Şriftin ölçüsü:
05.07.2011 00:49 | Oxunma sayı: 525
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində (QSC) Yeni Azərbaycan Partiyasının Dəmir Yolundakı ərazi təşkilatının yaradılmasının 15-ci ildönümü münasibətilə təntənəli yığıncaq keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan QSC-nin kadrlar şöbəsinin rəisi, YAP Dəmir Yolu təşkilatının sədri Xeyrulla Hümbətov bildirdi ki, ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti tariximizə məhz şərəf salnaməsi kimi daxil olmuşdur. Dahi öndərimiz yeni dövr Azərbaycanımızın yaradıcısı və qurucusudur.
X. Hümbətov göstərdi ki, iyirminci əsrin doxsanıncı illərini hamımız yaxşı xatırlayırıq. O illər ölkənin tarixində çox ağır bir dövr idi. Azərbaycanın iqtisadiyyatı dağıdılmış, dövlətlərarası münasibətlər tamam pozulmuşdu. Ölkəmiz bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşmişdi. Bunun səbəbi aydın idi. Siyasi səriştəsi olmayanlar ölkəni özlərinin maraq poliqonuna çevirmişdilər. Belə bir şəraitdə cəmiyyət siyasi hakimiyyətin dəyişməsini tələb edirdi. O zaman ölkənin bir qrup vətənpərvər ziyalısı Yeni Azərbaycan Partiyasının yaradılması zərurətini başa düşdü və bu təşəbbüslə çıxış etdi. 1992-ci il noyabr ayının 21-də partiyanın təsis konfransı Naxçıvanda keçirildi və ulu öndər yekdilliklə sədr seçildi. Bundan sonra ümummilli liderimizin xalqın təkidilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtmasını, ölkəni sürükləndiyi uçurumdan necə xilas etməsini yaxşı xatırlayırıq.Çünki biz həmin hadisələrin canlı şahidləriyik.
YAP-ın yaradılması sanki cəmiyyətə yeni bir nəfəs verdi. Müqəddəs ideyaların daşıyıcısı olan bu partiya qısa bir zamanda təşkilatlandı və nəinki Azərbaycanın bölgələrində, eləcə də iri təsərrüfat subyektlərində dayaq dəstələri formalaşdırıldı. Bu, zamanın tələbi idi. YAP təsis ediləndən sonra insanlar bu partiyaya üz tutdular və yüzlərlə dayaq dəstələri fəaliyyətə başladı.
1996-cı il iyun ayının 25-də, o vaxtlar Dəmir Yolunun rəis müavini olan, hazırda nəqliyyat naziri vəzifəsində çalışan Ziya Məmmədovun dəstəyi ilə təsis konfransı keçirildi və dayaq dəstəsi 43 nəfərlə fəaliyyətə başladı. İndi təşkilat Yeni Azərbaycan Partiyasının ən fəal qurumlarından biridir və bu gün öz sıralarında 7 mindən çox dəmiryolçunu birləşdirir. QSC-nin sədri Arif Əsgərovun rəhbərliyi ilə dəmiryolçular YAP ideyalarına sədaqətlə xidmət edirlər.
Dəmiryolçuların ümummilli lider Heydər Əliyev ideyalarına sadiq qalmalarının dərin kökləri var. Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə nəqliyyatın, onun bir qolu olan dəmir yolu kimi nəhəng qurumun inkişaf etdirilməsinə daim qayğı göstərmişdir. Bu qayğı indi də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
QSC-nin sədr müavini Qurban Nəzirov tədbirdə çıxış edərək bildirdi ki, Heydər Əliyev ideyaları bu gün də cəmiyyətdə hakimdir. O böyük insanın varisi ölkə başçısı İlham Əliyevin uğurlu fəaliyyəti göz qabağındadır. Cənab Prezident son illər bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da irihəcmli layihələrin həyata keçirilməsi üçün mühüm qərarlar qəbul etmişdir.Təkcə bir faktı demək kifayətdir. Ölkə Prezidenti İlham Əliyev 2010-cu il iyulun 6-da Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan dəmir yolu nəqliyyat sisteminin daha da inkişaf etdirilməsini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır. İndi həmin proqramın icrası istiqamətində mühüm işlər görülür.
Sonda lokomotiv şöbəsinin rəisi Asim Qasımov, şöbə rəisi Teymur Məmmədov, infrastruktur departamentinin rəisi Füzuli Quliyev, maddi-texniki təchizat şöbəsinin rəis müavini Fazil İbrahimov çıxış edərək on beş il əvvəl YAP-ın dəmir yolunda dayaq dəstəsinin yaranma zərurətindən, təşəkkül prosesindən, qarşıda duran vəzifələrdən danışdılar.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.