiz öz töhfəmizi verməliyik: əməli işimizlə, adamlara münasibətimizlə.

{nl}

Hamlet QASIMOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında